Karantində menstruasiya böhranı – Sevda Sultanova yazır

Karantində menstruasiya böhranı – Sevda Sultanova yazır
15 aprel 2020
# 09:00

Kulis.az Sevda Sultanovanın yeni yazdığı “Karantində menstruasiya böhranı” hekayəsini təqdim edir.

Fidan testi tualetdəki zibil qutusuna atıb əllərini maye sabunla yumağa başladı. ”Hamiləyəmsə niyə test bir xətt göstərir? Yox, hamilə deyiləmsə, niyə geçikir, ürəyim niyə bulanır?” Gözü sabuna sataşanda yadına düşdü ki, koronavirusdan qorunmaq üçün sabun daha yaxşıdır. Tələsik sabunu qapdı, əllərini iyirmi saniyədən də çox ovdu. Elə əsəblə, sürətlə ovurdu ki, nazilmiş, narın qırışlar düşmüş dərisi göynəyirdi.

Mətbəxə keçib uzunsov, plastik qaba doldurduğu spirti əllərinə, mətbəx mebelinə çilədi.

“Bəlkə həkimə gedim. Yox, olmaz. İndi həkimə gedənə birtəhər baxırlar. Gedən kimi qızdırmamı ölçərlər. Bəlkə qızdırmam oldu, onda, basarlar karantinə”.

Fidan diksindi. Əlindəki əskini tullayıb əllərini tələsik yudu. Yataq otağına cumdu. Şkafı qurdalayıb, termometri tapdı. Qoltuğunun altına qoyub yatağa sərildi. Ürəyi həyəcanla döyünürdü. Əllərini tez-tez alnına aparır, temperaturunu yoxlayırdı. Elə bil, istiydi alnı, ya ona elə gəlirdi? “Ola bilməz. Bədənimin temperaturu həmişə belə olub”.

Hardasa on dəqiqə keçdi. Qorxa-qorxa termometri qoltuğunun altından çəkdi, normal idi. Ürəyi yenə bulanırdı. “Sabah bir test də alaram”. Bircə, göbəyindən aşağısında hərdən gəzişən ağrılar onu rahatladırdı ki, hamilə deyil. “Bəlkə ayağımı isti suya salım”.

Balkondakı mavi ləyəni əvvəlcə spirtlə sildi, sonra yuyucu tozla yudu. “Nə olar, nə olmaz. Havayla da gəlir korona, bəlkə ləyənə hopub, ordan ayaqlarıma, ordan döşəyə, ordan bədənimə...” Ayaqlarını qaynar suya saldı, hövsələsi daraldığından üç dəqiqə keçməmiş çıxartdı.

“...immunitetin yaranması üçün əhalinin 70 faizi bu virusa yoluxmalıdır: İnsanların yarıdan çoxunun bu virusa yoluxması və peyvəndin kəşf edilməsi onun qarşısını bütünlüklə ala bilər. Bu da ən azı yarım il çəkəcək. Ona görə də bu müddətdə insanların təcridi davam etməlidir.”

Xəbərlər Fidanı həyəcanlandırırdı, menstruasiyasını da unudurdu. Həyətdən təcili yardımın siqnalı eşidildi. Balkona cumdu, ora-bura boylandı, sakitlik idi. “Bəlkə televizordan eşitmişəm?” Siqnal isə aramsız çalınırdı. “Bıyy qapıdır. Qonşudur, ya da qanmaz qohumlardandır. Başa düşmürlər ki, evdə qalmalıdırlar. Bunlar axırda bizi koronoya yoluxduracaqlar”. Gələn isə əriydi.

- Nəsə olub? Niyə tez gəlmisən?

- Məzuniyyətə göndərdilər bizi.

- Necə yəni?

- Koronavirusa görə.

- Nə olacaq? İndi sən evdə qalacaqsan?

Söz Fidanın ağzından özü də istəmədən çıxmışdı. Amma gec idi. Əri soyuqqanlı idi.

- Nə isəyirsən? Ölüm?

Səsində bir az da istehza vardı.

Fidan pərt idi, dinməzcə mətbəxə keçib spirti gətirdi.

- Yaxşı, spirtlən.

Sonra ərini hamama basdı, əllərini sabunla yuduzdurdu. Özü nəzarət edirdi ki, hər şeyi qaydasında etsin. Koronadan əvvəl çöldən gələndə ərinin əl yumaqla elə də arası yoxuydu. Bir tərəfdən Fidan buna sevinirdi.

- İndi də qarqara elə.

Əri peroksid qarışdırılmış suyu ağzına aparıb bir qurtum alanda Fidan qışqırdı:

-Yox, içmə!

Kişi necə diksindisə, ağzındakı qurtumu stəkana boşaldıb təəccüblə arvadına baxdı.

- İçirdin?

- Yox, demədin qarqara elə?

- Hə, elə bildim içirdin. Qoy təzəsini düzəldim.

... - İndi soyun!

Arvadının amiranə səsindən kişi çaşdı.

- Niyə?

- Televizorda dedilər ki, çöldən gəldiyiniz paltarları yumaq lazımdır. Sən soyun, çim, mən sənə dəyişək gətirirəm.

- Sən məni psix edəcəksən. Korona zəhrimar qurtarsaydı, işə çıxardım.

