Şeytanın saçından bərk yapış - Yeni hekayə

Şeytanın saçından bərk yapış - Yeni hekayə
27 oktyabr 2020
# 09:00

Kulis.az "Hekayə günü"ndə gənc yazar Məlik Rzanın yeni "Nazik qırmızı xətt" hekayəsini təqdim edir.

Terrens Malikə...

Qardaşım Sum, cadar dodaqlardan qopmuş qərib bağırtıyla başlayır adın. Sum! Xilqətimə möhürlənmiş tənhalıq cəzasının çarmıxında çapalayan ruhum qanını xatirələrimlə yuyur. Məscid misalı keçmişimin xatirat minarəsindəysə o yaşıl gözlü, susuz düşmənin sübhə uçan sədası. Səsində sənin adın, Sum.

Gecə. Zülmət gecə. Ulduzlu göylərdən bürküyə tökülən yağış nazik budaqlarda məskən saldıqca külək ağırlaşan ağacları sirkələyib damcıları yerə tökür yenə. Yıxılan damcılarla ləkələnmiş torpaqda kilsəyə səmt dayanmış pişiklərin Allah evinə dualarını eşidirəm. Küləyin havadan qapıb açıq pəncərəmə üfürdüyü istiliyin çənbərində xumarlandıqca günəşin məhrəmindən bizə ərməğan etdiyi yeganə sirrə -ikindiyə qayıdıram. Qürub intizarında budaqlara millənmiş qarğaların sükut vaxtında vücudumun fövqünə qalxmış yad xəyalət mənə iki cümləlik nağılımı danışıb gedir. Sonra qara qarğalar ağacları həmişəlik tərk edib qüruba itkin düşürlər.

“..........................
Bəyaz atın relsdə şütüyən qatarların təkan səsiylə qapına çapır, aç!”

Açıram, bəyaz atım gecəmdə qar dənəsi! Dərdimi kimə deyim, bəyaz atım, sənə danışıram.
Qoca poçtalyon ağlayan gözlərimə gülümsəyir, bəyaz atım. Ünvansız məktublarımı təzədən mənə qaytarıb hər gün dediyi cümlələri təkrarlayır.

“Oğlum, atanın itdiyi torpaqlar indi düşmənlərindir. Axı, bizə sədd çəkən, bizi öldürənlərin məmləkətinə məktub yollamaq olmur. Atanın son dəfə sənə məktubunu göndərdiyi şəhəri yandırıb kül elədilər. O şəhəri atanın barmaqlarından kağıza tökülmüş mənzərələriylə əzbərləyib sən öyrənmisən. Sən bilirsən. Şəhər sənin yaddaşından başqa heç yerdə yaşamır.

Düşmənin qanını daşıyan Sum isə yaxşı adamıydı. Mənə o qədər balıq pay vermişdi ki! Buz tutmuş dənizdə qaçdı, qaçdı, sonra çovğuna cuman dumanlara qarışdı. Bilirəm. İnanırsan ki, Sum dənizin o biri sahilindəki ölkəyə çatıb. Mən də inanıram. Gizlincə kilsədə müqəddəslərin ruhlarına şam yandırıb dua edirəm ki, Sum salamat qalsın. Amma, bağışla məni. Bağışla ki, ünvansız, içinə düşmən adı yazılmış məktubu uzaq torpaqlara göndərə bilmirəm. Onun adına düşmən deyirlər, oğlum”.

