Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal
16 noyabr 2024
# 15:00

Kulis.az Nərmin Kamalın bir neçə gün əvvəl dünyasını dəyişmiş şair, jurnalist Zülfüqar Rüfətoğluya həsr etdiyi "Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü" yazısını təqdim edir.

I

94-cü ilin dekabrında bir axşamüstü özümə də məlum olmayan səbəbdən möhkəm kədərləndim və hönkür-hönkür ağlamağa başladım. “Axşamlar nə olur sənə belə?” – anam əlindəki işi qoyub mənə yaxınlaşdı.

Doğrudan da, doxsanıncı illər uzun bir gecəydi, bu zülmət gecədə tez-tez atışma səsləri gəlirdi, itlər hürürdü. 93-cü il mənim həyatımda gecə saat üç, 94-cü il həmin hesabla gecə saat dörd idi. Dənizkənarı küçəsi 10 B, mənzil 90 ünvanda, Leninqrad layihəli böyük bir binanın birinci mərtəbəsində yaşayırdım. Olardı on iki-on üç yaşım.

Evimiz gözəl idi, içi dolu dəniz havasıydı, pəncərələrdə “kitayski rozalar”ımız, uzun eyvanımız vardı. Bəzən eyvanın altından keçən adamlara tamaşa edirdim, evdə heç kəs olmayanda torbadan kartof götürüb onlara atırdım. Kartof küçədən keçən adamların ikiaddımlığında yerə düşürdü, gizlənib nəfəsimi içimə çəkirdim, yoldan keçən adam dayanıb kartofu hansı mərtəbədən kimin atdığını təyin etməyə çalışırdı. Kim atacaq, darıxan, diqqət istəyən, macəra axtaran bir uşaq.

Geniş otaqlarımız, Rusiyada əsgərlikdə boş durmayıb rəngsazlıq öyrənən əmimin üç-beş il əvvəl gözümün qarşısında deyə-gülə təmir etdiyi zərif naxışlı divarlarımız, atamın “papanın qoç balası” deyə-deyə məni tavana atıb-tutanda yaxından gördüyüm qəşəng çilçıraqlarımız, anamın cehizi rumın əməyi mebelimiz, mebellərin rəflərində çexlərin düzəltdiyi sürahi və fincanlarımız, qalın-qalın azərbaycanca, rusca kitablarımız vardı.

Amma nə olsun?! Xoşbəxtlik yox idi, üstəlik, mənzil beton binanın lap küncündə yerləşdiyinə görə isinmirdi. İlin üç fəsli içəridə palto-papaqla gəzirdik. Ancaq mən o axşam soyuqdan yox, hansısa başqa səbəbdən ağlayırdım. “Çıxaq bir az gəzək”, – anam dedi.

Küçə evdən istiydi. Ayaqlarımız bizi ən mötəbər yerə – məktəbin həyətinə gətirdi. Gözümü məktəbə zilləyib dayandım.

Axşam hamı gedəndən sonra məktəb necə sirli, necə qorxulu olurmuş! Qaranlıq elə bil məktəbin içində yaşayan, gecələr üzə çıxan bədheybət idi. Bu sakitlikdə məktəbin içində hansısa krandan damcılayan suyun səsi gəlirdi. Ağaclar bir-birlərinə tərəf əyilmişdilər, elə bil qaranlıq səmada bizim haqqımızda nə isə pıçıldaşırdılar. Biz məktəbin ətrafında bir dövrə vurduq. Gözümü binadan çəkə bilmirdim. Heç bir uşaq, heç bir müəllim, heç direktor da bilmirdi onun məktəbi Ay işığında necə olur, təkcə mən bilirdim. Bir şagird kimi məndə elə bir hiss yaranırdı ki, məktəbdə gündüz vaxtı olanlar gopdur, yalan-palandır, əsas məsələ nədirsə, hamı gedəndən sonra, indi, bu zülmət gecədə vaqe olur.

