Kulis.az yeni nəsil şairlərindən olan Orxan Bahadırsoyun yeni şeirlərini təqdim edir.
Ölmüşdün?
Hər insan əvvəl-axır öləsidir, bilirsən?
İnsan da ki, Tanrının tikəsidir, bilirsən?
Yalan deyən əclafın yekəsidir, bilirsən?
... sən də yalan demişdin!
Hamı ölür - bu hikmət nə dərindir, nə dayaz!
Demək Tanrı da ölür hamıda bir az-bir az!
Gördüm ki, bu gözəllik gedər, sənə də qalmaz!
... elə gözümdən düşdün!
Kimsənin bilmədiyi sirlərdən agah mənəm!
Yer də mənəm, göy də mən, dünən mən, sabah mənəm!
Sənin də içindəki bir tikə Allah mənəm,
... ona da şərik qoşdun!
Mən sənin günahını əfv edim, intəhası,
bilirsən, eşidilməz müşriklərin duası.
Vallah, belə eləməz heç bir adam balası.
... bəs sən nəyə dönüşdün?
Saçına düşən dəni qar bilmisən, ay balam?
Məni fikrindəkinə kar bilmisən, ay balam?
Bunca zaman özünü var bilmisən, ay balam?
... sən ki çoxdan ölmüşdün!
Yeni sevgilim
"Köhnə sevgilim"dən sonra
Nə gəlmisən bu bəlalı başıma?
Hər şeyim hazırdır,
...bir sən qalmısan?!
Bir də ki,
...nə vaxtın gəlməyidir bu?
Hər şeyin yeri var!
Dəli olmusan?
Ömürə-günə bax!
Hansı yaşdı bu?
Əllərin, dizlərin qabar vaxtıdır.
Alnın qırış salan,
...gözün yol çəkən,
...neçə xatirənin qübar vaxtıdır.
Əşi, bəsdir görüm!
Sevdaymış, eşqmiş!
Məni öldürəcək sənin bu dərdin!
Sən hansı gününə bu xəyaldasan?
Bizi sevən olsa,
...Allah sevərdi!
Mən indi ölərəm,
...aşiq olmaram!
Olub, neyləyəcəm?
Məndə o can var?
Öldü, e, o çılğın, sadəlövh uşaq!
Sənin niyyətində, fikrində qan var!
Mənim arzularım daha başqadır.
Mən...
...uymaram kələyinə bu eşqin?
Qələtdir, eləyir!
Bilirsən, nə var?
... kəfəninə, bələyinə bu eşqin!
Mənim...
Tövbə! Tövbə!
Səbrimi kəsmə!
Düşmərəm, e, həvəsinə bu eşqin!
Nə yaşım o yaşdı,
...nə canım o can!
Mən...
...ölərəm nəfəsinə bu eşqin.
Soyuğundan əriyərəm şam kimi,
üşüyərəm istisinə bu eşqin!
Səni,
...elə yandırarlar,
...çəkərlər,
mən...
... düşərəm tüstüsünə bu eşqin!
Dərə-təpə sürünərəm ardınca.
Harama yaraşır...
... əsirlik mənim?
Səni də əlimdən alıb gedərlər!
Bəxtimə yazılıb yesirlik mənim!
Sən də axmaq olma!
Mən səni sevsəm,
...bütün yaraların qanıyar sənin!
İnan,
...səni sevsəm,
...elə sevərəm,
...bəşər də, məhşər də tanıyar səni!
Nə isə...
Gecənin bu saatında,
...qəfildən gəlməyin az imiş kimi,
...mənə...
...o minillik xatirələrdən...
...gətirə bildiyin pay eşq idimi?
Nəyimə gərəkdir indi bu mənim?
Adam belə etməz!
Ayıbdır, ayıb!
Mənim bu bəlalar əhatəsində,
özümü sevməyə səbrim qalmayıb!
Bağışla!
Hərdən lap dəli oluram!
Nəyi, niyə dedim,
...özüm bilmirəm.
Bir də,
...necə sənin məni özünə...
...aşiq etməyinə dözüm?
Bilmirəm!
Daha gəlmisən də!
Nə deyim ki, mən?
Qonağı qapıdan qaytarmaq olmaz!
Gəl, otur,
...bu qədər dərdin içində,
...sevim də mən səni...
...sevim də,
...bir az!
Min şükür
Sən istə, sənin üçün batım hər günaha da,
sən o qədər ucasan, nə etsəm, sönük çıxır.
Yusifi hamıdan çox sevən o Züleyxa da,
Allahı tapan kimi, Yusifə dönük çıxır.
Nə sirdisə, bilmirəm, səndən böyük nəyim var?
Mənim duam, savabım, tövbəmsən, günahımsan.
İstəsəm də dönməyə səndən başqa yerim yox,
sən məni yaradansan, sən mənim Allahımsan.
Səndə mənim işığım, gecəm var, gündüzüm var.
Səndə yaranmağım var, səndə də ölməyim var.
Sənin biganəliyin məni üzmür ki, axı,
mənim səndə hər şeyim - sənin məndə nəyin var?
Neçə ildi varlığım çəkilib inzivaya,
sənin bir sevdan üçün milyon-milyon dil tökür.
Sən məni düşünməyin zəhmətini də çəkmə,
səndən gələn rəhmətə, lənətə də min şükür!