Fransız yazıçı "Koroğlu" dastanını öz adıyla çap etdirmişdi... - ARAŞDIRMA

Fransız yazıçı "Koroğlu" dastanını öz adıyla çap etdirmişdi... - ARAŞDIRMA
17 oktyabr 2024
# 09:00

Kulis.az Həmid Piriyevin "Koroğlunun qərb səfəri" adlı yeni araşdırma yazısını təqdim edir.

Maraqlı faktdır ki, əsrlərlə aşıqların dilindən düşməyən “Koroğlu” dastanı ilk dəfə Azərbaycanda və ya Yaxın Şərq ölkələrində yox, Fransada çap olunub.

Polyak əsilli şair və ədəbiyyatşünas Aleksandr Xodzko (Aleksander Chodzko; 1804–1891) 1840-cı illərdə Azərbaycanda olarkən buranın yerli folkloru ilə maraqlanırdı.

O, “Koroğlu” dastanı ilə də maraqlanır və dastanın 13 məclisini (boyunu) aşıqlardan toplayıb Fransaya aparır. 1842-ci ildə fransızca çap etdirdiyi bu nüsxə hazırda ədəbiyyatşünaslıqda “Paris nüsxəsi” kimi tanınır. Dastanın o versiyasının sonunda belə bir qeyd var:

“Koroğlu nağılı başa çatdı. Bu kitabın təsnifınə səbəb cənab hacı Mirzə İsgəndər olmuşdur. Kitabın müsənnifı Aşıq Sadıq adı ilə məşhur olan Sadıq bəy və onu qələmə alan Mirzə Əbdülvahab olmuşdur.

Cənab Mirzə İsgəndərin nökər və qulluqçuları - Mirzə Mehdi Gilani, Həzrətqulu bəy və Yaqub bəy də bu işin şahidi olmuşlar. Çərşənbə günü, rəbiüləvvəl ayının on beşi, hicri-qəməri min iki yüz əllinci il.

Aşıq hərzə sözü kəlam eyləməz,

Xəsis bir kimsəyə ənam eyləməz.

Heç kəs dünya işin tamam eyləməz,

Çoxlar cəhd eylədi, natamam qaldı.

Bu nüsxəni əvvəldən axıra qədər Mahmud xan Dünbüli Dircuy toplamışdır. Mətn düzgündür, lakin türki rəsmül-xəttində bir neçə səhv gedibdir. Ulu Mirzə İsgəndər bunu qeyd etsə də, onları düzəltməyə fürsət olmadı”.

Xodzko dastanı Parisdə çap etdirəndən sonra dastana maraq yaranır. Eyni ildə Xodzko dastanı ingiliscəyə tərcümə edib çap etdirir.

Bir il sonra, 1843-cü ildə Jorj Sandın dastanın bir hissəsini işləyib öz adıyla çap etdirməsi dastana marağı daha da artırır (bildiyim qədərilə, Jorj Sandın versiyası dilimizə tərcümə olunmayıb) və bununla da "Koroğlu"nun qərb səfəri başlayır.

Dastan alman və rus dillərinə də tərcümə olunub yayılır.

"Koroğlu"nun növbəti dayanacağı isə Amerika olur. 1878-ci ildə Amerikanın ilk milli şairi hesab olunan Henri Uodsfort Lonqfellonun (Henry Wadsworth Longfellow; 1807–1882) dastanın motivləri əsasında “Rövşən bəyin sıçrayışı” (“Leap of Roushan Beg”) şeirini qələmə alır.
Sonralar bu şeirə musiqi və ballada da bəstələnib.

Lonqfellonun şeiri 1928-ci ildə Koroğlunun doğma yurduna da gəlib çıxır. Bu şeiri Azərbaycan oxucusu ilə Cəfər Cabbarlı tanış edir. 1928-ci ildə “İnqilab və mədəniyyət” (indiki “Azərbaycan”) jurnalında şeirin tərcüməsi “Rövşənbəy – Koroğlunun atlanışı” adı ilə çap edilir.

Cabbarlının bu şeiri orijinaldan tərcümə etdiyi iddia olunsa da, əslində, Cabbarlı ingiliscə bilmirdi. Və şeir həmin vaxtlar hələ rus dilinə də tərcümə edilməmişdi. Professor Hamlet İsaxanlının fərziyyəsinə görə, Cabbarlı rus müəlliflərdən belə bir şeir olduğunu eşidib və onu kiməsə sətri tərcümə etdirib (rus və ya azərbaycancaya), həmin sətri tərcümə əsasında isə poetik tərcüməni gerçəkləşdirib. Bu fərziyyəni mümkün edən səbəblərdən biri də Cabbarlının şeirə müstəqil yanaşmasıdır. Tərcümədə orijinal forma və qafiyə düzümü gözlənilməyib, misra sayı da orijinaldakından çoxdur.

Cəfər Cabbarlının ölümündən sonra bir neçə külliyyatında bu şeir “Lirik şeirlər” bölməsində “İngilis şairi Lonqfellodan” yarımbaşlığı ilə orijinal şeir kimi təqdim edilir. 1964-cü ildən isə bu səhv aradan qaldırılır.

Aşağıda müqayisə üçün şeirin həm orijinalını, həm də Cəfər Cabbarlının tərcüməsini təqdim edirik:

The Leap of Roushan Beg

Mounted on Kyrat strong and fleet,
His chestnut steed with four white feet,
Roushan Beg, called Kurroglou,
Son of the road and bandit chief,
Seeking refuge and relief,
Up the mountain pathway flew.

Such was Kyrat's wondrous speed,
Never yet could any steed
Reach the dust-cloud in his course.
More than maiden, more than wife,
More than gold and next to life
Roushan the Robber loved his horse.

In the land that lies beyond
Erzeroum and Trebizond,
Garden-girt his fortress stood;
Plundered khan, or caravan
Journeying north from Koordistan,
Gave him wealth and wine and food.

Seven hundred and fourscore
Men at arms his livery wore,
Did his bidding night and day;
Now, through regions all unknown,
He was wandering, lost, alone,
Seeking without guide his way.

Suddenly the pathway ends,
Sheer the precipice descends,
Loud the torrent roars unseen;
Thirty feet from side to side
Yawns the chasm; on air must ride
He who crosses this ravine.

Following close in his pursuit,
At the precipice's foot,
Reyhan the Arab of Orfah
Halted with his hundred men,
Shouting upward from the glen,
"La Illáh illa Alláh!"

Gently Roushan Beg caressed
Kyrat's forehead, neck, and breast;
Kissed him upon both his eyes,
Sang to him in his wild way,
As upon the topmost spray
Sings a bird before it flies.

"O my Kyrat, O my steed,
Round and slender as a reed,
Carry me this peril through!
Satin housings shall be thine,
Shoes of gold, O Kyrat mine,
O thou soul of Kurroglou!

"Soft thy skin as silken skein,
Soft as woman's hair thy mane,
Tender are thine eyes and true;
All thy hoofs like ivory shine,
Polished bright; O, life of mine,
Leap, and rescue Kurroglou!"

Kyrat, then, the strong and fleet,
Drew together his four white feet,
Paused a moment on the verge,
Measured with his eye the space,
And into the air's embrace
Leaped as leaps the ocean surge.

As the ocean surge o'er sand
Bears a swimmer safe to land,
Kyrat safe his rider bore;
Rattling down the deep abyss
Fragments of the precipice
Rolled like pebbles on a shore.

Roushan's tasselled cap of red
Trembled not upon his head,
Careless sat he and upright;
Neither hand nor bridle shook,
Nor his head he turned to look,
As he galloped out of sight.

Flash of harness in the air,
Seen a moment like the glare
Of a sword drawn from its sheath;
Thus the phantom horseman passed,
And the shadow that he cast
Leaped the cataract underneath.

Reyhan the Arab held his breath
While this vision of life and death
Passed above him. "Allahu!"
Cried he. "In all Koordistan
Lives there not so brave a man
As this Robber Kurroglou!"

Rövşənbəy – Koroğlunun atlanışı

İngilis şairi Lonqfellodan


İldırım çaparlı, külək gedişli
Qırat yerimirdi, sanki uçurdu;
Üzərində igid, qoçaq Koroğlu
Baş götürüb düşmənlərdən qaçırdı.

Basılmış vuruşda, üz qoymuş dağa;
Vaxt olmamış yoldaşların bulmağa;
Acıqlı düşməndən xilas olmağa
Saxlanacaq bir yer istər, aman, hey!

Qırat gücün ayağına toplamış,
Sıçrayaraq dırmanmada sərt dağı;
Nallarilə dörd yanına sovurur
Bulud kimi qalın tozu, torpağı.

Yüyrüşündə Qırat ilə tay olmaz,
Onu saxlar dəniz olmaz, çay olmaz,
Ondan yeyin ox atacaq yay olmaz,
Giriş tutmaz, dayanamaz kaman, hey!

Qırat Koroğlunun vurar əlidir,
Qırat Koroğlunun qaçar ayağı;
Vur günündə Qırat onun yoldaşı,
Hay günündə Qırat onun dayağı.

İgidlər titrəyir, duycaq adını;
Qırat qədər sevməz heç bir qadını;
Yüz gəlinə dəyişməz öz atını,
İstər gözəl olsun, istər cavan, hey!

Ərzurumun, Trabzonun ardında
Bir ölkə var, bəlli adı, sorağı.
Bir qalaça, yaşıl bağlar içində,
Budur, bu da Koroğlunun durağı.

Kürd elinin xəzrisini görənlər,
Çapılmış karvanlar, xanlar, ərənlər,
Koroğluya bac və xərac verənlər
Sansız altun verər, sonsuz talan, hey!

Hər gün buyruğunda boyun əyərdi,
Yeddi min yeddi yüz igid elbasar;
İndi ayrı düşmüş igidlərindən,
Tək başına yad elləri dolaşar.

İndi baş götürmüş qandan, çəlikdən;
Qaçar sıçrayaraq dərədən, dikdən;
Çapar dağ başında bir dar gədikdən;
Dörd yanını sarmış qara duman, hey!

Dağ başında birdən gədik qurtarır,
Dibsiz bir uçurum ayırır çölü;
Son dibində guruldayır dalğalar,
Keçilməz eyləyir gedilən yolu.

On dörd addım o böyürdən bu böyrə
Kim keçərsə, göydən gərək yüyürə;
İgid istər boşluq üstdən at sürə,
Torpaq üstə dayanmaya daban, hey!

Arxasınca dabanbasma çaparaq,
Ərəb Reyhan Koroğlunu izləyir;
Ürfə xanı uçuruma varınca,
Koroğlunun duracağın gözləyir.

Yüz igid çapmada dalınca, eyvah!
Reyhan deyir: - La-ilahə-illəllah!
Arxa ölüm, qarşı ölüm, yox pənah,
Amansız düşməndən yoxdur aman, hey!

Rövşənbəy – Koroğlu ata sarıldı,
Öpdü gözlərindən, boynun oxşadı;
Yalın tumarladı, kəskin səsiylə:
Qırat, məni bu ölümdən al! – dedi.

- Arxamızca çapar atlar yürüyür,
Qırat, bizi yağı düşmən bürüyür,
Qarşımızda bir uçurum böyüyür,
Bircə, Qırat, sənə gəlir güman, hey!

Qırat, sənin adın dünyada təkdir,
Yalın qız telidir, xalın çiçəkdir,
Başdan-başa tükün narın öpəkdir,
Belə gözəl yaratmamış zaman, hey!

Baxışların doğru, gözündə sürmə;
Dırnağın şirmayı, birçəyin tirmə;
Qırat, Koroğlunu əllərə vermə,
Etmə düşmən tapdığında qalan, hey!

Qırat, səni gəlin kimi bəzərəm,
Öpək geydirərəm, inci düzərəm;
Söz başında sənin adın yazaram;
Atıl, mənə ver ölümdən aman, hey!
Düşmən çatdı, gözüm Qırat, oyan, hey!

Onda Qırat dörd ayağın topladı,
Bir qırpım dayandı, qulaq çatıldı;
Gözlərilə öz yolunu ölçərək,
Boş havanın qucağına atıldı.

Uçurum üstündən Qırat uçur, bax,
Bir qartaldır sanki, qanad açır, bax,
Sanki dalğa gəniz üstdən keçir, bax,
Sanki daşdır, atmış onu sapan, hey!

Bu atlanış Koroğlunu quş kimi
Tutulmuş ov ikən əldən uçurtdu.
Qırat minicisin sağlam olaraq
Bu böyürdən o böyürə keçirtdi.

Bu sərt atlanışdan çatıldı qaşlar,
Görənlər şaşırdı, hərləndi başlar;
Qıratın nalından qopundu daşlar,
Çaya yuvarlanıb oldu nihan, hey!

Havanın qoynunda Qırat uçurkən,
Torpaq üstdən üzülmüşkən ayağı,
Yüyən oynamadı, hətta Rövşənin
Tərpənmədi al sərməli papağı.

Qırat gərək yol damarın toplaya,
Kölgələri endi dərədən çaya;
Bir dönüşdə baxmadılar arxaya,
İzlərindən görünmədi nişan, hey!

Neçə xəncər öz qınından çıxarkən
Bir qırpım havaya atır parıltı,
Eyləcə də Qırat üstdə Koroğlu
Gözdən itdi, dumanlara sarıldı.

Reyhan çaşmış, heç nəfəsi duyulmaz,
- Allah! – deyir, - adam bundan iz bulmaz.
Kürdüstanda Koroğluya tay olmaz;
Amansız düşməndir, ondan aman, hey!

# 1751 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #