Diqqətsizlik, dəbə uyma, zəif, qurama, inşa – Yazarlar Səddamı tənqid etdilər

Diqqətsizlik, dəbə uyma, zəif, qurama, inşa – Yazarlar Səddamı tənqid etdilər
16 fevral 2022
# 15:13

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Səddam Laçının “Qorxaq” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.

Rəşad Məcid

Səddamın şeirlərini bəyənirəm. İstedadlıdır. Nəsrə dəb xatirinə keçməyibsə, içdən gələn tələbatdırsa, alqışlayır, uğurlar arzulayıram. Bir neçə abzas oxudum, yarımçıq qaldı. Niyəsini deməyəcəm. Bütöv variantını ilk uyğun ovqatda oxumağa çalışacam.

Qəşəm Nəcəfzadə

Səddam Laçının “Qorxaq” hekayəsi sosrealizm metodu əsasında yazılıb. Bəlkə də bu metod haqqında Səddam heç nə bilmir, bəs bu haradan gəlib onun qələminə? Görünür sosrealizm “vətənpərvərlik” sözünün içində gizlənib və az qala bu yolla irsiyyətə keçmək istəyir. “Vətənpərvərlik” sözü sosrealizmi yamsılayır, Səddam özü bu dövrdə yaşamasa da. Gərək Səddam ən birinci vətənpərvərliyin özünü bu realizmdən xilas edəydi.

Hekayənin birinci cümləsini oxuyanda bilirsən ki, sonluq necə olacaq? Yəni hekayənin bu başından o başı görünür. Hekayə zəifdir, quramadır. Redaktə səhvləri də bir yandan…

Xəyyam Rəfili

Səhv etmirəmsə, Səddam Laçından oxuduğum ilk hekayədir. Daha əvvəl müəllifin nəsr üslubundan xəbərdar olmadığım üçün fikirlərimdəki subyektivliyi üzrlü sayarsınız.

Müəllif “Qorxaq” hekayəsini səliqəli dildə yazmağa cəhd edib. Mətndə ciddi dil qüsurları olmasa da, gözəl və axıcı dildən də danışa bilmirik. Təhkiyə sadə rəvayət şəklindədir. İlk baxışdan hekayə uğurlu görünə bilər (buna daha çox mövzunun həssaslığı səbəb olur), lakin diqqətlə baxdıqda boşluqları sezmək mümkündür. Vətənpərvərlik və qəhrəmanlıq mövzusunda yazılan hekayələrdə pafosun olması labüddür. Müəllif bu məsələdə mümkün olduğu qədər orta yolu tutmağa çalışıb. Lakin bir neçə yerdə özünü mövzuya müdaxilə etməkdən saxlaya bilməyib. Səddam bu hekayəni hadisə üzərində deyil, obrazlar üzərində qurub. Hekayənin əsas qəhrəmanı Rüstəm olduğu üçün, onun xarakterinin formalaşmağında təsiri olan amillər və hadisələr daha geniş verilib. Lakin təzadlı ata obrazının xarakteri bir balaca diqqətdən kənarda qalıb. Hekayə boyunca Sabirin ata olduğu cəmi iki yerdə yadına düşür. Birinci dəfə hələ təzə doğulan Rüstəmi görməmişdən, tibb bacısına muştuluq verəndə, ikinci dəfə isə oğlunun al-qırmızı bayrağa bükülmüş cansız bədənini görəndə.

Düşünürəm ki, müharibə mövzusunda hələ çox əsərlər yazılacaq və hadisələr xatirələrə çevrildikcə, yazılan mətnlərin də keyfiyyəti artacaq. Ümid edirəm gələcəkdə bu mövzuda yazılacaq ən yaxşı əsərlərdən birini də Səddam Laçın qələmə alacaq. Müəllifə uğurlar diləyirəm.

Narıngül Nadir

Səddam Laçının “Qorxaq” hekayəsində müəllif “necə yazım?”dan daha çox “nə yazım?” prinsipinə söykənib. Bu hekayədə mətn ənənəvi ideoloji prinsiplərə xidmət edir. Əsərin qəhrəmanı Rüstəm vicdanlı, mərhəmətli və dürüstdür, yəni birbaşa müsbət qəhrəmandır. Müəllif hekayəni yazarkən artıq sonluğu bilir və eyni zamanda oxucuya bəlli edir. Rüstəm döyüşə yollanarkən birinci abzasdan oxucuya bəlli olur ki, o qəhrəman olacaq. “Əlvida, ana” kəlməsi hekayənin finalını açır. Hekayədə süjet xətti bitkindir, dil təmiz və səlisdir, lakin oxucunu təəccübləndirəcək, yaxud ona gizli mesaj ötürəcək alt qat yoxdur. Belə birqatlı hekayələr lakonikliyi sevir, bu baxımdan hekayə bir qədər uzun gəldi mənə. Müəllif bütün kartları oxucunun qarşısında açıb. Açıq kartlar oxucu marağını öldürür. Ümumilikdə isə orta, normal hekayədir.

Orxan Həsəni

Xeyli təsirli hekayə idi. Əlbəttə, hadisənin böyüklüyü hekayənin təsirliyini artırıb. Ümumiyyətlə, bu mövzuda əsərlərin yazılmasını, 44 günlük Vətən müharibəsindəki qələbənin ədəbiyyata nüfuz etməsini müsbət qiymətləndirirəm. Rüstəmin faciəsi və qəhrəmanlığı hamımızı duyğulandırır. Ancaq müharibəyə biz və düşmən münasibəti ilə baxmağın düzgün olmadığını düşünürəm. Bu düşüncə yeni heç nə vəd etmir. Ədəbiyyatın istənilən hadisəyə münasibəti "biz və onlar" ümumiləşdirməsindən yuxarıda dayanmalıdır. Əks halda bədii mətn nə qədər istedadla da yazılsa, yenə ibtidai təsəvvürlərin əhatəsində qalacaq. Qədim Yunan müəllifi Exsilin "Farslar" əsərini xatırlayıram. Bu əsəri dünya ədəbiyyat tarixindəki möhtəşəmliyi ədəbiyyatın əsas parametrlərindən birini cızmasında gizlənir. Exsil Yunan İran müharibəsinə məğlubun gözündən baxır, onu anlamaq, məğlub tərəfin dünyasına daxil olmaq istəyir. İnsanları bir-birinə yaxınlaşdıran sülhü bitirən bu düşüncədir. Ümumən, maraqlı hekayə idi.

Rəvan Cavid

Səddam bu vətənpərvərlik haqqında yazısını qalstuk taxıb kostyumda yazıb sanki. Məmurluq tökülür hər cümlədən. Bədii konteksdə isə müzakirə etməyə dəyməz. Məncə, hekayə Səddamın potensialından çox aşağı səviyyədədir. Hekayənin ikinci abzasında artıq finalı görürsən. Bu da bütün dinamikanı, həyəcanı, marağı öldürür. Bir sözlə, zəif idi. Bu mətni vətənpərvərlik haqqında divar qəzetinə yazılmış inşa kimi qiymətləndirək.

# 3401 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #