Kulis.az Vüqar Vanın "Kəramət Böyükçölün “Səs”i niyə pisdir?" adlı yeni yazısını təqdim edir.
Kəramət Böyükçölün təzə çapdan çıxmış “Səs” romanını oxudum. Kəramət mənim dostumdur, yaxşı münasibətimiz var, ona hər şeydən əvvəl yazıçı kimi hörmət edirəm. O “jurnalist-yazıçı”, “biznesmen-yazıçı”, “məmur-yazıçı”, “nəsə-yazıçı” yox, məhz yazıçı kimi dolanan, yazıçı kimi yaşayan, Azərbaycan səviyyəsində şöhrətli, uğurlu bir adamdır.
Diletant oxucular arasında belə bir fikir var: “Ölkədə kim çox oxunursa, oxucusu olmayan gənc yazarlar onları gözdən salmağa çalışır, həmin adamların uğurlarına paxıllıq edirlər”.
Mən bu halla dəfələrlə rastlaşmışam. Varisin, Rövşən Abdullaoğlunun, Elxan Elatlının, Qaraqanın mənasız kitablarından çoxlu məqalələr yazmışam, onların kitablarını nə üçün bəyənmədiyimi əsaslandırmışam, amma yenə də ədalətsiz adamlar məni onların paxıllığını çəkməklə şərləyiblər.
Yuxarıdakı girişi də ona görə yazdım ki, mən Kəramətin yaxın dostuyam, onun çox oxunmasına, çoxlu kitab satmağına sadəcə və sadəcə səmimi-qəlbdən sevinirəm.
İndi isə “Səs” romanı haqqında obyektiv tənqidlərim.
Hər şeydən əvvəl mütləq qeyd etmək lazımdır ki, Kəramətin kitabları rahat, birnəfəsə oxunur. Onun mətnini oxuyanda yorulmuram. Bu da onun dilinin şirinliyindən və yumorundan irəli gəlir. İntəhası, bu gücündən düzgün istifadə etmir. Necə deyərlər, yağım var, it dərisində.
Kəramətə ən çox tutulan irad budur ki, “onun yazdıqları roman, hekayə yox, statusdur”.
“Səs” romanını oxuyanda, mənə elə gəldi ki, Kəramət bu iraddan canını qurtarmaq istəyir, yazdıqlarının status yox, bədii mətn olduğunu sübut etməyə çalışır. Buna görə də romanda lazımsız bir tələskənlik gördüm. Bu tələskənlik məni olduqca narahat edirdi, elə bilirdim, Kəramət başımın üstündə dayanıb, dayanmadan deyir ki, “bu romandır, bu romandır, bu status deyil”.
Sanki onun yazarkən məqsədi belə olub. “Tez, sürətli, tez-bazar nəsə danışım, ordan-ora hoppanım, burdan-bura keçim, təki oxucu darıxmasın, oxucu gülsün, oxucu əylənsin”. Belə olanda da mətn daha çox status səviyyəsinə düşür. Çünki statusun mahiyyəti elə budur. Dərhal mövzuya girmək və hansı yolla olur, olsun, onu oxutdurmaq.
Ssenarinin, habelə mətnin məşhur qaydası var: “Never the first time”. Yəni bir şey soruşuldu və ya təklif olundusa, mütləq onu birinci dəfədən rədd etməlisən. Amma Kəramət tələsib, oxucunu kitabda saxlamağa çalışdığı üçün bu qızıl qaydanı pozub. Məsələn, birinci səhifədən artıq qəhrəman (yəni Kəramət) sevgilisinin təklifi ilə deputatlığa namizəd olmağa qərar verir. Hoop, bir də görürük ki, o artıq namizədlik üçün özünə kostyum almağa hazırlaşır. Niyə, hansı səbəbə, nəyə görə?
Məncə, hər şey çox sürətli baş verdi.
Roman 100 səhifəyə qədər normal gedirdi, 100-cü səhifədən sonra birdən-birə Kəramət başlayır tiradlar danışmağa. Yersiz didaktika, siyasi mesajlar, alleqoriyalar. Hətta yüzüncü səhifədən sonra Kəramət öz adından yox, ümummilli dəyərlər (vicdan, sevgi, həqiqət və s.) adından danışmağa başlayır.
Axı Kəramətin ümummilli dəyərlər sistemində heç bir funksional rolu yoxdur.
Tolstoy da ümumbəşəri şeylərin mahiyyəti haqqında yazır, onların adından danışırdı. Amma Tolstoy müdriklik statusunun xeyrinə çox şeydən imtina etmişdi. Onun faciəsi də elə bunda idi. O, kəndli uşaqları üçün nağıl yazmaq, kütləyə və özünə sual vermək istəyirdi. Bu imtinalar ona universal şeylərdən danışmaq haqqı tanıyırdı.
Belə olan halda ortaya vacib sual çıxır:
Kəramətə ümumbəşəri şeylərdən danışmağa kim haqq verib?
Kəramətin sevdiyi bir neçə mövzu var ki, bunlardan da ən birincisi “siyasətdir”. İstər Feysbukda, istər son kitablarında olsun, siyasəti götürüb, onunla məzələnir. Bu mənada “Səs” romanı da parodiyadır.
Romanın bəzi yerləri yüksək sənətkarlıqla, güclü ilhamla yazılmışdı. Amma belə gözəl situasiyalar axırda bir yerə gələndə heç nəyə bağlanmır, tam, bitkin bir roman ola bilmirdi.
Kəramətin yazıçı kimi imici belədir: “Deyilməyəni deyən”. Hətta bəzi dostlar romanın yaxşı tərəflərindən danışanda mütləq vurğulayırlar ki, siyasidir, nə bilim, cəsarətlidir və sair. Təəssüf ki, Kəramət də hər şeyi bu imicin üzərində quraraq lazımsız qəhrəmanlıq, yersiz səmimilik göstərmək istəyib. Əslində isə, bu romanda deyilməyən bir şey yoxdur. Kəramət nəinki çətinə qaçıb, əksinə, ən asanı eləyib.
Üstəlik, məncə, roman janr olaraq siyasi yox, avtobioqrafikdir. Elə ilk səhifədən Kəramət öz həyatının ortasından danışmağa başlayır. Qəhrəmanın inkişafı, kimliyi, demək olar ki, naməlumdur. Kəramət romanı yazanda elə bilib ki, kitabı oxuyanların hamısı onu həyatdan tanıyacaq. Amma tutaq ki, Kəraməti həyatdan, internetdən tanımayan bir oxucu bu romanı oxusa, nəyin nə və kimin kim olduğunu başa düşə biləcəkmi? Məncə, yox.
Kəramət bu romanı oxucular üçün yox, onu internetdən tanıyan, daha dəqiq desək, Feysbuk “izləyiciləri” üçün yazıb. Bu “izləyicilər” nəinki onu tanıyır, üstəlik, Kəramətin deputatlığa namizəd olduğu dövrləri də onunla bir yerdə yaşayıblar.
Bu roman “yaxşı”dırmı, yoxsa “pis”dirmi, onu deyə bilmərəm, Saday Budaqlının təbirincə desək, “nəsə haçansa adamın xoşuna gəlmir, amma haçansa xoşuna gəlir. Gəl indi baş çıxar pis nədi, yaxşı nədi”.
Bir kitabın pis, yaxud yaxşı olmağını nəylə ölçməliyik? O kitab nəyi hədəfə alıb. Belə yanaşanda, onsuz da, mənim nəsə deməyimə ehtiyac qalmır, kitab on min tiraj çıxıb və bildiyim qədərilə yaxşı da satılır. Əgər Kəramət bu kitabdan yaxşı pul qazanmağı qabağına məqsəd qoyubsa, ki, bu da çox təbii, strateji və vacib məqsəddir, deməli roman yaxşıdır.
Ona görə mən bədii əsərləri “yaxşı və pis” olaraq ayırmağın tərəfdarı deyiləm.
Mənim meyarım belədir: “Bu əsərin müəllifi olmaq istərdimmi?”.
Mən Kəramətin “Səs” romanının müəllifi olmaq istəməzdim.