Cəfər əmimin yolları - Şərif Ağayarın hekayəsi

Cəfər əmimin yolları - Şərif Ağayarın hekayəsi
19 iyul 2019
# 21:00

Kulis.az “Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayədən biri seçilən Şərif Ağayarın “Cəfər əmimin yolları” hekayəsini təqdim edir.

Cəfər əmimin uşaqlarından gələn ismarış Ziyad dədəmi yerlə yeksan eləmişdi. Başını qaldırıb adamların üzünə baxa bilmirdi: “Atamızı axtarmağın dərdindən orda-burda danışır ki, kanalda boğulub!”

Cəfər əmim qaçhaqaç vaxtı itkin düşmüşdü.

Biz bu xəbəri Hacı Süleymanın tozanaqlı düzəngahlarına gəldiyimiz gündən təxminən bir ay sonra eşitdik. Cəfər əmimin arvadı Mədinə bibim yüngülvari ayın-oyun, yatıb-duracaq və yeyəcək götürüb bizimlə bir maşında Hacı Süleymana gəlmişdi. Uşaqları da yanında... Köhnə yataq yerindəki uçuq-sökük daxmaları birtəhər abıra salıb içinə yığışmışdıq. Bir azdan dəhşətli istilər başlayacaqdı.

Cəfər əmim mal-heyvana görə kənddə qalmış, ayaq hərdəminə gəlib çatanacan kəndimizin yolu bağlanmışdı. Ona görə bir dəstə adamla geri qayıdıb Yelli gədikdən aşmalıydılar. Yelli gədiyi mən görməmişdim, deyilənə görə, yolları sərt idi. Atkeçməz dumanı, yağışı, ildırımı vardı. Daşlı-çınqıllı cığırların dırmandığı gədiyi aşıb bu üzdəki yastı-yapalaq yaylaqlara enmək azı üç-dörd gün çəkərdi. Ordan Hacı Süleyman torpaqlarına iki həftəlik köç yoluydu. Amma Cəfər əmim köçdən tez gəlib çıxdı. Balaca uşaqları sevinclə çığırışıb qabağına qaçdılar: “Ata gəldi! Ata gəldi!” Üzlərindən öpdü, ciblərini eşələyib hərəsinə bir şirniquş verdi. Mənimlə də görüşdü. Ziyad dədəmə salam vermədi amma. Ziyad dədəm də ona yaxınlaşmadı. Ancaq çox uzağa da getmədi. Cəfər əmim öskürə-öskürə üzünü mənə tutub dedi ki, yoldaşlarla Yelli gədiyi aşanda çovğuna düşüb, möhkəm soyuqlayıb. O, həmişə belə edirdi. Guya mənimlə danışırdı, amma səsinin tonundan bilirdim ki, sözünü Ziyad dədəmə deyir. Ziyad dədəm üzü o yana dursa da Cəfər əmimə diqqətlə qulaq asdı. Sözü bitən kimi məni əl işarəsiylə yanına çağırıb tapşırdı ki, Cəfər əmimi daxmamıza aparım, ona isti çay verim, yorğana bürünüb yatsın, yoxsa xəstəlik canından çıxmayacaq. Mən qayıdınca Cəfər əmim bizdən uzaqlaşıb Mədinə bibimgil yığışan daxmaya sarı gedirdi.

Ziyad dədəmlə Cəfər əmimin arası yox idi. Kənddə ata mülkünün üstündə bir az ağızlaşmışdılar. Əslində, Cəfər əmim özündən yaşca böyük olan qardaşının üzünə qayıtmışdı. Ziyad dədəm bərk incimişdi ondan və Cəfər əmimdən daha varlı olduğu üçün pul gücünə torpaqları onun əlindən almışdı. Nə qədər yalvarsalar, bircə sot da verməmişdi. Bu dəfə də Cəfər əmim küsmüşdü Ziyad dədəmdən. Onu danışdırmırdı. Kənddə evimizə də gəlmirdi. Amma mənimlə mehriban idi. Görəndə saçlarımı oxşayır, alnımdan öpür, mənə riyaziyyatdan maraqlı suallar verirdi. Düzünə qalsa, mən Cəfər əmimi Ziyad dədəmdən çox istəyirdim. Mehriban, qılıqlı adam idi. Uşaqları başına yığıb elə şirin-şirin əhvalatlar danışırdı ki, adamın ağzı sulanırdı. Çoxlu şeir də bilirdi. Kefi lap durulanda oxuyur, stula döyüb bizi oynadır, bəzən özü də uzun qollarını yana açıb meydana girirdi. Onda biz balacalar burnumuzu qırışdırıb elə şirincə gülürdük ki, Mədinə bibim də xoşbəxt olur, evin bir küncündə durub bizim üçün əl çalırdı. Hamımızdan artıq 6 yaşlı qızı Fəridəyə qayğı göstərirdi. Fəridə anadan ürək qüsuru ilə doğulmuşdu və dodaqları həmişə gömgöy, əlləri bumbuz olurdu. Böyüdükcə bu göyərti, bu soyuqluq daha da artırdı. Həkim deyirdi, bədəni iriləndikcə ürəyi qan çatdıra bilmir, ona görə vəziyyəti ağırlaşacaq. Biz uşaqlara heç nə söyləməsələr də, Mədinə bibimi neçə dəfə xəlvətdə Fəridə üçün hıçqıraraq ağlayan görmüşdüm. Əmim ağlamırdı amma, bunun əvəzində qızına inanılmaz sevgi bəsləyirdi. “Ata” deyəndə həmişə “Can” deyirdi və mən ömrüm boyu nə elə “Ata” sözü eşitmişdim, nə də elə “Can” sözü. “Can” deyəndə az qala canı boğazından çıxacaqdı. Fəridə də “Ata” kəlməsini söyləyəndə göyərmiş dodaqları qəribə bir həyəcanla titrəyir, gözlərindən nur saçılırdı.

