Qarışqa yuvası - Hekayə

Qarışqa yuvası - Hekayə
11 yanvar 2020
# 15:03

Kulis.az Sara İbrahimin “Qarışqa yuvası” hekayəsini təqdim edir.

Məti kəndin naxırını otarırdı. Qədd-qamətini, enli kürəyini, dəmir kimi biləklərini görüb tanımayanlar onun naxırçı yox, pəhləvan olduğunu zənn edərdi. Qırx yaşın kürəyini çoxdan yerə qoyan Mətinin indiyə qədər başı da ağrımamışdı. Kənddəki cavanlar Mətinin pəhləvan cüssəsinə, sədəf kimi dişlərinə həsəd aparırdı. Biçin vaxtı əlli kiloluq buğda taylarını top kimi oynadıb çiyninə atanda, ikisi bir tay buğda kisəsini güclə qaldıran cavanlar ona sataşırdılar:

- Ay kişi, gücünü göstərirsən, bir azdan qocalıq belindən basacaq, o vaxtına güc saxla.

Məti heç kimə cavab verməzdi. Səhər dan yeri ağarandan qaş qaralana kimi örüşdə olduğundan kəndin adamlarıyla çox vaxt xeyirdə-şərdə görüşürdü. Naxırı kəndə gətirib heyvanları sahibinə təhvil verdikdən sonra evdən çölə çıxmırdı. Arvadı Tamaşanın evdəki ən iri boşqabda çəkib qarşısına qoyduğu xörəyi iştahla yeyib toqqanın altını bərkidəndən sonra yorğanı başına çəkirdi. Evdə arvad-uşaqla da işi yox idi. Ev, həyət-baca işlərini arvadı Tamaşanın üstünə atmışdı. Əkin-biçin mövsümünü çıxmaq şərtilə, mal otarmaqdan başqa bir işin qulpundan yapışmırdı.

Məti çox kal adamıydı: deyilən sözü də gec başa düşürdü. Həmsöhbətindən ən azı iki dəfə soruşandan sonra onun nə demək istədiyini anlayırdı. Özü heç vaxt xəstələnmədiyinə görə başqalarının niyə xəstəlikdən, ağrılardan şikayətləndiyini dərk edə bilmirdi. Arvadı Tamaşanı başı, beli sarıqlı görəndə cin atına minirdi:

- Yenə qaraçı kimi üst-üstə geyinib nə zıqqıldayırsan? Hıqqıltından gecəni rahat yata da bilmirəm. Böyrünü yerə verib yatmağın dərdindən artistlik edirsən. Durduğun yerdə nooldu, xəstələndin, dünən turp kimiydin.

Tamaşa ölülərinin goruna, dirilərinin canına nə qədər and içsə də, Mətini inandıra bilməzdi.

Naxırı kəndə gətirəndə yolun ortasında arabasının təkərləri palçığa batıb qalan həmkəndlisini gördü. Arıq, cansız kişi ulağa qoşduğu arabanı nə qədər itələsə də, təkərlər azca qabağa hərəkət edib yenidən özünə yer elədiyi çökəyə düşürdü.

Kişi Mətini görəndə sevindi. Mətinin güclü biləklərinə baxıb gücə düşüb ağrıyan belini dikəltdi, alnından üzünə axan tərini silib:

- Səni Allah yetirdi, ay Məti, bu çərdəymiş... - uzun qulaqlarını sallayıb günahkar gözlərini palçıqlı yola zilləyən eşşəyi göstərdi, - məni yarı yolda qoydu. Arvad evdə gözləyir, çörək bişirməlidi, dəyirmandan gəlirəm - dedi.

Məti eşşəyi qanlı-qanlı süzüb həmkəndlisinə tərəf çevrildi:

- Ay kişi, bir eşşəyin əlində aciz qalmısan. Palçıqla əlləşdiyini eşşəyin dərsini versəydin, indi çoxdan evdəydin.

Kişi Mətinin nə demək istədiyini anlamayıb gözlərini döydü.

Məti kişinin palçıqlı əllərinə, yarısı löhməyə girmiş arabanın təkərinə gözucu baxıb ulağa yaxınlaşdı, əlindəki dəyənəyi yellədi. Yoğun, ucu düyünlü dəyənəyi var gücüylə yuxarı qaldırıb ulağın belinə endirdi. Ulaq aldığı zərbədən qabaq ayaqlarının birini qaldırıb o birini yerə döydü; qulaqlarını tez-tez çırpıb anqırdı. Ulağın sahibi Mətiyə çatana qədər o, dəyənəyini dalbadal ulağın başına, sağrılarına endirdi. Yazıq heyvan ağrıdan yerindən necə tərpəndisə, arabanın palçığa batmış təkəri az qaldı ki, batdığı yerdən çıxsın. Heyvanın sahibi dəyənəyi Mətinin əlindən almağa çalışırdı:

- Ay nataraz, səni çağırdım ki, heyvanı o dünyalıq edəsən? Başına dəysin sənin köməyin, yeri get, naxırının dalınca... - dedi.