Poçtalyon gedir. Nifrətimi qışqırıram, bəyaz atım, qayıtmır. Çöhrəndəki qara, gözəl gözlərindən həsrətimin adıyla başlayan sualını oxuyuram indicə. Yağış kəsib, külək əsmir gecəyə. Divarlarımda donmuş pıçıltıların buzu bürküdən açıldıqca Atamın nağılları Sumun əhvalatlarına qarışır, bəyaz atım. Deyirsən ki, Sum kim idi? Kim idi Qardaşım Sum?
Atam yuxusuz gecələrimdə mənə danışardı ki, bizim şəhərin əvvəlində tayfası da özü kimi kobud, amansız olan, bitib-tükənməyən, tükənəndə torpaqları dənizlərin duzlu sularına dirənib sərinləyən çöl varmış. Bu yerdə adamlardan əvvəl Allahın barmaqlarından qum kimi ələnmiş bətnində dəfinələr gizlədən sonsuz yaşıllıqlar, xurma, əncir, tut ağaclı bərəkətli torpaqlar, qan qoxusuna cəzb olmayan durugözlü heyvanlar, baxdıqda dibi görünən şirin sulu çaylar qərar tutubmuş. Sonra Allah adamları bu möhtəşəmliyə üfürübmüş. Üfürübmüş ki, yaratdığı müdhiş məmləkətdə xoşbəxt mənzərələr görüb sevinsin. Adamlarsa ustadına verdiyə sözə xəyanət etmiş, canlarındakı tənhalığa heçlik yaratmaqdan ötrü ağacları qırmış, heyvanları öldürmüş, çayları qurutmuş, xilqətlərini şeytan nəfəsiylə ləkələyib çöl yaratmışdılar. İllər keçdikcə quraqlıqda adamlar torpaqları bölüb bir-birini parçalamış, ustadlarının bağrına rəzil lənətlərini yağdırıbmışlar. Onda Allah sarayında göz yaşlarından bir qaya ucaldıb həmin qayanı ona xəyanət etmiş tayfanın yuvasına - çölə atıbmış. Qayanın altında əzilən tayfa çölün canına yamanmış əzab quyularına düşmüş, quyudakı alovlarda yanan bədənlərin ruhları deyilənə görə bu günə qədər zülm çəkirmiş. Əsrlərlə böyük qayaya göylərdən yağışlar yağıbmış. Əbədi yağışlar. Göy deşilmişcəsinə yağışlar yağdıqca qayanın yarısı palçığa çevrilmiş, palçıqdan yaranan təzə adamlar göylərdən gələn iniltini özününkü bilib qayanın qalan yarısının üstə şəhərimizi tikibmiş. Sanki binalarıyla səmanın dirəyi şəhərimizin altındakı ruhların göz yaşlarıysa quyulardan axıb qayanın ətəklərini yalayan dənizi yaradıbmış, oğlum. İndi pəncərədən gördüyün dəniz yeraltı ruhlarının Ustada bağışlanmaq ümididir.

Bizim şəhərimizdə adamlar qardaş idi, bəyaz atım. Dünyanın ilk sakinləri kimi hamı özünü eyni qövmdən bilər, eyni nəfəsin övladlarıtək birgə yaşamaqdan özgə xoşbəxtlik tanımazdılar. Həyat yelkənləri şəhərimizə səmt almış, lövbərlərini burda salmış müsəlmanları bizlər bağrımıza basar, məscid tikintisində Allah evinin daşlarını bir çiyinləyib qardaş olardıq. İkindinin qəribliyi bizi eyni əhvalda görüşdürərdi. Süd rəngli sübhlərdə azan səsi evlərə küləkləndikcə şəhərimizdəki tək-tük yəhudilər narahat olmaz, bu sirli səs onların xəyallarına qarışıb yuxulara batırardı, gülümsəyərdilər. Dünyada düşmən olan millətlərin kişiləri həyətimizdəki qum meydançasında axşamlar voleybol oynayarkən müxtəlif coğrafiyalardan şəhərimizə düşmüş qadınları görüşüb bir-birinin dilini öyrənərdi. Dinsizləri heç kim daşlamazdı, bəyaz atım. Burda daşlar əsrlərdir torpaqda yatardı.

Şəhərimizə ölkəmizin cənub sərhədindəki dənizi qurumuş torpaqlardan gəlmişdi Sum. Balıqçı idi. Özünü tənha evində yad hiss etdiyi gün atam onun günəşdən ləkələnmiş çöhrəsinə gülümsəyib dənizimə aparmışdı. Dənizi sevmişdi Sum. Sükutu sevmişdi. Maviliyi vətəni, atamı doğması bildiyi gündən illər sonra doğumumla anamı ölümə əmanət etdiyim an Sum atama qardaşım dedi. Sonrasında bunu mənə atam danışırdı. O gecə bütün səslər sanki suda boğulur. O gecə cırcırama səsli yağışları dəli külək pəncərələrə çırpdıqca sınmış budaqlar uçub nizə kimi yerə sancılır. Anamın iniltiləri mənim kal çığırtımla əvəzləndikdə atam ümidli gözlərlə yüyürdüyü qapıda həyatının ən kədərli pıçıltısını eşidir.

“Öldü”.

“Kim?”

Bir an qırmızıya bələnmiş mələfədə anamın qanı buxarlanmış üzünü gördükdə baxışları içinə qapanır atamın. Ləngərli dənizdəki qayıq kimi qüvvəsini itirib çökür... və bağırtı. Söz sanki ətindən qopur. “Sum!”
Atamı iri qollarıyla qucaqlayıb huşsuz başını bağrına basan Sumunsa ağzından bircə kəlmə çıxır. “Qardaşım”.
Mən böyüdükcə Sum gözümdə nəhəngləşir, bəyaz atım. Amma onun nəhəngliyi qaramat nağıllardakı adamyeyən divlərin canımdakı qorxusuna bənzəmir o gecə. Atamla şahmat oyunlarında məsumlaşan üzündən dəmir sinəsinin altında mirvari kimi gizlənmiş ürəyinin saf döyüntələrini oxuduqca Sumu ruhumda duyuram. Sumdan qorxmuram. Sonra dərd yoldaşları məni yuxuya yollayıb evin zülmətində içərkən yarıaçıq kirpiklərimə tikə-tikə kölgələr hücum çəkir. Qışqırıram. Sanasan, qaranlıqdan kəpənək uçur yanıma. Qara nöqtələrlə ləkələnmiş ağ qanadları yenicə çıxmış kəpənək. Gözlərimi açıram: Sum. Dilində mənim adım. “Qorxma, Qardaşım”.

Dünyanı əl içinə almış müharibələrdən uzaq, yer üzündə Ustadın yeganə təsəllisi şəhərimiz sülh ulduzu kimi göylərə parlayır. Uşaq olan mən nəhəng Suma Qardaşım deyirəm, bəyaz atım. İncimir. Gecələri birgə qayalarda oturub dənizimə tilovlarımızı atır, sübhəcən dənizin səthində ləngər vuran ayı izləyərək susuruq. Toranlıqda həyətimizdən dənizə piyada getdiyimiz, hər gün Sumun ancaq balıqçıların bildiyi sirri mənlə bölüşdüyü yolda sükutumuzun səbəbini təzədən anlayır, yaddaşıma bərkidirəm.

“Bütün yaxşı balıqçıların bildiyi bu əfsanə onların dillərində duadır, Qardaşım.
Dinlə! Yaradılışlarından dənizə aşiq balıqlar mövcudluqlarının ilk günlərindən insan şüurunun məhrəminə vara bilməyəcəyi sükutla hədiyyələnmişdirlər. Adamların yerə gəlişinə qədər səltənətlərində xoşbəxt yaşayan balıq tayfası Ustadın onlara göndərdiyi sınaq ilğımına - balıqçılara aldandı. Qaranlıq, sükutlu dənizin cənnət dibinə xəyanət etməyən balıqlar əbədi məskən saldıqları o sirli məkanda yaşayar, ömürlərinin qışında korluğa məhkum olarlar. Amma bu korluq, qaralıq onları bütünüylə göylərə aparan körpüdür. Onlara biz balıqçılar müdrik məxluqlar deyərik, Qardaşım. Yuxarıdakı işığa, qan qoxusuna, yemə cəzb olan balıqlarsa dənizin saf maviliyini qanla çirkaba çevirənlərdir. Bax onların cəzası tilovlarımızdır. Amma, bil! Əvvəlinə xəyanət etmiş balıqların kirli ruhlarında bir damcı sükut eşqi gizlidir! Onlar ancaq sakit tilovlara gələrlər, Unutma!”

Bir gecə Sum sükutu pozur. Əllərimi ovuclayıb saatlarca çöhrəmə baxır. Heç kimlə bölüşmədiyi dərdinin məsumiyyəti uşaq saflığıma inanır, bəyaz atım, bilirəm. Qardaşım Sum həyatını mənə danışır. Çünki ancaq mən ruhundakı hüznə qardaşam. Yenə əvvəlcə həmişəki çağırışını pıçıldayır gecəyə. “Qardaşım...” Gözlərimlə cavablayıram onu. “De, Sum”. Başlayır.

“Qardaşım... Mən zirvələri göylərə dirənən dağların əhatəsində, yayda dəniz sahillərində günəşdən yanan, qışda çovğunlarda evə qapanıb tənhalaşan qəribə adamların yaşlandıqları üfüqsüz məmləkətdə doğulmuşam. İsti günlərdə günbatımınacan dənizin seyrində qəribləşən adamlarımızın axşamları pəncərələrindən ancaq tayfamıza məlum alətdən yayılan kədərli musiqiləri ərşə küləkləndikcə mən belə həssas ruhların yaşadıqları torpaqlara heç vaxt müharibə yellərinin əsmədiyinə inanardım. Amma tariximiz ölkəmizdə əsrlər əvvəl dünyanı zəbt edən fatehlərin böyüdüyünü, babalarımızın uzaqlıqlarda quru torpaqlar uğruna qan tökdüyünü danışanda inamım kitab arasındakı yarpaqlar kimi ovulub toza çevrildi. Məktəbi tərk etdiyim gündən balıqçı atamla sevgilim dənizin kürəyini təknəmizlə yarar, sükutdan qopacaq balıqların gözləntisində dənizin üfüq zolaqlarını tutmuş dağları izləyərdik. Əlimiz yaxşı gətirəndə atam tilovlarımızı təknənin bir küncünə atıb mənə əfsanələr danışardı, Qardaşım.

Deyərdi ki, qarşıda ucalan dağlar göylərdəki mübhəmliyin yer üzünə düşən kölgəsidir. Bu kölgə ilğıma aldanmış balıqçılardan heç biri indiyəcən geriyə qayıtmamış, həmin dağların sirrini özlərinə gömüb dənizə yox olmuşdurlar.
Maviliyə gəlişimdən təknəmizə daim qonan, çox sevdiyim, xırda balıqlarla yemlədiyim topal qağayı o gecə gəlmədi. Qağayının gedişi aylar əvvəl dənizə küsmüş, onu tərk etmiş atamın ölümünü xəbər verirdi, hiss edirdim. Sübh işıqlarında evimə tələsmədiyim, ruhumu bütün düşündüklərimin hissiyatımın uydurmaları olmasıyla sakitləşdirdiyim məqam həyətimizdəki daxmada bitdi. Atamı göyərçinlərin arasında ölü tapdım. Topal qağayı küy salıb buğda dənələrinin ölüm tərinə qarışıb vücuduna yapışmış atamı ac göyərçinlərinin hücumundan qoruyurdu.
Böyüyürdüm, Qardaşım, böyüyürdüm. Göyün nəhayətsizliyi altında balıqlar tutub atasız evi yaşadır, kiçik qardaşım Səlimə məktəbdənqalma ibtidai biliklərlə hərfləri öyrədirdim. Vaxt sürətlə buxarlanırdı. Amma bürkülü yay günü darıxan canım dağların arxasına çökən günbatımı gəzintisində Mariyanı gördü. Əvvəlcə dalğalardan qopub sarı qumlara addımlayan gözəlliyi su pərisi bildim. Gözlərim yosunlar ilişmiş saçlarından çılpaq gövdəsinə, yalın ayaqlarına qaçdıqca o qarşımda ömür boyu seviləsi adama çevrilirdi. Əllərini tutdum, Qardaşım, mavi gözlərinə qarışdım, əlimi dənizə nişanlayıb bəyazlığına qışqırdım. Bu da dəniz möcüzəsiii, Mariyaaaa!

Bir gecə babamdan qalmış miniatür albomundan bir rəsm çıxarıb ona göstərmişdim. Rəsmdə hər şeyin fövqündə dayanmış qadın yaşıl ağacların, mavi çayların, qırmızı buludların, çiçəklərin, quşların və ceyranların arasında sakitcə kaman çalır, gülümsəyirdi. İlahi varlıq kimi! Rəngli mənzərənin bitdiyi yerdən isə quru, od püskürən çöl başlayırdı, Qardaşım. Çöldə saçları pərişan aşiq möhtəşəm amalına addımlayır, addımlayarkən sevgilisini rəsmin üçüncü, sonuncu zülmət səhnəsindən qara atlarla çapan cinlər ordusundan qoruyurdu. Bağrı qan içində, gözləri yaşıl, başı əmmaməli aşiq. Xilasına qaçan, yetmədiyini qoruyan dərviş. Yolunun dərvişi.

Ona “Bax, mən səni belə sevirəm” demişdim. Öpüşmüşdük. Mariya əllərini xaç kimi yanlarına açıb uzanmış, dəhşətini pıçıldamışdı. O pıçıltının sonrasında isə tənha gecənin ilk zəlzələsi vardı. Ruhlar qovuşur, yuxular yaşanırdı.
Babam cənubda ən məşhur nağılçı idi, Qardaşım. Çayxanalarda kasıblara varlılarının həyatından danışıb qara gecələrinə xəyal cücərdər, saraylarda varlıların bəsitə qayıdış həsrətini kasıbların sadə həyatından hörülmüş nağıllarla bəsləyərdi. Çiçək açan gənc qızların kölgələri divarlarda ehtirasdan titrəyərdi... Çünki babam o gün qızları şərq poemalarındakı dağları sarsan, aslanları boğan, səhralara itkin düşən qüvvətli, bağırları şəhvətlə daşan aşiqlərin təsvirləri ilə hədiyyələyərdi. Oğlanlar canlarındakı istilikdən yata bilməyib gecələr yataqlarında qıvrılardılar. Gözlərinin ardına babamın əmanət etdiyi mənzərələri çəkər, çayda çimməkçün soyunan qızların çılpaqlığını incəliklə düşünər və eynən miniatürlərdəki adamlar kimi atların belində ağacların ardından, təpələrin üstündən gizlincə baxardılar. Sonra arzulanan başqa aləmə köçər, o aləmdə qızlar döşlərini hörüklərlə gizlətməz, oğlanlar qızlara xəlvət baxmazdı. Atlar birbaşa çaya çapardı. Oğlanların atları qara, qızlarınki ağ olardı. Röyalar qovuşardı Qardaşım.. Röyalar zəlzələdən sarsılardı. Zəlzələnin səsini isə ancaq babam eşidərdi. Səhərlər açılar, yuxular çin çıxardı: tut ağaclarının altında, meşəliklərdə, çayların kimsəsiz sahillərində... Heç kim eşitməzdi.. Amma kor nəqqaşlar qaranlıqda, mübhəmlikdə görərdilər, çəkərdilər rəsmlərinə.. Rəsmlər sifarişli kitabların vərəqlərini bəzəyərdi...

Babamı şahın casusları öldürdülər. Sərhəddə sizinkilərdən çoxlu pul alıb söz vermişdi ki, camaata onların nağıllarını danışacaq. Çayxanalarda, evlərdə, məclislərdə iti dilini işə salıb bağırırdı ki, onların saçları alovdur, şahı yandırar! Onlar torpaqları ədalətlə bölənlərdir, bütün dünya xalqlarını eyni qövmdən bilənlərdir, məzlumları sevənlərdir, zalımları qəbirəcən qovanlardır, günəşi içənlərdir, qızıl məşəllə gecələri gəzənlərdir, qırmızı ürəklilərdir, dəmirdən yoğrulanlar, atəşdən doğulanlardır!

Ölkəmizdə qiyamlar qalxanda babamı zülmət küçədə öldürdülər. Arxadan sakitcə yaxınlaşıb xəncəri böyrünə sancdılar, daşı başına zərblə çırpdılar, Qardaşım. Cəsədi sürüklənib quyuya atıldı. Qanı gur saçlarından axıb gözlərini, ağzını doldurdu, nəfəsini kəsdi, qanında boğuldu. Görənlər ağac idi, palçıq rəngli it idi. Onların dilindən çayxanalarda danışan məddahlarsa qətli heç vaxt üzə çıxarmadılar.

Atam deyərdi ki, babam qürub çağlarında quyunun dibindən o dünyanın nağıllarını danışarmış. Amma şah adını kafirliklə damğaladığından kimsə nə gözətçilərin qoruduğu quyudan cəsədi çıxarmağa, nə də yaxınlaşıb xiffətini çəkdiyi yerin necə yer olmasını dinləməyə cürət edərmiş. Gözətçilərsə hər həftə ölərlərmiş. Xilas vədinə, əsrarlı nəqlə aldanıb quyunun ağzına dırmaşar, güclü təkanla tullanıb özlərini cənnətə atarlarmış. Babam isə qışqırarmış, şahınız quyuya tullanmadıqca susmayacam. Quyunu isə illər sonra sularını irəli çəkən dəniz yuyub aparıbmış. Geridə babama inananlar, qibləni dəniz bilənlər qalıbmış. Bir də Sükut.

İllər atlarına minib keçmişə köçürdü. Sevgilimlə cahil gözlərdən uzaq qayıqların kölgələrində, gecələrin zülmətində gizlənirdik. Tez-tez boşluqla uzanan, yaşıllıqlardan-meşələrdən məhrum, qaçış yeri olmayan çölü, onun yaradıcısını lənətləyirdik. Duzlu dodaqlarımızla öpüşür, qara bəxtimizə ağlayardıq. Xristian qızı idi Mariya. Bizim məmləkətdə sizin şəhərinizdəki kimi xristian qızların müsəlmənlarla sevgisinə qol qoyulmazdı, Qardaşım. Öldürərdilər. Allahın bitib-tükənməyən günlərinin birində xristian səyyah qapılarına elçi düşəndə atası Mariyanı qul kimi qızıl pullara satdı. Qaçmalıydıq. Amma bilirdik ki, qaçışımızda tutulsaq öldürərlər. Dağlara qaçsaydıq, Mariya çovğunlarda dözməzdi. Ona keçilməz dağların öldürücü qüdrətindən danışmışdım. Hara baxsam, ölüm idi, Qardaşım. Ölüm.

Axırda şərqdəki əsərlərin bütün əfsanəvi sevgililəri kimi biz də intiharı seçdik. Sinəsi dənizin küllü boz sularına açılan dağın qayalarında əllərimizi cütləyib dayananda Mariya məni öpüb qəfil barmaqlarını barmaqlarımdan ayırdı. Üzü səmaya dənizin canalan bağrına tullandı. Məni həyata bağışladı, Mariya. Ölə bilmədim, Qardaşım, ölə bilmədim.
O gündən vicdanımın tərkindəki günahım dayanmadan əzabıma, Mariyanın ölümünə çapır. Aylarla məscidə qapanıb içkilərə məst olmuş ömrümdə birinci dəfə Allaha dua elədim. Dua elədim ki, sevgilimi sularına almış canavar dənizi qurudub heç eləsin. Və bir gün Qardaşım... O möhtəşəm sübh çağında dəniz üfüq zolaqlarındakı dağlarla quruyub qeyb aləminə köçdü. Günlərlə qurumuş dənizin quraq torpaqlarında gəzdim. Gecələri ayın, gündüzləri günəşin qızdırmasından yanırdım. Bütün günü cismsiz kölgələr torpaqdan dikəlib vücudlaşır, məni huşa aparır, hamısı daim eyni sözləri təkrarlayırdı.

"Çöldə açdım gözlərimi, çöldə yumacam.
Anam öldü-susuzluqdan.
Atam öldü su axtarışında.
Mən sağ qaldım ilğımların çaylarından su içərək.
Yaşadım iki qaranlıq zamanın arasında.
Tənha idim ölümlə doğumun ortasında.
Doğumumdan əvvəl kim idim? Ölümümdən sonra kim olacam?
Bilmədim.
Adımı məni dünyaya gətirənin dilindən eşitmədim.
İlğımların sirrinə yetişmədim.
Yetişənlər atlarına mindilər, ruhlarını ilğıma köçürdülər".


Doğmalarını dənizə itirmiş adamlar onları axtarıb tapırdılar, Qardaşım. Mən isə dolaşdığım viran qalmış dəniz ölkəsində fatehlərimizin kəsdiyi tənha kəllələri, atlarının üstündə əllərindəki qılıncları yuxarıya sancmış sərkərdələrin skeletlərini, içi əzəmətli xaqanlarının adına kəsilmiş pullarla, hökmdarlarımıza hədə məktubları ilə dolub-daşan sandıqçaları, sərxoş başların diqqətsizliyindən qayalardan sıyrılıb dənizə düşmüş, rəngini itirməmiş metallarından adama göz vuran maşınları, boynundan qadın saçı asılmış, tayfamın xəyal bildiyi su pərisinə aşiq roman qəhrəmanını, çoxdan dibə batıb sükut kimi hərəkətsiz, göyərtələrində qaranlıq meşələr alaqlanmış böyük gəmiləri, içinə köz doldurulmuş kimi parlayan pulcuqlar ilə balıqçıların arzularında sayrışan balıqları tapdım. Amma şoran torpaqlarda gəzməkdən çatlamış dabanlarımın ağrısından diz çökdüyüm axtarışımın sonunda hiss etdim ki, Mariya dənizlə, dağlarla gedib, Qardaşım.


Beləcə havası ciyərlərimi yandıran torpaqlarımı, anamı, Səlimi tərk etdim. Çölə düşdüm. İntəhasız, susuz gəzdiyim səhrada həyatımın mayakı mərhəmətli bir karvançı məni sarı dəvələrinin belində şəhərinizə gətirdi. Belə Qardaşım... mənim həyatım... dərdim... belə”.


Uşaqlıq yaddaşımdan silinməyən Sumla xatirələrimi, həsrətimi ona sən yetirəcəksən, bəyaz atım. Əhvalatımı bitirdikdə qapımdan şəhərimizin ətəklərində donub böyük səhra heykəlinə dönmüş azman dənizə çapacaqsan. Dənizi keçib o xoşbəxt ölkəyə çatdıqda fəhminlə yeganə yuxusuz adamın qapısını, Sumu rahatca tapacaqsan. Daim görüşdüyümüz, oyandıqdan sonra unutduqlarımız röyalardan sonuncusunu bu dəfə unutmayan Sum səni gözləyəcək. Xəyalında gördüyü səhnə təkrarlandıqda heyrətdən dili dolaşacaq, alma gözlərindən əhvalatları oxuyanda məni tanıyacaq Qardaşım Sum. Ağlayacaq, çox ağlayacaq. Onda o da sənə öz əhvalatını danışacaq. Yenidən mənə gələcəksən, bəyaz atım. Keçmişlərdə ün yetməyən kəndlərdən şəhərlərə xəbər aparan çaparlar kimi sən də bizi sükütumuz, gecəmiz, sözlərimiz həkk edilmiş gözlərində görüşdürəcəksən. Amma ölə bilsəm, bəyaz atım... Ölsəm...


Əsrlərdir torpaqda yatan daşları adamlarımız bir-birinin başlarını yarmaqdan ötrü ovuclayanda sanki şəhərimizi yerin altından zəlzələ, buludların üstündən şimşək vurdu, bəyaz atım. Sumun ölkəsi ilə məmləkətimizin orduları döyüşərkən hökumətlər ilk daşın atılması günahını yeni tarixində qarşı tərəfin adına yazırdı. Küçələrdə adamlar hamının vətənin müdafiəsinə səsləyir, sərhəd ölkənin əsgərlərini uşaq başı əzən əclaflar, cəsəd parçalayan zalımlar kimi göstərir, çoxdan unudulmuş döyüşləri gün üzünə çıxarıb itirilmiş torpaqların xiffət yaşlarını xalqımızın gözündən axıdırdı. Genişləndirilmiş sərhədlərlə ali millətimizin keçmiş imperiyasını bərpa şüarlı mitinqlər artdıqca Sum ümidsizləşirdi. Atamla axşamkı şahmat oyunlarında süst halətindən mənə kədərlə gülümsəyir, sevdiyi şəhərimizdən ona yaxınlaşan faciənin qapıda gözlədiyini hiss edirdi. Atamsa eynən anamı itirdiyi gündəki kimi Sumu qucaqlayıb, bu dəfə özü deyirdi, “Səni qoruyacam Sum. Heç kimi səni öldürə bilməyəcək, Qardaşım...”


Sumla babamın həyətimizdə əkdiyi əncir, tut ağaclarının budaqlarında şirəli əllərimizlə zarafatlaşıb meyvələri yediyimiz gün atam poçtalyonun verdiyi məktubu gətirdi. Sum məktubu tutdan qaralmış əlləri ilə açanda qısılmış gözləri vərəqlərdəki kəlmələri oxuduqca iriləndi. Qardaşı Səlim “Sənin üçün döyüşürəm, Qardaşım Sum, az qalıb, döz. Əzəmətli ordumuz bunları əzib gələndə oğurlanmış o dəniz bütövlükdə sənin olacaq” yazırdı.
Sum başını atamın sinəsinə sıxıb susdu, susdu... Sonra Allahın lənəti kimi ulduzlar göylərdən qopub şəhərimizdəki binalarda partladı. Sum atamın yaşıl gözlərinə pıçıldadı.
“Dəniz özündən başqa heç kimin deyil axı, Qardaşım...”


Müharibə başlayandan azan səsi gəlməyən şəhərimizdə dağıdılmış məscidin qalıqları arasında dik dayanmış minarəyə baxan Sum o gecə səhərəcən həyətimizdə Allaha yalvardı ki, atamın nağılındakı böyük daşı şər nəfəsdə boğulan tayfaların başına atsın.


Müharibə yaşlandıqca döyüşmək istəməyənlər divarlara söykənib güllələnir, bombalar şəhərimizdə fişəng kimi açılırdı.
O gün biz Sumu evimizdə gizlətdik. Atam Sumun çiyinlərini, mən ayaqlarını qucaqlayanda evi Mariyanın tək şəkli ilə bərabər işığa qərq olmuşdu.

***

Müharibə sürətlə yeni cəbhələr açdıqca qara tunellərdən şəhərimizə qatarlar sürünür, adamları yırtıcı təkin qapıb barıt qoxulu səngərlərə aparır. Mənim atam kirli, hisli dodaqlarında siqaret sümürən yaralıları perronlara boşaldan qatarla gedən gün qar yağır, bəyaz atım. Qar. Divarlara söykənib güllələnməyin qorxusundan çiynini tüfəngləmiş atam göylərdən ələnən pak qar dənələrinə qarışır. Sanki bəyaz qar çirkaba batmış ruhlarımızı təmizləmək ümidi ilə göylərdən şəhərimizə elə tələsir ki... Elə tələsir ki, havadaca qar dənələri bir-birinə hopub irilənir, yekə, qaya kimi möhkəm bəyaz daşlar başıma dəydikcə qarda Ustadın qəzəbini duyuram. Atam isə dumanda getdikcə gözlərimdən əbədi uzaqlaşan cismindən ətrafımdakı sükutlu adamların üzlərinə kədərli sözlərini nişan qoyur.
“Bəlkə də Allah qayanı atmalıdır, gecikir..”
Gecikir, bəyaz atım.


Yumulmuş gözlərimi açanda relslər boşluqda, perronlar qan gölündə, atam sürgündə, mən şəhərimdə tənha qalıram.
Qaçmalıyıq, bəyaz atım. Cənnətdən qovulmuş ulularımız kimi taleyimizlə barışıb xilasımızın axtarışına məhkum olmalıyıq. Sum poçtalyonun verdiyi, müharibənin nəfəsi ilə qaralmış çörəklərimizi, paltarlarımızı çamadana yığır. Atamın ağ-qara şəkilli albomunu köksümə sıxıb gözləyirəm. Babamın əkdiyi ağacların yarpaqsız budaqlarında göyərçinlər üşüyür.


Havada, uçuşan yarpaqların xəzan xışıltısı var. Qızdırmadan yanıram. Payızın canına qəfil qış cücərib sanki. Çovğun qəzəbli adamları yolumuzdan təmizləyib. Şaxtadan daş olmuş dəniz səhrasını keçəcəyimizə arxayınam. Sahildə heykəl bədənlərimizin sükutuna uzun dəqiqələrdən sonra Sumun dodaqlarındakı tərpənişlərdən axan kəlmələr pozanda bilmirəm ki, bu əhvalat Sumdan eşitdiyim son cümlələrdir..


“Oxuduğum kitablardan öyrəndim ki, gündüzlərə istisini yayan günəş, gecələrə yıxılan ulduzlar, dənizlərə yansıyan Ay min il əvvəlin görüntüsüdür. Biz adamların göylərdə gördükləri sadəcə keçmişdir, Qardaşım. Onların indisindən sonrakı nəsillərimiz xəbərdar olacaq. Yerdəki görüntülər də göylərə keçmiş mənzərələrimizi ötürür. Şeytanın oyunudur bu. Allah min il əvvəlki xoşbəxtliyimizi görür, indimizi yox. Əgər belədirsə, Qardaşım, ancaq min il sonra müqəddəs göz yaşlarından ucalmış qaya dünyamıza atılanda Allah xəyanətimizə ağlayacaq. Əslində o qaya tayfasız, ağacsız boş torpaqlarda məqsədsiz diyirlənəcək. Sarayında yeni tayfanın sədaqətinə ümidlənmiş Ustad yumulu gözlərini min illik yuxusundan açanda heçlikdə yaratdıqlarının yeganəsini - şeytanı tənha, qayaya zəncirlənmiş, sözünə sadiq görəcək. Utancından bağrı çatlayacaq Ustadımın. Şeytanın ruhu pakdır, Qardaşım... pak... gedək”


Şəhərimizə son dəfə baxıb gedirik, bəyaz atım... Qızdırmadan yanıram. Ayaqlarım quma bulanmış qarın palçığında ağırlaşdıqca əlimdən bərk tutmuş Sumu çovğunda itirirəm... Duman çökür gözlərimə... Dumanda yaxşı adamlar keçmişə - gözəl günlərə qayıdışa inanır... Amma birdən güllələr, addımlar yaxınlaşır, bəyaz atım... Ölümü eşidirəm.. Poçtalyonu görürəm... Əsgərlər gəlirlər... Qaçıram... yıxılıram... qalxıram... Bilirəm ki, Sumun əlini buraxmasam, öldürəcəklər onu... Yox, Qardaşım... Qışqırıram... Atamı xatırlayıram. Atamın Suma son sözünü... Dənizin buzuna çatdıqda gücsüz barmaqlarımı Sumun nəhəng əlindən ayırıram. Beli üstə düşürəm sərt buza..Ruhumdan qopur iniltim “səni heç kim öldürməyəcək, Qardaşım Sum... Qaç!”. Dayanır... Mənə uzanmış əli dumanı yardıqca əsgərlər poçtalyonla silahlarını üstümüzə tuşlayırlar... Əli titrəyir... Sonra Allah hər şeyi görür, bəyaz atım! Duman nəfəs alan adam kimi sinəsini qabardır... Bağrından boy verən titrək qanadlı qırmızı mələkləri Sumun xilasına xətt çəkir... Nazik qırmızı xətt... Ustadın Sumun saf ruhuna qalxanı... Nazik qırmızı xətt, bəyaz atım. Güllələr çiçək kimi açılır... Kəpənəktək uçub mələklərə qonur. Mələklər parçalanmış qanadları ilə dənizə səpələndikcə xətt bütün dəniz boyu yayılır... genişlənir... Huşumu itirdiyim an çox uzaqdan dumanda qaçan Sumun sədasını eşidirəm.. “Qardaşııım!”

***

Xəyalıma çağıranda gəlmədin, bəyaz atım.
Gözlərimi ardındakı rəsmin həyəcanı ilə səni gözlədim.
Xatırlanmayan röyamda hürküb qaçan gövdəndən ovucumda saf iz qaldı. Oyandım. Əlimi açdım. Qar. Ərimirdi. Qürub röyama yatmamışdan bəyazından həyatıma yağmış qarı qoxlayıb yuxularıma getdim.
Orda ovcumda paslı açar vardı. Qarşımda qayaya zəncirlənmiş şeytan. İçi qışqırıb yalvarırdı, amma dinməz üzü, güzgü gözləri üzə bir kəlmə də çıxarmırdı. Mən gecikdikcə bədəni parçalanır, yanmış ət qoxusu ürəyimi bulandırırdı. Kömək istəmirdi. Mən isə canımda ona yaxınlıq duyurdum. Dözmədim. Açarla heysiz qollarını qaynar daşlardan açdım. Yorğun təkanla dikəldi... Havadakı şəffaf halələri sığalladı. İşıq dairələri birləşdikcə əzəmətli görüntünlə canlandın, bəyaz atım. Yalın adam saçı kimi... Şeytanın tərpənməz dodaqlarından arzuma inancını oxudum. Sənə hopub yox olanda ayıldım. Həyatımda xəyalət libası ilə yaşmaqlanmışdı şeytan.

Arzularımın bərkidiyi bu gecə yad xəyalət məni ölümümlə müjdələyib Suma yetirməyə söz verdi... Qapımı açıb gözlərinə yazdım əhvalatımı, bəyaz atım... Ruhundakı sərt qayaları intizarımla əritdim... Yazıb öldüm. Həsrətimi daşıyası gözlərinə köçdü cismim... İndi çiçəkli dənizdə Suma çapırsan.. Qara gözlərindəyəm... Dünya qara... Çatırıq... Arxamızda ömrüm boyu qürub bildiyim mələklər ordusundan çəkilmiş nazik qırmızı xətt... Kipriklərimdə pak Qar... Dilimdə zirvədən tərkində Sumla Ustadın sükut səltənətinə uçarkən sözlər unudulmamış deyiləcək son cümlələr...
“Ruhlarımız xilasından yıxılmasın, Qardaşım Sum... Şeytanın saçından bərk yapış...”

# 4447 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #