Tale yolunun yolçusu - Nəriman Əbdülrəhmanlı

Tale yolunun yolçusu - Nəriman Əbdülrəhmanlı
9 noyabr 2024
# 15:00

Bu gün mərhum şair Tapdıq Yolçunun 65 yaşı tamam olur.

Kulis.az bu münasibətlə Nəriman Əbdülrəhmanlının "Tapdıq Yolçu: Tale yolunun yolçusu" yazısını təqdim edir.

Borçalı-Tiflis ədəbi mühitindən cismən otuz beş ildən artıqdı ki, uzaq düşmüşəm, qayğıların əlindən ildə ancaq bir-iki dəfə sıyrılıb ora gedə bilirəm, amma hələ də özümü ruhən o doğma havanın adamı sayıram…

Hələ də gözlərim hər yerdə doğma imzaları – Fərhad Xubanlı, Yunus Novruz, Allahverdi Təhləli, İbrahimxəlil, Mirzə Məmmədoğlu, Rafiq Hümmət, Afiq Muxtaroğlu, Cambul Məmmədli, Akif Xansultanlını… axtarır…

O imzalar arasında neçə illərdi ki, TAPDIQ YOLÇU imzası da vardı: qəzet-jurnallarda, sosial şəbəkələrdə şeirlərini oxuyurdum, zəngləşirdim, kitablarıyla həmsöhbət olurdum, qəlbimdə az da olsa, təskinlik yaranırdı...

Tapdıq Yolçu Gürcüstanda qələm dostlarıyla çiyin-çiyinə RUHUMUZU və SÖZÜMÜZÜ yaşadan, yeri gələndə o torpağın dərdlərini dilə gətirən və qələmə alan ziyalılardan biriydi…

***

Tapdıq Yolçunun ilk şeirləri 80-ci illərin ortalarında rastıma çıxmışdı…

Onda bilmişdim ki, orta məktəbi bitirəndən sonra onun həyat yolu əvvəlcə Sumqayıtdan keçib. “Tapdıq Yolçuzadə” imzasıyla şeirlər yazan oğlan cavanca yaşında - 1977-1978-ci illərdə gənclik şəhərində ədəbi dərnəyə ayaq açıb, orda indi Haqq dünyasında olan unudulmaz söz adamları Şaiq Vəli və Akif Səmədlə tanış olub, o tanışlıq da uzun illərin dostluğuna çevrilib. Tapdıq sonra bir neçə il Bakıda yaşamış, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuduğu vaxtlarda əvvəlcə rəhmətlik Nüsrət Kəsəmənlinin, sonra da tələbəlik illərinin sonunacan ustad şairimiz Məmməd İsmayılın rəhbərlik elədikləri Gənc Ədiblər Birliyində yaradıcılıq məktəbi keçmişdi.

Xüsusilə, Birliyin rəhbəri Məmməd İsmayıl olduğu dövrdə şeirlərinin müzakirəsi Tapdıq Yolçudan ötrü əsl təkan rolunu oynayırdı. O, şair Vaqif Bayatlı Odərin qəlbinə təpər verən sözlərini (“Tapdıq Yolçuzadə beş yüz kilometri havayı gəlib-getmir!”), Məmməd İsmayılın ustad məsləhətlərini indi də unutmur. Tapdıq Borçalı-Tiflis ədəbi mühitinə məhz o azman şairlərin sınaqlarından keçib dönmüşdü.

“Ötən əsrin 80-ci illərinin sonunacan həyatda istədiklərimə, əsasən, nail oldum, - Tapdıq sonralar deyəcəkdi, - ali məktəbdə təhsilimi başa vurmuşdum, yaşadığım rayonun qəzetində işləyirdim, şeirlərim və publisistik yazılarım mötəbər qəzet-jurnallarda vaxtaşırı işıq üzü görürdü, ilk kitabımın qovluğunu o vaxtkı “Yazıçı” nəşriyyatına təqdim eləmişdim...”

O qaynar illərdə Tapdıq Yolçunun şeirləri “Sovet Gürcüstanı” qəzetində, “Dan ulduzu” toplusunda, Azərbaycan mətbuatında dərc olunurdu. Şübhəsiz, 80-ci illər nəslinə mənsub olan bütün qələm yoldaşlarının yaşadığı keçid dövrü ağrıları olmasaydı, daha zəngin və rəvan yaradıcılıq taleyi yaşayacaqdı…

Amma çətin keçid dövründə belə, Tapdıq Yolçu yaradıcılıq həvəsini qoruyub saxlaya bildi. Sonralar – “Varlıq” qəzetində çalışanda çap etdirdiyi publisistik yazılarından, ömrünün axır illərində qələmə aldığı şeirlərindən aydın görünürdü ki, o yanğı hələ də olduğu kimi qalır…

Qələm dostu Rafiq Hümmətin ön sözü və redaktorluğuyla 2007-ci ildə işıq üzü görən “Taleyə sual” şerlər toplusunda oxuculara təqdim olunmuş 200-ə yaxın şeiri Tapdıq Yolçunun - uzun illərdən bəri səbirlə oxucularla urvatlı görüşünü gözləyən söz adamının - bir növ, hesabatı idi...

***

Tapdıq Yolçunun ilk poetik toplusunu oxuyanda gəldiyim qənaət bu idi (fikrim indi də dəyişməyib) ki, o, bəxtinə düşən SÖZ YOLUnun asan olmadığını da, gedəcəyi YOLun nəticələrini də bilir; bilir ki, bu YOL enişlərdən-yoxuşlardan, düzənlərdən-ilğımlardan, ağrılardan-acılardan keçəcək; bilir ki, qırx ildi getdiyi bu YOL onu hələ ağlı işləmədiyi, əli yetmədiyi naməlumluğa aparır. Başqası YOLun xofundan geri dönərdi (dönənlər, yarı yolda qalanlar nə qədər olub!), amma o, qismətinə düşəni Alın yazısı kimi qəbul eləyib, taleyilə barışıb:


Yorğun ayaqlarım!

Nə deyirsən, nə?

Mənim taleyimdi bu yolu getmək.

Bu yolun ağında, ya qarasında,

Ya bir işıq olmaq, ya da ki, itmək…

“Bütün gerçək şairlər kimi, Tapdıq da SÖZlə öz kədərinin və milli dərdlərimizin şəklini çəkir; saxta və qulaqdeşən pafos, tərif dolu ithaf şeirləri, nəsihət, öyüd vermə onun qələmindən və ilhamından gerçəyin bu üzü qədər aralıdır...” Bu qənaətində də Rafiq Hümmətlə şərikəm: Tapdıq Yolçu Allaın verdiyi fəhmlə özünün həyatdakı yerini, yaşamın sonunu, daha doğrusu, mənasını fikirləşir:


Kimsə böləcəkmi dərdimi mənim,

Tənhalıq sonuma çatacaq, bəlkə?

Məndən çıxmayacaq qatarda gedən,

Durub əl eyləyən çıxacaq, bəlkə?!.

Tapdıq Yolçu kefi kök olanda yox, SÖZ içini tərpədəndə, SÖZdən təntiyəndə, “ürəyini boşaltmaq” istəyəndə yazırdı, ancaq bundan sonra dinclik tapır, hən də qəlbindəkiləri açıq söyləməkdən, “düzü deyib, düzdə qalmaqdan” heç vaxt çəkinmirdi:

Bu sözlər yenə də təntidib məni,
Dolub ürəyimə bu sözlər yenə.
Gərək hulqumumu boşaldam bir az,
Məni düzdə qoya bu “düzlər” yenə.

Bəlkə də elə poeziya Tapdıq Yolçudan ötrü özüylə “dil tapmaqdan” istəyilə göstərdiyi cəhdlər deməkdi. Tapdıq o istəyinə çatmaqdan ötrü çox əziyyətlərə qatlaşır, özüylə, sözün əsl mənasında, cəngi-cidala çıxır, şeirləri də məhz elə həmin məqamda doğulurdu:

Yolçu, yol çəkirəm yola gözümlə,
Yolda günüm keçir dərdlə, dözümlə.
Dil tapa bilmirəm mən heç özümlə,
Mənnən dil tapası onlar o qədər...

Tapdıq Yolçu bir də yaşadığı ömür yoluna boylanır, taleyinə sual verir, qismətinə düşən vaxt möhlətini düzgün yaşayıb-yaşamadığı barədə narahatlıq keçirir, elə şeirlərinin bir qismi də həmin məqamlarda yaranırdı:

Nəyim var – Haqq bilərmi,

Haqq adına silərmi?
Ömür bir də gələrmi,
Kərpic-kərpic sökməyə?

Elə “kərpic-kərpic sökdüyü” bu ömürdə Tapdıq Yolçunun qazandığı yeganə qazanc da məhz məhz vərəqlərə köçürdüyü sözüydü…

***

Əlbəttə, hər bir qələm adamının içində çap olunmaq, oxunmaq, tanınmaq istəyi var. Amma Tapdıq Yolçu bundan ötrü cürbəcür yollara əl atmadı, ailəsinin boğazından kəsib “kitab çıxartdırmağı”, səs-küylü təqdimatlar keçirməyi özünə rəva görmədi. “2007-ci ildə birinci kitabımı Tiflisdə nəşr etdirdim. İndi də əlimin altında ondan, ən azı, iki dəfə artıq ortaya qoyulmağa layiq hesab elədiyim şeirlərim var. Mən kimsədən maddi yardım istəyən deyiləm, odur ki, nə vaxt ailəmin dolanışığı üçün lazım gəldiyindən artıq maddi imkanım olanda növbəti kitabımı da nəşr etdirəcəyəm...” – Bu, onun həyat və yaradıcılıq kredosudu…

Tapdıq Yolçu “Bir ömürdü yol gedirəm” (2019) adlandırdığı ikinci kitabını 60 yaşına ərməğan elədi. Tanınmış şair və ədəbiyyatşünas Zakir Məmməd kitabla bağlı yazır: “Tapdıq Yolçu yazı manerası ilə ilk baxışda qeyri-adi təsir bağışlamasa da, sözündə, misrasında həyata qutsal duyğularla yanaşan və özünü daxili saflıq yaşantıları ilə təqdim edən, poetik təsvirlərində başqasına bənzəməmək, fərdi yazı üslubu ilə işləməyə meyilli ədəbi şəxsiyyət kimi diqqəti cəlb edir. Hətta onun cümlə konstruksiyasında bilərəkdən tanış söz və ifadə variantlarından imtina edilməsi cəhdlərini aydın sezmək olur. Bu, yaxşı haldır. Ütülü, “seçilmiş-sonalanmış” danışıq tərzi bütün hallarda zövqləri oxşaya bilmir. Yazarın xarakteri onun misrasının həm də strukturu, söz və fikir sırası ilə üzə çıxmalıdır. Tapdıq Yolçu bir şair və obraz olaraq, mərd və təmənnasız insandır, insan kədərinə dərindən vaqif olduğunu, bu motivin yazılarında geniş yer tutduğunu, bu dünyanın əyləncəsinə onun aldanmadığını əsərlərindən təyin etmək olur”.

Tapdıq Yolçu məhz “bir ömür boyu etdiyi yol”un mənasını “can dərmanı olan söz yazmaqda” görür:

Niyə yaşadım, niyə,

Ay qanan, qandır məni?!

Can dərmanı olmadım,

Söz yazdım – can dərmanı!

***

Yaxşı ki, Tapdıq taleyinin bu sınağından da darılmır, bəxtinə düşəni İlahi bəxşiş kimi qəbul eləməyi bacarırdı. “Kim bilir, tale yolum bu səmtə yön almasaydı, bəlkə elə indiyəcən yaxşı-pis nə yazmışamsa, heç onları da qələmə ala bilməzdim... Yəni, həyatda istədiyimə çatıb, xoşbəxt adam olsaydım, bu cür dərdli şeirlər yaza bilərdimmi?! Sən heç xoşbəxt şair tanıyırsanmı? Bu fikirdəyəm ki, Tanrının şairləri dünyanın dərdini çəkmək üçün yaradıb...” – Bunu etiraf eləmək də elə yaşadığı ömürlə barışmaq deməkdi…

Yaxşı ki, Tapdıq Yolçu yazmağı peşəyə çevirmədi, yalnız könlünə SÖZ düşəndə yazdı. “Şeir məndə qəfil yaranır. Təsirləndiyim hər hansı bir nədəndən sonra bulud kimi dolub-boşalıram. Həmin “dolub-boşalma” əməliyyatı hər dəfə fərqli də ola bilir, belə ki, eyni sürəc gah bir neçə dəqiqə, gah bir neçə saat, gah da bir neçə gün sürə bilir…” – Belə olmasaydı, az qala qırx illik yaradıcılıq müddətində cəmi iki kitabla kifayətlənməzdi…

Amma poeziyada iddiasını da gizlətmək fikrində deyildi, belə hesab eləyirdi ki, “…qələm adamının mütləq iddiası olmalıdı, əks təqdirdə onun söz aləmində nə işi var?! Təbii ki, bu yolda mən də iddialıyam…”

İddiasısa SÖZə layiq olamaq, insanın könlünü tərpədən şeirlər yazmaq idi…

Bilirdim, Tapdıq Yolçu yenə taleyinə düşən ömrü yaşayacaq, həyatın sınaqlarına mətanətlə tab gətirəcək, ildə bir dəfə Bakıya üz çevirəcək, könlünə yaxın adamlarla görüşüb “ürəyini boşaldacaq”, geri dönəndəsə yaşam qayğıları və SÖZ arasında vurnuxa-vurnuxa qalacaq…

Taledən kim qaça bilib axı?!.

***

…Tez-tez, hər il noyabrın 9-da – ad günündə - mütləq zəngləşirdik. Keçirdiyi ağır əməliyyatın üzə vurmaq istəmədiyi təsirini son söhbətlərimizdə hiss eləyirdim, özünü şax tutmağa çalışsa da, bir ömür getdiyi YOLun son mənzilə yaxınlaşdığını hiss eləyirdi…

Belə məqamlarda insana təskinlik verməksən əzablı bir şey yoxdu, nə qədər nikbin danışsam, ürək-dirək verməyə çalışsam da, dediklərimə özümü belə inandıra bilmirdim…

Ötən yanvar günlərində hər il nəvələrinə baş çəkmək üçün üz tutduğu Bakıya gələ bilməməsi güclə saxladığı müvazinətini xeyli sarsırmışdı. Yenə səbir eləməyi, özünü 65 yaşına hazırlamağı məsləhət görür, yeni kitabını nəşrə hazırlamaq üçün həvəsləndirməyə çalışırdım…

Fevralın 21-də aldığım acı xəbərsə bütün ümidlərimizi, gözləntilərimizi, planlarımızı alt-üst elədi. O məqamda Tapdığın son şeirlərindən yadımda qalan misraları xatırladım:

Qiyamətə nədir qalan,

Torpaqdan, küldən savayı?!

Amma qiyamətə torpaq və küllə birgə SÖZ də qalacaq..

Yəqin, Tapdıq Yolçu da bunu bilirdi, yoxsa ömrünü SÖZƏ verməzdi…

Noyabr 2024

# 729 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #