Məni sevgi üstə yaxaladılar – Əlizadə Nuridən yeni şeirlər 

Məni sevgi üstə yaxaladılar – Əlizadə Nuridən yeni şeirlər 
18 yanvar 2021
# 12:15

Kulis.az tanınmış şair Əlizadə Nurinin yeni şeirlərini təqdim edir.

Kədər

Zaman axıb gedir əllərimin arasından.
Ömür axıb dolur bir qəbir çuxuruna...

Fələyin yelləri bərk əsir yenə,
Tökür ümidimin çiçəklərini...

Bir də bu ayrılıq kəsib yolumu,
Yenə bu kədərin əlində yaxam.
Haçansa gərəyim olacaq deyə,
Yığıram gözümə bu yağışları.

Məni sevgi üstə yaxaladılar...
Günahsız olmağın cəzası ağır.
Düşüb axtardılar, silah yerinə,
Özümü vurduğum ümidlərimi,
Bir də ürəyimdə səni tapdılar,
Sərçə dimdiyində dəni tapdılar...

Həsrət tiyanında yandım, bilmədin,
İndi gəl üstümə, külüm sevinsin.
Əllərin yuxuma sığal çəkmədi,
Hər yan qaranlıqdı, mənə əl eylə.
Uçub göy üzünə gedəsi olsan,
Mənə də xəbər eylə...

Səni aldatmağım gəlir

Bu laylanın dizi üstə,
Baş qoyub yatmağım gəlir.
Torpaqda üzmək öyrənib,
Dənizdə batmağım gəlir...

Bu necə ovçudu axı?-
Tətikdə əsir barmağı?
O quş mənə elə baxır,-
Özümə atmağım gəlir.

SOL tərəfim bir az SAĞal,-
Çəkir məni yol uzağa...
O üşüyən yalquzağa,
Bir ocaq çatmağım gəlir.

Göz yaşların ləldi deyib,
Kədər də gözəldi deyib,
Bu dünya düzəldi deyib,
Səni aldatmağım gəlir...

Ömür - yanmış zəmi kimi

Su çəkən kağız kimiyəm,
Gəzdirirəm can yerinə.
Günəş deyil, bəlkə qandı -
Yığılıbdı dan yerinə?!

Bizi sevgi fəsli çəkir...
Bir ilahi səsmi çəkir?
O kimdi, eşq rəsmi çəkir,
Sinəmin kətan yerinə?!

Axır ki, ötdüm özümü
Aynayla örtdüm üzümü...
Bir daşa sürtdüm üzümü,
Sürtdüm son insan yerinə...

Ömür - yanmış zəmi kimi...
Su basmış zirzəmi kimi.
...O qız batan gəmi,
Dönmədi liman yerinə...

Alın yazısından vurulan

Məni alnımdan yox, alın yazımdan nişan aldılar.
Hələ də alın yazımdan qan damır yerə...

Sən də dünəndə qalmısan,
gələ bilmirəm yanına, -
Bütün yollar xatirələrlə minalanıb...

Mən üfüq xəttini tutub gedirəm,
gecə də qaranlığı töküb çiyninə
çimir ay işığında.

Bilmirəm dünyanın harasındasan,
əllərini qucaqlayacam deyə,
Bu dünyanın ayağına döşənimmi?..

...Mənə nə öyrətdi ki, bu ayrılıqlar:
sən demə,
təkcə bənövşə deyilmiş boynubüküklərin adı.

Üzülmə,
içimdəki vərəm çöplərindən ocaq çatmışam,
Qoymaram adını üşüməyə...

...Məni alın yazımdan vurdular -
dağıldı ətrafa
Alın yazımdakı hərflər.

Darıxmağın rəsmi

Hardasan, şəhla gözlüm,
Sən nə şirin acımsan?
Hələ də bilmirəm ki,
Dərdimsən, əlacımsan?

Yuxuma dağıtmısan,
Saçının yumşağını.
Sən yoxsan, kim böyütsün,
Bu sevda uşağını?

Yol tapıb çıxa bilmir,
Bu tinim, bu dalanım.
Mən sevgi qaçqınıyam,-
Gəl, səndə daldalanım...

Düşmüşəm bu çöllərə,
Düşmüşəm - azmaq üçün.
Ürəyim bir divarmış,
Rəsmini asmaq üçün...

Bir körpə ümidim var,
Ağlayır qundağında.
Arzularım can verir,
Kədərin qucağında...

Hardasan, hardan bilim,
Mən hara üz döndərim?
Darıxmağın rəsmini
Çəkib sənə göndərim...

Özün bir az uzaqsan,
Kölgən keçir yanımdan.
Adını su aparar,
Düşmə dodaqlarımdan.

Düşüncə

Dənizə baxanda düşünürsən ki,
Torpağın üstünə suyu kim sərib?!

Dağların başında düşünürsən ki,
bəlkə çiçəklərin davası düşüb -
Lalələr hamısı qan içindədi?!

Meşəyə girəndə düşünürsən ki,
bəlkə külək
Nəğmə dərsi keçir sırayla düzülən ağaclara?

Göylərə baxanda düşünürsən ki,
bəlkə günəş
Göy üzünə çəkilmiş portağal rəsmidir?!

Gülə baxanda düşünürsən ki,
bəlkə gül də bir gülüşdü -
O qızın dodağından düşüb qalıb?!

Əlizadə Nuri - Şeirlər » Ədəbiyyat.AZ - Ədəbi yazılar, məqalələr, son  xəbərlər, kitablar, poeziya

# 2932 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #