Bu gün böyük Azərbaycan yazıçısı, şairi və jurnalisti Həmid Herisçinin doğum günüdür. Kulis.az bu münasibətlə onun müsahibəsini təqdim edir.
- Həmid bəy, ad gününüz mübarək olsun. Adam inanmır ki, Həmid Herisçinin 60 yaşı tamam olur…
- Vallah mən özüm də təəccüb eləyirəm ki, 60 yaşıma kimi sağ qalmışam. Dəfələrlə qıl körpüsündən keçmişəm, dəfələrlə mənə çox erkən öləcəyimi deyiblər, amma Allahın köməkliyi ilə bu yaşa çatdım.
- Ad günlərinizi necə qeyd edirsiniz?
- Mən belə fərdi günləri çalışıram ki, tək qalım. Şəxsi məsələlərimi heç kimlə bölüşmək istəmirəm. Çünki hesab edirəm ki, fərdi yanaşma nəinki şeirdə, həmçinin həyat tərzində mühüm olmalıdır. Yəni şeirdə, ədəbiyyatda nə qədər orijinalamsa, həyatda da bir o qədər orijinalam. Ad günümə də bu cür yanaşıram, heç kimin mənimlə bu tarixi bölüşməsini istəmirəm.
Sufilər bilirlər ki, “Ənəlhəqq!” anından insan Allahıyla təklikdə qalsa, həqiqət qapıları üzünə açılacaq. İctimailəşdirəndə bütün hadisələrin mənası itir. Ona görə də sosiallaşdırmaq lazım deyil. Məsələn, doğum günü olsun, ölüm günü olsun, şeir yazmaq olsun, hətta siyasi fəaliyyət olsun, mənim gözümdə fərdidir.
- Belə başa düşdüm ki, ad gününüzü keçirməyəcəksiniz.
- Mən ad günümdə anamın qəbrini ziyarət edirəm adətən. Zikr edirəm, sufilər kimi təkliyə qapanıram. Ciddi məsələləri heç vaxt kimləsə bölüşmürəm. Bu ad günümdə də belə edəcəm
- Ad günü təbrikləri, hədiyyələr... Belə şeylər də olmur?
- Mən nə istəyirəmsə Allahdan istəyirəm, bəndədən heç nə istəmirəm.
- Allahın hədiyyəsi olub sizə?
- Bəli. Mən qeybdə olmağı sevirəm. İndiyə kimi məni televiziyada, mətbuatda çox gördünüz, bir az da az görün. Bundan sonrakı fəaliyyətim çox da açıq olmayacaq.
- Heç şeir yazan da olmayıb sizə?
- Bəlkə də olub, ancaq yadımda deyil. Mənim vaxtilə yar-yoldaşım çox olub. Yeddi nəsil yoldaşım olub.
- Son illərəcən keçirilən təntənəli yubiley tədbirlərinə necə baxırsınız?
- Bunlara, məncə, artıq təbiət özü yaxşı baxmır. Koronavirus bu tədbirlərin axırına çıxdı. Bu, Allahın hökmüdür. Bizim gözümüzün qabağında təhsil sistemi dəyişir, distant təhsilə çevrilir, bizim gözümüzün qarşısında qlobalizm anlayışı çökür, çünki ölkələr qapanmaya gedir. Əlbəttə, Qarabağda böyük qələbəmiz var və bu qələbə bizi sevindirir. Mən fikirləşirəm ki, bu qələbəmizin əks-sədaları ilk növbədə Təbrizdən gələcək. Mən yeganə adamam ki, Təbrizdə də, Bakıda da evim var. Azərbaycanda Təbrizdən danışanların çoxunun heç orada evi yoxdur. Ancaq mən öz çıxışlarına görə ev alan adamlardan deyiləm. Bizim öz evimiz var. Bizim öz taleyimiz var. Qədim taleyimiz... Mənim yeddi əmim olub, yeddi bibim olub və bu həyatı onların xatirələri içində keçirirəm.
- 60 yaşda ədəbiyyat sizin üçün nə ifadə edir? Yol yoldaşı, sirdaş, tale, nə?
- Gözümü açandan elə şeirlə, nəsrlə danışmışam. Mən ədəbiyyatın içində doğulmuşam. İlk gördüyüm kitab “Şahnamə” idi. Yadıma gəlir, onu təkcə mən axtarmırdım, pəncərədən otağıma düşən günəş işığı da ilk onu axtarırdı. 1855-ci ildə Bombeydə çap olunmuş kitab idi, yaxşı illüstrasiyaları var idi. O kitabda Turanla İranın müharibəsindən danışılır. Mən ilk onu oxumuşam və başa düşmüşəm ki, türk tarixi nədir, İran tarixi nədir, Dünya tarixi nədir. Yəni, Məşədi İbad kimi “Tarixi-Nadir”in ortasında qalmamışam...
- Son vaxtlar sizdə bir az pessimistlik, guşənişinlik hiss olunur.
- Mən fəaliyyətimi daha çox Güneyə, Təbrizə, doğma yurduma doğru çevirmək istəyirəm. Fikrim budur.
- Yaradıcılığınızda vəziyyət nə yerdədir?
- Şeirlər kitabım üçün artıq sponsor tapılıb, tezliklə çap olunacaq. Həmçinin, dırnaqarası hakerlik ilə məşğulam. Düşünürəm ki, ömrümün hakerlik dövrü başlayıb. Baxıram, öyrənirəm. Heç kimin daxil ola bilmədiyi yerlərə daxil oluram və bu məni çox həyəcanlandırır, ümid verir, sevindirir, çünki bu, böyük sənətdir. Müasir sənətdir. Bu haqda “Qarğa dili” adlı hekayəm var, oxumanızı istərdim.
- Kulis.az olaraq ad gününüz üçün nə edə bilərik, bizdən yubiley hədiyyəsi olaraq nə istəyirsiniz?
- “Qarğa dili” hekayəsini yayımlasanız mənə ən böyük hədiyyə olar.
Həmid Herisçinin həmin hekayəsini təqdim edirik.
Qarğa dili
Salam. Tanış olaq- mən, bilgisayar hakeriyəm…
***
Müdafiə Nazirliyinin məxfi saytları olsun, yaxud Amerika Mərkəzi Kəşfiyyat idarəsinin ən məxfi elektron ünvanı… Yaxud Pentaqonun dəmir qapılar arxasındakı ən güclü məxfi süper bilgisayarları… Mənimçün fərqi yoxdur iynənin ucu qədər. Hər ikisinin anasını ağlar qoyaram bir göz qırpımında. Çətini, masam üstə bir fincan tünd, ətirli ərəb qəhvəsi olsun. Sevgililərimdən biri sms atsın mənə ki, bəs, axşam bulvarda görüşüb sevişməyə gedirik, açarı evdə unutmayasan haaa… Sms-i aldınmı, vəssəlam. O dəqiqə gözlərimdən od sıçrayacaq, görərsiz. Axşama kimi minbir oyundan çıxacam bilgisayarımda. Bir də gördün azıb girdim Polşa Xarici İşlər Nazirliyinin tam qapalı saytına. Zarafatyana, nazirin imzasını saxtalaşdırıb bəzi səfirlərə töhmət verdim. Vəzifəsindən çıxardım.
Mən kimi “tərs adam”lar, vallah, düz sözümdü, indiki dünyada az deyil. Ancaq, o cür “tərs adam”larla aramızda çox ciddi fərq də var. Mən, tərs danışmağı da bacarıram axı…
Hakerlik sənətində bu, çox vacibdi-gərək, son hadisələri əvvəldən axıracan yoxxxx…. məhz axırdan … bəli, axırdan əvvələ xatırlamağı bacarasan. Misal üçün, gərək adımı hamı kimi “Həmid” deyil, “Diməh” kimi tələffüz edəsən… Cümlələri, sözləri, kəlmələri tərsinə çevirərkən, yadda saxla, gərək dilin topuq vurmasın. Səlis tələffüz etdinmi, hə, bütün bu tərs sözləri, cümlələri? Gözlə, tələsmə… Tezliklə həyatında mütləq qəribə, Izahsız hadisələr, möcüzələr baş alıb gedəcək. Aparacaq səni bir Allah bilir hara…
Hardan öyrənmişəm sorusacaqsız bu cür tərs danışmağı, tərs xatırlamağı, düşünməyi? Heç kimdən… elə doğmaca nənəm, İçəri şəhərli Zəhrəxanımdan.
Onun barəsində xatirələrimi haker qanunlarıyla – yəni, axırdan əvvələ danışmaq istəyirəm indi sizlərə. Hə, məntiqinizi azca redəktə edin, son hadisələrdən yapışıb əvvələ getməyi bacarın. Təkrarladızmı dediklərimi? Hə?
Şükür… Demək, ən qapalı xatirələrə, ərazilərə, bilgisayarlara, beyinlərə, qazamatlara, nazirliklərə, prezidentlərin saraylarına daxil olmaq icazəsini, kodunu nəhayət qazanıbsız.
Bax indi mən buna əməl edib tərsinə xatırlamağa başlayacam. Unutduqlarımın hamısı bittə-bittə yadıma düşəcək.
Gəlib çıxacam 1968-ci ilə, nənəmgilin Baksovetdəki, Bunyad Sardarov küçəsindəki dar dalanına.
***
Dözülməz soyuq şaxta, Bakıdakı bütün su borularını dondurub partlatmışdı. Zədəli borulardan orda-burda ətrafa soyuq su fontanları fışqırmaqdaydı. Don vurmuş mer-meyvəni, göy-göyərtini, Allah bilir daha nələri alverçilər metro önündə düzüb dəyər-dəyməzə satmağa tələsirdi:
– Axşam bazarı…axşam bazarı…keşniş, şüyüd… cütü on qəpiyə… cütü on qəpiyə.
Zil səslər tezliklə bəmə düşürdü:
– Cütü beş qəpik… cütü beş qəpik…
Dünya malının cəmi bircə günə, saniyəyə bu cür ucuzlaşdığını görmək, nə deyim… elə bil çoxlarının, o cümlədən mənim-132 saylı məktəbin 5q sinif şagirdinin, lap ürəyincəydi. Yadımdadı, kimsə, çürük mandarini götürüb var gücüylə mən tərəfə vızıldatdı.
– Can ey… meyvədən, mandarindən boluq bu gün, uşaqlar…
Bax belə şəraitdə, belə ibrətamiz mənzərələrin əhatəsində, arxamca atılan çürük meyvələrdən yayına-yayına, xatirimdədi, mən isti bir ocağa-nənəmin evinə qonaq gəlirdim. Şaxtalar hər gün şiddətləndikcə, metro önündə, küçə səkiləri üstə satılan malların da qiyməti ucuzlaşırdı. Dünya malı dönüb olurdu heç nə…
Eşitdiyim həyat nağıllarının qiyməti, dəyəri isə günü-gündən artırdı…
***
Nənəmgilin həyəti, indiki kimi yadımdadı, çox… çox balacaydı. Cəmi bir-iki addım o tərəfə, bu tərəfə. Üzərində bir tikəlik səma, göy parçası…
Ancaq bu da bəsiydi ki, səmaya qalxıb pərvazlanan qırmızı ulduzlu sovet təyyarəsini hərdən seyr edəsən ordan… Yaxud, ağ-appaq buludu görüb hissiyyata qapılasan… Təyyarəni görüncə keçəsən rus dilinə. Qışqırıb hamını diksindirəsən- “Ay təyyarə, təyyarə…apar daaaa bizi burdan”… Buludu görüncə isə, ruscanı da unudasan, doğma azərbaycancan dilini də. Həyətdəki cıqqılı, əl yekəlikdə kitabxanaya girib ordakı qaraşın qızdan “Elladanın əfsanələri” kitabını soraqlayasan.
– Qardaşın Əli yenə səni qabaqlayıb. Gecikmisən yenə… Həmişəki kimi.
Şairin, gələcək yazıçının ilk sevgisi kim ola bilər soruşuram indi sizdən? Sözsüz, kitabxanaçı qız. Lap uşaq olsam belə, kitabxanaçı qıza qarşı laqeyd deyildim, hə, yaxşı yadımdadı. Bu səbəbdən nənəmgilə qonaq gələrkən əvvəlcə o qızla da görüşərdim. Bəhanə edərdim ki, bəs o kitabı ver mənə… pilləkanı götür, bu kitabın arxasıca qalx o tərəfdəki hündür taxçaya…
– Yaşınızçün deyil bu kitablar. Yaxşısı budu gedin nənəniz Zəhrə xanımın yanına. Qoy sizə öz nağıllarını danışsın o… – qaraşın qız, gözləriylə nənəmgilin qapısını nişanladı. Radioqəbuledicinin səsini artırıb başladı Moskva xəbərlərinə qulaq asmağa.
Qısası, bu balaca həyətdə romantik hisslərin, xəyalların inkişafı üçün nə desən vardı. Göyündə, təyyarələr uçurdu. Aşağıda, kitabxanaçı qız yolumuzu azdırırdı…
***
Nənəmgilin alçaq tavanlı komasına baş əymədən daxil omaq əsla mümkün deyildi. İçəri girən kimi, yadımdadı, küncdəki şkafın lax qapısı qəfil öz-özünə, kənar təsir olmadan çırıldayıb açıldı. Nənəmin bənövşəyi-ağ kəlağayısı göründi əvvəlcə ordan. Sonra nənəm özü gəlib qarşımda peyda oldu:
– Şükür! Gəldin?… ”İki” veriblər bu gün məktəbdə sənə, yoxsa “beş”?
Gözlərim hələ də şkafın içindəki qatı zülmətdəydi. Xamdım. Gördüklərimə aldanırdım. Elə bilirdim şkafın içindən gələcəyə, keçmişə gizli yol var. Girsəm ora, gedib gələcəyə çıxacam guya.
Amma, keçmişə səyahətə çıxmağın ünvanı əslində burda deyil, nənəmin şirin söhbətlərində, danışdığı xatirələrindəydi.
Hələ qış olsa da, içəridə nənəm, qonşusu Anaxanımla birgə, novruz bayramına hazırlıq görürdü. Paxlavala, şəkərbura üçün xamır yayır, uzun oxlovu əlində qılınc kimi oynadırdı. Boşqablar şəkər tozu, qoz-fındıq ləpəsiylə dolub daşırdı. Sobanın içində cəhənnəm alovu yanırdı elə bil. Pencərə şüşələri tərliydi. Damcılar, gözümüzün önündəcə tədricən şişirdilər. Qəfil, sürət yığıb tez aşağı sürüşürdülər.
Qəfil, qulaqlarım özümdən ixtiyarsız şax durdu. Nənəmigilin əcaib danışığı məni çox təəccübləndirdi:
– Ərhəz, idni kənyen? – Anaxanım, paxlavanı isti sobaya basıb ağzını təkrar-təkrar kip örtməyi unutmadı. Nənəm, bu əcaib müraciəti cavabsız buraxmadı:
– Mınaxana, rib ataas rəşib təblə…
Qulaqlarıma inanmırdım hələ də. Nənəmgilin növruz öncəsi bu cür əcaib dildə danışması çox təəccüblüydü, vallah, mənimçün.
Bir, qapı üstə quruyan üzərlik koluna baxdım, bir, nənəmin unlu əllərinə. Astaca pıçıldadım:
– O nə dildə danışırsız? Məndən gizli işlərinizmi var, nənə?
Sualımın cavabı gecikirdi. Nənəmlə Anaxanım bir-birinə zillənə-zillənə donub qalmışdılar. Bimirdilər sualıma necə cavab qaytarsınlar. Axır, Anaxanım ürəkləndi:
– Adətdi bizdə… novruz şirnisi bişirəndə, cin-şeytanın qulaqlarından uzaq olsun deyə, tərsinə danışarlar. Ancaq bizim kimi yaşlı qadınlar bacarar bunu. Məsəlçün, “cin”ə bu dildə…
Söhbətin bu ciddi, həlledici məqamına nənəm özü kobud müdaxilə etdi. Əsas cümlənin sonunu Anaxanıma etibar etmədi:
– Məsəlçün bu tərs dildə cinə “nic” deyərlər, şeytana “natyeş”. – nənəmin sifəti güldü. O, gözləriylə məni altdan-yuxarı süzüb, söhbətinə bir başqa səslə davam etdi.
– Məktəbdə sizlərə bunları öyrətməyəcəklər. Öyrən! Goruma aparmayacağam ki? Öyrən! Görərsən, dərslərindən ancaq əla qiymətlər alacaqsan…
Nənəm, mövzunu dəyişmək xatirinə cəld əl atdı sobanın bacasına. Ordan aramla, əlləri əsə-əsa isti, ətirli paxlavaları, şəkərburaları çıxardı.
Birdən öz “tərs” dilində Anaxanımı səslədi:
– Mınaxana, nə yatıbsan fil qulağında? Paxlavaları düz pencərənin önünə soyusunlar daaaa orda.
Anaxanım, pencərə tərəfə gedəndə, bıy, bir də gördük ki, kiminsə ayaq pəncələri damdan aşağı sallandı. Gəldi dayandı şüşəbənd eyvanımızın düz ortasında. Yelləndi sağa-sola.
O vaxtlar məhəllə cayılları, ağır “qədeş”lər adi insanlardan fərqli olaraq küçələrlə gedib-gəlməzdilər. Damların üstüylə hərəkət edərdilər adətən. Qəfildən peyda olardılar bizim kimi əzizlərinin damında. Başlardılar, nənəm kimi, “tərs” dildə alaçiy danışmağa:
– Mınaxana, Ərhəz alax…Payımızı verin gedək öz xarabamıza.
Ağır cayıllarla nənəmin tərs danışığı, beləcənə bir-iki dəqiqə davam etdi. Axır, bir torba bayram sovqatı, kəndirin ucunda, hə…yuxarı dartıldı…
Cayıllar, nənəmgiliylə yenə “tərs” dildə nəsə danışdılar. Axır, keçdilər adi adam dilinə:
– Milislər xəbər alsalar, bizi görməyibsiz. Bayramınız mübarək! Qayıtdıq qazamata…
Nənəmgilə qonaq gələrkən hava işıqlıydı hələ. Eşiyə çıxıb evə qayıdarkən gördüm ətrafı qatı zülmət bürüyüb. Göydə təkcə yumru aydı, yerdə təkcə mən. Gölgələrim özümdən qabağa düşüb, evimizin yolunu göstərirdilər mənə. Özümü xoşbəxt bilirdim. Yol boyu “tərs” danışmağın məşqini edirdim.
Dünya-aləm daha vecimə deyildi.
***
O gecədən etibarən xəlvətdə tez-tez öz-özümlə “tərs” danışmağa başladım. Nəticədə, gündəliyimdən bütün “iki”lər, “üç”lər itdi, silindi birdən-birə. Oldum qırmızı qalstuklu sinif əlaçısı. Sinif rəhbərimiz- beli kəmərli, əli xətkeşli Müşərrəf xanım, uğurlarımın səbəbini anlamırdı. Bir gün o, məni yazı taxtası önünə çağırdı.
– Əvvəlki təmbəldən indi heç nə qalmayıb…Maşallah, belə getsə yaxın vaxtda fotoşəkilini qapı ağzındakı şərəf lövhəsinə özüm yapışdıracam. Şagird belə olar ey… Nümunə götürün bax bu dünənki təmbəldən. Uduzmazsız, ay səfehlər!
Möcüzələr, ilk növbədə yuxu aləmimə də öz amansız, labüd təsirini göstərmişdi. Röyalarım, yuxularım yaddaşımdan daha silinmirdi, vallah. Belə yuxularımın birində gördüm ki, bəs sağ pəncəmdəki ayaqqabımın aldı dəlinib.
Anında göz qapaqlarımı araladım. Qorxa-qorxa, ayaqlarımı dəmir çarpayıdan aşağı salladım. Sağ ayağımın pəncəsini çəkməyə keçirdim birtəhər. Qaldırıb altına baxarkən alnımı tər basdı elə bil. Çəkmənin altında doğrudan da dəlik açılmışdı axı…
Divardakı yekə saatımız on ikini göstərirdi. Eşikdəki pişiklərin sevgi nalələri bitib tükənmək nədi bilmirdi. Əlimdəki çəkmənin altından baxa-baxa yerimdə quruyub qalmışdım.
Axır, hərəkətə gəldim. Altımdakı dəmir çarpayı təmbəl-təmbəl cırıldadı. Qərara gəldim sirrimi nənəmdən başqa kimsəylə bölüşməyim.
***
Hə…röyalarımda gələcəyi görməyə başlamışdım, şükür. Ancaq, hələki, neynim, çəkmələrimin, yaxud oyuncaqlarımın, cib yaylıqlarımın gələcəyini görürdüm mən. Əfsus, öz gələcəyimi, ölkənin, dünyanın sabahını deyil.
Bu, bir gün məni lap darıxdırdı tamam. Ayaqqabımın dəliyini bir gün nənəmə göstərib susdum.
– Deyirsən yuxuda görmüşdün əvvəlcə bu dəliyi, hə?- nənəmin iti baxışları məni bir müddət təqib etdi.
Bu dəfə o, “tərs” dildə ancaq özünün eşidə biləcəyi pıçıltıyla danışdı. Dediklərini sonra çevirdi adi dilimizə.
– El arasında belə danışığa “ qarğa dili” deyərlər. Adam, görürsən, qarğa kimi ağıllı olur belə danışanda. Gələcəyi də görür, keçmişi də. Dediklərini mən də yaşamışam vaxtiylə… Döz… İndi ayaqqabının sabahını görürsən, sonra ölkənin gələcəyinə agah olarsan… Ayaq bir-bir basarlar pilləkana, bala… Bil ki, tərs yolda deyilsən…
– Hansı yoldayam bəs?
Sadəlövhlüyüm nənəmə bu dəfə lap xoş gəldi.
– Düz yoldasan…
Cehizlik gəlin sandığı üzərində bardaş qurmuş nənəmə etibarım lap artıdı mənim. Dodaqlarımı nənəmin qulağına yaxınlaşdırdım.
– Sən bu dili qarğalardan öyrənmisən, nənə?
Zəhrə xanım, kəlağayısını saçları üzərində səhmanlayıb azca cavanlaşdı bir an. Sonra, qarğalar kimi, sürətlə üç yüz il yaşlanıb qocaldı gözlərim önündə. Döndü hərəkətsiz yaşlı qarıya. Yox… qarıya yox…. qarğaya…
– Allah özü köməyin olsun, bala. Bir gün özün səbəbini dərk edərsən. O vaxt bu ifadəni işlət, bala – “Ey Babək, kabab ye”. Nəticəsini görərsən az sonra. Qarşındakı bütün maneələr əriyib yox olacaq.
***
Həəəə… mənimçün bir başqa sirli həyat başladı bundan sonra. Özümlə xələvətdə tərsinə danışırdım. Gün ərzində yaşadıqlarımı dal-qabaq xatırlayıb möcüzələrə gəlib çıxırdım. Amneziya, yəni unutqanlıq bitmişdi məndə. Əvəzində hipermneziya başlamışdı beynimdə. Ən cıqqılı, xırda keçmiş anları belə asanlıqla xatırlayırdım.
Ağzım, ağlım qızıl xırdalayırdı elə bil. Xüsusən bilgisayar işində uğurlar qazanıb döndüm bir mömrəli hakerə. Müdafiə nazirliyini saytını dağıtdım əvvəlcə. Ardıca, müğənnilərdən birinin şəxsi akaunduna icazəsiz soxuldum. Ədəbsiz bir məktub göndərdim pərəstişkarlarına. Qısası, aləmi qatdım bir-birinə. Sosial şəbəkələrdə təlatümlər doğurdum öz öncəgörmələrimlə.
İstedadımı görüb mənə ANS telekanalında gedən “Gizli Azərbaycan” verilişini tapşırdılar. Paranormal əraziləri gəzib gizlinləri lentə almalı, camaata göstərməliydim. Filmlərim, biri digərini əvəzləyirdi. Dayanmaq nədi bilmirdim. Dönmüşdüm TV ulduzuna. Millət mənlə nəfəs alırdı elə bil, vallah.
Amma, hələ də xəlvətə çəkilib hərdən tərs dildə özümlə danışardım. Nənəmin, tərs danışmağa Anaxanımı vardısa, məndə oxşar beləsi yoxdu.
Nənəm çoxdan rəhmətə gedib tərs danışmağın sirrini goruna aparmışdı özüylə.
Ümüd qalırdı bircə qocaman, üç yüz yaşlı qarğalarla görüşümə. Yalnız onlar mənə “qarğa dili”nin əsas gizlinini, sirrini aça bilərdilər axı…
Axır, bir gün, şükür, buna da müəssər oldum mən.
***
Növbəti çəkilişimiz Səngəçaldakı “Qarğabazarı” deyilən vahiməli, qorxulu ərazidəydi. Rejissorum, videooperatorum, hətta dünyagörmüş sürücüm Ağamir, məni ora müşayət etməyə razılaşmadılar. Düzü, çoxdan hazırdım buna. Çoxdan bilirdim- əsas mətləbə çatarkən ətrafımda kimsə olmayacaq.
Çəyirtkələrin bol olduğu, bulud şəklində havada uçuşduğu bir itbat ərazini arxada buraxıb gəlib yetişdim cadar-cadar qurumuş susuz bir səhraya. Qarşımdakı quru çayın ətrafı ilan-çayanla doluydu. Kolların, tikanların budaqlarına ilanlar sarmaşıb havadaca qıvrılırdılar. Üzərində ərəb əlifbasıyla farsca “Burda Şəkinin imamı namaz qılıb qeybə çəkilb” yazılmış qaya parçası qarşısında xeyli yubandım. Elə bil nağıl aləmindəydim, vallah. Bildim ki, hə…. düz yoldayam. Şəki İmamından sonra indi mənim burda qeybə çəkilməyimin vaxtı gəlib çatıb.
Külək saçlarımı sığallayırdı, otlar-çiçəklər şalvarımın ətəklərini. Corablarıma daraşmız tikanlara qarşı hissiyyatımı itirmişdim, bəli. Dünya-aləm vecimə deyildi.
Qarşımda açılan dağ silsiləsinin döşündə nəhəng mağara gözə dəyirdi. Qarğalar dəstə-dəstə, elə havadaca, qanad üstə bu mağaraya soxulur, orda birdəfəlik itirdilər. Sonra, yenidən mağaradan xortlayıb geri qayıdır, adamı lap vahimələndirirdilər. Bu mənzərə bitib tükənmir, dəfələrlə təkrarlanırdı. Qarğaların səsindən qulaqlarım kar olmuşdu lap. Əlavə daha heç bir səs eşitmirdim.
Qəfil, qarğalar göyün bir nöqtəsinə cəmlənib gözdən silindilər. Fürsət verdilər yuxarıdakı mağaranın ətəklərinə yaxınlaşım. Bir az orda dayanıb mağaraya tərəf öz adımı qışqırdım:
– Həmid!
Səsim mağara boşluğuna girib ordan tam əksinə, tərsinə səsləndi:
– Diməh!
Hə…belə de…Nənəmin dediyi yerə axır gəlib yetişmişdim. “Qarğa dili”nin tam mərkəzi, yuvası idi bura.
Şəki İmamdan sonra növbə mənimdi indi. Yuxarıdakı mağaraya girib gərək burdan qeyb aləminə adlayardım…
Çətin olsa da, özümü birtəhər ələ alıb başladım yuxarıdakı mağaraya tərəf sürünüb dırmaşmağa. Yuxarı qalxdıqca hər dəfə ucadan nəsə qışqırır, az sonra əksini eşidib təəccüblənirdim. Lapü üzülüb təngənəfəs olanda, qəfildən nənəmin dediyi o sirli “Ey Babək, kabab ye!” açar ifadəsini ucadan qışqırıb dirildim…bəli, dirildim orda sanki.
Əvvəldən də, axırdan da eyni cür səslənən bu ifadənin tərsi, əksi yoxdu deyə mağara azdı, çaşdı elə bil.
Nənəmi yada salaraq dərindən bir “ah” çəkib yerdə əyləşdim.
***
Hakerliyin ən uca zirvəsini fəth etmişdim nəhayət bu qəliz, vahiməli ünvanda.
Qarğalar cürətlənib day səslərini çıxarmırdılar. Sakitcə, ətrafımda gəzişirdilər. Qanad açıb səmaya pərvazlanmağa hünərləri qalmamışdı.
Mağaranın təzə sahibi gəlmişdi.
Ona hörmət eləmək lazımdı axı…