"Dədə Qorqudun məzarı bu şəhərdədir" - Dəmir qapı Dərbənddən reportaj

"Dədə Qorqudun məzarı bu şəhərdədir" - Dəmir qapı Dərbənddən reportaj
9 iyun 2025
# 16:30

Bu gün tarixdə Dəmir qapı adı ilə məhşur olan qədim şəhər Dərbənd haqqında danışacağıq. Hər daşı bir əbədiyyət salnaməsi, hər qalası canlı tarix olan qədim diyar Dərbənd bu gün şimal qonşumuz Rusiyanın Xəzər dənizi sahilində yerləşən turizm mərkəzi hesab olunur. Dərbənd qalası, Qırxlar qapısı, Daşqapı, Narınqala, əhalisi ancaq azərbaycanlılardan ibarət olan “Mahallar” yerli və xarici tursitlərin ən çox ziyarət etdiyi məkanlardır.

5 min illik tarixə malik və milli kimliyini hələ də qoruyan, küçələrində Azərbaycan dilinin səsləndiyi Dəmir qapı Dərbənddən APA-nın Rusiyadakı xüsusi müxbiri Fərid Əkbərovun hazırladığı reportajı təqdim edirik.

***

Dəmir Qapı Dərbənddəyik... Azərbaycanlıların qədim dövrdən yaşadığı şəhərlərindən biri, Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşən, Rusiya Federasiyasının şəhər status daşıyan ən cənub yaşayış məntəqəsində… Dağıstan Respublikasının tərkibində olan Dərbənd Bakıdan 258, Azərbaycan Respublikası ilə sərhəddən isə 65 km məsafədə yerləşir.

Dərbənd haqqında tarix və ədəbiyyat kitablarından o qədər oxumuşdum ki, bu şəhərə səfərimi səbirsizliklə gözləyirdim. Rusiya Xarici İşlər Nazirliyinin Dağıstana təşkil etdiyi mediatur dəvətini məmnuniyyətlə qəbul etmə səbəbim də məhz Dərbənd idi. Azərbaycan türklərinin, eləcə də bütün türk dünyasının nəhəng ədəbi abidəsi olan Kitabi-Dədə Qorqud dastanında adı çəkilən, hətta Dədə Qorqudun məzarının olduğu deyilən, bir vaxtlar Quba xanı Fətəli xanın idarə etdiyi, həyat yoldaşı Tutu Bikə xanımın doğulduğu və dəfn olunduğu Dərbənd...

Türkün qədim məskəni Dərbənd...

Həmsöhbət olduğumuz Dərbənd şəhərinin fəxri sakini, həmyerlimiz Hüseynbala Hüseynov bildirir ki, Dərbənd qədim türk məskənidir: “Dərbənddə Dədə Qorqudun məzarı var. Mənbələrə görə, Kitabi-Dədə-Qorqud Dərbənd ləhcəsində yazılıb. Dədə Qorqudun məzarı Dərbənddədirsə və bu dastan Dərbənd ləhcəsi ilə yazılıbsa, o zaman buranın türk məskəni olduğuna dair heç bir şübhə qalmır. Onun üçün fəxr edirik ki, biz bu şəhərdə yaşayırıq”.

Dərbənd deyəndə ağıla ilk VI əsrin abidəsi olan qala və onun məşhur altı qapısı gəlir. Dərbənd qalasının Çarçı, Qırxlar, Yeni, Bayat, Daş qapı və Narınqala qapısı...

“Dərbənd” sözünün mənası nədir?

Dərbənd şəhərinin turizmin inkişaf mərkəzinin baş mütəxəssisi həmyerlimiz Solmaz Heydərova “Dərbənd” sözünün farscadan “Darü” və “band”, yəni, qapıların kilidi anlamını verdiyini bildirir. Onun sözlərinə görə, ovaxtkı 14 qapıdan bu günə kimi ancaq 9-nu qoruyub saxlamaq mümkün olub: “Hazırda olduğumuz yer Narınqala qapısıdır. Narınqala türkcədən tərcümədə “narınc” və “qala” sözlərinin birləşməsindən yaranıb. Dərbənd qalasının divarlarının ümumi uzunluğu 42 kilometrdir. Qalanın divarlarına nəzər yetirsəz, onun çox güclü mühafizə qalası olduğunu görmək mümkündür”.

Əhalisi ancaq azərbaycanlılardan ibarət mahallar..

Dərbənd qalasından üzü dənizə tərəf - aşağı endikcə məşhur mahallar gəlir. Bəli, əhalisi ancaq azərbaycanlılardan ibarət olan mahallar... Yəni, məhəllələr... Mahalların əvvəlki tarixi adları – Bayatqapı, Bazar, Çarçı, sadəcə, rəqəmlərlə əvəzlənib.

Mahallar sanki Bakının “İçəri şəhər”ini, köhnə məhəllələri xatırladır. Ağsaqqallar küçədə, qala divarının yanında oturub domino oynayırlar və öz aralarında ancaq Azərbaycan dilində danışırlar... Hətta küçələrdə Azərbaycan dilində, latın əlifbası ilə yazılan löhvələrə rast gəlmək mümkündür.

Azərbaycanlı ağsaqqallar mənimlə birlikdə mediaturda iştirak edən xarici jurnalistlərlə, təbii ki, rus dilində həmsöhbət olurlar.

“Bilirsiz, Dərbənd şəhərinin əhalisinin 60-70 faizi azərbaycanlılardır. Burada ən çox bizik. Qədim şəhərin daxilində ancaq azərbaycanlılar yaşayır. Azərbaycanlılar əsrlərdir ki, burdadılar. Bura Dərbəndin ən yaxşı yeridir. Bizim dədə-babalarımız burada yaşayıb, övladlarımız, gələcək nəsillərimiz də burada yaşayacaq”, – Dərbənd azərbaycanlıları xarici jurnalistlərə deyirlər.

“44 günlük müharibə bizim üçün fəxrdir. Biz indi başımız dik gəzirik”

Vaxtilə Dərbənd şəhərində müxtəlif yüksək vəzifələrdə çalışmış Hüseynbala Hüseynov elə bu şəhərdə doğulub, böyüyüb. Ali təhslilini Bakıda Neft və Kimya İnstitutunda alıb. Dediyinə görə, üç il Bakıda işləyib. Daha sonra ata-baba yurdu Dərbəndə qayıdıb, müxtəlif vəzifələrdə çalışıb, o cümlədən, 7 il Dərbəndin icra hakimiyyətinin sədri olub: “Mənim atam, babam burada basdırılıb. Babamın, babamın atasının, onun atasının qəbrini görmüşəm. Mən fəxr edirəm ki, Dərbənd sakiniyəm. Burada azəraycanlılar çox gözəl yaşayır. Digər millətlərlə mehriban şəraitdə yaşayırıq. Nəvələrim Bakıdadılar, orada çoxlu dostlarım var. Onlarla telefonla danışıram. İndi sərhəd bağlıdır, getmək çətindir. Ürəyim göynəyir, Bakını görmək istəyirəm. Ömrümə az qalıb, artıq 83 yaşım var. Biz fəxr edirik ki, Azərbaycan var, belə respublikamız var. 44 günlük müharibə bizim üçün fəxrdir. Biz indi başımız dik gəzirik”, – Hüseynbala müəllimin gözləri dolur.

Dərbənd azərbaycanlılarının Dağıstanın ictimai-siyasi həyatında iştirakı ilə bağlı respublika rəhbəri Sergey Melikova da sual ünvanlamaq imkanımız oldu:

“Rusiyanın ən cənub şəhəri olan qədim Dərbənd şəhərinin meri etnik azərbaycanlıdır. Ona görə də, əlavə izaha ehtiyac yoxdur. Bundan başqa, azərbaycanlılar Dağıstanın titul, yəni köklü xalqlarından biri hesab olunur. Dağıstan Rusiya Federasiyasının yeganə subyektidir ki, azərbaycanlılar burada yerli, köklü xalq hesab olunur. Bu, təkcə ona görə deyil ki, azərbaycanlılar ancaq Dərbənddə kompakt şəkildə yaşayırlar. Mahaçqalada, Kaspiyskdə də kifayət qədər azərbaycanlılar yaşayırlar. Hakimiyyət orqanlarına vəzifələr bölüşüdürlən zaman bütün titul xalqların nümayəndələri, o cümlədən, azərbaycanlılar nəzərə alınır”.

Hər məhləsində məscid olan şəhər... Özü də, dünyanın ən qədim məscidlərindən biri...

Dərbənddə məni yaxşı mənada təəccübləndirən məqamlardan biri də köhnə şəhərin hər məhəlləsində məscidin olması, ümumilikdə, Dərbənd azərbaycanlılarının dindar olması faktı idi. Mahalların hər birində Məhərrəm ayının simvolları hesab olunan yazılara, şüarlara tez-tez rast gəlinirdi. Təsadüfi deyil ki, Rusiya ərazisində ən qədim məscid də məhz elə Dərbənddə yerləşir. Dərbənd Cümə məscidi.

Dərbənd Cümə məscidi VIII əsrə aid tarixi abidədir. Həm də dünyadakı ən qədim 10 məsciddən biri hesab olunur. Hazırda Dərbənd Cümə məscidində təmir-bərpa işləri gedir. Rusiya hökumətinin vəsaiti ilə ölkənin ən qədim məscidi bərpa olunur.

“Məsciddə təmir-bərpa işlərinə hələ 2019-2020-ci ildə başlanılıb. Demək olar ki, işlərin son mərhələsidir. Bura prezident Vladimir Putin gəlmişdi. Onun səfərindən sonra təmir-bərpa işlər çox sürətlə getməyə başladı”, – bələdçi Solmaz Heydərova bildirir.

Dərbənd Cümə Məscidinin axundu, həmyerlimiz Seyid Nağı Mirteyyubovla da həm söhbət oluruq:

“Biz Dərbənd şəhərinin sakiniyik, burada dünyaya gəlmişik, atalarımız, babalarımız hamısı bu məsciddə qulluq ediblər, bizlərə bu qədim məscidi çatdırıblar”.

Qırxlar qəbiristanlığı — Qafqazın ən qədim dəfn yerlərindən biri olan Dərbənd qəbiristanlığı...

Dərbəndin İslam dinini qəbul edən ilk məskənlərdən olduğunu sübut edən tarixi abidələrədən biri də Qırxlar qəbiristanlığıdır. Qəbiristanlıq Dərbənd qalasının Qırxlar-qapı darvazasından bir kilometr şimalda yerləşir. VII əsrdə salınan bu qəbiristanlıqda Məhəmməd Peyğəmbərin 40 səhabəsi dəfn olunub. Orta əsr ərəb mənbələrinə və yerli tarixi salnamə "Dərbəndnamə"yə görə, bu qəbirstanlıq Salman ibn Rəbiə əl-Bahilinin rəhbərliyi altında Dərbəndə edilən ilk ərəb yürüşü vaxtı salınıb. Qəbiristanlıq böyük və kiçik hissədən ibarətdir. Böyük hissədə 40 qədim qəbir, kiçik hissədə isə digər qəbirlər mövcuddur.
Qəbiristanlıq səhabələrin dəfn yeri kimi müsəlmanlar tərəfindən ziyarət edilir.

Qırxlar qəbiristanlığında Quba xanı Fətəli xanın həyat yoldaşı Tutu Bikə xanımın məqbərəsi yerləşir. Həmin məqbərədə Tutu Bikə xanım və Fətəli xanın övladları Əhməd xan, Həsən xan və gəlini Nurcahan xanım dəfn olunublar.

“Dərbənd camaatından Azərbaycana salam dua deyin!”

Dərbənddə axşam düşüb. Məscidlərdən azan səsi gəlir. Amma mahallarda hərəkətlilik davam edir. Bakıda, “İçərişəhər”də olduğu kimi burada da küçələrdə əldətoxunma xalçalar, suvenirlər satılır. Elə xalça satan bir ağsaqqal kişi mənə baxıb, Quba ləhcəsi, ya da Bakının Zirə kəndinin ləhcəsi ilə “biz azərbaycanlıyıq” deyir...

“Qurban olum Bakiyə... Bakı bilirsən də... ağlamağım gəlir. Mənim atamın bibisi Bakiyə ərə gedib. Uşaqları hamısı ordadı. Qurban olum Bakinin torpağına... Hər namazda dua edirik Allaha ki, bu yol açılsın. Salam-dua çatdırın Azərbaycana... Dərbənd camaatından...”

# 78 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rejissor:  "Daha kinoteatra getmirəm..."

Məşhur rejissor: "Daha kinoteatra getmirəm..."

14:15 9 iyun 2025
Üzeyir Hacıbəyli - 140 - Daşkənd

Üzeyir Hacıbəyli - 140 - Daşkənd

13:00 9 iyun 2025
Qismət:  "Yeni ədəbi qrup yaradıram!"

Qismət: "Yeni ədəbi qrup yaradıram!"

12:14 9 iyun 2025
Bu nişanda bir adam vardı... - Ülviyyə Heydərova

Bu nişanda bir adam vardı... - Ülviyyə Heydərova

12:00 9 iyun 2025
Son görünmə: 2 aprel, 16:55 - Cavid Zeynallı

Son görünmə: 2 aprel, 16:55 - Cavid Zeynallı

11:05 9 iyun 2025
“Şah İsmayıl” tamaşası təqdim olunub - “Opera günləri”

“Şah İsmayıl” tamaşası təqdim olunub - “Opera günləri”

09:56 9 iyun 2025
#
#
# # #