Televizorda ancaq koronavirus xəbərləri gedirdi.

“Əhalidən evdən çıxmaq zərurəti yarandıqda mütləq qaydada şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən sənədi özləri ilə götürmək xahiş olunur.”

- Dəniz hanı?

- Yatıb.

- Bu nə vaxtın yatmağıdır?

- Darıxır da, uşaq. Nə qədər dərs oxuyub, oyun oynamaq olar.

- Nə isə... Bir çay ver.

Zəncəfili sürtgəcdən keçirib çay dəminin içinə atdı. Bayramdan qalma yarıqurumuş şəkərburanı, paxlavanı nimçəyə düzdü.

“Bəlkə menopauza oluram? Menopauza yaxşıdır. Hamiləlik dərdi də çəkmərəm. Amma menopauza üçün hələ tezdir. Bəlkə məndə erkən başlayıb?”

- Zəncəfil, deyirlər, koronanın qarşısını alır.

Əri çayı qoxlayıb bir qurtum aldı.

- Pis deyil.

“İsveç hökuməti virusun yayılmasının qarşısını almaq üçün heç bir tədbir görmür. Ölkənin baş naziri Stefan Löfven bildirir ki, ölkəyə girənlər üçün müəyyən yoxlanışlar həyata keçiriləcəkdir ki, bu prosedur sərhəddən keçmə müddətini bir qədər uzadacaq.”

Fidan heç cürə yadına sala bilmirdi ki, əriylə axırıncı dəfə nə vaxt yatıb. Ərindən soruşmağa bir az çəkinirdi. Bir neçə il əvvəlki böhrandan sonra qərara gəlmişdilər ki, daha uşaq olmasın. Elə təkcə Dənizin təhsili, geyim-keçimi, əyləncəsi xeyli pul aparırdı. Əri onunla son vaxtlar içkili olanda yatırdı. “Axırıncı dəfə nə vaxt içib gəlmişdi? O, ancaq Natiqlə içir”.

- Natiqgildən xəbərin yoxdur? Nə vaxt görmüsən axırıncı dəfə?

- Nə bilim, it ilində - əri mızıldandı.

Dənizdən sonra Fidanda cinsi istəyə o qədər həvəs qalmamışdı. Tərslikdən əri də ancaq bir pozada olmağı sevirdi və bu Fidanın həyəcanını lap öldürürdü. Son vaxtlar əriylə olanda gözlərini yumub Devid Kreyqi düşünürdü. Ancaq onun gey olması haqda söz-söhbətləri oxuyanda məyus olmuşdu. Seksə olan qalan həvəsi də ölmüşdü. “Gey kişidənsə, yenə bir pozanı bacaran ər yaxşıydı”.

Lap əvvəllər Fidan ərinin fit çalmasından ehtiraslanırdı. Təzə tanış olduqları vaxtıydı və ilk dəfə onu şam yeməyinə dəvət etmişdi. Restorandan çıxanda Fidan üçün taksini fit çalıb çağırmışdı. Bunu elə cazibədar tərzdə eləmişdi ki, Fidan həmin anda ona ərə getməyə qərar vermişdi. Evlənəndən sonra əri onu ehtirasa gətirmək üçün fit çalırdı. Ancaq fitin də romantikası ötüb keçdi. Heç əri də əvvəlki kimi fit çala bilmirdi.

...Fidanın pultu götürüb başqa kanala dəyişməsi ilə ərinin çımxırması bir oldu.

- Hara çevirirsən? Erkin danışır.

- Erkin kimdir?

Əri pultu əlindən qapdı.

- Kimdir, kimdir? Bizim deputatdır. Ona səs vermişəm.

- Mən səs verməmişəm. Heç tanımıram da.

- Elə ona görə bu gündəyik.

Fidan ərinin deyintisinin ardını eşitmədi. Çünki ürəyi birdən yumurta-pomidor istəmişdi. Soyuducunu açanda duruxdu.

“Bəlkə doğrudan hamiləyəm? Test də səhv göstərir. Yox, başqa günlərdə də belə oluram axı. Bir dəfə düşbərə düşmüşdü könlümə, özü də gecəyarısı”.

Özünə ürək-dirək versə də, əli soyudu, iştahası qaçdı, soyuducunu örtdü. Qaynar su süzüb limon sıxdı. Koronavirusa görə tez-tez qaynar su içmək lazım olduğunu oxumuşdu.

Bəlkə əri koronavirusdan ölsə yaxşı olar. Hamiləlik dərdi çəkməz. “Yox, ölməsin, Dəniz ona çox bağlıdır”. Həm də əri ona hələ lazım idi, evin xərclərinin çoxunu o ödəyirdi.

... Dan yeri ağarırdı. Fidan hələ də xəbərləri dinləyirdi.

“Dünyada koronavirus epidemiyası fonunda hakimiyyətlər yoluxanların sayının artmaması üçün oxşar tədbirlər qəbul edirlər: təhsil müəssisələrinin fəaliyyəti dayandırılır, restoranlar və ticarət mərkəzləri bağlanır, hərəkət məhdudlaşdırılır və insanların evdən çıxması qadağan edilir.”

Fidanın üzü işıqlandı, göbəkdən aşağı nəmlik hiss eləmişdi. Deyəsən, menstruasiya olmuşdu.

# 20051 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #