Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Furqanın “Generalın milçəyi” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.
Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.
Cavanşir Yusifli
“Milçəklər Əliş kişinin general olmadığını, heç vaxt olmayacağını yaxşı bilirdi...”
Furqanın hekayəsini janr kimi bəlləyən məqam zənnimizcə, məhz bu cümlə ilə başlayır. Sonra davam edir və bu kiçik mətndə hər şey, bütün ab-hava, gülüşün mahiyyətini üzə çıxaran məqam-detallar – hamısı bu cümləyə qayıdır, ondan güc alır və dairəvi trayektoriya ilə hərəkət edir.
Hekayədə yüngül hava, atmosfer mövcuddur, zahirən heç bir gərginlik hiss edilmir, bu tipli, satirik pafosu dərində gizlənmiş mətnlərdə məhz belə olur: şərtilik o dərəcədə “dərinə işləyir” ki, adamlar, danışılan hadisələr, hər şey sanki çəkisizlikdə fırlanır, bu vəziyyət “Generalın milçəkləri” hekayəsinin demək istədiklərinin yalnız bir qismidir.
Nərgiz Cabbarlı
Furqanın “Generalın milçəkləri” hekayəsini oxuduqda bir daha fərqinə vardım ki, hər bir bədii mətn üst qatında – təhkiyəsində ifadə etdikləri ilə bərabər, alt qatda – çatdırmaq istədiyi (yaxud gizlətmək), demək istədiyi (yaxud ipucu verdiyi) ideyada, məğzdə gizlidir. Və burda “qızıl orta” mütləq tutulmalıdır. Düzdür, o da var ki, bəzən hekayəçilər “demək istədikləri”nə fokuslanıb “dedikləri”ni, “təsvir etdikləri”ni çox önəm vermədən irəliləyə bilirlər, bəzən isə əksinə – təsvirə o qədər meyllənirlər ki, “alt qat”da görünməli olan ideya, məzmunun “şifrəsi” unudulur. Hər mətnin həm də bir ana xətt – ideya daşıyıcısı olduğu yaddan çıxır. Hekayə, sadəcə, bir “nəqletmə” sanılır.
Bundan başqa... elə mətn var ki, bəsit, sıradan bir əhvalat altında gizlənən böyük mənanı dərhal tutarsan, mətn də var ki, mürəkkəb, ziddiyyətli hadisələrin altında çox sadə içəriklər, anlamlar saxlayar... Amma saxlayar!
Furqanın hekayəsi “adi bir əhvalatın (generalın yeməyinin içindən milçək çıxması!) nəqli ilə nə demək istəyir” sualı üzərində bir “?” işarəsi qoydu. Hər halda, mənim üçün.
“Aşpaz istəsə belə, bəzən özünü general kimi hiss etsə belə, general ola bilməz”mi?
“Milçəklər belə komandaya tabedirlər”mi?
“Bütün mənasız vızıltılar hökmü keçən bir generalın bircə “farağat” komandası ilə kəsilə bilərmi?
Əlbəttə, bunlar var idi. Hansısa dərəcədə... Lakin... İlk baxışdan, adından, ilk oxunuşdan maraqlı görünən hekayədə müəllifin, əslində, nə demək istədiyi anlaşılmadı. Ya da mən anlamadım. Bu da ola bilər.
O səbəbdən də, dilinin oxunaqlılığı, təsvirlərin dəqiqliyi və canlılığı və s. haqqında nəsə deməyi artıq bilirəm.
Mübariz Örən
Sadə, maraqlı hekayədi. Mətn təmizdi (bir-iki korrektə səhvinə göz yumsaq), ideyası var. Obrazların xarakteri, xüsusən, Generalın xisləti açılır. Təbrik edirəm gənc qələm dostumu, yeni uğurlu əsərlər gözləyirəm.
Maral Yaqubova
“Generalın milçəkləri” adının oxucuda oyatdığı ilk təəssürat hekayədə fikir və güc hegemoniyasına əsaslanan hər hansısa bir iyerarxik sistemin ən yuxarı və ən aşağı tərəfləri arasındakı münasibətin mətnləşəcəyindən xəbər verir. Müəllifin generala tabe olan insanları milçəklərə bənzədəcəyini düşünən oxucunu yazar yaxşı mənada təəccübləndirir: bir sürü milçəyi vızıltısı ilə birgə hekayənin içinə salır. Belə deyək, müəllif mətnin ideya “karkas”ını hörən bütün fikirlərin hekayədə komponentləşməsini “vızıltı” şəklində gerçəkləşdirməyə çalışır. Hekayənin generalı da, aşpazı da bu vızıltıdan narahatdır. Əliş kişinin və sistemin digər üzvlərinin kəsə bilmədiyi milçək vızıltısının (sistemə qarşı olan nə varsa hamısını özündə cəmləyən səsin) generalın üçmərtəbəli sistemini kökündən (alt mərtəbə) dağıtma ehtimalı var. Generalın zəhmi əvvəlcə bu milçək sürülərini yönləndirir, amma, Əliş kişinin dünyasında isə milçəklərin “özbaşınalığı” ram olunmaz həddə çatır, milçəklərin ölüləri generalın boşqabına ayaq açır. Generalın “ölü” olana laqeydliyi, “diri” qorxusu, aşpazın qərar anı, generalın qərara münasibəti (“diri” fikri məqamında öldürməsi), bu qərardan sonra isə Əliş kişinin milçəklərinin “farağat” duruşu, onun generala səssizcə meydan oxuması, generalın qorxusu, aşpazın qalibiyyət ədası və s. birləşib hegemonik münasibətlər sistemini kiçik bir hekayə mətnində izah edə bilir. Ayrıca təhkiyəçinin neytral, ölçülü davranışı və məsələyə “soyuqqanlı” münasibəti var, bu yaxşı haldır. Sadəcə, hekayədə generalın milçəkləri “farağat” rejiminə saldığı məqamda təhkiyənin daha inandırıcı olması lazımdır. Sanki, müəllif aşpazın qalibiyyət anının nəqlinə tələsdiyi üçün bu hadisənin üstündə çox dayanmır. Dayansa, daha yaxşı olar. Müəllifin “Mustafa Həbibzadənin meyitini mən oğurlamışam” adlı hekayəsini də oxumuşam. Mətnlərində özünəxas bir enerji hiss edirəm, o enerjinin nə qədər böyüyəcəyini və necə adlanacağını isə müəllifin sonrakı mətnləri göstərəcək. Uğurlar arzulayıram.