Kəndimiz dağılandan bir il əvvəl Ziyad dədəm bərk xəstələnmişdi. Yerindən qalxa bilmirdi. Tərs kimi Cəfər əmimdən pul gücünə qamarlayıb aldığımız ata-baba torpaqlarındakı yoncanın biçin vaxtıydı. Bir az keçsə qartıyıb zay olacaqdı. Heç kimə heç nə demədən Cəfər əmimgilə getdim. Dedim, kərəntini ver, gedib, yerimizdəki yoncanı biçim. Cəfər əmim güldü, məni ələ saldı, dedi, kişiləşmisən, kərənti işlədirsən? De görüm, cucukun dururmu? Utandığımdan qıpqırmızı oldum. Başımı qaldıranda Cəfər əmimi kərənti çiynində məhəllənin çıxacağında gördüm: “Gəl gedək, görək neynirik!” Sevindiyimdən atılıb düşə-düşə yoncalığacan gəldim. Cəfər əmim kərəntini sazlayıb biçənəyi laylamağa başlayanda evimizə qaçdım, anama dedim ki, çolpa kəssin, əmim işi qurtaran kimi bizə gələcək. Cəfər əmim çox qoçaq idi, axşamacan bütün yoncalığı biçib qurtardı. Mənsə arada ona yaxınlıqdakı bulaqdan su gətirdim. Gah balaca səhəngi qaldırıb ağzına toxundurmadan su içdi, gah da uzun-şuvərək əlləriylə boynunu, boğazını, sinəsini islatdı. Axşam kərəntini çiyninə alıb öz evinin yolunu tutanda ətəyindən yapışıb nə qədər yalvardımsa bizə gəlmədi. Çox pis oldum, doluxsundum, Cəfər əmim məni qoyub evlərinə tərəf beş-on addım aralanmamış, hıçqırtıyla ağladım, çevrilib geri baxdı, yanıma döndü, yerə çömbəlib saçlarımı sığalladı. “Cəfər əmi, noolar, gedək bizə” – bilmirəm niyə belə yalvarırdım. Şirin-şirin güldü yenə. Elə güldü ki, özümdən asılı olmadan kiridirm. Dedi, kişi belə sarsaq şeylərdən ötrü ağlamaz, inşallah mən böyüyərəm, öz evim olar, onda bizə gələr, lap axşamacan oturar, istəsəm səhərəcən qalar.

Axırıncı dəfə Cəfər əmimgilə tüfəng dalınca getdim. Ziyad dədəm göndərdi məni. Cəfər əmim yaxşı ovçu olsa da öz tüfəngi yox idi, bizim tüfəngimizlə ova gedirdi. Arada vurduğu əlikdən, dağ keçisindən, dovşandan pay da verirdi bizə. Ziyad dədəm dedi, müharibə başlayıb, qorxulu günlər yaşayırq, get, tüfəngimizi ondan al, gətir. Cəfər əmim tüfəngimizi qatarı, patronları, pistontaxanı, lüləni silmək üçün uzun məftili ilə birlikdə gətirib verəndə heç nə deməsə də təhər-tühərindən qəlbinin sındığını hiss edirdim. Amma mənim fikrim tamam başqa yerdə idi. Uşaq ağlımla ova gedəcəkdim... Elə sevinirdim ki... Çiynimə salıb qundağını yerə sürtə-sürtı evə gətirdim.

İndi Hacı Süleyman torpaqlarında uşaqları yığışan qamış daxmaya tərəf ayaqlarını sürüyə-sürüyə yorğun- yorğun addımlayan Cəfər əmimə baxdıqca o günlər xəyalımdan ildırım sürətiylə ötüb keçirdi və içimi indiyədək heç vaxt hiss etmədiyim həzin bir kövrəklik bürümüşdü. Bu kövrəkliyin içində kəndimizdən ayrılmanın hüznü də vardı, Cəfər əmimin gəlib çıxmasının sevinci də.

“İnəklərimi onun-bunun umuduna qoyub atdana-atdana nəyə gəlmisən, ədə?!” – Mədinə bibim əlində süpürgə qamış daxmanın qapısında müntəzir dayanmışdı – “Yelli gədiyin qaçaq-quldurunamı verdin mənim xınalı inəklərimi? Yoxsa satıb xərclədin? Altı uşaq aranın düzündə nə yeyib-içəcək?!” – süpürgənin ucuyla xırda uşaqlarını göstərdi.

Mədinə bibimi belə hikkəli bilməzdim. Cəfər əmimin üstünə cocuduğunu da ilk dəfə görürdüm. Cəfər əmim də çaşmışdı. Əvvəl-əvvəl deməyə söz tapmasa da Fəridə qaçıb atasının əlindən bərk-bərk yapışanda qırışığı açıldı: “Gəldim uşaqlara daxma düzəldəm, səhərə-biri günə qayıdacam.”

Elə həmin gün baltanı-çəkici götürüb yana əyilmiş balaca daxmaların birini təmir elədi, silib-süpürüb səliqəyə saldı, axşam uşaqlarını rahatca içinə yığıb söykəyini atdı. Mən də getdim onlara. Bir azdan dədəmdən başqa bütün qohum-əqrəba tökülüb gəldi. Cəfər əmimi xeyli danışdırdılar. O, kənddən necə çıxmalarından, Yelli gədiyi aşanda necə çovğuna düşmələrindən, yolda boş qalmış kənd-kəsəyi talayan silahlı oğrularla necə qarşılaşmalarından danışdı.

“Heyvan verdiniz onlara?” – Mədinə bibimin qardaşı Alpənah dayı səsini qaldırıb soruşanda Cəfər əmim diksindi. Elə bil onu pis bir işin üstündə yaxaladılar.

“Aman hey! Mallarım getdi! Balalarım acından qırılacaq!” – Mədinə bibim dizlərinə necə çırpdısa üstündən toz qalxdı. Çırpdı və ağladı. Uşaqlar böyümüş gözlərlə böyüklərin sifətinə baxırdılar. Cəfər əmim keyimişdi. Bir yandan qızdırma, bir yandan yorğunluq, bir yandan yaşadığı qorxu və dəhşət, bir yandan da öz halal heyvanlarını oğrulara vermənin xəcaləti... Üstəlik Mədinə bibimin təlaş içindəki hayqırtıları... Tamam çaşmışdı. Əvvəlki şən-şux kişidən əsər-əlamət qalmamışdı. Rəngi avazımış, gözləri böyümüş, ovurdları batmışdı. Alpənah dayı yerində qurcuxub bacısına təpindi: “Sənin də bayquşluğun tutmasın!” - bir az ara verib səsinə həlimlik qatdı: “Cəfo, – Cəfər əmimi belə çağırırdılar – adam kimi denən görək noolub?”

“Silahsız idik, qorxduq” – başını aşağı saldı.

“Bə Ziyadın tüfəngi səndə deyildi?” – Alpənah dayı təəccüblə dodaqlarını uzatdı. Bu dəfə mən diksindim. Cəfər əmim burnunu sallayıb astadan “Yox” deməklə kifayətləndi. Mədinə bibim ağlaya-ağlaya əllərini havada oynatdı:

“Tüfəng nə gəzir, Alpənah, tüfəng nə gəzir! Belə qardaşlıq olar, Alpənah, belə qardaşlıq olar?”

Cəfər əmim təşviş içində öskürdü. Az qala boğulacaqdı. Sinəsi tamam tutulmuşdu. Çaydan zorla bir qurtum alanda əlləri əsdi. Onu tanıyandan belə əlacsız vəziyyətdə görməmişdim.

“Bunun vəziyyəti ağırdı, nə danışdığını bilmir,” – Alpənah dayı əlinin arxasıyla Cəfər əmimin alnına toxundu – “Elə istisi yoxdu, belinə bankə salın, nəfəsi genisin.”

Bu an qapının ağzında siluet dolaşdığını hiss eləyib ürpərdim. Alpənah dayı narahat olduğumu görüb gülümsədi: “Dədəndi, ay bala, nədən qorxursan, dur gör nə deyir.”

Ziyad dədəm boğazını arıtlamaqla Alpənah dayının dediklərini təsdiqlədi. Qapıya qaçdım. “Onu heç yerə buraxmıyın, xəstədi, həm də başını itirib” – dədəmin səsini içəridəkilər də eşitdi, heç kim heç nə demədi.

Mədinə bibim o gecə Cəfər əmimin kürəyinə bankə saldı, elə bankələrin altındaca yuxu onu apardı. Fəridə pişik kimi atasına sığınıb yatmaq istəyəndə anası ona təpindi: “Yorğundu, oyatma!” Fəridə geri çəkilib başını yana əyərək uzun-uzadı atasına tamaşa elədi.

Səhər Hacı Süleyman torpaqlarında bir isti vardı ki, adamın bədənindən cızdıq qoxusu gəlirdi. O istinin, o bürkünün altında oba camaatı yardım üçün Qərargaha getməli idi. Cəfər əmim də maşının kuzasına qalxdı, dedi, Qarabağ kanalının yanındakı dayanacaqda düşəcək, yol maşınları ilə yoldaşlarının yanına qayıdacaq. Çünki onların yanında az da olsa qoyun-quzusu qalmışdı. Görünür, oğrular insaflı çıxıb heyvanların hamısını almamışdılar. Ziyad dədəm Cəfər əmimi maşının üstündə görüb yenə məni çağırdı. Dedi, get, əminə denən, maşından düşsün, xəstədir, mən onun əvəzinə Yelli gədiyə gedərəm. Gəlib Cəfər əmimi yanladım, Ziyad dədəmin dediklərini qulağına pıçıldadım. Gülümsünüb üzümdən öpdü, dedi, narahat olmayım, uzağı iki-üç həftəyə qayıdacaq. Üzümdən öpəndə paltarından axşamkı bankələrin his qoxusu gəlirdi.

Mədinə bibim daxmanın dəhlizinə çıxıb ötkəm səslə dedi: “Heyvansız qayıtma!”

Cəfər əmim o gedən getdi.

Ondan bir daha xəbər ala bilmədik.

Yelli gədiyi Cəfər əmimlə birlikdə bəri üzə aşan yoldaşları and-aman elədilər ki, gedib yanlarına çıxmayıb. Heyvanların da hamısını oğrular əllərindən alıb. Mədinə bibim nə qədər and versə də boyunlarına heç nə almadılar. Dedilər, ola bilsin, Cəfo, siz onu çox incitməyəsiz deyə, yalandan o cür söyləyib, heyvan nədi-zad nədi, Yelli gədiyin ətəyində hamısını oğrulara verdik, yoxsa bizi öldürəcəkdilər. Bunu bütün köç yoldaşları bir ağızdan təsdiq elədilər. Bu vaxt Ziyad dədəm qızışdı. Dedi, sizi məhkəməyə verib sürüm-sürüm süründürrəm! Siz mənim qardaşımın variyətini satıb körpə uşaqlarını düzün ortasında ləlöyün qoymusuz! Yoldaşlar “Baah! Baah!” - eləyib incikliklərini bildirdilər: “Ziyad kişi, səndən heç gözləməzdik! Ağsaqqal adamsan, danışdığın sözə bax. Əgər satmışıqsa hanı bizim pulumuz?” Ziyad dədəm geri durmadı: “Nə bilim hanı? Üstünüzdə pul gətirəcəksiz mənim yanıma?” “Əgər elədirsə, ver məhkəməyə, bir söz demirik” – Cəfər əmimlə Yelli gədiyi bəri üzə aşan yoldaşlar bir-birinə baxıb dilləndilər. Alpənah dayının əlində ağac əsib-sovurması da işə yaramadı. Bütün bu vurçatlasın bitəndən sonra hamının yadına düşdü ki, heyvanlar cəhənnəm, Cəfər əmim özü də yoxdu.

“Səni dişlərimlə didəcəm!” – Mədinə bibim ərinə elə hirslənmişdi ki, özünə yer tapmırdı.

“Qeyrətsiz!” – Alpənah dayı da qəzəbliydi.

“Məni eşidib vaxtında kənddən çıxsaydı belə olmazdı” – Ziyad dədəm xeyli yumşaq davranırdı.

“Allah, Cəfər əmimə kömək elə” – bu da mənim içimdən keçənlər idi.

Bir gün, iki gün, üç gün, bir həftə... Cəfər əmimdən xəbər çıxmırdı ki, çıxmırdı. Obaya gələn tozanaqlı yolları baxmaqdan yağır eləmişdik. Fəridə saatlarla gözünü çəkmirdi. Uzaqdan toz qalxan kimi “Mama, maşın gəlir” – deyib daxmaya qaçır, anasıyla bahəm çölə çıxır, əlini onun kimi arvad-arvad alnına qoyub boylanırdı.

Bir həftənin tamamında qohumlar bizim daxmaya yığışıb məsləhət elədilər ki, Ziyad dədəm Cəfər əmimi axtarmağa getsin. Yolüstü polis bölməsinə və “Qırmızı Aypara” cəmiyyətinə də məlumat versin.

Və Ziyad dədəm yola düşdü.

Bir də iki aydan sonra qayıtdı.

