Kulis.az Amil Amalın yeni şeirlərini təqdim edir.
Müharibədə əllərini itirən ata
“Əlsəndə” oynayırdı uşaqlarıyla.
Həmişə əl atada qalır
***
İnsan suda çox qalanda
dərisi büzüşür, yumşalır ki,
sürüşməsin əlləri.
Amma işin tərsliyinə bax sən:
Həyatda çox qalanda da
dərisi qırışır, qocalır ki,
əlli-ayaqlı sürüş burdan.
***
Tərsinə çevrilmiş dünyada
Quyular dağ olsa da
içi bomboş qalar.
***
İkinci əl əşya kimi
Əllərim əlinə
ikinci əl idi.
***
Salam, necəsən?
Üstünə sağlıq,
bir az xəstələnmişəm.
Gündə dava-dərman.
Sən necəsən?
Üstünə sevgi,
bir az darıxmışam.
Gündə dava-qırğın.
***
Qırsam döş qəfəsimdən
bircə qabırğamı,
Görən uçub gedərmi
bu çırpınan ürəyim?!
***
Bütün şübhələr yanlış çıxmışdı.
Qızıl dükanının sahibəsi və polis
hələ də özünə gəlməmişdi.
Kim bilərdi axı
əllərini ciblərində gizlədib
nişan üzüklərinə baxan oğlan
oğru yox,
döyüşdə barmaqlarını itirən
utancaq, subay bir oğlan imiş.
***
Oğlanların sevmədiyi,
heç gözucu baxmadığı
tənha bir qız ola, sevəsən,
sevindirəsən.
Bütün günü gül alasan,
başına çələng hörəsən,
dünyadakı tapılmayan
bütün növ gülləri
tapıb ona gətirəsən
sonra ölüb gedəsən,
o sənə gül gətirə.
***
Güləndə yanağında görmüşdüm.
Ömrümdə hələ beləsini görməmişdim.
Bir də görərəm deyə
çoxlu lətifələr öyrənmişdim.
Sonra öyrəndim ki,
sən demə yanağındakı
çox vaxt genetik olaraq keçirmiş.
Bioloji olaraq qüsur sayılsa da
estetik olaraq gözəllik sayılırmış.
Əsasən yanaqda, çənədə olurmuş.
Ən kədərlisi isə odur ki,
həm ağlayanda
həm də güləndə görsənirmiş.
Bəzənsə qocaldıqca itirmiş.
Adından da göründüyü kimi
daha çox qəm bildirirmiş.
Qəmzə.
***
Birinci sinifdə oxuyurdum.
Dağılmış məktəbimizdə
əsgər kaskasından idi zəngimiz.
Deşik olduğu üçün
səsi sinfimizdən eşidilməzdi.
***
Həbsxanaya salınan günü
soyundurub pal-paltarını dəyişdirəndə,
güzgüdə anasının belinə çəkdiyi
yod “kletka”sının izini görmüşdü.
Önündə paslanmış dəmir barmaqlıqlar,
belində sarı yod “kletka”sı.
Düşünə-düşünə bütün gecəni ağlamışdı.
Yodun çox hissəsi yəqin
çoxdan uçub buxarlanmışdı.
İllər keçdikdən sonra
azadlığa buraxılan günü,
həbsxana müdirinin otağında
divardan asılmış
böyük bir xəritənin üzərindəki
bütün meridianları, paralelləri görcək
fikrə gedib düşünmüşdü.
Bəlkə də anamın kürəyimə çəkdiyi
yod “kletka”sı kimi
Tanrı bütün bu meridianları, paralelləri
dünyanın sağalması üçün
yer kürəsinə çəkmişdi.