Mətinin gözü qızmışdı,kişinin kənara itələyib bu dəfə ulağa bir təpik ilişdirdi:

- Bu qanmazı niyə qoymursan ağıllandırım, sən kənarda dur, bu dəqiqə arabanı çəkib çıxaracaq.

Kişi Mətiyə gücü çatmadığını görüb kənara çəkildi; əlindən onu söyüb bağırmaqdan başqa bir şey gəlmədi.

Məti ulağa daha bir neçə dəyənək zərbəsi endirdi. Arabanın yerindən tərpənmədiyini görəndə ondan əl çəkdi, ulağı söyə-söyə arabanın arxasına keçdi, çiynini arabanın cağına dirəyib bir həmləylə onu batıb qaldığı yarğandan çıxardı. Mat-məəttəl ona baxan həmkəndlisini orda qoyub uzaqlaşan naxırın dalınca getdi.

Mal-qaranı yaşıl otluğa buraxmışdı. Özü kürəyini balaca təpənin döşündə xal kimi bitmiş üstü mamırlı daşlardan birinə söykəyib ayaqlarını irəli uzadaraq oturmuşdu. Gözü otluğun arasından görünən qarışqa yuvalarına sataşdı. Qarışqalar yuvanın ağzında qaynaşırdılar. Bir xətt boyunca düzülüb yuvalarına yem daşıyan qarışqalara baxıb fikirləşirdi: “Allahın da qəribə işləri var: bu qarışqaları niyə yaradıb. Heç kimə, heç nəyə faydaları yoxdur. Gör torpağı necə eşiblər”.

Başını qaldırıb ağ topa buludların arasından görünən gömgöy səmaya baxdı. “Sənin də yanlış yaratdığın canlılar var. Başın nəyə qarışıbmış bu axmaq həşəratları yaradanda? İnəyi yaratmısan ki, südünü içək, atı minməkdən ötrü, toyuğu yumurtasına görə, iti bizi oğrudan-əyridən qorumaq üçün yaratdın. Bu murdar həşəratları yaratmasaydın da olardı”.

İnəklərdən bir neçəsi naxırdan aralanıb meşəyə tərəf uzaqlaşmışdılar. Yerindən qalxıb yüyürdü, meşəyə girməkdə olan heyvanları qabağına qatıb düzənlikdə otlayan naxırın yanına tərəf qovdu.

Çomağını əlində fırladıb fit çala-çala dərədəki bulağa tərəf getdi. Su içib geri qayıtdığı cığırın kənarındakı qarışqa yuvalarını görüb dayandı. Uzaqdan kirpi kimi görünən torpaq komalarını təpiklədi. Dağılmış yuvalarının ağzında qaynaşan qarışqaları ayağıyla əzib torpağa qatdı. Təpənin yanına çatana kimi cığırın kənarlarındakı gözünə dəyən qarışqa yuvalarının hamısını çomağıyla dağıtdı. Pencəyini üstünə atdığı daşın yanına çatanda bayaq müşahidə elədiyi yuvaları da uçurub ora-bura qaçışan qarışqaları çomağının toppuzuyla əzdi. Qalib ədayla qara, bozumtul buludların örtdüyü səmaya baxdı:

“Sən bu murdar həşəratları yaratmasaydın, mən də bu əziyyəti çəkməzdim.”

Hər gün naxırı örüşə aparanda kənddə bitkilərlə, türkəçarələrlə kənd camaatını müalicə edən Nisə arvadın yanından ötüb keçirdi. Nisə arvad ulağıyla hər il yazın burnu dəlinəndən payızın sonlarına qədər sübh tezdən dağlara qalxıb çiçəklərdən, bitkilərdən yükünü tutardı. Qurutduğu, şirəsini çəkdiyi bitkilərlə bəzən həkimlərin müalicə edə bilmədiyi xəstələri sağalda bilirdi. Buna görə onu son ümidi bilib qapısına əlac üçün gələnlərdən çox vaxt pul da almırdı. Bütün pullarını son qəpiyinədək xəstəxanalarda həkimlərə, dərmanlara verib ona pənah gətirənlərdən pul istəməyə insafı yol vermirdi.

- Təki sən yaxşılaş, ayağa qalx, pulun olanda verərsən,- deyə heç kimi qapısından ümidsiz qaytarmırdı.

Nisə arvad dağdan yenicə qayıtmışdı. Ulağın belindəki kisələri düşürdüb boynunu sığalladı, onu evinin qarşısındakı otluğa ötürdü. Bu vaxt naxırıyla ordan keçən Məti Nisənin ulağı əzizləməyini görüb dilini dinc saxlamadı:

- Ay Nisə, ulağı nə yaman sığallayıb-tumarlayırsan? Heç ərin Musanı belə əzizləmirsən, - dəyənəyini çəməndə otlayan ulağa tərəf uzatdı,- onun dilini mən bilirəm; dəyənəyi gərək belindən əskik etməyəsən, yoxsa qudurub sözə baxmayacaq.

Nisə Mətiyə baxıb başını buladı:

- Yükümü yüngülləşdirən Allahın yaratdığı heyvanı niyə döyüm ki? Heyvan olanda nə olar: onu da Allah yaradıb. Bizim də borcumuz onun qayğısına qalmaq, qorumaqdır, daha döyüb-söymək yox! Bildin, ay Məti? - ağzını açıb ona qulaq assa da, gözü ulaqda olan Mətidən soruşdu.

Məti Nisənin dediklərini vecinə almayıb onu yenə sancdı:

- Bu ot-alafla camaatın başını aldadıb guya müalicə edirsən. Hamını aldada bilərsən, bircə məni yox! Dağdan yığdığın bu ot, çiçək tayası kimisə sağaldıb ömrünü uzatsaydı, mənim inəklərim yüz il ömür sürərdi.
Nisənin Mətinin köntöy xasiyyətindən elə əvvəldən zəhləsi gedirdi. Onu acılamaqdan özünü güclə saxladı:

- İnanmırsan, inanma! Allah eləməmiş, xəstələnib - eləsən, ölsən də sənə baxmayacam!

- Xəstələnmək bekar adamların işidi; mənim xəstələnməyə vaxtım yoxdu, salamat qal, - əlini yelləyib uzaqlaşdı.

Axşamüstü örüşdən kəndə qayıdanda hava birdən-birə dəyişdi: iri damcılarla seyrək-seyrək atan yağış getdikcə leysana çevrildi. Məti kəndə çatanda islanmış cücəyə dönmüşdü: əynindəki nazik köynəyi islanıb bədəninə yapışmışdı. Yovşan topasına oxşayan qaşlarından damcılayan yağış damlaları üzündə cığır açmışdı.

Özünü evə çatdıranda necə üşümüşdüsə, Tamaşanın qabağına qoyduğu yeməyi tələsik yeyib yorğana büründü.

Ertəsi gün obaşdan oyanıb yatağında gərnəşdi. Qalxıb ayaqlarını döşəməyə salladı. Ayağa qalxıb paltarlarını geyinmək istəyəndə başı gicəlləndi, əlini atıb çarpayının dəmir başlığından yapışdı. Mətinin ayaqları sözünə baxmırdı; mədəsi bulanır, başında güclü ağrılar hiss edirdi. Bu hisslər ona tanış deyildi. “Lənət şeytana, bu nə işdir, ayaqlarım, əllərim sözümə baxmır”. Özünü toparlamağa çalışdıqca gücdən düşdüyünü hiss edirdi. Qayıdıb çarpayısında oturdu. Belinin ortasına sanki şiş soxdular. Ağrıdan ufuldayıb çul kimi çarpayıya sərələndi.

O gündən ağrı-acı bilməyən Mətinin halı xarablaşdı. Rayon mərkəzindən çağırdıqları həkim bir neçə həb yazıb getdi.

Bir ay idi ki, həkim yazdığı dərmanları içən Mətinin halı getdikcə pisləşirdi.

Növbəti dəfə həkim Mətiyə baxıb yenə dava-dərman yazdı, qapıdan çıxanda Tamaşaya yavaşcadan nə dedisə,arvadın rəngi qaçdı, əllərini dizinə çırpıb vaysındı.

Əlini həkimlərdən üzən Tamaşanın əlacı kəsilsə də, ümidi üzülməmişdi. Ümidi kənddəki türkəçarəylə çox adama şəfa vermiş Nisə arvadaydı.

Tamaşanın qarşısını kəsən Mətiydi. Ona hər dəfə:

-Nisəni gətirək sənə baxsın,- deyən kimi daş atıb başını tuturdu. Həmişə Nisənin yanına şəfa üçün gedənlərə gülüb onları ələ salmışdı:

“Fırıldağın biridi, puldan ötrü camaatı barmağına dolayır. Bu axmaqlar da ona inanır.”

Mətinin halı çox pisləşdi ,axırda əlacsız qaldı, Tamaşanın Nisə arvadın dalınca getməyinə etiraz edə bilmədi.

Nisə Mətiyə elə dünən dediyi sözü xatırladı: “Ölsən də, sənə baxan deyiləm”. Amma o, ürəyiyumşaq, insaflı adam olduğundan, Mətinin bu yerində ondan hayıf çıxmağı ağlından da keçirtmədi. Dinməzcə Tamaşanın yanına düşüb onunla getdi.

Nisə arvad hıqqıltı-zıqqıltısı kəsməyən, üzülüb əldən düşmüş Mətiyə baxıb başını buladı. Tamaşayla Məti gözlərini onun cəhəngləri hər iki tərəfdən əyilib üzünə acıqlı ifadə verən ağzına zilləmişdilər. Nisə Tamaşaya, sonra Mətiyə baxdı:

- Bunun dərdinin nə olduğunu bilirəm, amma...- bu vaxt Mətinin ölgün gözlərində ümid işığı yanıb-söndü, - müalicə bir az çətin olacaq.

Tamaşa Nisənin sözü ağzında gəvələməsindən hirslənsə də, ərinin həyatının ondan asılı olduğunu düşünüb səbrini basdı:

- Nə qədər çətin olsa da razıyıq, təki köməyi olsun.

Nisə Mətiyə:
- Hər şey səndən asılıdır, dediklərimi edə bilsən, sağalacaqsan, amma mənim dediklərimi dəqiqliklə, vaxtlı-vaxtında etməlisən, - xəbərdarlıq etdi.

Məti ağrılardan, neçə vaxtdı yorğan-döşəkdə arxasıüstə yatmaqdan bezmişdi. Nisəyə:

- Nə desən eləyərəm, təki məni bu dərddən qurtar,-dedi.

Nisə arvadın reseptini eşidəndə Mətini ürəyi ağzına gəldi, istədi onu söyüb qovsun. Amma can şirin şeydir; Məti hələ yaşamaq istəyirdi, ona görə Nisənin dediklərini etməyə razılaşdı.

O, bir həftə, gündə üç dəfə Nisənin düzəltdiyi qarışığı-eşşək peyiniylə bir ovuc əzilmiş qarışqanı qarışdırıb ac mədəyə ötürməliydi.

Məti bir həftə canını dişinə tutub Nisənin düzəltdiyi qarışığı yedi, amma vəziyyəti yaxşılaşmaqdansa, daha da pisləşdi. Tamaşa əlacsız qalıb Nisə arvaddan Mətiyə bir də baxmağı xahiş etdi.

Nisə arvad bu bir həftə müddətində bir az da zəifləmiş Mətiyə baxıb qımışdı:

- İndi müalicəyə hazırsan; bir həftə yediyin qarışıq bitkilərlə müalicəyə hazırlıq idi,- Məti zarıyıb imdad diləyən gözləriylə Nisəyə baxdı,- hazırladığım bitki cövhəri səni sağaldacaq, qorxma.

Bir müddətdən sonra həqiqətən də, Nisənin müalicəsi öz bəhrəsini verdi: Məti əvvəlkindən də sağlam, güclü oldu.

Məti evinin qarşısından keçəndə ulağıyla qapıya yaxınlaşan Nisəni gördü. Cəld yaxınlaşıb yükü ulağın belindən düşürtməkdə ona kömək elədi. Ulağın başını sığallayıb Nisəyə:

- Allah səni bu kəndin camaatına çox görməsin, ay Nisə,- dedi.

Çiçək, bitki yığılmış kisələri göstərib:

- Sənin bunlardan düzəltdiyin dərmanlar olmasaydı, indi o dünyadaydım,- dedi.

Naxırı kəndə gətirəndə bir dəstə adamın kəndin girəcəyindəki qoşa qovaq ağacının altına toplaşdığını görüb onlara yaxınlaşdı. Dəyənəklə, daşla silahlanmış kəndlilər düşmənə hücum etməyə hazırlaşan döyüşçülərə oxşayırdılar. Onlara çatanda əli dəyənəklilərdən biri Mətiyə:

- Lap vaxtında gəlmisən; hinlərimizə dadanıb toyuq-cücəmizi tələf edən tülkünü tutmuşuq. Bu heç nəyə faydası olmayan yaramaz heyvanı döyüb əzabla öldürəcəyik, məlun hamımıza dağ çəkib. Gəl,o toppuzlu dəyənəyinlə birini də sən ilişdir,- dedi.

Məti çomağını çiyninə qoyub ordan uzaqlaşdı. Hələ də arxasınca baxanlara dönüb qışqırdı:

- Bir dəfə onun yaratdığına çomağımı uzatdım bir həftə eşşək peyini yedim, bir də onun işlərinə qarışmaram.

# 9804 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #