Xalq artistinin oğlu: "İllər sonra atamın qulağını kəsdiyi adamla rastlaşdım..." - Müsahibə

Xalq artistinin oğlu:  "İllər sonra atamın qulağını kəsdiyi adamla rastlaşdım..." - Müsahibə
25 oktyabr 2024
# 09:00

Bu gün Xalq artisti Nəcibə Məlikovanın doğum günüdür.

Kulis.az bu münasibətlə aktrisanın ögey oğlu, AFFA-nın sabiq baş katibi Fuad Əsədovun müsahibəsini təqdim edir.

- Nəcibə xanımla ilk görüşünüzü necə xatırlayırsınız?

- On bir yaşım var idi. Məni ana nənəm ata nənəmgilə gətirdi. Beləcə, tanış olduq. Bir neçə gün onlarda qaldıq, sonra qayıtdıq. 1952-ci il idi. Atam artıq rəhmətə getmişdi. 31 yaşında...

- Necə oldu ki, ona qarşı fikirləriniz müsbətə doğru dəyişdi?

- Universitetə daxil olmuşdum. Bakıya gələndən sonra yaxınlaşdıq.

- Bəs atanız ananızdan niyə ayrılmışdı?

- İki yaşım var idi. Nənəm gəlib ata evindən məni götürüb öz evinə apardı. Çünki artıq atam Nəcibə ilə tanış olmuşdu, görüşürdülər. Nəcibə Gəncəyə təzə gəlmişdi. Teatr texnikumunu bitirmişdi. O vaxt Gəncədə elə bir qadın yox idi ki, atamın təklifiylə razılaşmasın. Tünd mavi gözləri var idi. Nəhayət, tanış oldular, evləndilər. Sonra Nəcibənin atamdan Saqib adlı bir oğlu oldu. Bir müddət keçdi, atam Leyla adlı başqa bir qadınla tanış oldu. Elə ona görə də Nəcibə Bakıya qayıtdı. Leylanın isə atamdan Elmira və Zemfira adlı iki qızı dünyaya gəlib. Zemfira rəhmətə getdi, Elmira yaşayır.

- Siz həmin vaxt ananızla qalırdınız?

- Nənəmgildə yaşayırdım.

- Nənəniz Nəcibə xanımı niyə qəbul eləmirdi?

- Deyirdi ki, bu, mütrübdür, niyə gətirmisən evə? Çadrada gəzən qadın idi. 110 il yaşadı. Fərzalılar Gəncədə adla tanınıb. Babam Fərzalıoğlu Qaffar Aşıq Ələsgərin sponsoru olub. Bunlar deyişəndə pula deyişirmişlər. O da qızıl pul qoyurmuş ortaya. Onun haqqında bir kitab da var.

- “Ögey ana” hamımızın ta uşaqlıqdan sevərək baxdığımız filmlərdəndir. Aşağı-yuxarı, real hadisələr əsasında çəkilib.

- Rejissor Həbib İsmayılov ssenarini göndərib Nəcibəyə. O da görüb ki, ssenari elə onun həyatıdır. Bəzi yerləri – nənəmlə münasibətini, atamın peşəsini dəyişib. Mən də yol mühəndisiyəm. Filmdə Nəcibənin bir qızı var. Əslində, övladı oğlandır axı. O, rejissorun ideyası idi. Qız-oğlan daha maraqlı olur. Kinonun gözəlliyi də o dəyişiklər sayəsində oldu.

- Adil İskəndərov sizə gələndə nənənizə deyib ki, sizin haqqınızda film çəkəcəm.

- Adil müəllim atamın dostu olub. Bir dəfə Gəncəyə gəlib. Bilirsiniz, nənəm xan qızı idi. Kərbəlayi İsgəndərxan Muradovun qızı. Çarın qvardiyasının komandanı olub. Gəncənin KQB-sinin sədri də onun bacısı oğlu idi. Hətta ruslar gələndən sonra qolçomaqları da yoxlayırdılar. Onların da evinə gəliblər. Özü danışırdı. Deyirdi ki, rus əsgərləri gəldi, dedi ki, sizdə çoxlu qızıl var. Dedim ki, hə, nolsun? Onlar da dedilər ki, aparmalıyıq. Başladılar evi axtarmağa. Tapmadılar. Barmağımla damı göstərdim. - Elə söhbət eləyirdi, elə bil indi olub: Dama çıxdılar, içəridə iki vedrə imperial tapdılar. İki saat qızılı sayıb akt hazırladılar. Sonra dedilər ki, gəl bir də sayaq, sonra nəsə səhvlik olar. Bir də sayıb dedilər ki, artıq çıxdı. O artıq çıxan qızılı mənə verdilər ki, ay xala, bu sənə qalsın. Mən də qızılları əsgərin üstünə tulladım ki, iki vedrə qızılı aparırsan, mənə elə bunları verirsən.

Atası nənəmə at bağışlamışdı. Gəncədə sovet ordusu ilə müsavatçıların atışması olanda at belində müsavatçılara tüfəng daşıyırdı. Onu görəndə deyirdilər ki, atmayın, xanım gəlir. Nə o tərəf atırdı, nə də bu tərəf.

Deməli, Adil bəylə arasında mübahisə olub, o da nənəmə deyib ki, sənin haqqında film çəkəcəm. Həmin vaxt Adil bəy kinostudiyanın direktoru idi. Bu işi Həbib İsmayılova tapşırmışdı. O da gəlib nənəmlə söhbət eləmişdi. Onda mən institutda oxuyurdum. 18-19 yaşım var idi.

- Siz də İsmayıl kimi dəcəl olmusunuz?

- Yox, mən dəcəl olmamışam. Yaxşı oxuyurdum. Üstəlik, futbolçu idim. O vaxt nənəmgil Tovuzda yaşayırdı. Atam adamlara pul verirdi ki, gedin uşağı evə gətirin. Müharibədən sonra idi. Bir dənə şalvarım var idi, bir köynəyim, bir dənə də tuflim. Məktəbdən gəlib tufliləri çıxarırdıq, ayaqyalın futbol oynayırdıq. 16 yaşımda Tovuzun futbol komandasında Azərbaycan çempionu seçilmişəm. O vaxta qədər ancaq Bakı komandaları çempion olurdu. 1956-cı ildə çempion olduq, 1957-ci ildə yenə ilk dəfə kubok qazandıq. Pensiyaya çıxandan sonra da on ilə yaxın AFFA-da baş katib, vitse-prezident olmuşam. Axırıncı oyunumu da 75 yaşımda oynamışam. Veteranlardan ibarət komandamız var idi.

- Evinizə sənət adamlarından kimlər gəlirdi?

- “Cücələrim”in bəstəkarı Qəmbər Hüseynli ilə qonşu idik. Yolun bir tərəfində onlar qalırdı, o biri tərəfində biz. Atamla yaxın dost idi. Atam yaxşı tar çalırdı. Həbib Bayramov ona tar bağışlamışdı. O tar məndə idi. Nənəm vermişdi mənə.

Nəcibənin bütün rəfiqələri – Şövkət Ələkbərova, Sara Qədimova, Rəhilə Həsənova – hamısı bizim evə yığışardı. Nə qədər tamaşa olurdu, məni də aparardı. Qardaşıma da deyərdi ki, sən balacasan, böyüyəndə səni də aparacam.

- Biz Nəcibə xanımı səhnədə, filmlərdə görmüşük. Pərdə arxasını bilmirik. Aktrisa kimi aydındır, bəs ana kimi necə idi?

- Tayı yox idi. Çox qəribə idi. Ona Nəcibə yox, “Ciba” deyirdik. Son nəfəsində soruşduq ki, Ciba, kimi görmək istəyərdin? Deyirdi ki, Nəsrəddini, yəni atamı. Neçə il keçmişdi, amma yenə də onu istəyirdi.

- Ona olan bağlılığınız necə yarandı?

- Özü yaratdı. Saqibə də həmişə deyirdi ki, o, sənin böyük qardaşındı. Mən də tələbə idim. Yataqxanada qalırdım. Yaxşı yeməklər bişirərdi. Çox vaxt yataqxanaya gəlmirdim. Övladlarıma nəvələri kimi baxırdı. Onları özü ilə xaricə aparardı. Həyatımın heç bir mərhələsində ögey olduğumu hiss eləməmişəm.

Mən atama çox oxşayıram. O mənə baxıb atamı xatırlayırdı. Heç bir ögey ana ögey oğluna bu qədər sevgi verə bilməz.

- Öz ananızla necə, görüşürdünüz?

- Ərə getmişdi. Ancaq əlaqəmiz var idi. Bir qardaşım var idi. Mən uşaq vaxt onlarda qalırdım. Məni nənəm böyüdüb. Sevda Ələbərzadənin atası Çingiz Ələkbərzadənin əmisi Saleh mənim atalığım idi. Onu da apardılar döyüşə, qayıtmadı. Bir oğlu Rafiq qalıb. O sağdı, münasibətimiz var.

- Atanızla Nəcibə xanımın münasibətləri necə idi?

- Necə olacaqdı? Daima narahat. Dediyim kimi, atamın həyatında çox qadın olub. Axırda da Leylanı öyrənəndən sonra evdən getdi. Nəcibə xanım onu həmişə sevib, ancaq bağışlamayıb.

- Deyirlər ki, çəkiliş vaxtı üstünə meymun cumub, ondan sonra xəstələnib.

- Yalandır. Şəkər idi. Məndə də 51 ildir şəkər var. Hamısı yalan söhbətlərdir.

- Xarakteri necə idi?

- Çox böyük qadın idi. Bir nəfəri acıladığını görməmişəm.

İkinci kursda kimyadan imtahan verirdim. Yanımda qrup yoldaşım Aydın oturmuşdu. O da gəncəli idi. Biletimizə baxanda dedim ki, mən cavabları bilirəm. Şıxbala Əliyev məni otaqdan çıxartdı. Onun da həyat yoldaşı - Azərbaycanın ilk balerinası - Nəcibənin bacısı idi.

Axşam dedi ki, necə yəni? Şıxbala səni qovub? Zəng eləyib dedi ki, Şıxbala, neynəmisən sən? Kimi qovmusan? Ənvər Məmmədxanlının bacısı fənn müəlliminin laborantı işləyirdi. Səhərsi onunla birlikdə qalxdıq üçüncü mərtəbəyə. Məsələ həll olundu. Sonra onun laboratoriyasında partlayış oldu, rəhmətə getdi. Azərbaycanın ilk kimyaçısı idi.

- Bəs Nəcibə xanımın ailəsi ilə əlaqəniz var idi?

- İki bacısı var idi, ikisi ilə də çox yaxın idik. Xalası uşaqları var idi. Ziyad Səmədzadə onun doğma xalası oğlu idi. Mənim toyumda tamadalıq eləyib. Hamısı məni çox istəyirdi. Məni elə təqdim edirdi ki, elə bil ki, doğma oğluyam. Anası Xoşsima xala çox yaxşı qadın idi.

- Atanız necə vəfat elədi?

- Yeni il idi. Filarmoniyada tarzən Firudin var idi, - onunla içib, dəmlənib, sonra Firudin başlayıb avara-avara danışmağa. Atam deyib ki, bəsdi, yekə oğlansan, özünü yaxşı apar. Firudin sakitləşməyib, stolun üstündəki qrafinkanı götürüb atamın üstünə atıb. Atam hövsələdən çıxıb... Firudinin qulağını kəsmişdi.

İllər sonra həmin Firudinlə bir toyda rastlaşdıq. Tanımırdım. Dedi, sən Nəsrəddinin oğlusan? Dedim, hə. Dedi, bunu görürsən, sənin atan kəsib. - Qulağını göstərdi. 5-6 qardaş idilər, hamısı atamın qorxusundan Gəncədən köçdü. Dayım KQB-də işləyirdi, polkovnik idi. Heydər Əliyev leytenant kimi onun şöbəsinə gəlmişdi. Atamı da Moskvadakı birillik KQB məktəbinə elə dayım göndərmişdi. Getdi orada oxudu, gəldi. KQB əməkdaşı kimi dəmir yolunda işləyirdi. Deyirlər ki, Firudungil eləyib. Atamı qəfilləyib vurmuşdular. Onun vəfat xəbərini alanda heç nə hiss eləmədim. Axı mən nənəmlə böyümüşdüm.

- Nəcibə xanım xəstələnib vəfat elədi, yoxsa qəfildən?

- Hə, xəstələndi. İkimiz eyni xəstəxanada yatırdıq. Mənim sağ qulağım yoxdu. Onda Yollar Nazirliyinin birinci müavini işləyirdim. Bir səhər qəfil yıxıldım. Uşaq vaxtı kəndimizdə çayda çiməndə qulağıma su dolmuşdu. Gəncədə yəhudi qulaq həkimi var idi. Onun yanına aparmışdılar. O da qulaq pərdəmi deşmişdi. O vaxtdan qulağım işləmir. Sən demə, çirk yığılıbmış. Moskvadan həkim çağırdılar. Əməliyyat olundum, ancaq yeri qaldı.

Nəcibə xanım da şəkərə görə yatırdı. İldə bir dəfə müayinə olunurdu. Hər gün səhər açılan kimi yanıma gəlirdi. Xeyli söhbət eləyirdi.

- Sizi çəkilişlərə aparırdı?

- Tamaşaların premyeraları olanda aparırdı. Gül-çiçək verirdilər ona. Bir dəfə Sara Qədimovagilə apardı məni. Sara xanım məni görüb təəccübləndi. Nəcibə də dedi ki, həə, odu da.

- Onu ən çox nə özündən çıxara, əsəbiləşdirə bilərdi?

- Bir dəfə kinostudiyada kişilərlə nərd oynayırmış. Qıraqdan iki nəfər söz atmışdı. Qalxıb hərəsinə bir şillə vurmuşdu. Bir dəfə də “Əhməd haradadır?” çəkiləndə Nəcibə mənə dedi ki, gəl gedək studiyaya. İstəyirdi ki, Əhmədin dostlarından birini mən oynayım. Biz studiyaya girəndə Adil müəllim qabağımıza gəldi. Nəcibə dedi ki, istəyirəm, bu da çəkilsin. Adil müəllim başını yellədi, dedi, istəyirsən, o da bizim günümüzə düşsün? Qoy gedib öz sənəti ilə məşğul olsun. Atama görə icazə vermədi.

Atamla bağlı çox söhbətlər var.

Nazir müavini işləyirdim. Nazirliyin işçilərinə ev tikmək üçün Respublika stadionu tərəfdə yer aldıq. Hər şey hazır idi, maliyyə də almışdıq. Ərazidə də 11 dənə ev var idi. Adamları ora köçürməli idik. O vaxt nazir Rafiq Xələfov idi - Fəxriyyə Xələfovanın atası, Heydər Əliyevin bacısının əri. Baksovetin sədrinə məktub yazdı. Cavab gəldi ki, növbə çoxdur, verə bilmərik. Mən plan komitəsi ilə danışmışdım. Nazir ezamiyyətdə idi. Bir məktub da hazırladım. Baksovetin sədri Nəcməddin Əhmədova zəng eləyib dedim ki, sizinlə danışmaq istəyirəm. Getdim. Vəziyyəti başa saldım. Dedi ki, nə danışırsan? Burda növbə var, camaat qapını dağıdır. Dedim ki, yaxşı, sağ olun. Otaqdan çıxanda dedi ki, Nəsrəddinlə sənin qohumluğun yoxdu ki? Dedim, o mənim atamdı. And olsun Allaha, gəlib məni qucaqladı. Tez zəng eləyib dedi ki, srağagünkü protokola 11 dənə ev yazın Yollar Nazirliyinə. Sonra da səbəbini danışdı.

Sən demə, o vaxt bunu geri - Türkiyəyə deport eləmək istəyiblərmiş. Tək onu yox, bütün Türkiyədən gələnləri. Gəncədə dəmiryolçu işləyirmiş. Gedib atama şikayət eləmişdi. Atam da tapşırmışdı ki, buna əliniz dəysə, özünüzdən küsün. Beləcə, onu qorumuşdu.

Atamın o tərəfi olubsa, bu tərəfi də olub.

- Nəcibə xanımın son günlərini necə xatırlayırsınız?

- Bir aya yaxın xəstəxanada yatandan sonra evə buraxdılar, ancaq yataqdan qalxa bilmirdi. Hər gün yanında idim. Gedib-gəlirdim. Son günlərində danışa bilmirdi.

Son nəfəsində bircə atamın adını çəkə bildi...

Foto: İlkin Nəbiyev

# 22841 dəfə oxunub

Oxşar xəbərlər

Alfred Şnitkeyə həsr olunmuş gecə keçiriləcək

Alfred Şnitkeyə həsr olunmuş gecə keçiriləcək

18:40 21 noyabr 2024
Azərbaycan Dövlət Tərcümə Mərkəzi ləğv olundu

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ləğv olundu

17:14 21 noyabr 2024
“Solo gənclik”  layihəsinə başlanılır

“Solo gənclik” layihəsinə başlanılır

16:39 21 noyabr 2024
Azərbaycanlı aktrisalar məşhur mükafata namizəd oldular

Azərbaycanlı aktrisalar məşhur mükafata namizəd oldular

15:59 21 noyabr 2024
Pyer Palmad 5 ilə qədər həbs oluna bilər

Pyer Palmad 5 ilə qədər həbs oluna bilər

15:25 21 noyabr 2024
Birotaqlı ev qadın üçün fəlakətdir! - Eminquey

Birotaqlı ev qadın üçün fəlakətdir! - Eminquey

15:00 21 noyabr 2024
#
#
# # #