Həqiqət, yoxsa reklamın gücü? - Əgər bu müəllifi oxumusunuzsa, əlinizi qaldırın!

Həqiqət, yoxsa reklamın gücü? - Əgər bu müəllifi oxumusunuzsa, əlinizi qaldırın!
29 yanvar 2025
# 09:00

Kulis.az Tim Parksın "Əgər Knausqardu oxumusunuzsa, əlinizi qaldırın" essesini Qismətin tərcüməsində təqdim edir.

Bir kitabın keyfiyyəti ilə satış rəqəmləri arasında əlaqə varmı? Bəs yaxşı, mətbuatın və tənqidçilərin bir kitaba reaksiyası ilə satış rəqəmləri arasında əlaqə necə? Bu əlaqələr stabildir, yoxsa dəyişkən?

Məsələn, Karl Uve Knausqardın “Mənim mübarizəm” kitabının satış rəqəmlərini bilənlər əllərini qaldırsın. Bu dəqiqə 500 səhifəlik üç cilddən ibarət və üç cildi hələ Norveç dilindən tərcümə ediləcək bu azman avtobioqrafik əsərdən fasiləsiz şəkildə “beynəlxalq sensasiya” və “bestseller” (Amazon) kimi bəhs edilir, ən hörmətli tənqidçilər onu tərifləyir.

“İnanılmazdır... ağlımı başımdan aldı” – deyir Zeydi Smit.
“Təsirli və canlıdır... Başdan ayağa ecazkardır... Mükəmməldir” – deyərək ona qatılır Ceyms Vud.

Ciddi qəzetlər (aralarında “Nyu York Tayms” da var) tez-tez Knausqard və əsərləri haqqında məqalələr dərc edirlər.

“Guardian”ın vebsaytında axtarış edəndə görünür ki, “Mənim mübarizəm”in ilk cildinin İngiltərədə çapı 2012-də baş tutsa da, Knausqard barəsində on səhifə dolusu nəticə var. Eyni qəzetdə, müxtəlif yazıçıların yazda oxunacaq kitab tövsiyələrini icmallaşdıran araşdırmaçı Sara Çörçvel yazıb ki, “Buker” mükafatının münsifi olduqdan sonra, “Mənim mübarizəm” əsərinin “Britaniyadakı sonuncu oxucusu” olmağa can atıram.

Onda, bu kitabın periodik olaraq qlobal miqyasda “mütləq oxunmalılar” şəklində bizə sırındığını düşündüyüm üçün məni məzur görün: Ağlıma Umberto Ekonun “Qızılgülün adı”, Yusteyn Qardnerin “Sofinin dünyası”, Piter Hyöqun “Smilla və karlar”, Conatan Frenzenin “Azadlıq” kitabı gəlir, bir də bu əsərlərin beynəlxalq ölçüdə uğur qazanmış başqa növdəki ekvivalentləri arasında Stiq Larsonun “Əjdaha tatulu qız”, Den Braunun “Da Vinçi şifrəsi” və E.L. Ceymsin “Bozun əlli çaları” var.

Ancaq bir neçə gün əvvələ qədər Knausqardın kitabının üç cildinin qalın və karton üzlü nəşrləri İngiltərədə 22 min belə satılmayıb. Bu, əlbəttə, diqqətədəyər rəqəmdir, amma çox da şişirdiləsi performans deyil. Bazarın daha böyük olduğu ABŞ-da sözügedən rəqəm üç cild üçün cəmi-cümlətanı (e kitablar da daxil olmaqla) 32 min civarındadır. O da hələ Knausqardın get-gedə artan reputasiyasından sonra “Farrar”, “Straus and Giroux” nəşriyyatının karton üzlü kitabların haqlarını kiçik “Archipelago” nəşriyyatından satın almasından və öz ticari gücünü tətbiq etməsindən sonra bu qədərdir. “Mənim mübarizəm” seriyasının ən uğurlu cildi olan “Ölüm”, “Amazon”un bestsellərlər siyahısında ABŞ-da 657-ci, İngiltərədə isə karton üzlü versiyası 8.99 sterlin kimi ucuz qiymətə olsa da, 698-ci yerdədir.

Burada nə baş verir? Tənqidçilərin satış rəqəmlərinə baxmadan heyran olduqları bir əsərə sədaqət göstərdiyini düşünək, yoxsa asan ticari uğur kimi təqdim edilən şeyin, əslində, elə olmadığına təəccüblənək? Knausqardı tərifləyərkən kitablarının beynəlxalq miqyasda böyük oxucu kütləsi varmış kimi davranılmasa olmaz? Yoxsa tənqidçilər sırf özləri və bütün həmkarları bu kitabdan danışırlar deyə hamının bu kitabları, həqiqətən, aldığını zənn edir?

Əslində, satış rəqəmləriylə bağlı dəqiq statistika əldə etməyin yeganə yolu “Nielsen Bookscan” adlı quruma üzv olmaqdır. Bu məqalədəki rəqəmləri ora üzvlüyü olan şirkətlərdə işləyən dostlarımın baş-beynini apararaq əldə etmişəm. Amma “Bookscan” belə tamamilə etibarlı deyil, çünki müstəqil kitabçıların hamısını əhatə etmir. Beləliklə, əsl satış rəqəmləri mənim təqdim etdiyimdən azca yuxarı ola bilər, amma müstəqil kitabçıların bazarda böyük pay sahibi olmadığı məlumdur. Fəqət ümumi götürsək, konkret rəqəmlər təkcə ictimai rəyə təsir edəcək dərəcədə çox olanda yayımlanır. Rəqəmlərin açıqlanmaması, xüsusilə, bəzi kitabların beynəlxalq miqyasda çox satılmamasının adi hala gəldiyi bizim əsrimizdə şişirtməni təşviq edir, onsuz da naşirlər sakitlikdən sonra gələn azman dalğanı tutmağa çalışan sörfçülərə bənzəyir.

Sözü düzü, beynəlxalq miqyasda bestsellər olmuş kitabların davamı kimi təqdim edilən xeyli romanın dünya çapında uğurlu olacağının ehtimal edildiyini çox görmüşük: Bu cür nümunələr arasında Ekonun “Qızılgülün adı”ndan sonra yazdığı romanlar, Rüşdünün “Şeytan ayələri”ndən sonra yazdıqlarını, Frenzenin “Düzəlişlər”dən sonra yazdığı “Azadlıq” əsərini göstərə bilərik.

Xüsusilə, “Azadlıq” kitabıyla bağlı ilk resenziyalar hədsiz dərəcədə mübaliğəliydi, hətta “Guardian” qəzeti kitabın ilk resenziyasına ana səhifəsində xüsusi yer ayırmışdı, tənqidçi bir yandan romanı hələ əldə etmədiyini deyirdi, o biri yandan çox vacib əsər olduğunu elan edirdi. Belə şeylərə öyrəncəliyik. Amma “Azadlıq” romanı İngiltərədə qalın üzlü formada 68 min 236 ədəd, nazik üzlü formada bir az daha az, yəni “Düzəlişlər”in yarısı qədər satıldı. Rüşdünün ölüm fətvasından sonra gizlənərək keçirdiyi illərdən bəhs edən “Cozef Anton” kitabına, mövzusunu nəzərə alsaq, mətbuatda çox yer verilməsi məntiqliydi, ancaq İngiltərədəki satış rəqəmləri beləydi: qalın üzlü formada 7 min 521 və nazik üzlü isə, sadəcə, 1896 ədəd. Ancaq gözlənilən dalğa gəlmədi deyə tənqidçilərin həyəcanı da tezcə söndü.

Burada, Knausqarda münasibətdə maraqlı olan, azman və qarşısıalınmaz uğur təəssüratının əvvəldən qazanılmış beynəlxalq uğurun davamı kimi yox, eləcə müəllifin vətəni Norveçdəki qeyri-adi satış rəqəmlərinə söykənməsidir. Ancaq Norveçin əhalisi, sadəcə, 5 milyondur, yəni Londonun yarısı qədər olan bir ölkədir və “Mənim mübarizəm”in tonu və məzmunu həmin dili, mədəniyyəti bölüşənlər üçün daha aktual və cazibədar gələ bilər; Kitabda təsvir edilən dünya onların dünyasıdır. Beləliklə, böyük uğur hələ reallaşmamışdan qabaq elan olundu və hələ də reallaşmasa da elan olunmağa davam edilir. Belə ki, ictimai rəyə təsir baxımdan müəyyən mənada reallaşıb. İnsanların kitabın çox satıldığına inanır. Bu vəziyyəti izah etməyə çalışaq.


Tim Parks

Mən 1960-70-ci illərdə böyüməkdəykən, bizi inanırdılar ki, ədəbi əsər ilə populyar ədəbiyyat və ya konkret növdə yazılan ədəbiyyatlar bir-birindən fərqlidir. Əlbəttə, populyar ədəbiyyat ədəbi əsərdən daha yaxşı satılırdı, ancaq tənqid ona münasibət bildirməzdi; triller və detektiv əsərlərlə bağlı ancaq qısa bir xəbər yazılardı. Yaxud xərcini naşirin çəkdiyi bir reklam kampaniyası ilə tanıdılardı. Bir kitab sırf çox satılır deyə onunla bağlı danışmağa ehtiyac yox idi. Reklam işi reklamçılara həvalə edilirdi. Digər tərəfdən ədəbi əsərlər ticari uğur qazanıb-qazanmasalar da, ciddi şəkildə tənqidin predmeti olurdu.

Əslində, bu fərq o vaxtlar dəyərdən düşməyə başlamışdı. İngiltərədə Qrem Qrin və Muryiel Spark, ABŞ-da Con Apdayk və Filip Rot kimi yazıçılar öz ölkələrində diqqətə layiq satış rəqəmlərinə çatırdı, Con le Karr və ya Ayzek Azimov kimi konkret növdə yazan müəlliflər də ədəbi xüsusiyyətlərinə görə haqlı olaraq diqqət çəkməyə başlamışdı. 1950-ci illərdə belə italyan romançı və tənqidçi Çezare Paveze, əhəmiyyətsiz əsərlər ilə ciddi əsərlər arasındakı fərqin get-gedə itməsindən narahatlığını ifadə edirdi, ticari əsərlərin ədəbi əsər kimi təqdim edilməyindən və ədəbi əsərlərin mümkün qədər ticari hala gətirilməsidən, hətta ədəbi olmaqlarının bir növ halına salınmasından gileylənirdi. Pavezenin fikrincə, ədəbi əsərlər də sözügedən vəziyyətdən azad deyildi; mükafat qazanan əsərləri mümkün qədər çox adamın oxuyaraq həmin mükafatın da tanınmasına təkan verməsi üçün münsiflərin populyar yazıçıları seçməsi təşviq edilirdi, yazıçılar da bu populyarlıq və asan prestij sintezini məqsədə çevirərək yazmağa girişirdi.

Fərqli roman növlərinin təqdimat forması arasındakı fərq yaxşısı-pisiylə, böyük mənada aradan götürülüb. Qəzetlərdə Den Braun, Elis Munro, J.K. Roulinq və Orxan Pamuk eyni ciddiliklə təhlil olunur və bir yazıçıya kitabındakı məzmuna bəslənən marağa görə yox, qazandığı mükafata, çox kitab satmasına və ya naşiri tərəfindən ilin kitabı kimi təqdim edildiyi üçün maraq göstərilir.

Yeri gəlmişkən, ciddi nəşriyyatlar da populyar növdə yazılmış kitabları çox yaxşı ədəbiyyatmış kimi qablaşdırıb satmaq fırıldağını kəşf etdil; məsələn, hörmətli italyan nəşriyyatı “Adelphi” Jorj Simenonun 75 adda Meqre romanını, Tomas Bernard, Sandor Marai və ya Nabokovun nəşrləriylə, təxminən, eyni formatda və eyni qiymətə (15 yevro) yenidən çap etdi. Tədqiqatçılar belə, məsələn, Harri Potter dastanındakı personajların adlarının necə tərcümə olunması “problemi”nə həsr edilmiş konfranslarla bu prosesə qoşuldu.

Heç kim qlobal uğurdan yan keçmək istəmir.

Yeri gəlmişkən, əksər qəzetlər artıq onlayn olduğuna görə və çoxunun öz onlayn kitabçısı olduğu üçün, tənqid ilə satış tanıtımının bir-birinə qarışdığını görürük. Ticari uğur keyfiyyət göstəricisiymiş kimi, internet saytlarında bestseller siyahıları ilə tənqidi mətnlər yan-yana gedir, tənqidi mətnin axırında isə çox vaxt kitabı almaq üçün link olur. Ədəbi əsərlərin üz qabığının üstünə, ədəbi uğurlarının bir hissəsiymiş kimi beynəlxalq miqyasda çox satıldığını bildirən etiketlər vurulur. Avropada naşirlər yazıçının kitablarının neçə ölkədə yayımlandığını oxucuya xatırlatmağı qəti unutmaz.

Oxucular bu təsirlərdən azad olan yazıçılara dəyər verməyə meyilli olsa da, eyni zamanda, ən çox oxucu yığan müəlliflərin əsərlərini də satın almağa istəklidi; digər tərəfdən yazıçının da ticari uğurun gətirəcəyi təqdirdən təsirlənməyəcəyini düşünmək çətindir.

Harri Potterlər bu qədər çox satılmasaydı, J.K. Roulinq yeddi kitab yazardımı? “Mənim mübarizəm”in ilk cildi (Norveçdə) digər romanlarından daha uğurlu olmasaydı, Knausqard altı cild yazardımı? Satış rəqəmləri, tənqidçilərlə müqayisədə, həm oxuculara, həm də yazıçılara daha çox təsir edir.


Knausqard

Ədəbi əsər ilə populyar növdə yazılmış kitab arasındakı fərqin get-gedə itməsində, ümumən, bir problem görmürəm. Bir roman “Pulitser” mükafatı qazananda o kitabın bizə nə təklif etdiyini anlamağa çalışmaq, ədəbi uğurdan danışdığımızı avtomatik şəkildə qəbul etməkdən daha maraqlıdır. Amma bu vəziyyət, estetika məsələsində həmrəylik yox olub gedərkən, çox satılmağın inkaredilməz yeganə uğur meyarı halına gəlməsiylə bağlı bir xəbərdarlıqdır.

Başqa cür desək, bu gün bir kitabı bəyənən və onu təqdir etmək üçün riskə gedən bir tənqidçi, o kitab ən azından məqbul sayda satılmayıbsa, öz təqdiri ilə bağlı narahat olmağa başlaya bilər, çünki bir kitabın keyfiyyətinə verilən dəstəyin bazar tərəfindən təsdiqlənmədiyini düşünmək, az qala, təsəvvürolunmazdır.

Beləliklə, keçmişdə bəzi romanların sırf mətbuatda hədsiz şişirdikləri üçün uğur qazandığından şikayət edilirdi, bu gün isə kitabların fövqəladə uğurlu olduğuna görə çox satıldığına inanırlar.

Mənim edə biləcəyim yeganə şey başqalarını (və özümü, çünki mən də bu vəziyyətdən azad deyiləm) bir kitabda oxucu üçün vacib olanın satılan nüsxə sayı yox, oxuyarkən təcrübə etdiklərimiz fikrinə sarılmağa təşviq etməkdir. Ancaq tənqidçilərin, naşirlərin və kitab satıcılarının, oxucuları razı salmaq üçün ticari uğurdan kənar durması ağlabatan olmadığı üçün, ən azı, həqiqi satış rəqəmləri əlçatan olmalıdır.

Məsələn, Knausqardın “Mənim mübarizəm” əsərini başqalarıyla müzakirə edə bilərdim, amma başqalarının onu oxumadığını görəcəkdim. Ancaq hamımız onun haqqında yazılan resenziyaları oxumuşuq, onlar haqqında danışa bilərik.

# 768 dəfə oxunub

Oxşar xəbərlər

Ruhun qürbətini yaşayan şair - Orhan Aras haqqında

Ruhun qürbətini yaşayan şair - Orhan Aras haqqında

17:00 29 yanvar 2025
Bilmədiyi mövzulara girişir! - Gənc yazarların təkəbbürü onları çətin vəziyyətə salır

Bilmədiyi mövzulara girişir! - Gənc yazarların təkəbbürü onları çətin vəziyyətə salır

14:28 28 yanvar 2025
Milçəklər Tanrısı - İlahə Ümidli

Milçəklər Tanrısı - İlahə Ümidli

12:15 28 yanvar 2025
Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Fəxri Uğurlu

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Fəxri Uğurlu

09:00 28 yanvar 2025
Selincer:  "Özünə hörmət edən yazıçı kitab imzalamaz!" - Müsahibə

Selincer: "Özünə hörmət edən yazıçı kitab imzalamaz!" - Müsahibə

17:30 27 yanvar 2025
Kino çəkməyə həvəslənən aktyorlar

Kino çəkməyə həvəslənən aktyorlar

15:00 27 yanvar 2025
#
#
# # #