Bəxtiyar Vahabzadənin məşhur şeirindəki məntiqi xətalar – “Kor-koranə sevdiyimiz şeirlər”

Bəxtiyar Vahabzadə, Xalq şairi

Bəxtiyar Vahabzadə, Xalq şairi

21 aprel 2022
# 15:40

Xəbər verdiyimiz kimi, Kulis.az yeni layihəyə start verib. “Kor-koranə sevdiyimiz şeirlər” adlanan layihədə dillər əzbəri olan, oxucular tərəfindən sevilən şeirlər Fərid Hüseynin təqdimatında təhlil olunur.

Budəfəki təhlil olunan mətn Xalq şairi Bəxtiyar Vahabzadənin "Bir salama dəymədi" şeiridir.

Xalq şairi, poetik sözümüzün iftixar ünvanlarından biri olan ustad sənətkar Bəxtiyar Vahabzadə Azərbaycan poeziyasında özünəməxsus yeri olan şairlərdəndir. Müstəqillik hərəkatımızda onun dəyərli töhfələri var, eyni zamanda ölkəmizdə türkçülüyün inkişafında onun xüsusi rolu danılmazdır. Cəsarətli şeirləri, ictimai mövqeyi də onu daim bir sıra şairlərdən fərqləndirib, xeyirxah əməlləri isə onu tanıyanların yaddaşında əbədi yaşayır. Böyük sənətkarın pedaqoji və elmi fəaliyyəti də ehtirama layiqdir.

Bəxtiyar Vahabzadənin çoxsaylı ədəbi-ictimai xidmətləri də olub, onların hər biri xalqımız, mədəniyyətimiz üçün qiymətlidir və heç birinə qarşı ögey münasibət sərgiləmək olmaz. Mərhum xalq şairimizi rəhmətlə anıram, şəxsinə, yaradıcılığına və xidmətlərinə ehtiramımı bildirirəm.

Bu dəfə Bəxtiyar müəllimin “Bir salama dəymədi” şeiri barədə danışmaq istəyirəm. Şairin çoxsaylı dərin məzmunlu şeirləri ilə müqayisədə bu şeirin sevilməsi, oxucular tərəfindən rəğbət görməsi ciddi şeirsevərlərə olduqca qəribə təsir bağışlayır. Bəxtiyar müəllimin ölməz səhnə əsərləri, dərin məzmunlu şeirləri hara, bu bədii nümunə hara?!

Ona görə də “Kor-koranə sevdiyimiz şeirlər” adlı ədəbi layihədə bu şeir barədə fikirlərimi bölüşmək qərarına gəldim.

Bu gün mən səni gördüm,

Salam vermək istədim,

Üzünü yana tutdun.

Söylə, illərdən bəri

Qəlbimizin bir duyub

bir vurduğu illəri,

Axı, nə tez unutdun?

Beş ildə gözümüzdən

axan o qanlı sellər,

Bir salama dəymədi?

İlk misradan aydın olur ki, məlum hadisə bu gün baş verib, hələ poetik obrazın yarası istidir, qızla doğru-dürüst salamlaşmaq belə nəsib olmayan bu qəhrəman oxuduğumuz şeiri hirsi soyumadan “qələmə alıb”. Ümumiyyətlə, bu şeirin daxilində bir “hirsli başda ağıl olmaz” tonu duyulur. Qeyri-ixtiyari düşünürsən ki, ey qəhrəman, əgər sən bir salam verməməyə görə qarşı tərəfi bunca günahlandırırsansa, yaş yuyub quru sərirsənsə, Allah göstərməsin, başqa bir böyük hadisə baş versə, onda qarşı tərəfə nələr deməzdin?

Şeirin bu misralarından anlaşılan odur ki, poetik mən salam vermək istəyib, amma görüb ki, qarşı tərəf ona baxmır, sonra fikrindən daşınıb. Yəni heç o da salam verməyib. Gör hələ salam versəydi və qarşı tərəf salamı almasaydı, poetik qəhrəmanın dilindən hansı qaxınc dolu misralar ərsəyə gələrdi.

Şeirin absurd tərəfi odur ki, bircə kəlmə salam verməyən xanıma poetik qəhrəman 11 yerdə sual (ritorik, platonik) verir. Ay Allah köməyin olsun, ağzını bıçaq kəsməyən qıza, bircə salamı qıymayan birinə daha 11 sual verməyin nə mənası var?

Heç üzümə baxmadan yanımdan necə keçdin?

Sən eşqin salamını qorxuyamı dəyişdin?

Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?

O qədər yaxın ikən, bu qədər uzaq oldun.

Şirin gülüşlərimiz, acı fəğanlarımız

Bir salama dəymədi?

Qayğılı anlarımız, qayğısız anlarımız

Bir salama dəymədi?

Salam verməyən birinə “Sən neylədin, bir düşün!” nidası ilə sual ünvanlamaq nə dərəcədə uyğundur? Bu sualı məktəb partladan terrorçuya-filana verərlər ki, törətdiyi faciənin mahiyyətinə varsın. Salamsız ötənə bu dərəcədə ağır tonlu, pafoslu sual ünvanlamağın mənası nədir?

Sən neylədin, bir düşün!

Yalnız indi anladım; ah, sən daha mənimçün

Əlçatmaz bir çiçəksən,

Yaşanmış günlərimtək geri dönməyəcəksən!...

Yuxarıdakı ikinci misrada poetik qəhrəman verilməyən salamdan hər şeyi anladığını deyir, amma ondan sonra yenə yuxarıdakı misralardakı sayaq suallar verir. Əgər doğurdan da məsələni anlayıbsa ki, daha iş-işdən keçib, gedən geri gələn deyil, daha o sualları verməyin nə mənası qalır?

Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm

Düz beş il ürəyimdə

Bəslədiyim məhəbbət, bir salama dəymədi.

Bir günlük həsrətimə dözə bilməyən gülüm,

Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?

Poetik qəhrəman bir misrada qarşı tərəfə xitabən deyir ki, şirin gülüşlərimiz yadına düşmədimi, qayğısız anlarımızı xatırlamadınmı, sonrasa söyləyir ki, bir günlük həsrətimə də dözə bilməzdin. Deməli, bu məqamda aydın olur ki, burada hər gün görüşməkdən söhbət gedir. Yəni poetik qəhrəman sandığı açıb pambığı tökür, inandırım sizi, bəzən şeirin bu yerində oxucu elə düşünür ki, şeir bir az da uzansa, poetik qəhrəman bir az da dərinə gedərək daha ağlagəlməz məqamları açıb-ağardacaq...

Getdin, dalınca baxdım, can ayrıldı canımdan,

Sən necə etinasız ötə bildin yanımdan?

Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,

Sənin qəlbin əsmədi.

Poetik qəhrəman o qədər hikkəlidir ki, salam verməyən tərəfin qəlbinin əsmədiyini düşünür, bəlkə, əsib, amma o, büruzə verməyib? Şeirin əsas obrazı qarşı tərəfin yerinə o qədər danışır ki, əslində, kimliyini açmaq istədiyi obrazın xarakterini daha da tanınmaz hala gətirir.

Arxana da baxmadın!

Niyə sənin yolunu məhəbbətin kəsmədi?...

Sadəcə düşünək: Salam verməyən adam hansı məntiqlə arxaya baxmalıdır? Əgər o qız arxaya baxacaq qədər həssas biri idisə, elə könlünə daş bağlayıb salam verərdi də...

O boyda danlaqdan, salamsız-kəlamsız ötüb keçmədən sonra poetik qəhrəman yenə ümid yeri saxlayır. Qarşı tərəfdən vəfa umur, gözləyir ki, bəlkə, bundan sonra nəsə işıq ucu ola.

Qazancımız de, bumu?

Deyilməmiş o salam əlvidamız oldumu?

Amma bu ümid bir misra sonra məhv olur. Poetik qəhrəman özü bütün münasibətlərin üstündən çalın-çarpaz xətt çəkir. Bu qədər tələsik qərar hansı məntiqə sığır və ən əsası sevən qəhrəman, qarşı tərəfi qınayan poetik mən bircə anda sanki öz hikkəsinin qurbanına çevrilir.

Sən mənə zülm eylədin, mənə zülm yaraşır.

Bir salama dəyməyən eşqə ölüm yaraşır!

Bir dəfə salam verməməyə görə poetik qəhrəman bir adamı ömürlük silə bilirsə, onda qınadığı ona qarşı tərəfdən nə fərqin oldu ki? Hansı haqla bayaqdan bəri yazıq qızı danlayır, abrın ətəyinə bükür axı?

Poetik qəhrəman “söylə”, “bəs nə oldu” sözlərindən bolluca istifadə edərək sanki qarşı tərəfi sanki cavab verməyə qısnayır, ağlına da gəlmir ki, bu – salam verməmək hansısa bir sınaq ola bilər.

Şeirdə kosmik zaman anlayışı var: Poetik qəhrəman umur ki, qız salam vermədiyi anda beş-altı ildə aralarında nə olub-keçibsə xanım hamısını gərək xatırlayaydı. Bu heç mümkündürmü ki? Bunu etmək üçün gərək işıq sürəti ilə düşünəsən. Ya da ölümə məhkum edilmiş Dostoyevski sayaq bir neçə saniyə sonra güllələnəcəyini bilərək bütün ömrün sürətlə gözünün önündən gəlib keçsin...

Şeirin mahiyyətində elə bir haray-həşir, özünə əl-qatma var ki, düşünürsən İlahi, bu qəhrəmana hələ bir salam verilməyib bu qədər iki arxın suyunu bir-birinə qatıb, gör o qız başqa bir iş görsəydi, nələr edərdi?

P.S. Əziz oxucu, sonda bir məqamı da deyim ki, şeirin bu cür məntiqi yanaşma ilə razılaşmamaq da olar. Şair hisslərini bəzən dərindən düşünmədən qələmə alır, düşdüyü ab-hava onu alıb aparır. Bu layihənin isə öz məntiqi, öz təyinatı var, hər halda bu da bir baxış bucağıdır. Sonda oxucularımıza xoş günlər diləyir, ustad şairimiz, türk dünyasının və poeziyamızın fəxri Bəxtiyar Vahabzadəyə Allahdan rəhmət diləyirəm.

# 10200 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #