Hərbi-siyasi məsələ

Hərbi-siyasi məsələ
23 mart 2013
# 09:30

“Budrudum!!!”

Yarıyuxulu olsam da anındaca anlayıram. Top səsidir. Yaddaşımı kirkirədən keçirsən də bu səs qulaqlarımdan gedən deyil.

...Bazardan aldığım xurmanı pencəyimin qoluna silib təzəcə bir dişlək almışdım ki, ərəsət qopdu. Elə bil hər şey mənim bu xurmanı dişləməyimə bənd imiş. Qaçhaqaç, qovhaqov, vurhavur, tuthatut... Yıxılan kim, duran kim, büdrəyən kim, qışqıran kim, zarıyan kim...

Birdən: “Budrudum!!!”

Dalınca insanın qulaqlarını cırıqlayan vəhşi bir uğultu...

Şəhəri top atəşinə tuturdular. Qaçmağa macal yox idi. Yetən-yetən əlləri ilə başını qucaqlayıb yerindəcə şöngüyürdü. Səs gələn səmtə baxdım, heç nə görünmürdü. Uğultunun vahiməsi çiyinlərimdən aşağı basdı, mən də oturdum. Bu an ikinci gurultu və ikinci uğultu göylərin boşluğuna doldu. Saniyədən də az zaman ərzində nəsə qara bir şeyin şəhərin üstü ilə keçdiyini hiss etdim. Uğultudan əlavə, partlayışa bənzər səs gəldi, şəhər silkələndi.

Qorxmağa başlamışdım. Görünür, şəhərin şimalında, ən əhəmiyyətli yüksəkliklərin birində qərar tutan hərbçilər bazarın koordinatını düz götürmüşdülər. Tərs kimi bazar günü idi. Adam əlindən tərpənmək olmurdu. Bazara düşən istənilən mərmi bir göz qırpımında böyük fəsadlar törədərdi və başına mərmi düşən həmin adamlardan biri də mən ola bilərdim.

Bu şəhərdə hamı topu, “qrad”ı, minomyotu səsindən tanıyırdı. Qırıcının səsini o biri təyyarələrdən ayıra bilirdilər. Bu mənada şəhər əhalisinin səs duyumuna yağlı bir beş! İntəhası, qırıcı elə bir zibildir ki, raketi səsindən əvvəl gəlir. Daha doğrusu, əvvəl raketi gəlir, sonra özü, ən axırda səsi. Atdığı raketlər insan həyatından qiymətli olduğu üçün qırıcıdan qorxanı avam hesab edirdilər.

Sağlığınızı görüm, mən də burada yaşadığım aylar ərzində bütün silah səslərinə öyrəşdim. Part eləməmiş ürəyimdə deyirdim:

“Peka...”, “Avtomat...”, “Qrad...”

Üstəlik səslərə uyğun rəftar: top, “qrad” atıldısa yerə yat, avtomat və tank səsi eşitdin qaç, bu, artıq düşmənin yaxında olduğunu göstərir. Amma ən yaxşısı, elə yerdə yaşa ki, bu səslərin heç birini eşitməyəsən.

Şəxsən mən o qədər qaçmışam ki!

Özü də tumançaq.

“Erməni gəldi!!!”

Gecənin bir aləmi eşitdiyin bu dəhşət dolu səsdən sonra nə ana-bacı yada düşür, nə pal-paltar.

“Budrudum!!! Uğğğğuğğğuğğğuuuuu... Bışşş!!!”

Hövlnak qalxıram.

“Dam! Dam! Daram!”

Oğlumdu. “Elmlər”dəki oyuncaq mağazasından aldığı bir bölük əsgəri divanın, yorğan-döşəyin ən əhəmiyyətli yüksəkliklərinə düzüb əməlli-başlı döyüş aparır. Nə qədər çalışsam da, uşağa bu adətini tərgitdirə bilmirəm. Məni boğaza yığıb. Uşaqdı. Başa salmaq olmur. Başa salmaq olmur ki, ay bala, görürsən, yatmışam, nə guppagup salmısan? Bəlkə, elə qorxuram! Nədi, adam-zad deyiləm? Topdan, “qrad”dan qorxmayan kafirdir! Bu, sənin üçün, məhəllə davası deyil. Mərmidi, üstünə düşdü, düşdü, neyləyə bilərsən?!

“Tr...trrr...tererere... Dam!”

Tankdı.

“Ay uşaq, qoy yataq!” deyirəm, amma yata bilmirəm. Atılan mərmilərlə birlikdə Veysəlli kəndinə uçuram. Daha doğrusu, kəndin yanındakı fermaya. Payız vaxtı Haramı düzünün şimalındakı dərə yoxuşa köç gedirdik. Qəfil bir tank göründü və tırhatır gəlib yanımızda dayandı. Düzü, tankı belə yaxından ilk dəfə görürdüm. Nə bədheybət səsi varmış! Bir az qorxdum da. Tank dayanan kimi içindən bir əsgər hop eləyib düşdü, salamsız-kəlamsız yaxınlaşıb say-seçmə qoyunlardan birini qoltuğuna vurdu. Müdirimiz qışqırdı:

“Neynirsən?!”

Cavab gəlmədi. Əsgər qoltuğuna vurduğu qoyunu qaldırıb tankın içinə salladı, dalınca özü də yox oldu. Müdir atını irəli sürdü:

“A bala, bu qalxoz heyvanıdı, neyniyirsiz?”

Tank kərkinə-kərkinə müdirin üstünə yeridi. Müdir çəkilmədi. Atı mahmızlayıb tankla döş-döşə dayandı.

“Qoyunu verin, köpəy uşağı! Dərəbəylikdi?!”

Part! Tanka bir ağac! Tank sanki ağrıdan dəli bir nərə çəkdi, tüstü-toz bir-birinə qarışdı. Müdirin atı hürkdü. O, uzaqlaşan tankın arxasınca tüpürdü və söydü.

Ermənilər Veysəlliyə hücum edəndə nə qədər əlləşdilər, həmin tank işə düşmədi, kənddə qoyub qaçdılar.

“Da-da-da-da!”

Zibilə düşmədim:

“Ay uşaq, qoy gözlərimin çimirini alım, – bunu da mən deyirəm. Dalınca da ürəyimdə: – Avtomatdı. Görəsən, bu köpəy oğlu silahların səsini belə dəqiq çıxarmağı hardan öyrənib?”

Örüşdən evə qayıdırdım. Bir atlı çıxdı qarşıma. Əynində hərbi paltar, əlində avtomat. Yuxarıdan aşağı mənə baxıb dedi:

“Sizin uşaqlar axşam bizim fermanın üstündən güllə atıblar. Bu, adama sataşmaqdı. İndi səni öldürəcəm, onlara ibrət olsun”.

“Qardaş, Allaha and olsun xəbərim yoxdu”.

“Kəs, düdük gədə! Bu da o deyil ki, müdiriniz əmimi ağacla vura!”

“Müdir vurub, get onu öldür də”.

“Qohumu döyülsən, səni öldürəcəm. Ora baax, – əlini Əmralılar kəndinə tərəf uzatdı. – Bilirsən orda hər gecə neçə adam ölür? Sən də onların biri”.

Avtomatı ayağa verdi. Çaşıb-qalmışdım. Təzəcə qorxmağa başlayırdım ki, güllələr səpələndi. Ayağımın altındakı toz-torpaq, xırda daş-kəsək sifətimə çırpıldı, gözlərim tutuldu, elə bildim öldüm. Qarşımdakı adamın bərkdən güldüyünü eşitməsəm öldüyümə tamam inanacaqdım. Gülüş at ayaqlarının səsinə qarışıb zəiflədi və itdi. Hardasa on dəqiqə yerimdən tərpənə bilmədim. Ayaqlarımı yerə mıxlamışdılar.

“Da-da-da-da!”

Nə olur-olsun avtomat qüdrətli silahdır. Amma daha çox ədalətsiz əllərdə qaqqıldayıb.

Avtomat dedim yadıma düşdü, Qarabağda məşhur bir cəbhəçi vardı, raykomu devirib, bir müddət hakimiyyəti əlinə almışdı. Onun avtomatının güllə yerləri uzun zaman rayon icra hakimiyyətinin binasını və qarşısındakı heykəlin postamentini bəzəyib. Sağlığınızı görüm, o güllə yerlərinə çox baxmışam, hətta sığallamışam da! Mənə elə gəlib, hələ də istidir güllə yerləri. Elə bil, Səməd Vurğun məşhur misrasını məhz burada qələmə alıb: Soyuq divarlarda güllə-filan... Əvvəllər binanın qarşısında Leninin heykəli varmış. Cəbhəçilər onun da təpəsini odlayıb. Sonra çiyinlərindən bir-iki santimetr aşağıdan kəsərək ondan Məmmədəmin Rəsulzadə düzəltdilər. Köksündə Leninin ürəyi «çırpınan» Rəsulzadənin... Aşağısında da cəbhəçilərin güllə naxışı... Avtomat gülləsinin yeri ağ mərmərdə gül kimi açılır.

“Uuuuuuu... Uuuuuuu....”

Təyyarədir. Qırıcı. Qırıcının səsini dəqiq çıxara bilmir oğlum. Qırıcının səsi hardasa burulur, əyilir, uzaqlaşdıqca daha çox ulayır.

Bizimkilər ermənilərin zəbt etdiyi Hoğa kəndinə hücum planlaşdırdılar. Plan belə idi: əvvəlcə qırıcılar qalxıb kəndi bombalayır, sonra zirehli texnika gedir, ardınca piyadalar. Qırıcılar gəlmədi, texnika işə düşmədi, əsgərləri verdilər qabağa. Hər addıma bir əsgər itirmək bahasına kəndə girdilər. Ermənilərin qoyub qaçdığı ağ çaxırdan nübar eləməmiş, qırıcılar Yevlaxdan qalxdı. Hava əlaqəsi alınmadığına görə kənddə bizimkilərin olduğunu qırıcılara xəbər verə bilmədilər. Yevlax susurdu. Bu susqunluğu qırıcıların Hoğa kəndinə yağdırdığı bombalar pozdu. Qırıcıları ruslardan od qiymətinə kirayə götürüblərmiş. Deyirdilər, ruslar bizimkiləri qəsdən qırıblar. Axşam gün batmamış ermənilər təzədən yerlə yeksan olan Hoğa kəndinin bütün yüksəkliklərinə qayıtdılar.

“Vğğğğğğğğ... Iııııııınnn...!”

Bu da hərbi maşın – rus “Ural”ı...

Xocavənd qaçqınları asfalt yolla qoyun sürüsü aparırdı. Birdən bu “Ural”lardan biri nəriltiylə döngədən çıxdı. Çobanlar birtəhər yolun sağ-soluna atıldılar. Ural gəldiyi sürətlə sürünün ortasına helləndi. Təkərlərə dolaşan qoyun-quzu krelə dəyib cındır əsgi kimi yan-yörəyə səpələnirdi. Maşın sürünü başa-baş iki yerə böldü və uzaqlaşdı.

İki-üç ağsaqqal qəza ilə əlaqədar ordunun rayon mərkəzindəki qərargahına getdi. Qərargah rəisi heç kimi qəbul etmədi. Axşam işdən çıxanda yaşlı kişilərin biri onu yanaşdı:

“Başına dönüm, yoldaş mayor, bu qoyunların yiyələri Kuropatkində vuruşur. Hamısının ailəsi, uşağı burda yataqda bu heyvanlarnan birtəhər dolanırdılar, indi biz neyləyək?”

“A kişi, özün bilirsən, hərbi vəziyyətdi, gündə yüz meyit gəlir, sən də iki-üç qotur qoyunun dalınca düşmüsən”.

“Yoldaş mayor, vallah, əlacımız yoxdu”.

“Əmr dalınca gedən maşın yubana bilməz! Sürü asfalt yolda nə gəzir?”

“Başqa yol yoxdu, qadan alım”.

“Get, get burdan, vaxtımı alma!”

Kişini itələyib “UAZ” maşına yaxınlaşdı. Kişi dözmədi:

“Qurumsaxlar!”

“A kişi, ağzının qatığını dağıtma, rədd ol burdan!” – qərargahın qarşısındakı əsgərlər kişini zorla itələyib darvazadan çölə çıxartdılar. Kişi arxasını səkidəki ağacların birinə söykəyib dərindən köks ötürdü, boynunu büküb çarəsizcə duran yoldaşlarına baxdı və dedi:

“Evin yıxılsın, fələk!”

“Dam-daram-dam-duuuuum!!!”

Bu dəfə özümü saxlaya bilmirəm, oğlumun hərbçilərinə əməlli-başlı hücum edirəm. Ayağımı yüksəkliklərdən enib döşəmənin üstündə sıraya düzülən əsgərlərin üstünə qoyub yerimdə bir dəfə buruluram. Ayağım da, nəmxuda, qırx dörd razmer! Başı üzülən, qılçası çıxan, avtomatı düşən... Hərbi texnikaya dəymirəm. Hər necə olsa, əsas insandır. İnsan olmayandan sonra topu, “qrad”ı kim atacaq?! Şil-şikəst əsgərləri xışmalayıb balaca yataqxana otağının künc-bucağına səpələyirəm. Bölük komandirinə də bir şapalaq:

“Dur, əynini geyin, kaşanı ye! Baş-beynimi aparma!”

Atəşkəs bərpa olunandan sonra gedib rahatca yatmağıma davam edirəm.

Ən yaxşı müdafiə hücumdur deyənlər haqlı imiş. Oğlumu elə susdurmuşdum, “mıq” eləyə bilmirdi. Əsgərlərini bir daha səfərbər etmək istəyini eşidəndə dalağım sancdı. Bu xəbəri mənə arvad verdi. Bizim arvadağa evdə KİV rolunu oynayır. Hər axşam bütün xəbərləri mənə və ailə üzvlərinə o çatdırır; lampoçka yanıb, video işləmir, yataqxanada otaq satırlar, anamın təzyiqi qalxıb, çörək qurtarıb və s. Onu da deyim, qayınanamgillə lap yaxın oluruq. Demək olar, bir yerdə. Aramızda bir divar var. Qayınata-qayınana ilə yaxın olmaq Rusiya-İran kimi ölkələrlə qonşu olmaq kimidir. İstənilən vaxt “KİV”ə sensasion xəbərlər ötürməyi, daxili münaqişələrdən istifadə edib “ölkə”yə burun soxmağı bacarırlar. Bu da təbii, kişinin hakimiyyətinin ictimai dayaqlarını sarsıdır. Necə olur-olsun kişi evin ali baş komandanıdır. Bütün hakimiyyəti – lap maliyyə naziri postunu arvada güzəştə getmək, xəzinəni onun ixtiyarına vermək olar, ancaq ali baş komandan vəzifəsini heç zaman əldən vermək olmaz! Əsgərlikdə olmasam da, belə işlərdə təcrübəliyəm.

Qayınatam və qayınanam Rusiya və İran kimi həmişə mənə qarşı qərəzli olublar, qızlarının və nəvələrinin tərəfini saxlayıblar. Odur ki, bu atəşkəs məsələsində sərt siyasət yürütdüyüm üçün mənə yumşaq notalar göndərdilər:

“Uşağın xətrinə dəymə. Sən o yaşda olanda bilmirdin gün hayandan çıxır”.

Mənim qohumlarım, yəni atam və anam beynəlxalq təşkilatlar timsalında çıxış edirlər. Çünki onlar uzaqda – rayonda yaşayır və bizə az-az gəlirlər. Üzdən arvadın və oğlumun sözünü deyib Rusiya və İranla hesablaşsalar da, mahiyyət etibarı ilə mənim tərəfimdədirlər. Çünki mən ailəni onlar istəyən kimi idarə edirəm. Lazım gəlsə, “polis”in, yəni iri və güclü yumruqlarımın hesabına arvad üzərində tam və qəti qələbəmi təmin edirəm. Amma nə olar, nə olmaz, həddi çox aşmıram, arvadın etiraz aksiyalarına, qonşularla qeybətləşməsinə, hətta mənim qarama döşəməsinə icazə verirəm. İstənilən məsələdə onun səsini qiymətləndirir, təkliflərini dinləyir, axırda öz bildiyimi edirəm.

Arvaddan aldığım son məlumata görə, oğlumun bölüyündə ölən, qıçını-qolunu itirənlərlə yanaşı itkin düşənlər də vardı. Ölənlər və yaralılar hamısı tapılmışdı, itkin düşənlərin işi çətin idi. Çünki bizim otaqda hündür və ağır şkaflar var, bu şkaflarla divarın arasına düşən əsgərin yiyəsinə xeyri yoxdu. Üstəlik, mən bilən, əməliyyat vaxtı pəncərə açıq olub. Güman ki, itkin düşənlərin bir qismini fırıldatmışam küçəyə – maşınların təkəri altına. Oğlum ümidini üzmüşdü tamam. Bölüyü bərpa etmək üçün ona vaxt lazım idi. Əlbəttə, o, atəşkəsdən istifadə edib öz işini görə bilərdi. Buna görə, diqqətini bağça, məktəb, əlifba kimi zərərsiz istiqamətlərə yönəltmək lazım idi. Mənim son siyasi missiyam bu idi. Bacarırdım da!

Günlərin birində qaynım bir kulyok əsgər, texnika və hərbi sursat gətirdi evə. Oğlum sevindiyindən dingildəyirdi. KİV, müxalifət, Rusiya, İran tamamilə onun tərəfində olduğundan səsimi çıxara bilmədim. Bu azmış kimi, beynəlxalq təşkilatlar da təxminən arvadın və oğlumun tərəfində idilər. Təklənmişdim.

Qaynımın gətirdiyi kulyokdan nələr çıxmadı: 3-4 bölüyün əsgəri, 3 qırıcı təyyarə, 10 tank, 4 top, 11 hərbi maşın, çoxlu qumbara, minalar, tapança, avtomat və pulemyotlar, hətta ovçarka... Bunlar bir yana, səngərin üstünə yerləşdirmək üçün qum doldurulmuş kisələr və sairə və sairə... Bu açıq-aşkar hərbi müdaxilə idi. Dünya birliyi isə bu ədalətsizliyə susurdu.

İndi, hər səhər oğlumla aramda belə bir dialoq gedir. O, var səsi ilə, mən isə yarıyuxulu ürəyimdə:

“Budrudum!!!”

“Top”.

“Tr...trrr...tererere... dam!”

“Tank”.

“Da-da-da-da...”

“Avtomat”.

“Vğğğğğğğğ.... Iııııııınnn....!”

“Bu xocavəndlilərə divan tutan “Ural”.

“Uuuuuuuuuuuuu....”

“Bu da Yevlaxdan Hoğa kəndinə qalxan qırıcılar”.

# 4872 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #