Kulis.az tanınmış şair-yazıçı Aqşin Yeniseylə söhbəti təqdim edir.
- Aqşin bəy, cəbhədə baş verənlər sizə necə təsir etdi? İzləyə bildinizmi prosesi?
- İzlədim. Amma mənə görə, ən dəhşətli müharibə Azərbaycanın, Azərbaycan insanının içində gedir ki, bunun da kökündə məğlubluq kompleksimiz, illər ərzində alçaldılmış tarixi şüurumuz və kütləvi savadsızlığımız dayanır. Kosmopolitizm, humanizm nağılları altında Azərbaycanın bir dövlət, azərbaycanlıların bir xalq kimi tədricən yox olmasına aparıb çıxaracaq gəvəzəliklə silahlanmış xeyli kölə düşüncəli insanlarımız, dostlarımız var. Nə kosmopolitizmdən anladıqları var, nə humanizmdən. Anlayıb yazırlarsa, bu, sadəcə, xainlikdir. Qarabağ tərəfə özünün dini, siyasi kimliyinin yırtığından baxan hər bir azərbaycanlı təhlükəlidir.
Müharibədən, Qarabağdan söz düşən kimi “dünya vətəndaşıyam” deyənlər peyda olur. Kosmopolitizmin təbii olanı qaraçılıqdır, siyasi olanı imperializm. Marksla Bakuninin XIX əsrdəki düşmənçiliyini xatırlayaq. İnsana nəzarət edən heç bir sistemi tanımayan, xalis azadlığı kollektivçilik ruhunda görən, dövlətə və dinə oxşayan hər şeydən imtinaya çağıran utopik anarxist Bakunin deyirdi ki, hər kilsə səmavi bir dövlətdir, hər dövlət isə dünyəvi bir kilsədir və hər ikisi deyir ki, insan, sadəcə, pis məxluqdur, ona azadlıq vermək olmaz, əksinə, əgər onu insan etmək istəyiriksə, bacardıqca azadlığını əlindən almalıyıq.
Marks isə əksinə, adı “işçi sinfi” olan bir qrupun hakimiyyətindən bəhs edir, sərvətlərə nəzarət edən “dünya fəhləliyindən” danışırdı. Ona görə də anarxist Bakunin Marksı gizli dövlətçi, hətta burjua tərəfdarı hesab edirdi. İnsanları “dünya vətəndaşı” olmağa çağıran iki filosof özləri bir-biri ilə yola getmirdi, “Sonanın uşaqları” isə dirənib ki, yox e, biz elə anadangəlmə kosmopolitik, vəssalam. Kommunizm ideologiyası millətçiliyi qəbul etmirdi, çünki kommunizmin düşməni olan burjuanın təməl duyğusu millətçilik idi.
Marksla Bakunini ayıran məsələlərdən biri də bu idi. Keçmiş Sovet KQB-si də buna görə millətçiləri aradan götürürdü, çünki imperialist siyasət yürüdürdü; millətçiləri olmayan çoxmillətli bir düzən yaratmaq istəyirdi, milli kimliyi ideoloji kimliklə əvəzləməyə çalışırdı. Siyasi kosmopolitizm dini kosmopolitizmin varisidir. Hər bir din də dünya dini olmağa can atır və bundan ötrü dini kimliyin əli ilə milli kimliyi boğur. Bundan xəbəri olmayan bizim milli cahillər isə elə bilirlər ki, kosmopolitizm insanpərvərlikdir, vətəni, milləti sevmək isə barbarlıq. Guya, universal azadlıq kosmopolitizmdədir. Halbuki, məqsədi dövləti ictimai qurumlarla əvəzləmək olan Marksizmin şinelindən çıxan kommunist liderlər dünyanın ən qəddar və ən irqçi dövlət liderləri oldular.
Bir də kosmopolitizm anlayışının 2500 illik qədim tarixinə baxaq. İlk dəfə termin olaraq eramızdan əvvəl isgəndəriyyəli yəhudi mənşəli filosof Filon tərəfindən ortaya atılıb bu “dünya vətəndaşı” ideyası. Filon bütün yunan fəlsəfəsinin Musa peyğəmbərin Tövratından yarandığını söyləyən bir yəhudi millətçisi idi, Platonu Musanın şagirdi hesab edirdi. İsgəndəriyyə yəhudilərinə imtiyazlar qoparmaq üçün onun Roma imperatoru Kaliqula ilə görüşdüyü də tarixə bəllidir. Filonun yaşadığı dövr yəhudi kralı Böyük Herodun və oğullarının hakimiyyət illərinə düşür ki, bu dövr tarixdə Yerusəlimin “qızıl dövrü” kimi xarakterizə olunur. Ancaq həmin dövrdə yəhudilərlə yunanlar arasında Roma vətəndaşlığı uğrunda gərgin mübarizə gedirdi və bu mübarizə axırda, eramızın 66-cı ilində yəhudi baş rahibinin yunanlar tərəfindən öldürülməsi və yəhudilərlə yunanların birgə yaşadığı şəhərlərdə qanlı qarşıdurmaların baş verməsi ilə nəticələndi.
Filon isə bu qanlı hadisələrdən cəmi 16 il əvvəl ölmüşdü. İnsanları “dünya vətəndaşlığına” çağıran filosof Filon bütün ellin mədəniyyətini niyə Tövrata bağlayırdı? Məqsədi nə idi? Demək istədiyim odur ki, hətta ilk dəfə kosmopolit terminini fəlsəfəyə gətirən filosofun özü belə kosmopolit deyil, yəhudi millətçisi idi.
- Qəribə bir dövrdəyik. Müharibə həm də facebookda gedir sanki. Müharibəyə çağırışlar, eyni zamanda pasifist mövqe göstərənlər... Necədir bu adamlara münasibətiniz? Siz nələr müşahidə etdiniz?
- Tibb elmində adına “Refidinq sindromu” deyilən bir diaqnoz var. Səhv etmirəmsə, ABŞ-Vyetnam müharibəsində aclıq çəkən vyetnamlı uşaqlara humanitar təşkilatlar helikopterlərlə göydən hazır qida məhsulları - qoğallar, şokoladlar, peçenyelər və s. atırlar. Bu qidaları aşağıda sevinə-sevinə gözünə təpən ac uşaqlar aclıqdan xilas olmaq əvəzinə bir-bir ölməyə başlayırlar; ağızlarında da yarımçıq qalmış şokoladlar, qoğallar. Yerdəkilər şübhələnirlər ki, həmişəki kimi göydəkilər bizi zəhərlədilər. Ancaq sonra ölən uşaqların autopsiyası zamanı üzə çıxır ki, onlar göydən yağan peçenyelərdən deyil, “refidinq sindromundan” ölüblər. Bu sindromun qısa izahı budur ki, orqanizm uzun müddət ac qaldıqda metabolizma prosesi xeyli zəifləyir və birdən-birə qida qəbul etdikdə zəifləmiş bədən həzmetmə prosesi üçün səfərbər olur, nəticədə, gücdən düşmüş orqanizmdə orqan çatışmazlığı baş verir və ölüm reallaşır.
Uzun illər totalitar sistemlərdə yaşamış cəmiyyətlər də belədir: onlara demokratiyanı, söz və fikir azadlığını, insan haqq və hüquqlarını birdən-birə verdikdə onlar bu insani dəyərləri sevinə-sevinə gözlərinə təpib doymaq, dünyəvi olmaq istəyirlər, ancaq uzun illər azadlıq aclığı çəkdiklərindən gücdən düşmüş “orqanları” bu dəyərlərin həzminə kömək edə bilmir və bu dəyərləri onların parçalayan əllərindən alıb “həkim nəzarətində” yenidən paylamadıqda bu cəmiyyətlər, bu xalqlar tarixin xarabalıqları arasında “xoşbəxt cəsədlər” kimi səpələnib qalırlar. Ağızlarında da tam çeynəyə bilmədikləri demokratik hüquqlar, insan haqları. Bizim cəmiyyət də, bir növ, “refidinq sindromu”ndan əziyyət çəkir; mənimsəmək istədiyi demokratiya, söz və fikir azadlığı, insan haqları kimi sekulyar dəyərlərin faydasından çox, ziyanını görür. Məsələn, havada barıt qoxusu hiss edən kimi bəlli bir kütlə sosial şəbəkədə həşir qoparır ki, Qarabağ müharibəsi siyasi oyundur. Bu kütlənin təmsilçiləri qanmırlar ki, istənilən müharibə siyasidir. “Buz döyüşü”, “Yüzillik müharibə”, Rus-Türk müharibələri, Birinci, İkinci Dünya savaşları...
- Ümumilikdə ədəbiyyat həmişə sülhün tərəfində olub. Azərbaycanda vəziyyət bir az fərqlidir. Torpağı işğal altında olan yazıçı nə etməlidir, sizcə?
- Hansı ədəbiyyat? Kimin, hansı xalqların ədəbiyyatı? Tarixdə məğlub olub müharibə istəmədiyini bar-bar bağıran bir xalq göstərin mənə və o məğlub xalqın müharibə istəməyən bir yazıçısının, şairinin adını çəkin. Üstündən 80 il keçməsinə baxmayaraq, hansı yəhudi mənşəli rejissorun müharibə mövzulu filmində almanlara humanizm mövqeyindən yanaşma görmüsünüz? Müharibəni sevməyən ədəbiyyat işğalçı xalqların ədəbiyyatıdır. Tolstoy, Heminquey, Remark və s. yazıçılar tərəf tutmadan müharibəni pisləyə bilər, çünki gücü təmsil edən xalqların yazıçılarıdır. Ölkələrinin tökdüyü qana şərik olmaq istəmirlər. Ancaq müharibədən əziyyət çəkmiş, məsələn, Şərqi Avropa yazıçıları Milan Kundera, Yaroslav Qaşek kimi yazıçıların müharibə haqqında mövqeyi heç də bəşəri deyil. Qaşek “İgid əsgər Sveyq” romanında müharibə fonunda almanları dolayır, gülə-gülə müharibə müəlliflərinə müqavimət göstərir. Torpağı işğal altında olan yazıçı, ən azı, Dostoyevskinin müharibə haqqında fikirlərini oxumalıdır. İşğalçı bir imperiyanın yazıçısı olan Dostoyevski müharibə haqqında yazırdı ki, müharibənin insanlıq üçün bəla olduğunu düşünmək vəhşi düşüncədir. Əksinə, o, ən əhəmiyyətli hadisədir. Siyasi, xalqlararası müharibə bütün münasibətlərə xeyir verir, ona görə də vacibdir. Daha sonra davam edir: “Uzunmüddətli sülh zamanı sosial üstünlük insanlığın ən pis, kobud tərəfinə keçir. Ən əsası isə var-dövlət və kapital tərəfə... Sülh nə qədər çox davam etsə, bütün gözəl, əxlaqi nəsnələr solur, quruyur, ölür, zənginlik isə hər şeyi zəbt edir. Axırda ancaq ikiüzlülük qalır. Uzunmüddətli sülh süstlük yaradır, fikirləri qarışdırır, hissləri kütləşdirir, pozğunluğa səbəb olur”. Torpağı işğal altında olan yazıçı sülhün bu idbar üzünü də görməyi bacarmalıdır.
- Vətən anlayışına münasibətiniz necədir? Bir çox müasirlərimiz düşünür ki, sərhədsiz dünyaya doğru gedirik və vətən anlayışı öz klassik məzmununu itirir.
- Səfeh xalqlar və onların səfeh “aydınları” üçün uydurulmuş fikirdir. İngilislər haqqında belə deyirlər ki, bu xalq öz keçmişinə sadiq ən mühafizəkar xalq olmasına baxmayaraq, gələcəyi də hamıdan əvvəl qabaqlamağı bacarır. İngilisin öz sərhədlərinə bu qədər sahib çıxdığı bir dövrdə azərbaycanlının “sərhədsiz dünya” vurğunu olması cırtqozluqdan başqa bir şey deyil. Urcah olduğumuz pandemiya da bir daha göstərdi ki, sərhədlər nə qədər mühüm məsələdir. Son günlər Türkiyə, Rusiya sərhədində ac-susuz qalan azərbaycanlılara nədənsə dünya sahib çıxmadı. Özünü “dünya vətəndaşı” hesab edən bu qaraçı qafalı adamlara ən yaxşı tərifi italyan inqilabçısı Cuzeppe Mazzini verib: “Kosmopolit insan - sərhədlərini dərk edə bilmədiyi sonsuz bir dairənin mərkəzində tək-tənha qalan insandır və bu dairə onun ətrafında getdikcə genişlənir. Kosmopolit insan o şəxsdir ki, haqları və hüquqları tapdalandıqda mübarizə aparmağı və ölməyi axmaqlıq hesab edir, (çünki onun özündən qiymətli dəyəri yoxdur) əksinə, o eqoistlərin tezisi olan “Ubi bene, ibi patria” (Mənə harada yaxşıdırsa, ora mənim vətənimdir) deyərək öz ölkəsini ayaqqabılarının dabanlarını bir-birinə sürtə-sürtə özü ilə getdiyi yerə sürüyür”.
Patriotizmin üstünlüyü təbii duyğulardan qaynaqlanmasıdır. Vətən sevgisi dini, siyasi əqidə deyil. Vətən anlayışı tarixi-ictimai inkişafın nəticəsidir, ən azı, on min il yaşı var. Mağaradan sonra vətənə sığınıb insanlıq. Əkinçilikdən əvvəlki mədəniyyətin heç bir izi-tozu qalmayıb şüurumuzda. İnanclarımızdan günahlarımıza qədər hər şeyimiz əkinçilik mədəniyyəti ilə bağlıdır. Vətəni sevmək insanda təbii instinktdir, vətən milli və şəxsi kimliyin ünvanıdır. Vətən aid olduğun yerdir, təkcə məkan baxımından yox, həm də zaman baxımından. Fikrimcə, hər məkanın özünəməxsus zamanı var; meşədə keçən zamanla, dənizdə keçən zaman eyni deyil, dağın zamanı çölün zamanından fərqlidir. Hər ölkənin, hər şəhərin də öz zamanı var. Vətən həm də aid olduğun zamandır.
- Sizin ətrafınızda olan türklər bu haqda danışanda nələr deyirlər? Ümumiyyətlə, danışırlarmı?
- Biz Qarabağ müharibəsində hələ ki, məğlub tərəf olduğumuz üçün türk arkadaşlar etika xətrinə yanımızda bu mövzudan danışmağa bir o qədər həvəsli deyillər. Üzümüzü qızartmaq istəmirlər. Türklərin tarixi müharibələrin tarixidir. Burada müvəqqəti yaşadığım bu 4 il ərzində gördüyüm, anladığım budur ki, Anadolu türkləri müharibəni həyatlarının bir parçası kimi yaşamağa öyrəşiblər. Ətrafımızda elə bir türk kişisi yoxdur ki, hansısa müharibədə iştirak etməmiş olsun. Ən qocası Cənubi Koreyada döyüşüb, ən cavanı Suriyada. Təəssüf ki, biz türkün bu tarixindən qopduq, qopardılar. Hələ Türkmənçay müqaviləsi imzalanan zaman Dostoyevskinin sələfi Qriboyedov yazırdı ki, torpaqlarına erməni ailələri köçürülmüş azərbaycanlıları “qonaqların” bu torpaqlarda müvəqqəti qalacaqlarına inandırmaq lazımdır. İnandırdılar da. Müharibə mədəniyyətin başlanğıcı, keşikçisidir, biz bunu unutduğumuz üçün Qriboyedova inandıq. Hətta insanlar kimi ərazi uğrunda etnik müharibələr aparan babun meymunları üzərində aparılan təcrübələr də onu göstərdi ki, bu meymunlar digər meymun növlərindən daha şüurludurlar. Müharibədən imtina bizim milli şüurumuzu inkişafdan saxladı.
- Siz həm də zabitsiz. Müharibə olsa gedəcəksinizmi?
- Bu gün dünyada müharibənin taleyini emosional güc həll etmir. Osmanlı imperiyası məhz ordunun ənənəvi emosional gücünə güvəndiyi üçün dağıldı, imperiya olmaqdan müstəmləkə olmaq həddinə qədər gerilədi. Məsələn, 1768-ci il Rus-Türk müharibəsində emosional gücə arxalanan Sultan III Mustafanın 180 minlik ordusu 30 minlik intizamlı rus ordusunun qarşısında darmadağın oldu. Ehtiyatda olan zabit kimi düşünürəm ki, Qarabağ müharibəsində mobil qruplar şəklində soyuqqanlı, peşəkar heyət döyüşməlidir. Sarsıdıcı zərbələr vuran qısamüddətli döyüşlər aparılmalıdır. Xalq yalnız ölüm-qalım məsələsində silaha sarıla bilər. Kütlə tez coşduğu kimi, tez də məyus olur, ruhdan düşür. Bu məsələdə hərbi emosionallıqla yanaşı, heç bir halda humanist emosionallığa yol vermək olmaz. Zatən humanizm, bizim bəzi geri zəkalıların düşündüyü kimi, müharibə əleyhinə ortaya atılmış bir anlayış deyil. Humanizm Dantedən üzü bu yana allahmərkəzçi düşüncənin insanmərkəzşi düşüncə ilə əvəz olunması üçün istifadə olunan bir anlayışdır. Avropanın ən qanlı müharibələri humanizm ideyaları qitədə yayıldıqdan sonra baş verib. Müharibəyə getməyimə gəlincə, ehtiyac olsa, onsuz da, çağıracaqlar, burda basıb-bağlamağıma gərək yoxdur. Üstümdə ehtiyatda olan zabit vəsiqəsi var.
- Zabit Aqşinlə şair-yazıçı Aqşin necə yola gedir?
- Tolstoy, Heminquey, Mopassan, Misima həm hərbçi, həm də yazıçı kimi birbaşa müharibələrdə, döyüşlərdə iştirak ediblər. Tolstoy Krım müharibəsindən qayıtdıqdan sonra “Hərb və Sülh”ü qələmə alıb. Heminquey İspaniyada, Çində vətəndaş müharibələrində iştirak edib. Mopassan Napoleon ordusunun qələbəliyində bütün Avropanı gəzib. Misima imperator zabiti idi. Zabit həyatımda yiyələndiyim vərdişlər şair, yazıçı həyatımda çox karıma gəlir. Əsgərlikdə insanlar üzərində apardığım müşahidələr imkan verir ki, ilk gördüyüm insanı ağzını açmadan Rentgen aparatı kimi otay-butay tanıyım. Elə bir insan yoxdur ki, haqqında verdiyim xarakteristika gec-tez özünü doğrultmasın. Ən başlıcası, əsgərlik həyatı yaradıcılığımın cinsini qətiləşdirdi. Cinsi kişi olmayan bircə misram, bircə cümləm belə yoxdur. Bu mövzuda Nazim Hikmətlə həmfikirəm.