Ay buludların arxasından çıxıb düz bizim fizika sinfimizin pəncərəsində bərq vurdu. Fizika keçməyə elə bu ildən başlamışdıq, fizika bizi əhatə edən maddi aləmin quruluşunu və xassələrini öyrənən elmdir, mən belə cümlələri tutuquşu kimi deyib “5” alırdım. Ətrafımızdakı hər şey – pəncərənin şüşəsində bərq vuran Ay işığı, gecə

vaxtı məktəbin binası, damcılayan kranın səsi – fizikaydı. Yaxşı, bəs bu fizika – Ay işığı, gecə vaxtı məktəbin binası, damcılayan kranın səsi bizdə niyə belə güclü daxili hissiyyat doğururdu? Niyə və necə olurdu ki, ətrafımızdakı və bədənimizdəki fiziki-kimyəvi hadisələr şəxsi hisslərdə əks olunur, şəxsi təəssürat yaradırdı? Ətrafda baş verənləri öz şəxsi təcrübəm kimi, öz daxili kinom kimi yaşamağımın səbəbi nə idi? Filosof David Chalmers buna “Şüurun çətin problemi” adı qoyub və problem müasir fəlsəfədə ümumi razılıqla elə bu adla da tanınır: “hard problem of consciousness”. Hər nə isə. Haşiyə çıxdıq, qayıdaq öz sözümüzə, söhbətimizə.

Anamla məktəbdən aralanıb yola, adamlara, maşınlara tərəf üz qoyduq, gəzib yorulduq, yorulub yolun kənarında, bir səkidə oturduq. Anam şarfını boynundan açıb altıma qoydu. Bu vaxt uzaqda bir babayla nəvə peyda oldu. Baba nəvənin əlindən tutmuşdu, bəlkə də, nəvəsini oğlugildən birgünlük götürüb nənəyə sovqat aparırdı. Birdən uşaq bizi göstərib “İt! Orda it var!” dedi. Baba o göstərən səmtə baxdı: “Qorxma, it dəyil.”

Onlar keçib getdi, biz də qalxdıq, kədərli çıxdığımız evə gülə-gülə qayıtdıq, nəvənin sözünə güldük, babanın ləhcəsinə güldük, nəhayət, isti mətbəximizə çatdıq. Sobanın ağzı həmişəki kimi açıq idi, soba əjdaha olub ağzından soyuğa od püskürürdü. Qara dördkünc tavada xırda doğranmış çörəklər vardı, oradan iki isti suxarı götürüb ağzıma atdım, xırtıldada-xırtıldada pəncərədən bayıra baxdım. Şüşədə öz əksimdən başqa heç nə görmədim. Sabah bazar günüydü, deyəsən, ürəyim yenə sıxılırdı, başımı qatmaq üçün nə edəydim?

İnternetə girə bilərdim, daxili tənhalığı elliklə aşmaq üçün sosial şəbəkələrə qoşula bilərdim, 90-cı illərin şairləri demiş, “sən də darıxırsan, mən də, gəl bir yerdə darıxaq”. Amma İnternetə hələ on il yol vardı. Telefonumda oyun oynaya bilərdim, amma o da hələ icad olunmamışdı. Televizora baxa bilərdim, amma Sovet istehsalı başıqapazlı rəngli televizor soyuq, qonaqsız qonaq otağındaydı, ora getmək Sibirə yola düşmək kimi bir şey idi. Bəlkə elə televizora da soyuq olmuşdu, işləmirdi. İşləsə də, mənə kömək etməyəcəkdi.

Kitab oxuya bilərdim. Ağ şirmayı mətbəx mebelini anamla aramızda bölüşdürmüşdük, iki dolabında mənim kitab-dəftərim, qalanı onun qab-qacağıydı, masada gah mən dərslərimi edirdim, gah o yemək düzürdü.

Dolabı açdım, səliqəsiz kitab-dəftər qalağım üstümə aşdı. Orada dərsliklərdən başqa Sovet dövlətinin icazə verdiyi xarici ədəbiyyatdan bəziləri vardı. Teodor Drayzerin “Cenni Herhard”ı mənə baxırdı. Amma onu artıq oxumuşdum. Artıq ədəbiyyat odu ürəyimə düşmüşdü. O romanın son cümlələrini lap şeir kimi əzbərləmişdim, indiyəcən yadımdadır: “Bəs sonra nə olacaq? Cenni hələ çox da yaşlı deyildi. İki yetim uşağı böyütmək lazım idi. Onlar böyüyəcək, bir müddət sonra çıxıb gedəcəkdilər. Bəs ondan sonra? Günlər, bir-birinə bənzər günlər. Sonra, bəs sonra?”

Jorj Sandın “İndiana”sı mənə baxırdı. Onu da bu yay oxumuşdum. Oradan da bir cümlə qalmışdı yaddaşımda: “İndiana Aya baxanda yadına ölülər düşürdü.”

Cek Londonun “Martin İden”i mənə baxırdı. Onu da bu yay oxumuşdum və kitab bu səhnəylə qalmışdı yadımda: Martin intihar etməkçün var nəfəsiylə dənizin dərinliklərinə enir, amma peşman olur, geri qayıtmağa isə nəfəsi çatmır. Lap nənəm deyən olmuşdu. Nənəm roman oxuyub gözləri dolan qızlarına belə deyirmiş, öz dərdimiz azdır, kitabları oxuyub özgələrin də dərdini tökürsüz ürəyinizə.

Anam mətbəx mebelinin üstündəki qara maqnitofonu qoşdu, radionu açdıq. Dalğadan dalğaya gəzişdim. İndi dil-dil ötən saysız fm radiolar hələ yox idi. Radiodalğalarda gəzişəndə gah ərəblərə rast gəlirdin, gah fars dilinə, gah da elə qəribə səslər gəlirdi ki, elə bilirdin yad planeti tutmusan. Anteni sağa-sola tərpədib yadplanetlilərin siqnallarını daha aydın eşitməyə çalışırdım. Birdən o qəribə səslər qeyb olurdu, onda məni dərin məyusluq bürüyürdü.

Doğma Azərbaycan dilini cəmi iki dalğada eşitmək olardı. Dövlət radiosunda və Araz radiosunda. Elə bu vaxt Araz dalğasında atamın səsinə bənzər doğma, səmimi, ecazkar bir səs gəldi. Səsi eşidəndə donub qaldım.

“Qəfil şaxtada quş kimi
budaqda donub qaldım” (Z.Rüfətoğlu)

Bu səs kimin səsiydi? Gah o danışırdı, gah başqaları. Elə şeylərdən danışırdılar ki, o şeylər dünənin yox, o günün dünyasıydı, zamanın ruhuydu. Mənimsə köksümdə bu ruhu yenicə duymağa başlayan gənc bir ürək çırpınırdı. Sonda, veriliş bitəndə “mən, Zülfüqar Rüfətoğlu” dedi həmin səs.

O gündən hər axşam həmin saatda radionun qarşısında oldum. “Danışır London. Efirdə Bi-Bi-Si-nin Azərbaycan xidmətidir! London vaxtıyla saat 16:00, efirdə Zülfüqar Rüfətoğludur.”

İndi radioda iki verilişin, necə deyərlər, daimi dinləyicisi idim:

Biri Azərbaycan folkloruna həsr olunmuş, həftədə bir dəfə efirə çıxan “Bulaq” verilişiydi. Özüm o yaşımda, durduğum yerdə o verilişi sevərdimmi, bilmirəm, onu mənə anam həvəslə, şövqlə tərifləyib sevdirmişdi. “Bulaq”dan indi yaddaşımda bir neçə xalq əhvalatı və bu cür cümlələr qalıb: “Baharda qocalar əsalarına baxıb görərlər ki, tumurcuqlayıb. Deyərlər, nur olasan səni.”

O biri isə BBC-nin Azərbaycan dilində gündəlik bir saatlıq proqramı oldu. İndi BBC-ni sevməyənlər çoxdur, bilirəm, o zamansa BBC-ni bütün azərbaycanlılar sevirdi, oradan vicdanlı vətəndaş səsi gəlirdi. Zülfüqar Rüfətoğlunun ən sərt jurnalistikası da – “Çətin sual” verilişi də bir ağciyəriylə o çətin illərdə ümidlə yaşayan azərbaycanlıların ürəyindən xəbər verən siyasi suallarla nəfəs alırdısa, o biri ağciyəriylə bədii sözlə nəfəs alırdı. Bunu hiss etmək çətin deyildi.

96-cı ildə Zülfüqar Rüfətoğlu Qarabağ müharibəsi başlanandan Ermənistana, Şuşa və Xankəndiyə səfər edən ilk azərbaycanlı jurnalist oldu. Bu səfərdən o, “Atəşkəs kölgəsində” adlı 10 hissəli radiooçerk hazırlamışdı. Həmin radiooçerkdə Zülfüqar həm cəsarətli bir jurnalist, həm parlaq qələmli bir publisist, həm də sözün əsl mənasında öz səsi, öz odu olan istedadlı bir şair kimi aydın görünürdü. Zülfüqar Azərbaycanın ilk milli qəzeti olan “Səhər” qəzetinin ruhunu BBC-yə də aparmışdı. O radiooçerk səslərlə çəkilmiş bir radio filmi idi. Silsilənin sonuncu verilişi “Gecəyarı qapıları döyməyin” şeiri ilə tamamlanırdı.

Gecəyarı qapıları döyməyin,
Ürək var ki, tıqqıltıya dayanar.
Gecəyarı qapıları döyməyin,
Yetim var ki, möcüzəyə inanar.

Gecəyarı qapıları döyməyin,
Ata var ki, yuxu bilməz həsrəti
Ana var ki, namaz üstə yaşayır
Oğul var ki, başa çatıb xidməti.

Gecəyarı qapıları döyməyin,
Bir möcüzə saxlayıbsa sizi sağ,
Bu dünyadır, vallah- billah bilinməz
Qapı açıb, kim qarşıya çıxacaq?

Gecəyarı qapıları döyməyin,
Haradasa “Ev yiyəsi!”- deyən var,
Gecəyarı evinizə tələsin,
– Bəlkə sizin qapını da döyən var.

Mən bu şeir haqda çox düşünmüşəm. 90-cı illərdə biz qapıdan qorxurduq. Valideynlərim işə gedəndə mənə deyirdilər: “Qapıya hay vermə.” Qapıya gələn adama etibar yox idi. Qapını açan adama da. Məhəllələrdə bandit dəstələri dolaşırdı. Zülfüqar bu şeirlə xalqını 37-ci ildən 90-cı illərə qədər izləyən qapı qorxusunu bu və digər tərəfləriylə necə də

dəqiq hiss edir, rahat və ahəstə bir şeirlə ifadə edirdi.

97-ci ildə mənim həyatımda səhər açıldı. Elə bil zəngli saat səhər 7-ni vurdu. Həmin il universitetə qəbul olundum. Mən də Zülfüqar kimi bir jurnalist olmaq istəyirdim. Amma nə yaxşı ki, jurnalistikaya yox, başqa bir ixtisasa tuş gəldim.

Yoxsa, kim bilir, bu gün mən də indiki ruhsuz internet saytlarının birində xəbərə başlıq yazacaqdım: “Səhiyyə naziri dəyişdi”, siz də xəbəri açıb görəcəkdiniz ki, dəyişən bizim yox, Türkiyənin səhiyyə naziriymiş. Yazacaqdım “Məşhur cütlük boşandı”, elə zənn edəcəkdiniz ki, hörmətli Həmid Herisçiylə hörmətli İlhamiyyə xanım boşanıblar, ağlınıza ilk gələn cütlük onlar ola bilər, nə biləsiz, ancaq xəbəri açıb görəcəkdiz məşhur cütlük Türkiyədə hansısa gənc serial aktyorları imiş. Türk mətbuatına o qədər aludə olacaqdım ki, Moskva haqda xəbərləri də türk saytlarından götürüb “Moskovada partlayış” yazacaqdım. Kartof kimin başına düşürsə düşsün. “Bu ölkədə 300 adam yanaraq öldü” yazacaqdım. Hər gün min belə xəbər, hər gün min belə layk. Jurnalist olsaydım, bu sel məni də çöp kimi aparacaqdı, indiki halda heç olmasa selin kənarında bir köhnə ağacdan asılıb durmuşam. Belə bir dövrdə Zülfüqar Rüfətoğluna və onun timsalında müstəqillik dövrü jurnalistikamızın pionerləri olan nəslin dəyərlərinə tələb olmayacaqdı. Özü də öz gözləriylə bu vəziyyəti gördü. Zülfüqarın səsi ixtisara düşdü.

19 fevral, 2011-ci ildə mənə yazdı:

“Nərmin salam.

Necəsən?

BBC hadisələrini çox ağır keçirirəm. Sənə bir mahnı göndərirəm.

http://video.aol.ca/video-detail/gec-ya-bstkar-emin-sabitolu/933653016

O vaxt mən Əhmədzadə idim. Rəhmətlik Emin Sabitoğlu hər gecə atamla telefonda saatlarla danışırdı. Dost idilər. Sonra qəflətən atam vəfat etdi. Bu hamıdan çox Eminə təsir etmişdi. Bir gün gecə saat 2-də zəng etdi. Dedi, bağışla, Rüfətin səsini eşitmək istəyirdim. Sənin səsin atanın səsinə çox oxşayır. İndi mənim səsim ən azı BBC-yə lazım deyil.

Bir də Şuşa şeri haqqında. Bu elə-belə şeir deyil. Mən orda əmim oğlunu itirmişəm. Sənə göndərdiyim link adı şəhid siyahısıdır.

http://agdam-ih.com/icra/?page_id=523

Vaxtın olsa, qoca polkovnikə yaz

Zülfüqar”

18 mart, 2011-ci ildə yazdı:

“Əzizim Nərmin

Elə indicə son dəfə efirdə oldum. Səhər proqramında. Lütfən, vaxtın olsa qulaq as.

Kitablara görə çox sağ ol. Alatoranı hardan almaq olar? İstəyirəm Rəşada deyim, 10-15 nüsxə alsın.

Sənə yenə yazacağam.

Bu da axırı.

Zülfüqar”

II

94-cü ilin o dekabr axşamından düz on il sonra, 2004-cü ildə Zülfüqar Rüfətoğluna ilk dəfə email yazdım, “Alatoran” üçün şeirlərini istədim. 2006-cı ildə də istədim şeirlərini, lakin yalnız 2010-cu ilin mayında şeirlərini göndərməyə razılıq verdi, “Alatoranda çap olunmağıma, əlbəttə sevinərdim. Alatoran ciddi jurnaldır. Sizə çox təşəkkür edirəm” yazdı, 2010-cu ilin dekabrında nəhayət, mənə şeirlərini göndərdi. Yaxşı, bəs niyə belə gec?

Sən demə, işlədiyi müddətdə BBC ona şeir çap etdirməyə icazə vermirmiş. Bu haqda da özü məktubunda deyir:

“Yaralara dərman sürtən Nərmin, salam

Məktubunu oxumaq əlbəttə ki, böyük bir rahatlıqdır. Atam deyərdi ki, insanlar səni sadəcə olaraq yaxşı adam olduğun üçün sevməyə bilərlər. Əgər sənin kimi Nərmin haqqımızda belə yazıbsa, deməli, mən bu uzun ömrümü elə-belə yaşamamışam. Bizim BBC daxildə necə bir idarədirsə, sənə ayrıca danışacam. Bunlar mənə hətta şeir çap

etdirməyi qadağan etmişdilər. Odur ki, sənin sayəndə Alatoranda çap olunanlar, Nəsimi demişkən,

Ey bülbüli-qüdsi nə giriftari qəfəssən,
Sındır qəfəsi, tazə gülüstan tələb eylə,

kimi bir şeydir.

Kukla Teatrının direktoruna tapşırmışam ki, mümkün olan qədər Alatoranın nüsxələrini alsın.

Şahin Əhmədzadə Nəsimi Rayon Polis İdarəsində cinayət axtarışı idarəsinin rəisi idi. Deyirdi ki, anamın qəbri Şuşadadır, mən orda olmalıyam. O hələ də itkin sayılır. Onun cəsədini mənim xahişimlə hətta Aleksey Manvelyan da tapa bilmədi.

Onun ölümündən az sonra oğlunu maşın vurub öldürdü.

Arvadı ərə getdi. Bu da axırı.

Nə yaxşı ki, dünyada sənin kimi insanlar var.

Lütfən öz kitabını mütləq göndər.

Komsomol salamı ilə

Zülfüqar

20 fevral, 2011”

Başqa bir məktubunda yazır: “Jurnalistika ədəbiyyatın ögey anasıdır”. Sonralar, 2019-cu ildə çıxan “Mavi gözlü ögey ana” şeir kitabının adı da buna işarə idi. Jurnalistikadan ayrılandan mənə tez-tez şeir göndərirdi. İndi ögey anadan uzaqlaşmışdı, şeiri qol-qanad açmışdı. Daha çox şeir yazırdı.

Şeirin də xalça kimi çeşnisi olur. Şair var, başqasının çeşnisi ilə şeir yazır, şair var, öz çeşnisi ilə. Zülfüqarın öz çeşnisi vardı. Bəzi şeirlərinin üslubunu vətəndaş lirikası adlandırırdı. Amma hətta sevgi, tənhalıq haqda şeirlərindən də barıt qoxusu gəlirdi.

Yenə Vaterloda veyillənirdim,
Hava da sərindi, yeri gəlmişkən,
Yıxılıb düşdüyüm gölməçə mənim,
Temzadan dərindi yeri gəlmişkən…

Özümü yetirdim qədim bir paba,
Tərslikdən yox idi bircə boş masa,
O anda nə qədər xoşbəxt olardım,
Bir alkaş getməkçün ayağa qalxsa…

Küncdəki masada oturan qadın,
Mənə çox baxırdı, yeri gəlmişkən,
Görüb üzümdəki çarəsizliyi
Yanına çağırdı yeri gəlmişkən…

Gözləri səmaydı, saçları günəş,
Səma da, günəş də mənə tanışdı,
Mən də bir girdirmə ingilis kimi,
Əvvəlcə havadan bir az danışdım.

Masanın altında zənbili vardı,
Söhbətçün bu idi gözümə dəyən,
Aşkarca, mənasız bir sual verdim:
“Milad bazarlığı etmisiz, deyən”…

Onun bu sualdan dodağı qaçdı,
Yerinə düşmüşdü, yeri gəlmişkən,
Mənə göstərməkçün çantanı açdı,
Bayram sovqatıydı, yeri gəmişkən…

Bir-bir sadaladı hədiyyələri,
Ərindən başlamış qardaşınadək,
Mənisə bir alçaq paxıllıq tutdu,
Həmin siyahıda olaydım gərək.

Sonra da taksiyə ötürdüm onu,
“Biz onda ayrıldıq” Bayron demişkən,
Maşın tərpənəndə çevrilib dedi –
“Adım Katerindir, yeri gəlmişkən”…

Bəxtimin rəngində olan o taksi,
Tərpəndi, dərhal da tindən buruldu,
Mənsə isti-isti hiss etməmişdim,
Mənfur Vaterloda necə vuruldum.

Gözlərim apaçıq qalmışdı mənim,
İynəsi vurulmuş bir dəli kimi,
Donmuşdum küçənin ortasında mən,
Müzəffər Nelsonun heykəli kimi..

Hava şaxtalaşdı, qar da oturdu,
Yeriyə bilmədim, yollar sürüşkən,
Məni bir ingilis killeri vurdu…
Adı Katerindi, yeri gəlmişkən…

Dünya ədəbiyyatından Azərbaycan dilinə tərcümə etdiyi şeirlərdə də döyüş, yoldaş, silahdaş kimi sözlər olurdu. Məsələn, Radyard Kiplinqdən etdiyi tərcümələr buna misaldır.

“Böyük ingilis şairi Radyard Kiplinqdən bir tərcüməmi də göndərirəm. Təəssüf ki, bizdə çoxları onu yalnız “Mauqli”nin müəllifi kimi tanıyır”.

İlk ixtisası ingilis dili tərcüməçiliyi idi. Bədii tərcümə onda çox gözəl alınırdı. İngilis şeirini Azərbaycan dilində elə yaradırdı ki, buna ancaq əhsən demək olardı.

Burada yazdıqlarımı onun özünə də yazırdım, o da “isti və ürəkaçan sözlərə görə” təşəkkür edirdi, nəzakətli bir adam kimi o da gənc qələm dostunun şeirləri haqda xoş sözlər yazırdı. Deyirdi, səmimiyyəti, hisslərin səmimiyyətini poeziyanın əsas meyarı sayır.

Dilə qarşı həssas mövqeyi vardı. Bir məktubunda yazır:

“Əzizim Nərmin

Kitab və jurnala görə çox sağ ol. Zəhmət çəkmisən. Mən də yavaş-yavaş radionun ölümünə alışıram.

Mayda Bakıya gəlməyi planlaşdırıram. Planlaşdırıram yazdım, yadıma ingilis tələbəmin bir sözü düşdü. Dedi ki, siz əgər Azərbaycan dilini öyrətməyə “ATA”, “ANA” və sair bu kimi sözlərlə yox, PLANLAŞDIRIRAM kimi sözlərlə başlasanız, bir köpəyoğlu bu dili öyrənməyə girişməz.

Azərbaycan dilindən əvvəl İstanbul türkcəsini öyrənib. Ona görə də imtahana gedəndə ona dedim ki, bütün türkcə öyrəndiklərini unut. Dərhal farağat dayandı və belə bir şeirvari sözlər söylədi.

SAXLAMAQ is not to hide

SAXLAMAQ is just ti keep.

Yəni SAXLAMAQ gizlətmək deyil, SAXLAMAQ elə saxlamaqdır.

Ən gülməlisi də budur ki, bizim diplomatiya kollecində bir türkiyəli xanım da var

və mənim tələbəm onunla həmişə türkcə danışardı. Son dəfə görüşəndə tələbəyə

deyib ki, sən indi Azərilər kimi danışırsan.

Deməli, zəhmətimiz hədər getməyib.

Məktublarını gözləyirəm.

Zülfüqar

18 aprel, 2011″

III

2013-cü ildə ona yazdım ki, Londona gəlmişəm, bir neçə il burada olacağam. Məni ailəvi surətdə “London kababı yemək üçün” öz ailəsiylə yaşadığı evinə dəvət etdi. Amma əziyyət vermək istəmədim, tək, ayaqüstü görüşməyi üstün tutdum.

Onda o, artıq iki ildi ki, BBC ilə vidalaşmışdı, şəhərin tamam başqa səmtində yaşayırdı. Bununla belə, mənlə görüşü keçmiş iş yerinin – BBC Broadcasting House-un yaxınlığına təyin etdi. Görüşən kimi dedi, gəl bu pabda oturaq, mən işləyəndə həmişə burada otururdum.

Xarici görünüşcə J.P.Sartra bənzəyən, bənizi tutqun və kədərli görünən bu adamın sözü-söhbəti Azərbaycan idi, elə bil bu otuz ili Londonda ancaq və ancaq vətən üçün darıxmışdı. Onda xalis köhnə nəsil milli ziyalı obrazı vardı. Amma “Londonda yaşamağın o işi yaxşıdır ki, burda azadlıq havası var”, – birdən dedi.

Ona baxıb bu misralarını fikirləşirdim:

“Mən Bakıda doğulub
Londonda ölmüşəmsə,
mənə kim ağlayacaq,
Trafalqar yağışı,
ağla məni, yu məni.”

Axırda elə də oldu. Zülfüqar Londonda öldü, Garden of Firdaus müsəlman məzarlığında dəfn olunub həmişəlik Londonda qaldı.

Amma hələlik biz “The Marylebone” pabındaydıq. Sifariş vermək üçün ayaq üstə xeyli gözləməli olduq. Zülfüqar köhnə londonlu kimi bunu mənə barmenin irqçiliyi ilə izah etdi. Nəhayət, sifarişimizi alıb əyləşdik. Mənə elə gəldi ki, o öz xatirələri və qayğıları haqda danışmaqçün bir azərbaycanlı tapdığına sevinir.

“Mən dörd dəfə evlənmişəm” masaya əyləşən kimi dedi. “Eynilə ssenarisini yazdığım Şirbala kimi”.

Məni gülmək tutdu. Bu yolda başına gələn acı-şirin əhvalatlardan, özü demiş, “Qərb demokratiyasının istisnalarından” danışdı və dedi: “Nəhayət, arzuma çatmışam. Məktəb vaxtı sevdiyim qız sonuncu həyat yoldaşımdı. Təzə evlənmişəm”.

Sonra dedi, evimin arxasında gözəl bir bağçam var. Dedi, bir azərbaycanlı qonşum da var, üzünü turşutdu, – dua-filan yazır. Bir dəfə gəlib bizim həyətdə gül toxumu əkdi. Dedim ona, birdən xaş-xaş əkib işə salarsan məni. Əkdi, getdi, bir gündən sonra məni işdən çıxartdılar. Dedim ona, nədi əlinə nə gəldi gətirib əkirsən həyətimdə? Nə idi əkdiyin, gəl çıxart apar…

Zülfüqar danışdıqca hirslənirdi. Həmin kişiyə hirslənirdi. Mən gülürdüm. O, hirslənsə də heç kəsi qorxuda bilməyən gülməli bir babaya dönürdü. Mənsə gülüşümü saxlaya bilmirdim. Sanki o uzaq 94-cü ilin soyuq dekabr axşamının əvəzini çıxırdım.

15 noyabr, 2024

nerminkamal.com/blog

# 434 dəfə oxunub

Oxşar xəbərlər

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
Füzuli və müasir ədəbiyyat

Füzuli və müasir ədəbiyyat

15:00 10 noyabr 2024
Tale yolunun yolçusu - Nəriman Əbdülrəhmanlı

Tale yolunun yolçusu - Nəriman Əbdülrəhmanlı

15:00 9 noyabr 2024
# # #