Artıq qaçqınçılıqdan üç ay keçmişdi. Dəhşətli bir yayı yola salmışdıq. Yay boyu Alpənah dayı obanın icra nümayəndəsi ilə danışıb əmimə şəhid statusu almağa çalışırdı. Əgər bu iş düzəlsə yardım və çörəkpulu ilə yanaşı onlara əlavə müavinət də veriləcəkdi. Hətta üç toğlu verib Mədinə bibimgilə iri bir vaqon da almışdılar. Amma çox isti olurdu. Günün altında elə qızırdı ki, deyirdin elektrik sobasının içinə girirsən. Ona görə Mədinə bibimgil hələ də daxmada qalırdılar. Vaqonun içini qonaqlar üçün bəzəmiş, baş tərəfə Cəfər əmimin şəklini asımışdılar. Fotoda adamın üzünə elə içdən gülümsəyirdi ki, öldüyünə, itdiyinə inanmaq olmurdu. Fəridə hər səhər “Qoy atayla görüşüm” deyib vaqona gedir, ayağının altına kətil qoyub şəklin üzündən öpürdü. Səhhəti pisləşməyə başlayanda vaqona çətinliklə qalxır, kətilin üstünə çıxa bilmirdi. Onda Mədinə bibim mənə dedi ki, şəkli açıb lap aşağıdan asım, öpməyə boyu çatsın.

Ziyad dədəm qayıdıb gələndə Fəridə artıq yataqdan qalxmırdı. Üstü ay-ulduzlu ambulansda arabir Hacı Süleyman torpaqlarına gələn yardım həkimlərinin dediyinə görə, istilərdə damarları genişlənmiş, qanın bədəndə hərəkəti daha da çətinləşmişdi. Ona görə belə halsız idi. Havaların sınmağına baxmayaraq alışıb yanır, dodaqları quruyur, nəfəs ala bilmirdi. Bəzən halı lap pisləşir, quruya atılmış balıq kimi ağzını məzlumca açıb yumurdu. Mədinə bibim bütün günü iri bir kardon parçasıyla Fəridənin üzünü yelləyirdi.

Gördüyüm mənzərələri seyr edə-edə içimdən qara qanlar axırdı. Düşünürdüm ki, əgər Ziyad dədəmin sözüylə gedib Cəfər əmimdən tüfəngi almasaydım, o, oğrulardan qorxmaz, mal-heyvanını onlara verməz, evlərində dava düşməzdi. Bəlkə mal-heyvanını oğrulara vermişdi deyə utandığından Hacı Süleyman torpaqlarına qayıtmırdı? Qayıtsa Fəridə də sağalardı.

Hamı Cəfər əmimi gözləyirdi. Ziyad dədəm onu harda olsa tapıb gətirəcəkdi. Çünki bu dünyada ondan bacarıqlı adam yox idi. Hərdən düşünürdüm ki, birdən Ziyad dədəm Cəfər əmimi tapar, amma Cəfər əmim onunlayenədanışmaz, onda necə olar? Mən də yoxam ki, üzünü mənə tutub danışa.

Gecələr fikir-xəyaldan yata bilmirdim.

Təkcə mənə yox, Mədinə bibimə də, Fəridəyə də, o biri uşaqlara da, anama da, hətta yataqdakı başqa qohumlara da elə gəlirdi ki, Cəfər əmim qayıdıb gəlsə hər şey qaydasına düşəcək. Fəridə sağalacaq, istilər azalacaq, yoxsulluq bitəcək, işıqlar yanacaq, su bol olacaq, heyvanlarımız qızdırıb ölməyəcək.

Ziyad dədəm əliboş gələndə bütün inamımız yerlə bir oldu. Cəfər əmimin yoxluğu onda çatdı bizə. Onda anladıq ki, həmin isti yay səhəri yardıma gedən maşının kuzasında onu sonuncu dəfə görürmüşük.

Bütün oba toplaşıb gözünü Ziyad dədəmin ağzına dikmişdi. Düzdü, o gələn kimi qohumlara “Qarabağ kanalına düşüb, boğulub!” xəbərini vermişdi. İndi qalırdı dediklərini sübuta yetirmək, adamları, ən vacibi Mədinə bibimi və uşaqlarını buna inandırmaq...

