Məhəmməd peyğəmbərlik səlahiyyətini necə qazanmışdı? - Rəhim Əliyev

Məhəmməd peyğəmbərlik səlahiyyətini necə qazanmışdı? - Rəhim Əliyev
26 oktyabr 2024
# 12:00

Kulis.az tənqidçi, yazıçı, filologiya elmləri doktoru Rəhim Əliyevin Anton Pavloviç Çexovun "Qara rahib" hekayəsi haqqında yazdığı "Çexovun "Qara rahib nəzəriyyəsi" məqaləsinin birinci hissəsini təqdim edir.

Anton Pavloviç Çexovun "Qara rahib" povesti iki hissədən ibarətdir. Daha doğrusu, əsərin qəhrəmanı gənc və ümidlər verən magistr Andrey Kovrinin yay istirahəti niyyəti ilə öz qəyyumu və faktiki atalığı Yeqor Pesotskinin yay malikanəsinə iki gəlişi təsvir olunur. Birinci yay - romantik yaydır, ikinci yay tragik adlana bilər. Amma hər iki yay səfəri həkimin göndərişi ilə baş verir. İntellektual işdən yorulmuş gəc magistrə məsləhət görülür ki, baharı və yayı kənddə yaşayıb sağlamlığını möhkəmlətsin.

Yeqor Pesotski Rusiyada məşhur botanik və meyvəçilik üzrə sayılan seleksiyaçıdır. Kovrini də həmin malikanədə öz oğlu kimi böyüdüb, yetim qalandan sonra. Cəmi beş il qabaq Kovrin Peterburqa universitetə, fəlsəfə fakültəsinə girib və şəhərdə yaşamağa başlayıb. Elə universitet illərindən məqalələri çap olunub və təhsilinin davamı üçün universitetdə çalışmaqda davam edir. Yeqor Pesotski və onun yeganə qızı Tanya paytaxt jurnallarında çıxan məqalələri oxuyub Andrey Kovrinə pərəstiş edirlər. Amma Kovrinlə atalığının həyat idealları bir-birinə əksdi. Atalığı meyvə seleksiyası sahəsində çalışıb "Rusiya sənayesini yüksəltmək" istəyir.

Kovrin şərab içir, çox danışır, az yatır və ya yata bilmir. Əsəbləri bir az pozulub. Çoxlu oxuyur, yazır, ən çox iş otağında oturmağı sevir, bahalı siqaretlər çəkir, italyan dilini öyrənir. O öz dahiliyinə dərindən inanır, öz əsərləri ilə dünya şöhrəti qazanmaq istəyir və özünü buna yaxın hesab edir. Kovrini sevən Tanya və atası da Kovrinin dahiliyinə inanırlar və onun xəyallarına şərikdilər.

Lakin arada Tanyanın və atasının bilmədiyi əngəl var: bu, ixtiyarsız olaraq Kovrinin gözünə görünən və onunla danışan Qara rahibdir. Kovrin bu rahibi təsvir edən əfsanə oxuyub, eşidib, ya onu yuxuda görüb, bunu özü də dəqiq xatırlamır. Hardasa, guya Şərqdə peyda olub, adamlar onun həm canlı, həm də suyun üzündə gəzə bilən, gah buludlara dırmaşan ilğım variantı haqda danışırlar. Kovrin birinci yayda hətta Tanyaya söyləyir bu əfsanəni.

Rahib qara paltarda, ayaqyalın gəzir. Onun başı ağappaq, qaşları isə qapqara, sifəti üzgün və sümüklüdür. Tanya və atası Kovrinin Qara rahiblə ünsiyyətindən xəbərsizdi. Amma Kovrin özü psixologiya sahəsində biliklidi, Qara rahibi hallüsinasiya, meditasiya, qarabasma, ilğım və sair adlandırır və elmi şəkildə izah etməyə çalışır. Bunu yorğunluq, yuxusuzluq, ifrat intellektual iş, fiziki zəiflik və sair ilə bağlayır.

Kovrin Qara rahiblə həvəslə və hər şeydən danışır. İkinci görüşdə Kovrin Qara rahibi ilğım adlandırır, o isə özü haqda deyir ki, mən sənin gözünə görünürəm, sənin həyəcanlanmış xəyalındayam, sənin xəyalın isə təbiətin bir hissəsidir.

Kovrin soruşur Qara rahibdən: "Sən obyektiv varsan?" Qara rahib cavab verir ki, mən obyektiv varam, sənin yaddaşında mövcudam, onun bir hissəsiyəm, axı sən məni xatırlayırsan, tanıyırsan. Deməli, mən varam. Doğrudan da insan yaddaşında olanlar obyektiv mövcuddur, onlar xatırlanır, təsvir olunur sözlə, unudulub yenidən bərpa oluna bilir, elmi şəkildə təsvir olunub, o biri adamlara ötürülə bilir. Bütün nəzəriyyələr və miflər, kitablar, əsərlər əslində müəyyən yaddaş, fərdi hafizə obrazlarının maddiləşdirilmiş şəklidir.

Kovrin soruşur Qara rahibdən: "Sən məni bəyənirsən?" Rahib cavab verir: "Hə. Sən o nadir adamlardansan ki, onlar ədalətli olaraq Allahın seçdikləri adlanır. Sən əbədi həqiqətə xidmət edirsən. Sənin fikirlərin, niyyətlərin, sənin heyrətləndirici elmin, bütün həyatın ilahi, səmavi möhür daşıyır özündə, çünki onlar ağıla uyğunluğa və gözəlliyə xidmət edir, o şeylərə ki, əbədidilər".

Kovrini narahat edən suallardan biri əbədi həqiqətin var-yoxluğu məsələsidir. Rahibdən soruşur ki, "əgər əbədi həyat yoxdusa, onda əbədi həqiqətlər nəyə lazımdı, siz ölməzliyə inanırsız?" Rahib deyir: "Hə. Əbədi həyat var. Onun ali məqsədi isə dünyanı dərk etmək həzzində, onun tükənməzliyindədi..." Onda Kovrin soruşur: "Sən adamların ölməzliyinə inanırsan?" Rahib cavab verir: "Hə. Əlbəttə. Siz kimi insanları böyük və parlaq bir gələcək gözləyir. Sən kimi adamlar yer üzündə nə qədər çox olsa, həmin gələcək o qədər tez yetişər. Sizsiz azad və şüurlu yaşayıb ali başlanğıca xidmət - bəşər üçün çətin olar". Rahib deyir ki, Kovrin kimi adamlar olmasaydı, bəşəriyyətin əbədi həqiqətlərə yetişməsi on min illərlə ləngiyərdi, "halbuki siz əbədi həqiqətin bərqərar olmasını doqquz-on min il irəli salırsız. Siz Allahın lütfkar iradəsini təmsil edirsiz..."

Sonra onlar Kovrinin xəstə, ya sağlam olması məsələsini müzakirə edirlər: söhbət isə normal və seçilmiş adamlar arasındakı fərq məsələsinə çevrilir. Rahib birmənalı şəkildə Kovrinə deyir ki, sən xəstəsən, ona görə ki, "çox işləyib özünü üzmüsən, sağlamlığını ideyaya qurban vermisən, canını da bu işə fəda edəcəyin gün uzaqda deyil", yəni onun yaxın illərdə öləcəyinə işarə edir. Amma bu mənfi hökmün qaçılmazlığı üzərində durmayıb povestin əsas ideyasına keçid edir. Bir daha vurğulayır ki, Kovrin fərdi bir hadisə deyil, bəşərin əbədi həqiqətlərini tapmaq və mənimsəmək üçün özünü fəda etmiş minlərlə seçilmişlərdən biridir, növbətisidir. Öz xəstəliyindən şübhəli olan Kovrinə açıq deyir Rahib: "Sən haradan bilirsən ki, bütün bəşəriyyətin tanıdığı nəcib adamlar sənin kimi görmə görməyiblər? Alimlər axı açıq deyirlər ki, dahilik ağıl çaşmasının bir qohumudur. Dostum, normal və sapsağlam adamlar ancaq sürü nəfərləridir, yorğunluq və əsəb tükənməsinə ancaq bu cür mülahizələrnən yaşayanlar önəm verir, sürü nəfərləri".

Qara rahibin dili ilə Çexov qədim yunan və latın psixologiya məktəbindən gələn "normallıq" nəzəriyyəsini kənara atır, onların hər sözünü qeyd-şərtsiz qəbul etməyə qarşı çıxıb deyir: "Hallı olmaq, vəcd, ekstaz - şairləri, peyğəmbərləri, fikir və əqidə əzabkeşlərini fərqləndirən hər şey insanın heyvani tərəfinə ziddir. Təkrar edirəm: sağlam və normal olmaq istəyirsənsə, get sürüyə".

Yəqin ki, Çexovun fikrini ifadə edən Qara rahib bildirir ki, bütün böyük, bəşəri qabağa aparmış adamlarda düşüncə və davranış qəribəlikləri olub. Bu günlə yaşayanlar sürüyə məxsusdur, ancaq əbədi həyata can atanlar həqiqi insanlardır.

Kovrin sevinir Rahibin dediklərinə, onu coşqun bir fərəh bürüyür, rahibin dediklərini təmiz həqiqət kimi qəbul edir və elə həmin gün Tanyaya böyük ehtirasla eşq elan edir və onlar tezliklə evlənib Peterburqda yaşamağa başlayırlar.

Pesotski özü Kovrinə təklif edir ki, Tanyaya evlənsin. Bunun bir səbəbi də onun özündən çox istədiyi meyvə seleksiyası bağının taleyinə görə narahatlığıdır. Qızı təsadüfi bir adama ərə getsə, bu bağ məhv olar, axı Pesotskinin Rusiya üçün böyük işlər görmək istədiyini, bunun Rusiyanın gələcəyi üçün mənasını hər adam başa düşə bilməz.

Beləliklə, povestin hər iki qəhrəmanı böyük xəyal adamlarıdır. Amma onların xəyalları tam əksdi bir-birinə. Pesotskinin xəyalı öz mənindən kənara yönəlib: o, Rusiya sənayesini yeniləmək və böyütmək xəyalındadır. Kovrinin xəyalı isə öz içində, yaddaşında yaratdığı dahi və şöhrətli Kovrin obrazını gerçəklətməkdir. Kovrin dünya üçün yeni, dahi bir Kovrin obrazını gerçəklətmək istəyir. Pesotski, Karl Marks demiş, dünyanı dəyişmək istəyir. Kovrinsə dünya üçün, bəşər üçün yeni bir peyğəmbər, dahi, öndər obrazı yaratmaq istəyir. O, dünyanın mərkəzinə özünü qoyur, hər şeyin başında özünü görür.

Əslində, onların hər ikisi öz xəyallarını gerçəklətmək istəyirlər. Pesotskinin dəyişmək istədiyi Rusiyadır, onun yaddaşından kənarda olan bir şeydir, dünyanın maddi nizamına və quruluşuna bağlıdır. Kovrin isə dünyanın ənənəvi, metafizik tərəfi ilə əlləşir. O, dünyanı dəyişmək yox, yeni bir obrazını yaratmaq istəyir. İstədiyi də gerçəkdə yox, ancaq yaddaşında olan bir obrazdır. Kovrin, nə az-nə çox, bütün bəşəriyyətin yaddaşına yeni bir obraz, yeni dahi obrazı əlavə etmək istəyir. Əslində, əsərdə söhbət elə fərdin dünyanı dəyişməkçün istifadə edəcəyi iki üsuldan gedir.

***

Amma Çexovu maraqlandıran dünyanı dəyişmək üsulları deyil. Onun nəzəriyyəsinin hədəfi başqadır, daha dar və təvazökardır. O, dünyanın yenilənməsinə yönələnən böyük enerji mənbəyini aşkarlayıb və bəşəriyyəti bu enerji növünə qarşı qədirbilən, həssas, qənaətcil olmağa dəvət edir. Bu enerjinin adı bəşərin gələcəyi barədə bütün adamlarda yaranan fərdi illüziyaların yaradıcı və dünyanı dəyişici gücü haqda nəzəriyyədir.

Əlbəttə, fərdi illüziyalar çox və müxtəlifdir. Çexovu maraqlandıran onun fərd və yaxın kollektiv, icma arasında olan hissəsidir. Başqa sözlə, buna fərdin (mənin) daxil və aid olduğu icmada (məsələn, oxuduğu universitetə, işlədiyi idarəyə, üzvü olduğu partiyalara, idman klubuna, yaradıcılıq ocağına, etnik qrupa və s.) aid təsəvvür və illüziyalarıdır. Bunları fərdin özünü icmada necə təsəvvür edib görməsi, özünü identifikasiya etməsi ilə bağlı fərdi təsəvvür və illüziyaların məcmusu da saymaq olar. Fərdin aid olduğu belə qurumlarda həmişə müəyyən və qəbul olunmuş iyerarxiya - səlahiyyət və vəzifə nərdivanları vardır. Hər bir fərd gəncliyindən, o sıradan povestin qəhrəmanı Kovrin öz universiteti, onun ətrafındakı kafedra, jurnal və nəşrlərdə gənc yaşlarından ta qocalanacan ünsiyyət və münasibətlərdə olur. Bu münasibətlərdəhər bir kəsdə özünə, kollektivdə öz gələcəyinə dair xəyal və təsəvvürlər formalaşır və illər boyu bu özünü eyniləşdirməyə dair təsəvvürlər təkamül edir. Buna mənin təkamülü də demək olar. Bu təkamülün əsas enerji mənbəyi - fərdin icmanın dəyərləri, onların mahiyyəti və gələcəyi barədə, bu gələcəkdə öz yeri və rolu barədə təsəvvürləri, xəyal və illüziyalarıdır. Bunlar hər bir mənin bel sütunudur. Kovrinin simasında Çexov bu sütunun həm də rəmzi olan Qara rahibin toxunulmazlığını müdafiə edir. Ona görə ki, fərdin həyat uğrunda mübarizəsi ən çox buradan enerji alır, qidalanır.

***

İllüziyalar məntiqsizdir, gülməlidir, qəribədir, sadəlövhdür. Amma dünyanı dəyişmək üçün ən böyük, ən güclü və məsrəf tələb etməyən enerji mənbəyi insanın məhz bu illüziyalarıdır. Çexovun Qara rahib nəzəriyyəsi budur.

Çexovun povestinin ikinci hissəsində daha Qara rahib aparıcı deyil, onun yerini Kovrin özü tutur. İkinci yay, qayınatasının malikanəsində məyus olur. Düzdür, o, daha Qara rahibi görmür. Amma birinci yay bu malikanədə yaşadığı yüksək həyəcan və sevincləri həmişəlik itirdiyini anlayır. Onun həyatı qavrayışı böyük müsbət emosiyalardan məhrum olur. Həyəcanlanmaq, heyrətlənmək, vəcdə gəlmək, ehtirasla sevmək qabiliyyətini itirir. Anlamağa başlayır ki, keçən yaydakı sevinc və heyrət dolu həyatı normadan kənar bir şey deyilmiş, onun əsl sağlam təbiəti imiş...

Həyatının bomboz və mənasız bir şeyə çevrildiyini dərk edən Kovrin özünün xəstə və dəli olması haqda Tanyanın və həkimlərin təkidi ilə gəldiyi qənaətindən qəti imtina edir. Müalicə rejimini qəti rədd edir. Ürəkdən sevdiyi Tanyaya kobudluq etməyə başlayır, çünki xəstə olması haqda fikri ona ən çox Tanyanın təlqin etdiyini başa düşür. Kovrin zorakı müalicəyə qarşı çıxır, özü öz hallüsinasiyalarını müdafiə edir. Hətta ikinci yay malikanədə Qara keşişi axtarmağa başlayır, darıxır onun üçün. Nəhayət, Tanya ilə arasında ixtilaf yaranır və onlar ayrılırlar.

Kovrin arvadı Tanyanı açıq-aşkar öz çevrilməsində ittiham edir. İkinci yay Kovrin deyir Tanyaya: "Niyə, niyə siz məni müalicə etdirdiniz, bromlu dərmanlar, isti vannalar, hər qurtuma, hər addıma görə qorxular, bunlar hamısı axırda məni bir əbləhə çevirəcək. Mənim ağlım başımdan çıxırdı, amma axı məndə dahilik maniyası vardı, fərəh içində, gümrah idim, hətta xoşbəxt, maraqlı və orijinal idim. İndisə quru məntiqçi, ciddi olmuşam. Heyif ki, indi hamı kimi, ortabab olmuşam. Yaşamaq mənə darıxdırıcı olub. Mənə qarşı qəddar, necə qəddar rəftar etdiniz. Mən hallüsinasiyalar görürdüm, amma bu, kimə mane olurdu, soruşuram, kimə..?"

Ərlə arvadın münasibətləri tam pozulandan sonra Kovrin yenə müalicədən sonrakı öz ruhi vəziyyətini araşdırmaqda davam edir. O deyir: "Məhəmməd peyğəmbər, ya Şekspirin çox bəxti gətirib ki, xeyirxah qohum və həkimləri onları ekstazdan, aşıb-daşan ilhamdan müalicə etdirməyiblər. Məhəmməd peyğəmbər əsəbə görə əgər bromlu kalium içsəydi, gündə ancaq iki saat işləsəydi, ancaq süd içsəydi, bu görkəmli adamdan o qədər xeyir qalardı, nə qədər ki onun itindən qaldı".

Göründüyü kimi, Çexov fərdi ilham və illüziya ilə bağlılığın bəşər tarixində müstəsna yaradıcı rolu haqda nəzəriyyəni Məhəmməd peyğəmbərin təcrübəsi ilə də əsaslandırmağa çalışır. Xristian rahiblər peyğəmbərin savadsız və impulsivliyini çox tənqid ediblər. Amma fakt ortadadır: yazıb-oxuya bilməyən idealpərəst insan bəşər tarixində misilsiz izlər qoyubdur, bu izlər heç kimlə müqayisə oluna bilməz və bu, Çexov nəzəriyyəsinin düzlüyünü təsdiq edir.

Universitetdə Kovrinə kafedra verirlər. Xəstəliyə görə birinci mühazirəsinə gedə bilmir. Qan qusmağa və daha da haldan düşməyə başlayır. Nəhayət, özündən iki yaş böyük olan başqa qadınla yaşamağa başlayır. Qadın ona uşaq kimi qulluq edir. Yaltaya gedəndə, yolda Kovrin Tanyadan məktub alır. Məktubla bağlı düşüncələrdə Kovrin ikinci yayda malikanədə Tanyaya və atasına qarşı ədalətsiz təpkilərinə görə peşmançılıq hiss edir. Məktubda Tanya yazır ki, atası indicə ölüb, onun bağı dağılır və olanlara görə Kovrini ittiham edir. Yazır ki, onun ölümünü istəyir, onu lənətləyir, "dəli" adlandırır bunlara görə. Dəli sözünü oxuyanda Kovrin məktubu cırıb atır. Öz ömrünü saf-çürük edən Kovrin bu qənaətə gəlir ki, o, ortabab bir adamdır. Amma bu zaman Qara rahib peyda olur və ona deyir: "Sənə demişdim onda ki, dahisən, niyə sözümə inanmadın, əgər inansaydın, bu iki ildə belə kədərli və məyusluq içində yaşamazdın". Bu məqamda Kovrin Qara keşişlə bütün söhbətlərini xatırlayır və özünün "Allahın seçdiyi" və dahi olduğuna inanmağa başlayır. Kovrin danışmaq istəyir, amma ağzından gələn qan onun sinəsinə tökülərək onu boğur və halsız edir. O, arvadını oyatmaq istəyəndə özü də bilmədən iki dəfə "Tanya" deyə inildəyə bilir. Əslində, o, birinci yay vaxtındakı gözəl həyatını çağırır. Son dəqiqələrində də Qara keşiş onu dahi adlandırır. Kovrin yerdəki qan nohuruna baxa-baxa ölür.

***

Hekayənin əsas fikri odur ki, hər adamda fiziki enerjidən başqa, bir də fərdi psixi istək və illüziyaların insan davranışına və fəaliyyətinə istiqamət verən gücü var. Bu güc atomun içindəki enerji kimi insanların hiss üzvləri ilə müşahidə edilə bilmir. Amma o gücün sayəsində Məhəmməd peyğəmbər kimi elementar yazı-oxu savadı olmayan adamlar peyğəmbərlik səlahiyyəti qazanır və son nəticədə bəşəriyyətin tarixini dəyişir və ya onda iz qoyurlar.

Hekayədə qədim yunan və latın elmlərinin səhvlərinə eyham edilməsi təsadüfi deyil. Dərsliklərdən dörd temperament tipi haqda nəzəriyyə yadımızdadır. Məhz bu, Qərbin psixologiya dərsliklərində universal norma nəzəriyyəsinin hakim olmasının elmi bazası olmuşdur.

Biz istedad nəzəriyyəsini antik dövrdən bilirik. Çexov insanın fərdi illüziya və məntiqsiz xəyallarını istedad nəzəriyyəsinə qarşı qoyur. Çünki bugün hər ölkədə Kovrin kimi minlərlə böyük potensial enerjili insanları xəstə və anormal adlandırıb sosial tərəqqi dövriyyəsindən kənara atırlar və atıblar. Avropa məktəb sistemi xristian mütilik ideallarına əsaslanaraq elementar təhsil və mənimsəmə istedadını əxlaqla da bağlayır, qiymət cədvəllərinə əxlaqdan da qiymət qoyulmasını bir qanuna çevirib.

Qərbi Avropaya nisbətən ABŞ təhsil sisteminin uğurları haradandır? Təhsildə orta bir normativlər tələbinin olmamağı. Xatırladaq ki, təhsildə, tibbidə, psixiatriyada tətbiq olunan universal norma anlayışı əslində antik istedad nəzəriyyəsinin digər şəklidir. Çexov müasir tərbiyə, təhsil, tibbin, sosial psixologiyanın universal prinsip kimi tətbiq etdiyi norma anlayışını və prinsipini rədd edir. Əgər istisnasız bir norma yoxdursa, onda norma nədir? ABŞ təhsil sistemi dinin və dövlətin nəzarətindən kənar inkişaf edirdi, ona görə özəl mülkiyyətə əsaslanan məktəbin mühüm bir üstünlüyü də fərqli təhsil prinsiplərinin mümkünlüyü oldu. Universal norma tərəfdarları ABŞ təhsilində xaos görürdülər. Amma həqiqətdə belə təhsil sistemindən misilsiz iqtisadi və texniki, intellektual tərəqqi törədi. Bunun əsas səbəbi oradakı təhsil və sosial liftin yeni nəsillərin yaradıcılıq potensialına cəmiyyətin ən yüksək dəyəri kimi yanaşması idi. Karl Marks güman edirdi ki, cəmiyyətin ən böyük sərvəti onun üzvlərinin ixtisas səviyyəsidir. ABŞ təhsil sistemi isə sayır ki, cəmiyyətdə ən güclü tərəqqi potensialı böyük xəyal və illüziyaları reallaşdıra bilən güclü fərdlərdir. ABŞ cəmiyyətinin ideal qəhrəmanı da buna uyğun olaraq güclü şəxsiyyətlərdir. Hollivud filmləri özünü təsdiq edən güclü müsbət qəhrəmanları kriminal əməllərinə məhəl qoymadan belə müsbət adamlar kimi təqdim edir. Əsas özünəinamdır, ona görə amerikalılar deyirlər: "Karyera qurmaq istəyirsənsə, ürəyin istəyən işdən yapış".

Orta əsrlərdə xristian və müsəlmanlar təlqin və virddən istifadə edirdilər ki, cavanlar dinin əsas ehkamlarına daha güclü bağlansınlar. İndi ABŞ-da peşə treninqlərində belə "mən milyonçu olacam" kimi təlqin üsullarından istifadə olunur. Çünki daxili inam və xəyallar insanın konkret istiqamətdə çalışma əzmini qat-qat artırır.

# 515 dəfə oxunub

Oxşar xəbərlər

Müsəlman daşa baş qoyur, fəqət dirənir ki, daş büt deyil! - Rahid Ulusel

Müsəlman daşa baş qoyur, fəqət dirənir ki, daş büt deyil! - Rahid Ulusel

15:00 24 oktyabr 2024
"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə

09:00 23 oktyabr 2024
Bəlkə, ədəbiyyatı ləğv edək?

Bəlkə, ədəbiyyatı ləğv edək?

16:00 21 oktyabr 2024
Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət

15:00 19 oktyabr 2024
Əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı

Əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı

13:32 19 oktyabr 2024
Yazıçının yazı tərzi dəyişmirsə... - Cavanşir Yusifli

Yazıçının yazı tərzi dəyişmirsə... - Cavanşir Yusifli

09:00 19 oktyabr 2024
# # #