Kulis.az "Hekayə günü"ndə məşhur alman yazıçısı Ziqfrid Lentsin "Hökumətin dostu" hekayəsini təqdim edir. Hekayəni Azərbaycan dilinə Vilayət Hacıyev çevirib.
Həftənin sonunda jurnalistləri dəvət etdilər ki, hökumətin nə qədər dostu olduğunu onlara yerində göstərsinlər.
Bizə sübut etmək istəyirdilər ki, o narahat bölgə haqqında yazılanların heç biri həqiqətəuyğun deyil: nə işgəncələr, nə kasıblıq və hər şeydən əvvəl də, bitib-tükənməyən müstəqillik tələbləri...
Bizi çox nəzakətlə dəvət etmişdilər və çox da nəzakətli, şıq geyimli bir məmur jurnalistləri Operanın arxasında qarşılayıb hökumət avtobusuna apardı. Avtobus təptəzə idi, lak, dəri qoxusu, həzin musiqi səsi bizi qoynuna aldı. O tərpənəndə məmur mikrofonu tutalğacından götürüb, barmağının ucu ilə onun gümüşü rəngli ucuna vurdu və məlahətli səslə bizə ikincə dəfə “xoş gəldin” elədi. Özünü də çox təvazökarlıqla təqdim etdi:
“Adım Qarekdir”, – dedi, sonra da paytaxtın gözəlliklərindən söz açdı, çoxlu park adı çəkdi, kirəcləşmiş təpəlikdə yeni üsulla salınmış, indi də səhər günəşinin şəfəqlərinə bələnmiş nümunəvi qəsəbədən danışdı.
Paytaxtdan çıxandan sonra yol haçalandı, getdikcə dənizdən uzaqlaşdıq, daşlı-kəsəkli çöllərin, bomboz yamacların yanından ötüb kəndə tərəf getdik.
Böyük bir yarğanın arasından keçib, suyu qurumuş çayın üzərindəki körpüyə çıxdıq. Balaca avtomatını əlində oynadan gənc əsgərin yanından keçəndə, bizə şən-şən əl elədi. Qurumuş çayın yatağında, suların yuyub dümağ ağartdığı çınqılların arasında da iki əsgər dayanmışdı və Qarek dedi ki, biz indi çox sevilən hərbi təlim meydanından keçirik.
Əyri dağ yolları ilə aşağı düşüb bürkülü çöllüklə getməyə başladıq. Avtobusun açıq pəncərəsindən içəri narın əhəng tozu dolurdu, gözlərimiz ayışır, ağzımız əhəng dadırdı. Hamımız gödəkcəmizi çıxardıq. Bircə Qarekdən savayı. Mikrofon hələ də əlində idi və mehribanlıqla bizə hökumətin bu ölü bölgəni məhsuldar torpaqlara çevirmək üçün hazırladığı planlardan danışırdı. Böyrümdə oturan jurnalist gözlərini yumub başını arxaya söykəmişdi.
Ağarmış dodaqları çat-çat olmuşdu, nikelli tutacaqların üstünə qoyduğu əllərinin damarları şişmişdi, göy rəngə çalırdı. Onu bir az yana itələmək istədim, ancaq elə həmin anda arxa güzgüdə Qarekin melanxolik baxışları ilə rastlaşdım. Nə edəcəyimi fikirləşirdim ki, Qarek ayağa durdu, gülümsədi, oturacaqların arası ilə arxaya tərəf gəldi, hamıya kağız qutularda bumbuz su, saman çöpləri payladı.
Günortaya yaxın bir kəndə çatdıq. Evlərin pəncərələrinə nazik taxtalar vurulmuşdu, qurumuş ağac qol-budağından çəkilmiş köhnə hasarları çöllərdən əsən külək yana əymişdi, sındırmışdı, deşik-deşik eləmişdi. Evlərin alçaq damlarından qurumaq üçün pal-paltar asılmamışdı. Bulağın gözü tutulmuşdu, ins-cins gözə dəymir, arxamızca itlər də hürüşmürdü. Avtobus sürətini azaltmadan kəndin içindən keçdi, arxasınca qalxan əhəng qarışıq toz-torpaq bomboz bayraq kimi yelləndi, sanki ümidsizlik nişanəsi idi...
Qarek yenə də oturacaqların arası ilə arxaya gəldi, bizə sendviç payladı, çox nəzakətlə ürək-dirək verdi, inandırmağa çalışdı ki, getdiyimiz yerə çatmağa lap az qalıb. Buralar artıq dərə-təpəlik idi, torpaq tünd qırmızımtıl rəngə çalırdı. Çoxlu iri daşlar vardı, aralarında balaca, rəngi bilinməyən kol-kos bitmişdi. Yol üzüaşağı enirdi və biz tunelə oxşayan bir yerdən keçdik. Partladılmış qayaların kələ-kötür uclarının kölgəsi yola düşürdü.
Avtobusun içi sanki od tutub yanırdı. Sonra yol işıqlandı və biz vadi ilə qıvrılan çayı, onun sahilindəki kəndi gördük.
Qarek bizə işarə verdi – yəni çatdıq, hazırlaşın. Gödəkcələrimizi geyindik, avtobus sürətini azaldaraq gilli palçığı yenicə qaysaqlanmış meydanda, dümağ əhəng çəkilmiş bir komanın qarşısında dayandı. Əhəng elə parıldayırdı ki, avtobusdan düşəndə gözlərimiz qamaşdı. Avtobusun kölgəsinə toplaşdıq, siqaretlərimizi sümürməyə davam etdik. Gözlərimizi qıyaraq komaya baxır, ora girən Qareki gözləyirdik.
Onun qayıtması bir neçə dəqiqə çəkdi, hər halda, qayıtdı və özü ilə də tanımadığımız bir kişini gətirdi.
– Bu, Bela Bonzodur, – Qarek onu göstərib dedi. – Cənab Bonzo indi ev işləri ilə məşğuldur, ancaq sizin bütün suallarınıza cavab verməyə hazırdır.
Biz mehribanlıqla Bonzoya baxdıq və o da başını bir az aşağı əyməklə bizim baxışlarımıza cavab verdi. Bomboz sifəti qoca görünürdü, boynunda qara rəngə çalan dərin qırışlar vardı, üst dodağı şişmişdi. Ev işlərindən yenicə ayrılan Bonzo saçlarını səliqə ilə daramışdı və napnazik boğazında qurumuş qan izlərindən görünürdü ki, üzünü çox diqqətlə qırxıb. Əynində təzə kətan köynək və kətan şalvar vardı, ancaq ikisi də çox qısa idi, birincisi biləyinə, ikincisi də topuğuna çatmırdı. Ayağında təptəzə, sarımtıl dəri çəkmələr vardı, onu təlim keçən çağırışçıya bənzədirdi.
Bela Bonzonu salamladıq, hamımız ayrı-ayrılıqda əlini sıxdıq. O, başını tərpədərək bizi evinə apardı. Dedi ki, qabağa düşək. Sərin bir dəhlizə girdik.
Orada bizi yaşlı qadın qarşıladı. Sifəti aydın görünmürdü, yalnız baş yaylığı alaqaranlıqda parıldayırdı. Qarı bizi yumruq boyda meyvələrə qonaq elədi. Ətli meyvə idi, qırmızımtıl şirəsi parıldayırdı və mən yeməyə başlayanda elə bildim ki, təzə yaranı dişləyirəm.
Təzədən gilli-palçıqlı meydana qayıtdıq. Avtobusun yanına ayaqyalın uşaqlar toplaşmışdı. Onlar diqqətlə Bonzoya baxır, qımıldanmır, bir-biri ilə danışmırdılar. Bircə dəfə də bizə tərəf baxmadılar. Bonza qəribə bir razılıqla qımışdı.
– Uşağınız yoxdur? – Potqiser soruşdu.
Ona verilən ilk sual idi və Bonzo qımışaraq dedi:
– Xeyr, xeyr, bir oğlum vardı. Elə indinin özündə də onu unutmağa çalışırıq. Hökumətə qarşı çıxmışdı. Tənbəlin biri idi, əlindən iş gəlmirdi, qarmaqarışıqlıq yaradan sabotajçılara qoşulmuşdu. Onlar hökumətə qarşı çıxırdılar, elə bilirdilər ki, onu düzəldə biləcəklər.
Bonzo bu sözləri qətiyyətlə, sakit bir inamla dedi. O danışanda gördüm ki, qabaq dişləri yoxdur.
– Bəlkə də düzəldərdilər, – Potqiser dedi.
Qarek bu sözləri eşidəndə məmnunluqla gülümsədi, Bonzo isə dedi:
– Bütün hökumətlər eynidir, onlara dözmək lazımdır. Eləsi var, ona dözmək asan olur, eləsi də var ki, çətin. Bu hökuməti, heç olmasa, tanıyırıq, o birinin isə boş vədlərini eşidirik.
Uşaqlar uzun-uzadı bir-birilərinə baxdılar.
– Ən böyük vəd də müstəqillik verməkdir... – Bu sözləri də Blayqut dedi.
– Müstəqilliyi yemək olmur, – Bonzo qımışdı. – Ölkə dilənçi vəziyyətinə düşəndə müstəqillik kimə lazımdır? Bu hökumət mallarımızı kənara satmağa şərait yaradır, yollar salır, məktəblər, xəstəxanalar tikir. Buraları məhsuldar torpaqlara çevirib, bu işləri daha da inkişaf etdirəcək. Bunlardan əlavə, bizə seçib-seçilmək hüququ verib.
Uşaqların arasında nəsə bir tərpəniş hiss olundu, bir-birinin əlindən tutub, qeyri-ixtiyari bir addım irəli gəldilər. Bonzo başını aşağı saldı, yenə də qəribə bir razılıqla qımışdı və baxışları ilə aramızda dayanıb heç nəyə qarışmayan Qareki axtardı.
– Bunlardan əlavə, – sual verilməsə də Bonzo sözünə davam etdi, – müstəqillik üçün bir az da yetişmək lazımdır. Çox güman ki, biz müstəqil olsaydıq da, nədən başlayacağımızı bilməzdik. Gərək xalqlar da elə bir yaşa gəlib çata ki, onu “həddi-büluğa yetmiş” hesab etsinlər. Biz hələ bu yaşa çatmamışıq. Mən bu hökumətin dostuyam, çünki həddi-büluğa yetmiş vaxtımızda bizi darda qoymur. Əgər düzünü bilmək istəyirsinizsə, buna görə ona çox minnətdaram.
Qarek avtobusa tərəf getdi. Bonzo diqqətlə onun arxasınca baxdı, avtobusun ağır qapısı örtülənə qədər bizimlə bu gilli palçığı yenicə qaysaqlanmış meydanda dayanıb gözlədi. İndi burada özümüz qalmışdıq və radiodan gəlmiş jurnalist Finke fürsətdən istifadə edərək tez-tələsik soruşdu:
– Əslində, necədir? Tez ol, indi özümüzük...
Bonzo udqundu, təəccüblə, guya dəhşətə gəlibmiş kimi Finkeyə baxdı və asta-asta dedi:
– Sizin sualınızı başa düşmədim...
– İndi açıq danışa bilərik, – Finke tələsik dilləndi.
– Açıq danışmaq... – Bonzo ehtiyatla dedi və elə qımışdı ki, tökülmüş dişlərinin yeri göründü. – Mən kifayət qədər açıq danışdım. Biz bu hökumətin dostuyuq – arvadım da, mən də. Çünki indiyə qədər nail olduqlarımızın hamısı onun sayəsindədir. Buna görə də ona minnətdarıq. Özünüz də bilirsiniz ki, çox nadir hallarda hökumətə nəyə görəsə minnətdar olurlar, ancaq biz minnətdarıq. Hətta mənim qonşum da, burada dayanan uşaqlar da, kənddə nə qədər adam varsa, hamısı ona minnətdardırlar. Bizim bu hökumətə nə qədər minnətdar olduğumuzu siz hər yerdə hiss edəcəksiniz.
Qum adlı gənc, solğun bənizli jurnalist qəflətən Bonzoya yaxınlaşıb pıçıldadı:
– Etibarlı mənbələrdən aldığım məlumata görə oğlunuz tutulub, paytaxtdakı türmələrin birində işgəncələrə məruz qalıb. Bu haqda nə deyə bilərsiniz?
Bonzo gözlərini yumdu. Kirpikləri əhəng tozundan ağappaq idi. Yenə də qımışa-qımışa cavab verdi:
– Mənim oğlum yoxdur, ona görə də işgəncəyə məruz qala bilməz. Biz hökumətin dostuyuq, eşidirsiniz? Mən hökumətin dostuyam.
Bonzo bükdüyü əzik-üzük siqareti yandırdı, onu bərk-bərk sümürdü, avtobusun açılan qapısına tərəf baxdı. Qarek geri qayıdıb söhbətimizin necə alındığını soruşdu. Qarekin gəlişi ilə Bonzo əməlli-başlı yüngülləşdi, bütün suallarımıza zarafatla, ətraflı cavab verdi və danışdıqca da dişlərinin mırıq yerindən çıxan hava fışıldadı.
Bonzo çiynində kərənti yanımızdan keçən bir kişini çağırdı. Kişi ayaqlarını sürüyə-sürüyə bizə tərəf gəldi, kərəntisini çiynindən götürdü və bayaq bizim verdiyimiz sualları Bonzonun dilindən eşitdi. Kişi başını narazılıqla buladı və belə məlum oldu ki, o da hökumətin ən yaxın dostudur. Bonzo onun dediklərini şəstlə başını tərpətməklə təsdiqlədi. Axırda da bu hökumət haqqında həmrəy olduqlarını bir daha təsdiqləmək üçün bir-birinin əlini sıxdılar.
Biz də onunla vidalaşdıq, növbə ilə Bonzonun əlini sıxdıq. Axıra mən qalmışdım və onun kobud, çat-çat olmuş əlini sıxarkən ovuclarımızın arasında yumrulanmış kağız parçası hiss elədim. Əlimi yavaş-yavaş geri çəkdim, barmaqlarımı tam açmadım, yana çəkilib bürmələnmiş kağızı cibimə dürtdüm.
Bonzo yanımızda dayanıb tez-tez siqaretini sümürürdü. Sonra arvadını da bayıra çağırdı və qadınla özü, bir də həmkəndlisi yola düşən avtobusun arxasınca baxdılar, uşaqlar isə daşlı-kəsəkli, rəngi bilinməyən adda-budda balaca kolların bitdiyi təpəyə qalxdılar.
Gəldiyimiz yolla qayıtmadıq, qızmar çöllərdən keçib dəmir yoluna çatdıq. Onun yanı ilə çınqıl tökülmüş qumsal yol uzanırdı. Yol boyu əlimi də, dürmələnmiş kağızı da cibimdən çıxarmadım. Onun içində nəsə bərk bir şey vardı, nə qədər sıxsam da, kağızı deşib çıxmadı. Çıxarmağa da ürək eləmədim, çünki arxa güzgüdə hərdən Qarekin melanxolik baxışları ilə rastlaşırdım. Üstümüzə, eləcə də bomboz biyabana qara, qorxunc bir kölgə düşdü, sonra pər səsi eşidildi və alçaqdan paytaxta tərəf uçan təyyarəni gördük. Təyyarə havada qövs cızıb geri qayıtdı, axıra kimi də başımız üzərində uçdu, bizi tək buraxmadı.
Mən Bela Bonzon haqqında düşünür, içində bərk şey olan kağızı ovcumda sıxır və hiss edirdim ki, əlimin içi tərləyir. Dəmir yolunun qurtaracağında bir qaraltı göründü, getdikcə bizə yaxınlaşdı və indi gördük ki, içində gənc əsgərlər olan drezinadır. Avtomatlarını yellədə-yellədə bizə mehribanlıqla əl elədilər.
Bürmələnmiş kağızı ehtiyatla çıxardım, baxmadan da onu tez saat üçün olan balaca cibimə qoydum. Bu, yeganə cibim idi ki, düymələnirdi. Yenə də hökumətin dostu Bela Bonzon haqqında düşündüm, üzündəki qəribə razılıq ifadəsini, bizimlə söhbət edərkən qaralan mırığını xatırladım. Heç birimiz şübhə eləmirdik ki, onun şəxsində hökumətin ən sadiq dostuna rast gəlmişdik.
Dənizin kənarı ilə paytaxta qayıtdıq. Külək əsir, sahildəki qayalarla “öpüşən” dalğaların şappıltısı eşidilirdi. Qareklə nəzakətlə vidalaşaraq Operanın yanında avtobusdan düşdük. Mehmanxanaya tək qayıtdım, liftlə yuxarı qalxdım, otağıma girdim və ayaqyolunda hökumətin sadiq dostunun gizlincə verdiyi bürmələnmiş kağızı açdım. Heç nə yazılmamışdı, üzərində bircə işarə də yox idi, yalnız balaca bir kağız parçasına bükülmüş, siqaret tüstüsündən saralmış qabaq dişi vardı. Kiminsə sındırılmış dişi idi və kimin dişi olduğunu o dəqiqə bildim...
Drezina – relslərin üstü ilə hərəkət edən xüsusi qurğu, araba
“Xəzər” jurnalı № 1/2020
Orijinaldan tərcümə: Vilayət Hacıyev