Ziyad dədəm polisə və “Qırmızı Aypara” cəmiyyətinə ərizə ilə müraciət edəndən sonra əvvəlcə Yelli gədiyin qüzeyindəki dağlara gedibmiş. Oranı oba-oba, oymaq-oymaq dolaşıb, çoxlu tanış-bilişlə, qohum-əqrəbayla rastlaşıb, Cəfər əmimi gördüm deyən olmayıb. Gəlib Qarabağ kanalının qırağındakı əmim düşən dayanacağa. Təxmininə görə, hava isti olduğundan və maşınlar seyrək gəldiyindən Cəfər əmim kanalda yuyunmaq, yaxud çimmək istəyib. Ona görə Ziyad dədəm gedib kanalın qırağında bir nişana, paltar-filan axtarıb, amma tapa bilməyib. Necəsə ağlına gəlib ki, əmim xəstə olduğundan çimmək yox, yuyunmaq istəyər və paltarlı-zadlı sürüşüb kanala düşər. Belədirsə, hardasa nişana axtarmaq əbəsdir. Odur ki, kanal yenişə getməyə başlayıb. Soraqlaya-soraqlaya xeyli gedəndən sonra kanalda çimişən bir dəstə uşağa rast gəlib. Şappaşupla suya atılıb əylənən səsli-küylü uşaqlar ona deyiblər ki, təxminən iki ay öncə buralardan bir meyit axıb, onu öz gözləriylə görüblər, gedib böyükləri çağırıblar, amma heç kim qorxudan yaxınlaşmayıb. O vaxt dəhşətli müharibə getdiyindən kanaldan meyit axması adi hal idi. Ziyad dədəm meyitin izindən əl çəkməyib, kanal boyu bütün obalardan soruşa-soruşa nəhayət onu görən adamları tapıb, nişanələrini soruşub, hamısı Cəfər əmimə uyğun gəlib. Görənlər onu da söyləyiblər ki, meyitin belində bankə yerləri varmış. Burda da onu heç kim çıxarıb basdırmayıb. Düşünüblər ki, erməni meyitidir.

“Məncə o imiş!” – Ziyad dədəm soyuqqanlılıqla danışdığı uzun və kədərli əhvalatın son nöqtəsini qoydu, amma inamsız baxışlarını adamların üzündə gəzdirməkdən də özünü saxlaya bilmədi. Adamlar ağızlarına su alıb susmuş, böyümüş gözlərini döşəməyə zilləmişdilər. Kimsə danışıb bu kədərli sükutun sehrini pozmaq istəmirdi. Birdən anam peyda oldu: “A kişi, sən niyə ağlına gələni danışırsan? Bilirsən, qardaşının uşaqları nə deyir?” – Duruxub qonaqlara baxdı, hamısının yaxın qohum olduğunu bir daha dəqiqləşdirib Cəfər əmimin uşaqlarının ismarışını söylədi: “Atamızı axtarmağın dərdindən orda-burda danışır ki, kanalda boğulub!”

Ziyad dədəmə güllə dəydi elə bil. İçindən elə bir boğuq inilti eşitdim ki, dedim, bu saat nəfəsi tıxanacaq. Əvvəl təəccüblə anama baxdı, başını aşağı salıb köks ötürdü və o gecədən sonra bir daha kanal söhbətini dilinə gətirmədi.

Səhər tezdən Mədinə bibim daxmamızın qabağını kəsdirib qışqıra-qışqıra danışmağa, bizə tərəf dəlilər kimi oynamağa başladı. Oynadı-oynadı, sonra əlini Ziyad dədəmə sarı qəribə şəkildə yellədərək dedi: “A sənin evin yıxılsın, Cəfo uşaq-zaddı arxa düşüb boğula?! Ay binamus, bəlkə özün itəliyib salmısan kanala?! Kənddə yerini-yurdunu əlindən aldın, indi də fürsət düşdü canına qıydın!”

İlahi! Ziyad dədəm çıraq kimi söndü elə bil. Gözlərini divara zilləyib lam qaldı. Bəlkə bu an adam yox, it, pişik, siçan, hətta dozanqurdu olmağa razı idi, təki Mədinə bibimdən belə sözlər eşitməyəydi. Mən də neyləyəcəyimi bilmədim. Ürəyim qulaqlarımın içində döyünürdü, heç nə eşitmirəm.

Arvadlar tökülüşüb gəldilər. Heç kim Mədinə bibimi tuta bilmirdi. Ziyad dədəmi elə söyüb yamanlayırdı ki, elə bil bütün baş verənlərin baiskarı o idi.

Alpənah dayı əlində ağac özünü yetirib bacısının şirin ətinə bir-ikisini çəkdi, saçlarından tutub vaqona tərəf dartdı. Sonra özü gəldi daxmamızın qabağına. Dədəm elə bil sal daş idi. Heç nə eşitmir, heç nə görmür, heç nə hiss etmirdi. Anamsa bir küncdə oturub astadan ağlayırdı.

Alpənah dayı: “Ziyad, sənin də zayın çıxdı eee... deyirəm! A kişi, biz burda icra nümayəndəsinə yalvar-yaxar eləyirik ki, Cəfoya şəhidlik kağızı alaq, sən də gəlib deyirsən, budu burda, burnumuzun ucunda kanala yıxılıb. Sən allah utanmırsan heç?”

Dədəmdən hənir gəlmirdi.

Alpənah dayı: “Saxlıyacaqsan Cəfonun uşaqlarını?! Bacım heç, bacımı apararam evimə, sən yiyə duracaqsan o altı yetimə? Biri də o cür xəstə, uzanılı qalıb. Allah canını da almır ki, dincələ!” – ağlamsındı – “Niyə danışmırsan, ay nadürüst? Utanıb-ölmürsən?!”

“Nahaq elə danışır, nahaq! O onun sözü deyil” – bütün yataq əhli eyni şeyi deyirdi. Anam da bir yandan Ziyad dədəmin üstünə düşmüşdü: “Sənə dedim ki, dilini qoy qarnına, ağlına gələni danışma!” - amma ərinin sarsıldığını hiss edincə xeyli yumşaldı - “Dünya görmüş adamsan, niyə başa düşmürsən ki, uşaqlara şəhidlik pensiyası lazımdı, sənin danışdığın nağıllar yox. Cəfo kanalda batdısa da getdi, düşmən gülləsinə tuş gəldisə də!”

Ziyad dədəm boğazını üç-dörd kərə arıtlayıb içinin dərinliklərində itmiş səsini axtardı. Amma, deyəsən tapa bilmədi. Bu məni yaman qorxudurdu. Üşənirdim. Mənə elə gəlirdi ki, Ziyad dədəm içində itmiş səsini bir daha tapa bilməyəcək və bundan sonra ömrü boyu danışmayacaq. Beləcə boğazını arıtlayıb udqunmaqla keçinəcək.

“Niyə danışmırsan?” – anam əyilib Ziyad dədəmin sifətinə baxdı – “Ziyad, nə oldu sənə?”

Ziyad dədəm nəinki danışmır, heç reaksiya da vermirdi. Sifət cizgiləri heç nə ifadə etmirdi. O, indi insandan çox heykələ bənzəyirdi. İndi Cəfər əmimdən də, Mədinə bibimdən də, Fəridədən də çox ona yazığım gəlirdi.

Həmin gecə yuxu yata bilmədim. Dağı-arana, aranı-dağa daşıdığım yerdə hardansa ağlıma gəldi ki, birdən Ziyad dədəm də Cəfər əmim kimi bizi qoyub gedər, onda neyləyərik? Heç olmasa Mədinə bibimin yatağın ortasına düşüb dəli kimi oynaya-oynaya söyməyə bir adam vardı, anam kimin üstünə gedəcəkdi? Biz kimdən mədət umacaqdıq? Adyalın altında tir-tir əsirdim və özümdən çox aldığım nəfəs titrəyirdi. Gözlərim süd rənginə çalan qaranlığın işində anamı axtardı. Yanına getmək istədim. Hansı tərəfdə yatmışdı görəsən. Onu tapmaq üçün asta-asta boylanırdım ki, Ziyad dədəmin mələfəyə bürünüb yerindən qalxdığını və asta addımlarla bayıra çıxdığını gördüm. Durub arxasınca getdim. On-on beş addım atıb dayandı, göyə baxdı, əllərini yuxarı tutub nəsə danışmağa başladı. Qəfil mənə elə gəldi ki, Ziyad dədəm ölməyə çıxıb, bu saat ağ mələfədəcə quş kimi uçub gedəcək, gecənin süd rəngli qaranlığına qarışıb yox olacaq. Hətta arada dabanlarının qalxdığını, mələfənin bir tərəfinin quş qanadı kimi yelləndiyini gördüm. Özümü saxlaya bilməyib qışqırdım: “Ziyad dədə!” Geri çevrildi. Təşviş içində titrədiyimi görüb mənə sarı gəldi, boynumu qucaqlayanda hönkürməkdən özümü saxlaya bilmədim. Məni kiritməyə çalışdı:

“Qorxma oğlum, havamı dəyişməyə çıxmışam.”

Birtəhər özümü ələ aldım:

“Ziyad dədə, sən kimnən danışırdın?”

“Ayın üzünə salavat çəkirdim, oğul. Adam təzə ayı görəndə salavat çevirməlidir.”

“Onda nə olur ki?” – burnumu çəkib sakitləşdim.

“Onda Allaha xoş gedir.”

“Ziyad dədə, o adamlar yalan deyir, onların dediyi sözü ürəyinə salma, mən sənə inanıram, sən düz deyirsən, Cəfər əmim doğrudan da kanalda boğulub.”

Məni sinəsinə sıxdı, başımın ortasını qoxlayıb saçımdan öpdü, əllərinin içiylə gözümün, üzümün yaşını sildi:

“Ağlama, mənim ağıllı balam.” – səsi titrədi – “Balamın dədəsi heç vaxt yalan danışmaz. Mədinə bibini də qınama, dərdindən bilmir neyləsin. Di sakitləş, ağlama. Ağlama.”

Qəfil boynuna atılıb gücüm çatan qədər sıxdım:

“Ziyad dədə, bizi qoyub getmə!”

“Hara gedərəm ki, oğlum, adam heç balasını qoyub gedər?”

“Bəs Cəfər əmim niyə getdi?”

“Onu müharibədə öldürdülər, sağ olsa gələrdi, balalarını atmazdı.”

“Yox, kanalda boğuldu.”

“Elə demə, oğlum, sən də hamı kimi denən ki, müharibədə öldü.”

“Bə sən niyə demirsən?”

“Mən doğru-dürüst bilmək istəyirəm ki, qardaşımın başına nə gəlib. Sən fikir vermə.” – məni qucağına alıb evə qaytardı, yatağıma uzadıb üstümü örtdü. Dədəmin ayla danışmasına elə sevinmişdim ki, necə yuxuya getdiyimi bilmədim.

Səhər Mədinə bibimin haray-həşirinə oyandım:

“Ziyad gəl, balam öldü! Ziyaaaad!!!”

Cəld qalxıb vaqona tərəf götürüldüm. Fəridənin yerini Cəfər əmimin şəklinin altında salmışdılar. Son günlər qalxa bilmirdi deyə, şəkli yanına qoymuşdular. Mən ora çatanda Fəridə anasının qollarının arasında su kimi axırdı. Hey-hərəkəti qalmamışdı. Süzgün gözləri sonuncu dəfə üzümə dikildi, göyərmiş yerləri artıq saralmaqda olan dodaqlarında sirli bir təbəssüm sezildi. “Qoy ataynan görüşüm” – zorla pıçıldadı. Şəkli yerdən qaldırıb dodaqlarına yaxınlaşdırdım. Öpməyə taqəti qalmamışdı. Bu vaxt Ziyad dədəm içəri girdi. Səssiz hərəkətlərində inanılmaz həyəcan vardı. Mədinə bibim Ziyad dədəmi görən kimi Fəridəni onun üstünə atıb qışqırdı: “Qoyma balam ölsün, Ziyad! Cəfo gəlsə nə deyəcəm ona?! Necə deyəcəm ki, istəkli balanı qoruya bilmədim?!”

Bu haray-hıçqırıqların arasından Fəridənin son pıçıltısı eşidildi: “Atam gəlsin...”

“Gəlsin də, ay bala, qoymuram bəyəm?” – bunu da Ziyad dədəm dedi və Fəridənin cansız bədənini sinəsinə sıxıb çiyinlərini ata-ata ağladı.

Son

Digər hekayələr

C.Məmmədquluzadə "Poçt qutusu"

Y.Səmədoğlu "Bayatı-Şiraz"

Ə.Əylisli "Ürək yaman şeydir"

C.Məmmədquluzadə "Usta Zeynal"

Y.Səmədoğlu "Astana"

Ə.Haqverdiyev "Bomba"

Anar "Gürcü familiyası"

A.Məsud "Sərçələr"

M.F.Axundov "Aldanmış kəvakib"

S.S.Axundov "Qaraca qız"

Ə.Haqverdiyev "Mirzə Səfər"

Ə.Əylisli "Nənəmin tütün kisəsi"

V.Nəsib "Omaroğlunun qayıtması"

Şahmar "Köynək"

Qan Turalı "Şaxtababanın qətli"

Anar "Asılqanda işləyən qadının söhbəti"

A. Məsud "Dovşanın ölümü"

C. Məmmədquluzadə "Qurbanəli bəy"

Ş. Ağayar "Şeqlov üsulu"

İ. Hüseynov "Bir az romantika"

Ə.Məmmədxanlı "Buz heykəl"

Anar “Mən, sən, o və telefon”

Ə.Haqverdiyev “Çeşmək”

E.Əlləzoğlu “Doğum”

Y.Səmədoğlunun “İncə dərəsində yaz çağı”

Yaşar “Tabut”

Ə.Haqverdiyev “Şeyx Şəban”

Elçin “Parisdə avtomobil qəzası”

K.Abdulla “Səhvlərimizin qrammatikası”

Ş.Ağayar "Şəkil"

Elçin Qatar. Pikasso. Latur. 1968.”

A. Divanbəyoğlu “Can Yanğısı”

N.Kamal "Nana sevirdi"

E.Hüseynbəyli “Kəndə gün çıxanda qayıdacağıq…”

K.Abdulla "Adaşlar"

S.Əhmədli "Arabaçı"

Y.Səmədoğlu “Soyuq daş”

F.Uğurlu "Dərviş"

S.Baycan “Puqaçov üsyanı”

R.Əlizadə "Əncir qurusu"

R.Tağı "Qoca Məcnun"

S.Baycan “Evdən siçovul çıxaran”

A.Ayvaz "Buri"

S.Budaqlı "Firuzə qaşlı sırğa"

Ə.Haqverdiyev "Pir"

R.Məcid "10 sentyabr"

A.Məsud "Gecə"

Anar "Nisbət nəzəriyyəsi"

Ş.Ağayar "Möhüş"

A.Məsud "II İohan"

R.Tağı "Tüfəng səsi"

M.Cəfərli "Amerika"

Elçin "Baladadaşın toy hamamı"

M.Cəlil "İki alma"

Anar Yaxşı padşahın nağılı

# 7242 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #