“Ey Vidadi, gərdişi-dövrani- “Ovod”a bax” - Mirmehdi Ağaoğlu

“Ey Vidadi, gərdişi-dövrani- “Ovod”a bax” - Mirmehdi Ağaoğlu
10 iyun 2025
# 12:00

Kulis.az Xalq artisti Vidadi Həsənovun quruluş verdiyi "Ovod" tamaşası haqqında Mirmehdi Ağaoğlunun “Ey Vidadi, gərdişi-dövrani- “Ovod”a bax” yazısını təqdim edir.

Bazar günü Heydər Əliyev Sarayının səhnəsində Xalq artisti Vidadi Həsənovun quruluş verdiyi ingilis yazıçı Etel Lilian Voyniçin “Ovod” romanının əsasında hazırlanmış eyni adlı tamaşaya baxdıq. Tamaşada əsas rolları Vidadi Həsənov, Ziya Ağa, Oksana Rəsulova bölüşürdü.

Səhnə işıqlandı, kilsə zəngi çalındı və orqan musiqisinin fonunda səhnəyə çıxan qəhrəmanlar arasında boynunda xaç, belində zünnar Montenellonu canlandıran Vidadi Həsənov da göründü...

Elə ilk dəqiqələrdəncə ağlımda belə bir sual yarandı. İlin-günün bu vaxtı Vidadi müəllim hansı zərurətdən “Ovod”u səhnələşdirməyi düşünüb? Hansı havayabənzər ehtiyac onu vadar edib ki, götürsün bu inqilabçı-romantik əsəri, xristianlığın mayası sayılan ata-oğul mübarizəsi üstündə qurularaq XIX əsr İtaliya cəmiyyətindən bəhs edən əhvalatı səhnələşdirsin? Axı bu əsərin ideyası, məqsədi indiki zamanda bizə nə verir?

Romanın qısa məzmununa görə, bir dəfə onu satan keşişin timsalında sarsılmış Artur subaylıq andına xilaf çıxmış atası qarşısında tələb qoyur ki, ya dini atıb onun - inqilabın tərəfinə keçsin, ya da güllələnməyə göndərsin. Yəni bu boyda əsərin canında İsa Məsihin çarmıxda işgəncə çəkdiyi zaman dediyi məşhur ifadə dayanır: “Ata, məni niyə tərk etdin?” (Məttanın İncili (27:46))

Söz yox ki, əsərdə ata və oğul arasında baş tutan dialoq təsirlidir, yadıma gəlir, yeniyetmə çağlarımda həmin hissəni oxuyanda sarsılmışdım. Arturun inqilabi fəaliyyəti, cəsarətli addımları yeniyetmə bir oxucunun qəlbində təlatümlər doğurmurdu desəm, yalan olardı.

O çağdan uzun illər keçib. Və mən bu illər ərzində bir dəfə də olsun özümdə yenidən “Ovod”a qayıtmaq ehtiyacı hiss etməmişəm, heç müxtəlif siyahılarda da Etel Lilan Voyniçin adı qabağıma çıxmayıb. Halbuki sovetlərin ədəbiyyat təbliğatında bu roman ən vacib yerlərdə qərarlaşırdı.

Tamaşadan sonra yaddaşımı təzələmək məqsədilə internetdə Voyniç haqqında axtarış apardım və qarşıma fikirlərimi təsdiqləyəcək vacib bir məqam çıxdı. Demə, bir zamanlar əsərləri, xüsusilə, “Ovod”u böyük tirajlarla satılmış Voyniç Amerikaya köçdükdən sonra unudulur.

Nyu-Yorkda sakit həyatını yaşayan qoca yazıçını SSRİ-dən gələn bir ədəbiyyatşünas axtarıb tapır. Beləliklə, onun Sovetlərlə geniş əlaqələri yaranır. Vətənində ölən yazıçı qərib ellərdə dirilir. ABŞ-a gələn pionerlər, nümayəndə heyətləri yazıçını ziyarət edirlər. SSRİ-də adi oxuculardan tutmuş ən ali rəhbərlik səviyyəsində onun ünvanına məktublar yazılır...

“Ovod”un inqilabçı ideyaları Sovetlərin rəsmi təbliğatı ilə uyurdu, buna görə də tez-tez nəşr olunur, pionerlər gecələr yuxusuz qalıb bu romanı oxuyaraq hayıl-mayıl olurdular. Sovetlər dağıldı və Voyniçin romanı da öz əvvəlki parlaqlığını itirdi, lakin görünür, bizdə hələ də sovet dünyagörüşündən qopa bilməmiş bəzi naşirlər onu təkrar-təkrar yenidən nəşr etməyi fərz bilirlər. Yəqin, buna oxucu tələbatı da var. Olsun ki, sovet irsi, düşüncəsi hələ canımızdan tam çıxmayıb.

Lakin əsər başqa, tamaşa başqa. Mənim düşüncəmdə bir tamaşa dövrün ab-havası ilə mütləq səsləşməli, yeni quruluş rejissorun mesajını cəmiyyətə çatdırmalı, cəmiyyətdə birbaşa deyilə bilməyən bir problemi aktyorluq sənətinin dili ilə ötürməlidir.

O zaman daha çox eyni dekorasiya və statik dialoqlar üzərində köklənmiş “Ovod” tamaşası bizə nə demək istəyirdi? Hansı yeni mesajı verməyə çalışırdı? Mən şəxsən bir mesaj ala bilmədim. “Ovod” mənə yeni bir söz demədi. Əksinə, iki xristianın səhnədə mübarizəsi, “şərab-əkmək” - yevxaristiya ilə bağlı göndərmələr, “padre-madre” söhbətləri məni sıxdı. Əgər bu əsərə Avropanın hansısa teatrında baxsaydım, xub, özümü onların dalğasına kökləyib anlamağa çalışardım. Lakin öz ölkəmin səhnəsində tamaşa mənə yad gəldi, özümü qəriblikdə hiss elədim. Yaxşı ki, ortada hansısa tamaşaçının telefonundan yüksələn azan səsi məni bu qəriblikdən xilas elədi, yoxsa məyusluq dənizində boğulardım.

Söz yox, bir xristian üçün “Ovod” gerçək sarsıntı yarada biləcək əsərdir. Yuxarıda izahını verməyə çalışdığım kimi, məsihiliyin vacib bir problemini qabardır. Bəs salonun böyük əksəriyyətini təşkil edən müsəlman dünyagörüşlü tamaşaçılara “Ovod” nə deyəcək? Axı biz tamaşanın cövhərindəki problematikaya yadıq. Kilsə zənginin çalınması, orqan musiqisi bizim üçün səsdir, xristian üçün çağırış. Boynuna xaç asıb belinə zünnar bağlamış bir adam bizim üçün, sadəcə, din xadimidir, xristian üçün Allahın, İsanın yer üzündəki timsalı. Ona görə xristian din xadiminə müqəddəs ata deyib çəkinmədən qarşısında tövbə edib ən gizli sirlərini açırlar.

Əsərdə keşişin Arturun anası ilə yatmasına biz, sadəcə, zina hadisəsi kimi baxırıq, xristian müqəddəs andın pozulması kimi baxır. Bu səhnə bizi heç vaxt Şeyx Sənanın donuz otarması, şərab içməsi qədər sarsıda bilməz. Necə ki, bir xristian Şeyx Sənanın sarsıntılarından heç nə anlamaz.

Bu baxımdan fikirləşirəm, əgər hər hansı bir festival üçün hazırlanmırdısa, “Ovod” əsərinə quruluş verməyə nə ehtiyac vardı?

Sadəcə, Vidadi Həsənovun könlündən keşiş olmaq keçdiyi üçünmü?

Allah eləsin, yanılım.

# 779 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçılara nifrət edənlər kimlərdir? - Ayxan Ayvaz

Yazıçılara nifrət edənlər kimlərdir? - Ayxan Ayvaz

13:27 10 iyun 2025
Gürcü - Furqanın yeni hekayəsi

Gürcü - Furqanın yeni hekayəsi

09:00 10 iyun 2025
"Smartfonların övladları"na kitabı necə sevdirək? - Mətanət Vahid

"Smartfonların övladları"na kitabı necə sevdirək? - Mətanət Vahid

14:00 5 iyun 2025
"Bu məmləkətin şairləri susub..." - Günel Mehri

"Bu məmləkətin şairləri susub..." - Günel Mehri

12:00 5 iyun 2025
Həyatı söz, sözü həyat əbədiləşdirən ustad - Rəsul Rza 115

Həyatı söz, sözü həyat əbədiləşdirən ustad - Rəsul Rza 115

11:00 5 iyun 2025
Almatada, Bakıda qanlar axıdıldı - Oljasın kitabı qalib gəldi

Almatada, Bakıda qanlar axıdıldı - Oljasın kitabı qalib gəldi

10:04 5 iyun 2025
# # #