Ölkəmizin prezidenti tərəfindən Nizami ilinin elan olunmasını klassik ədəbi irsin tədqiqatçısı kimi mən də alqışladım. Çünki bu həm tədqiqatçıların, həm də ümumiyyətlə qələm əhlinin pandemiya dövründə məruz qaldığı süstlüyü, eləcə də müharibədən sonrakı psixoloji gərginliyi aradan qaldırmağa qadir nurlu bir yol kimi göründü və həqiqətən də, ədəbi mühitdə artıq bir canlanma, normal həyata qayıdışa cəhd müşahidə olunur. Bu ilin dünya şöhrətli şairimiz Nizami Gəncəvinin adı ilə bağlanması qarşıya bir çox məsələlərin həlli zərurətini çıxarır.
Nəsimi ilində olduğu kimi, bu il də çoxyönlü təbliğat işlərinin qurulmasına ehtiyac vardır. Şairə həsr olunmuş ən yaxşı hekayə, ən yaxşı şeir, ən yaxşı məqalə müsabiqələrinin keçirilməsi, ona həsr edilmiş ən yaxşı ssenari və tamaşaların hazırlanması zərurəti qarşıya çıxır. Nizamiyə indiyədək müxtəlif üslublu əsərlər həsr olunub. Amma bu bədii əsərlər içərisində beynəlxalq aləmdə tanıdılma üçün yüksək bədii dəyəri ilə seçilən pyes və romanları xatırlamıram. Bədii mətnlərin yazılması da planlaşdırılmalıdır.
Pərakəndəlik və kortəbiilik Nizami ilinə heç nə verə bilməz. Şərqşünas alim və bədii mətn yaradıcısının birgə fəaliyyəti, məncə, şairin əsərlərinin təqdimi və təbliğində uğurlu nəticə verə bilər. Əslində bu kimi işlərin təşkili mərkəzləşdirilmiş rəhbərlik tələb edir. Amma eyni bir şəxsin həm Vaqif, həm Nəsimi, həm də Nizami ilində təşkilatı cavabdehliyinin effektiv olacağına inamım azdır. Bu işdə koordinasiya və hər bir şairin ciddi tədqiqatçılarının kollektiv şəklində əməkdaşlığı şərtdir. Vahid mərkəz həm bədii, həm də elmi əsərlərin yazılmasını planlaşdırmalı, onların ölkə daxili və xaricində Nizaminin təbliği sahəsində istifadəsini nəzərdə tutmalıdır. Çünki təbliğat elmi və tarixi həqiqətə dayanmazsa, o əməyin heç bir müsbət və uzunömürlü nəticəsi olmaz.
Bədii mətnin düşüncələrə təsir imkanı çox olduğundan təkcə elmi araşdırmalara diqqət ayrılmamalı, şairin şəxsiyyəti, əsərlərinin ideya və motivləri müstəqillik dövrünün yeni tələbləri işığında elmi və bədii mətnlər vasitəsilə də təqdim olunmalıdır. Belə ki, şairin lirik əsərlərinin sətri tərcüməsini ciddi alimlər, mənzum variantını istedadlı şairlər işləməklə Nizami ilinə töhfə verə bilərlər. Bu sahədə sovet dövründə də müəyyən işlər görülmüşdür. Amma həmin mənzum tərcümələrdə bədii mətnin orijinalından uzaqlaşmalar da az deyil. Nizami və dövrünün hökmdarları, ayrıca olaraq Nizami və Atabəylər, Nizami və Şirvanşah Axsitan münasibəti bədii mətnlərə zəngin material verə bilər. Bu mövzunun diqqət mərkəzinə çəkilməsi o dövrdə Azərbaycan şairinin sözünün maddi dəyəri və kəlamının öz dövrünün saraylarındakı təsir gücü barədə də təsəvvür yarada bilər. Eləcə də bu mövzunun işıqlandırılması şeir, şair və sözə Şərqdə, o cümlədən Azərbaycanda da verilən əhəmiyyətə işıq salar. Şairimizə sahib çıxarkən onun Xoy, Ərzincan, və s. kimi şəhərlərin hakim və dövlət xadimləri yanında sözünün dəyərinə də diqqət yetirilməlidir və bu mövzular neçə-neçə nəsr əsərinin ideya zəmini ola bilər.
Adətən, Nizami və saraylar mövzusu üzərindən sükutla və ötəri təmasla keçilir. Amma Nizaminin özü sarayların sahiblərinin yanında olmasa da, sözü və sənəti onların yanında və nəzərində güclü nüfuza malik olub və bu cəhət diqqətdən kənarda qalmamalıdır.
Təsir dairəsi Şərqdən başlayıb Qərbədək uzanan Nizaminin sözünün təsiri ona yazılan nəzirələrdə də üzə çıxır. Dahi şairi örnək almaqla söz sənətində öz yerini təsdiqləmə, o böyük ustadın sözünün qarşısında dəyərli söz demə cəhdi və ənənəsi XXI yüzillikdə unudulmuşdur, təəssüf ki... Nizami ili, ehtimal ki, bu ənənəyə qayıdışa da zəmin yaradacaq, Nizami sözünün yeni cilvədə canlanmasına təkan verəcəkdir.
Əslində görüləsi işlər, arzu və tövsiyələr çoxdur. Bununla belə, bu da bilinən gerçəklikdir ki, bu kimi işlərin icrası bir ilin çərçivəsində mümkün deyildir. Amma Nizami ili həmin işlərin yerinə yetirilməsi üçün sağlam bünövrənin atılmasına şərait yaradır və bu əlverişli imkanlardan yaradıcı potensialın realizəsi üçün yararlanmaq olar...
Səadət Şıxıyeva