Kulis.az Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla müsahibəni təqdim edir.
- Anar müəllim, insan nə keçmişsiz yaşaya bilir, nə də gələcəksiz. Rahatlıqla keçmişə boylana bilərsiniz?
- Rahatlıqla, amma həm də nisgillə, kədərlə. Keçmişin elə günləri, anları var ki, onları bir daha yaşamaq istərdim.
- Siz tarixin övladısınız. Çox zəngin yaradıcılığınız var. Bu yaradıcılığınız müqabilində qazancınız nədir?
- Barəmdə və yaradıcılığım haqqında dediyiniz xoş sözlər üçün sağ olun. Yaradıcılığımın müqabilində nə isə qazanacağım haqqında heç vaxt düşünməmişəm və heç vaxt yazı-pozumdan nə isə qazanmaq niyyətim olmayıb.
- Sizin yaradıcılığa başladığınız dövr həm məsuliyyətli, həm də çətin bir dövr idi. Ona görə ki, R.Rza kimi, S.Rüstəm kimi, S.Rəhimov kimi, M.İbrahimov kimi ədəbiyyat nəhənglərinə əsər bəyəndirmək, onların əlindən ədəbiyyata vəsiqə almaq hər kəsə nəsib olmurdu.
- Mənim ilk oxucularım atam Rəsul Rza, anam Nigar Rəfibəyli, əmim Ənvər Məmmədxanlı olub. "Kiminsə əlindən ədəbiyyata vəsiqə almaq" bir az mübahisəli məsələdir. Vəsiqəni, yəni Yazıçılar Birliyinə üzvlük biletini mənə 1964-cü ildə Mehdi Hüseyn təqdim edib. İlk hekayələrimi düz altmış il bundan qabaq "Azərbaycan" jurnalının 1960-cı il dekabr nömrəsində jurnalın redaktoru Əbülhəsən çap edib. Yaşlı nəsildən Məmməd Arifin, Mirzə İbrahimovun, Sabit Rəhmanın, Həmid Araslının haqqımda xoşniyyətli yazılarını, Süleyman Rüstəmin Şəki teatrında tamaşaya qoyulmuş "Adamın adamı" komediyam haqqında, Süleyman Rəhimovun rus teatrında "Şəhərin yay günləri" pyesim haqqında, İlyas Əfəndiyevin "Sizsiz" xatirə romanım haqqında mənə dedikləri xoş sözləri də minnətdarlıq hissiylə xatırlayıram.
- Anar və "altmışıncılar" ədəbiyyatın axarını dəyişdilər. Bunun üçünsə yəqin ki, özündən əvvəlki nəslin inkarı vacib idi. Kimlərdən imtina etdiniz və kimlərdən bəhrələndiniz?
- Ədəbiyyatın axarını "altmışıncılar" yox, Zaman dəyişdi. 1953-cü ildə Stalinin ölümündən və 56-cı ilin hadisələrindən sonra Zaman əhəmiyyətli dərəcədə başqalaşdı və Mirzə Cəlil Məmmədquluzadə demiş, "bir nəfəs genliyi" əmələ gəldi. Və yenə də Mirzə Cəlili xatırlayaraq, onun "Molla Nəsrəddin"i Zəmanə yaratdı" fikrini altımışıncılara da aid etmək olar. Bizləri də zaman yaratdı. Amma əvvəlki nəsli inkar etmədik. Həm də kim idi axı bilavasitə bizdən əvvəlki nəsil? İsmayıl Şıxlı, İsa Hüseynov, Bəxtiyar Vahabzadə, Qabil... Biz onları necə inkar edə bilərdik və niyə inkar etməliydik?
Kimlər kimi yazmamaq, kimləri təkrarlamamaq, onları inkar etmək, xidmətlərini danmaq demək deyil. Kimlərdən bəhrələndiyimizə gəldikdə isə altmışıncılara ən çox təsir göstərmiş iki yazıçının adını çəkə bilərəm - biri dahi klassikimiz Mirzə Cəlil Məmmədquluzadə, biri bizim nəslin ağsaqqalı, nasir İsa Hüseynov. Şeirdə də altmışıncılar ədəbiyyatına ən çox təsir edən şairin Rəsul Rza olduğunu desəm, bunu qeyri-təvazökarlıq saymasınlar. Bu, artıq təsdiq olunmuş ədəbi faktdır.
- Sizin ədəbi nəslin müzakirə məkanı haraydı? Harda toplaşırdınız? Kimləri oxuyurdunuz? Təbii ki, "qadağan olunmuş" ələbiyyatdan söhbət gedir.
- Desəm ki, əsasən mənim Vaqif küçəsində 30 nömrəli evdəki yarı zirzəmi mənzilimdə toplaşırdıq, bu, Sizə qəribə gəlməsin. Çox vaxt bulvarda "Sahil" adlanan çayxanada görüşərdik, məhz restoranda yox, çayxanada. Qadağan olunmuş ədəbiyyata gəlincə, mən Moskvada ssenari kurslarında təhsil alarkən o vaxt çap olunmamış bəzi əsərlərin üzünü makinada köçürüb Bakıya gətirmişdim. Yadımda qalanlar Kafkanın "Proses", Heminqueyin "Çan kiminçün çalınır", Kamyunun "Yabançı", Pasternakın "Həkim Jivaqo" romanları idi. Bu gətirdiklərimlə dostlarımdan başqa atam, Ənvər Məmmədxanlı da tanış olmuşdular. Böyük bəstəkarımız Qara Qarayev də Heminqueyin həmin romanıyla mənim gətirdiyim nüsxə vasitəsiylə tanış oldu və eşitdiyimə görə, əsər haqqında xeyli qeydlər edibmiş. Hardadır indi o qeydlər? Tapılsaydı, çox maraqlı olardı.
- Yunis İmrənin bir beyti var:
Məni məndə demə, məndə deyiləm
Bir mən vardır məndə, məndən içəri.
Bəzən zahiri "mən"lə içəridə olan "mən"in əbədi savaşında insan özünü axtarır, bu zaman suallar qarşısında dayanmalı olur. Sizdə belə məqam olubmu?
- Təbii ki, olub və olur. İnsan ömrü, özəlliklə yazıçı ömrü elə öz özüylə daxili dialoqdan ibarət deyilmi?
- Sizin bəxtinizə nə düşdü? Bir quruluşun digəri ilə əvəzlənməsi... Başqa quruluşda, başqa ruhda tərbiyə almışdınız. Necə ki, XX əsrin əvvəlində yaşamış sənətkarlar sosalist quruluşunu daxildən qəbul etmirdilər, oxşar proses XX əsrin sonunda da baş verdi. 1991-ci ildə rəsmən kapitalizm quruluşuna keçdik. Artıq yeni zövqü, dünyagörüşü, həyata baxışı fərqli bir nəsil dünyaya gəldi.
- Sizin bu sualınıza öz sözlərimlə deyil, başqa birisinin sözləriylə, mənim bütünlüklə paylaşdığım bir fikirlə cavab verəcəm. Deyirlər: "Sovet təbliğatı bizə sosializm haqqında nə deyirdisə, hamısı yalan çıxdı, amma kapitalizm haqqında nə deyirdisə, düz imiş..." Doğrudan da elədir. İndi guya ki, yaşadığımız kapitalist sistemi sənətə, ədəbiyyata, mənəviyyata qarşı ən azı laqeyd, biganə münasibətiylə seçilir. Kitaba marağın azalmasından danışırıq. Marağın azalması bir yana dursun, kitabın təhqir olunmasına şahid oluruq. Görmüsünüzmü, Bakının bir çox restoranlarında divarlara klassiklərin və müasirlərin kitabları düzülür. Oxunmaqçün yox, sadəcə, dekorativ element kimi. Bir restoranda - təbii bunu özüm görə bilməzdim - amma eşitdim ki, qadın tualetinə Çexovun əsərlərini düzüblər. Kitaba bundan artıq həqarət olarmı? Sonra da deyirik ki gənc nəsil ədəbiyyatı yetərincə dəyərləndirmir. Çexovla tualetdə tanış olanlardan nə gözləyəsən? Yeni nəslin zövqü, dünyagörüşü, həyata baxışı fərqlidirsə, çox gözəl, belə də olmalıdır. Amma elə mənəvi dəyərlər var ki - ədəbiyyata münasibət də, o cümlədən - hansı quruluş, hansı texniki tərəqqi olur-olsun, dəyişməz qalmalıdır.
- Azərbaycan xalqının mənəviyyatını, psixologiyasını sizin qədər hiss edən, duyan ikinci bir qələm sahibinə rast gəlinməz. Qəhrəmanlarınız xalqın içindən çıxmış adamlardır. Yaratdığınız ən sadə adamlar elə zahirən adi adamlar kimi görünsələr də, daxili aləmləri zəngindir. Bir kiçik hekayədə, bir xırda essedə bir neçə problem qaldırırsınız. Və ən əsası bu problemləri vaxtında qaldırırsınız. Hansı yazılarınızda sizi görmək olar?
- Əvvəla, haqqımda dediyiniz xoş sözlərçün təşəkkür edirəm. Sözlərinizdə mübaliğə varsa da, yenə bunları eşitmək kimə xoş gəlməz? Verdiyiniz qiymətlər arasında ən çox ürəyimə yatan bu fikrinizdir: "Qəhrəmanlarınız xalqın içindən çıxmış adamlardır". Niyə bu fikir ürəyimcədi? Çünki uzun zaman ədəbi həyatda belə bir təsəvvür vardı ki, xalqın içindən çıxan adamlar yalnız kənddə yaşayanlardır. Kənddə yaşayanları və onlar haqqında həqiqəti yazan yazıçılarımızı yüksək dəyərləndirirəm, amma şəhər əhlinin, ən adi şəhər sakinlərinin guya xalqın içindən çıxmadığını demək də ədalətsizlikdir. Bəs ziyalılar - həkimlər, müəllimlər, sənətkarlar - xalqın içindən çıxmayıb, hardan çıxıblar? Aydan, ya Marsdan gəliblər? Oralarda ki həyat yoxdur. "Hansı yazılarımda məni görmək olar" sualınıza isə belə cavab verərdim: "hamısında".
- Deyirlər, Anar müəllim kifayət qədər qapalı adamdır. Obrazınızı yazmış olsaydınız, necə xarakterizə edərdiniz özünüzü?
- Bilmirəm mənim haqqımda bu mif nəyə əsaslanır, məni niyə qapalı adam sayırlar? Məni yaxından tanıyanlar təsdiq edə bilərlər ki, mən maraqlı söhbətə, səmimi ünsiyyətə, etibarlı dostluğa çox açıq olan bir insanam. İntəhası heç tanımadığın, ya ilk dəfə təsadüfən küçədə rast gəldiyim adama ürəyimi açası deyiləm ki... Son zamanlar dəb düşmüş şəkil çəkdirmək modası isə, məni doğrusu, üzür, lap yaxşı niyyətlə olsa da. Heç kəsin könlünü qırmaq istəmirəm, amma otuz doqquz dəfə çəkilməyə razı olub, qırxıncı dəfə imtina edəndə, "yox, artıq bu gün şəklimi çəkdirmisəm" deyəndə məndən inciməsinlər, nəzakətsizlik kimi, qapalılıq kimi qəbul etməsinlər. Öz obrazım isə, əvvəlki sualınıza cavab olaraq dediyim kimi, bütün yazdıqlarımda var.
- Bir dəfə yazmışdınız ki, üç şey çətindir: soyuqda dənizə girmək, səhər yuxudan durmaq və yazıya başlamaq...
- İndi dördüncüsünü də əlavə edə bilərəm. Müsahibə üçün verilən suallara vaxtında cavab vermək.
- Qarabağla bağlı əsassız iddialar başlanandan bəri Azərbaycan Yazıçılar təşkilatı xalqımızın haqq səsini dünyaya çatdırmaqçün ardıcıl fəaliyyət göstərib. Bu barədə...
- Bilirsiz, mən bu barədə dəfələrlə danışmışam, yazmışam, elə çıxmasın ki, gördüyümüz az-çox işləri daima reklam etməklə məşğulam, Qarabağ məsələsi başlanan ilk günlərdən bu məsələyə fəal müdaxilə etməyimiz xal qazanmaqçün deyildi, bizim vətəndaşlıq və yazıçılıq borcumuz idi. Amma madam ki, sual verirsiniz, bir daha xatırladım. Parisdə akademik Aqanbekyanın Dağlıq Qarabağın Ermənistana qatılması barədə bəyanatı haqqında xəbər çatan kimi Yazıçılar Birliyində toplaşdıq, Qarabağın tarixi, əzəldən bəri Azərbaycana məxsusluğu haqqında Qorbaçova konkret faktlarla dolu məktub göndərdik. Bir neçə gündən sonra o vaxt Azərbaycan KP MK-nın ikinci katibi işləyən Konovalov mənə telefon edib dedi ki, Qorbaçov məktubunuzu alıb və Azərbaycan yazıçılarını əmin edir ki, heç bir sərhəd dəyişikliyindən söhbət gedə bilməz. Bu sözləri Qorbaçov dəfələrlə, o cümlədən, akademik Müdhət Abbasov, akademik Adilə xanım Namazova və mənimlə şəxsi görüşümüz zamanı da təkrar edirdi. Amma söz bir, əməl ayrı.
O vaxt Kommunist partiyasına etibar qalmamışdı, başqa partiyalar da hələ yox idi. Hamı, o cümlədən, qaçqınlar və köçkünlər Yazıçılar Birliyinə üz tuturdular və biz də bacardığımız qədər problemlərini həll etməyə çalışırdıq. Yazıçıların Şüvəlandakı yaradıcılıq evində qaçqınları yerləşdirdik... 1990-cı ilin Qara yanvarı haqqında Moskva mətbuatında - "Pravda" qəzetində çıxan ilk yazı mənimlə müsahibə idi. Xocalı faciəsi haqqında Moskva mətbuatında "İzvestiya" qəzetində dərc olunmuş ilk məlumat Yazıçılar Birliyimizin SSRİ yazıçılarına müraciətində verildi. SSRİ Xalq deputatı kimi Ali Sovetin sessiyalarında, Moskva və Türkiyə televiziya kanallarında, Bakıda olduğum zaman mitinqlərdə Qarabağ məsələsi barəsində dəfələrlə çıxışlar etmişəm. Qara yanvar günlərində Akademiyada ilk toplantını mən aparırdım. Elə həmin gün Bəxtiyar Vahabzadə radioyla deputatları iclasa çağırdı. Gecə Fövqəladə vəziyyət şəraitində Azərbaycan Ali Sovetinin iclasını İsmayıl Şıxlı apardı. Mənim yazdığım və kürsüdən səsləndirdiyim bəyanatlar beynəlxalq təşkilatlara göndərildi.
O vaxt sovet siyasətinə əsas etiraz forması kimi Xalq Cəbhəsinin yaradılması haqqında dörd yazıçımız bəyanat verdi: İsmayıl Şıxlı, Məmməd Araz, Yusif Səmədoğlu, Sabir Rüstəmxanlı. Sabir Rüstəmxanlı mitinqlərin əsas aparıcılarından idi, Meydan Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın çıxışlarını hərarətlə qarşılayırdı. Yeri gəlmişkən, Xəlil Rza həbs olunanda Yazıçılar Birliyində onu Müdafiə Komitəsi yaratdıq və mən Moskvada Lefortova türməsində Xəlillə görüşdüm. Dövlət Təhlükəsizlik Komitəsinin sədri Kryuçkova Xəlil Rzanın azad olunması barədə deputat blankında məktub yazdım. Az sonra Xəlil azad edildi.
- Gənclərimizin içində "bizdən əvvəl ədəbiyyat olmayıb" deyənlər var. Siz nə deyirsiniz?
- Yüngülvari naxoşluqdur. Zökəm kimi. Keçib gedər inşallah. Özü də bilirsiz haçan sağalacaqlar? O vaxt ki, daha gənc nəsil gələcək və onların arasında da "bizdən əvvəl ədəbiyyat olmayıb" deyənlər tapılacaq. Ümmiyyətlə, iddiayla istedad tərs mütənasibdirlər. Biri az olanda o biri çox olur və tərsinə.
- Sizi türkçülükdə ittiham ediblər, müsahibələrinizin birində "Türkçülük damğası" "həmişə ailəmizin üstündə olub" deyirsiniz.
- Bu sözü deməyə əsasım var ki, deyirəm. Həm də ailəmizin bir neçə nəslinə türkçülük, millətçilik "damğasını", əsasən, daşnak ruhlu ermənilər vurub. Ancaq faktlar: Ulu babam, Azərbaycanda ilk siyasi partiyanın - "Difai" partiyasının Gəncədə yaradıcısı Ələkbər bəy Rəfibəylini erməni millətçiləri əsas düşmənləri sayırdılar. Rotmistr Astroyantsın raportunda Difai partiyası və şəxsən Ələkbər bəy çar rejiminə asi olan, milli maraqlara xidmət edən, İranda Səttərxan hərəkatına silah göndərilməsinin təşkilatçısı kimi suçlandırılırdı. Ələkbər bəyin oğlu, babam, cərrah Xudadat bəy Rəfibəyli Gəncədə Nuru paşanı, Mürsəl paşanı qarşılayan şəxs (birgə foto şəkilləri durur), Azərbaycan Cümhuriyyətinin Fətəli xan Xoyski hökumətində ilk səhiyyə naziri, sonralar Gəncənin general-qubernatoru idi, bolşeviklər hakimiyyətə gələndə həbs olundu. Tədqiqatçılar Gəncə üsyanının səbəblərindən biri kimi Xudadat bəyin həbsini göstərirlər. İstintaq zamanı Xudadat bəyi ermənilərə qarşı hərəkətlərinə görə ittiham edirlər. Xudadat bəy bunu qətiyyətlə rədd edir və "imkan versəydilər sənədlərlə bu ittihamları təkzib edərdim" deyir. İttihamlar isə yalnız erməni millətindən olan "şahidlər" tərəfindən verilib. Ancaq və yalnız bu "şəhadətlərin" əsasında erməni müstəntiqlər Xudadat bəyi ölüm cəzasına məhkum ediblər və o, Nargin adasında güllələnib.
Sovetin sonrakı illərində də ailəmizə qarşı bu "daşnak siyasəti" davam edib.
40-cı illərin ikinci yarısında Təhlükəsizlik Komitəsi sədrinin müavini Xoren Qriqoryanın Mir Cəfər Bağırova ünvanlandığı təqdimatda atası "müsavatçı" kimi güllələnən, mühacir qardaşı Türkiyədə SSRİ-yə qarşı mübarizə aparan Nigar Rəfibəylinin və anasının sovet düşmənləri kimi sürgün edilmələri təklif olunurdu. M.C.Bağırovun dərkənarı ilə ailəmiz bu bəladan xilas oldu.
70-ci illərdə Sero Xanzadyanın Moskvaya göndərdiyi danosda Rəsul Rza pantürkist, millətçi, Lenin milli siyasətinin düşməni adlandırılırdı və Heydər Əliyevin onu Sosialist Əməyi Qəhrəmanı adına təqdim etməsi qınanırdı. Rəsul Rzanın ilk redaktoru olduğu Azərbaycan Ensiklopediyasında guya ki millətçilik, türkçülük təmayüllərinin olmasına qarşı Moskvadan başlanan təxribatın əsasını S.Şaumyanın oğlu Levon Şaumyan qoymuşdu.
Mənim redaktoru olduğum "Qobustan" toplusu haqqında "özümüzkülərin" danoslarında bu nəşrin türk sözləriylə doldurulması, ruhu etibarıyla türkçü olması haqqında "xəbərdarlıq" edilirdi. Bu xəbərdarlıqların da qarşısını Heydər Əliyev almışdı.
Sonrakı illərdə Ermənistan Yazıçılar İttifaqının o vaxtkı sədri Vardges Petrosyan deputatların Qorbaçovun yanında görüşündə məlumat vermişdi ki, Azərbaycanda antierməni əhval-ruhiyyəsini yaradan Anardır. O vaxt mən deputat deyildim və o görüşdə iştirak etməmişdim. O görüşdə Vardgesin cavabını Mirzə İbrahimov vermişdi. Ermənistan Yazıçılar İttifaqının Vardgesdən sonrakı rəhbərliyi də Moskvaya, SSRİ Yazıçılar İttifaqına məktub göndərmişdi ki, Anar millətçidir, ermənilərin düşmənidir, dünya mətbuatında sovet milli siyasətinə zidd olan yazılar çap etdirir, məsələsini SSRİ Yazıçılar İttifaqının rəhbərliyində və partiya təşkilatında müzakirə etmək, onu cəzalandırmaq lazımdır. Kifayətdir? Yetər? Ya məni ölümlə hədələyən erməni məktublarından və telefon zənglərindən, ASALA terror təşkilatının qətl siyahısına salınmağımdan da yazım?
- Bu yaşda adam keçən ömrü, ötən günləri yada salır. İtirdiyiniz doğmalarınızdan danışın.
- Niyə tez tez yaşımı xatırladıb məni kədərləndirirsiniz? İstəyirsiniz cavab verim ki, nə qədər qoca olsam da, dəyərəm min cavana? Yox, belə təkəbbürlü cavab vermək istəmirəm. Hər yaşın öz gözəlliyi var. Mark Tven demiş, vacib yaş deyil, insanın ona münasibətidir. Mən indi hər gün gənclik illərimdən daha çox işləyirəm, yazılar yazıram, ancaq ona heyfislənirəm ki, cavanlığımda kompyuter olmayıb. Bir də bəzən yazmaq vaxtımı yaşamaq vaxtına qurban verdiyimə təəssüflənirəm. İtirdiyim doğmalardan kifayət qədər yazmışam. Valideynlərim, onların bir-biriylə münasibətləri haqqında "Sizsiz" adlı sənədli romanımda, əmim Ənvər Məmmədxanlı haqqında "Həyatım ağrıyır" adlı sənədli povestimdə yazmışam. Dünyadan köçmüş dostlarım haqqında onların xatirəsinə həsr etdiyim yazılarda bəhs etmişəm. Yenidən burda bir-iki kəlməylə söhbət açmağa ehtiyac yoxdur.
- Moskvada tələbəlik həyatınızdan danışın. Vaqif Səmədoğlu, Fikrət Qoca...
- Vaqifin "Günün baxtı" adlı şeiri var. İlin də bəxti olurmuş və bizim bəxtimizə düşübmüş. Çünki bizim Moskavada Ali ssenari kurslarında oxuduğumuz illər - 1962-1964-cü illər SSRİ tarixinin nisbətən mülayim illəri idi və kurslara da bütün respublikalardan, Moskvadan, Leninqraddan ən açıqfikirli, demokratik, azad düşüncəli gənclər qəbul olunmuşdu. Amma elə bizim təhsil dövrümüzün ortasında
- 1963-cü ilin dekabrında Xruşşovu Manejdə avanqardist rəssamların sərgisinə apardılar. Təsviri sənətdən (elə başqa sənətlərdən də) xəbəri olmayan Xruşşov cin atına minmişdi. Necə ola bilər ki, onun rəhbərlik etdiyi ölkədə abstrakt burjua sənətinə imkan yaransın. Və mərəkə qopdu. Sənəti sıxmağa, boğmağa başladılar. Dəqiq bir söz var: Moskvada dırnaq tutanda əyalətlərdə barmaq kəsirlər. Azərbaycanda bu "abstrakt" sənətlə mübarizə kampaniyası Rəsul Rzanın yenicə nəşr olunmuş "Rənglər" silsiləsindən başlandı. Atam "Ədəbiyyat" qəzetini Moskvaya mənə abunə yazdırmışdı. Hər həftə qəzet gəlirdi və hər nömrədə "Rənglər" haqqında bir-birindən iyrənc, nadan yazılar dərc olunurdu.
Vaqif və Fikrət haqqında isə dəfələrlə yazmışam, o cümlədən, Moskvada tələbəlik illərimiz haqqında da. Bəlkə bu müsahibəmiz bir az da reklam xarakterli olsun. Bu yazılarımı (və təbii ki, başqa yazılarımı da) oxumayanlar oxusunlar.
- Özünüzü peşəkar şair hesab etmirsiniz, amma kitabda toplanan şeirlərdə həqiqi poeziya örnəkləri var. Musiqişünas alim, akademik Zemfira Səfərova ömür-gün yoldaşınızdır, "Ən gözəl əsərimsən" şeiri necə yarandı?
- Şeirlərimə verdiyiniz qiymət üçün sağ olun. "Şair deyiləm" deyəndə peşəkar şairləri qıcıqlandırmamaq üçün belə deyirəm. Bir az da təvazökarlıqdan. Amma Bəxtiyar Vahabzadə, Fikrət Qoca, Vaqif Səmədoğlu, Ramiz Rövşən kimi ustad şairlər şeirlərimi bəyəniblərsə, özümü bir az da şair saymağa haqqım çatır. Həyat yoldaşım Zemfira xanımla 75 ildir tanışıq, yəni 1945-ci ildə musiqi məktəbinin birinci sinfindən bir yerdə oxumuşuq, 58 ildi evliyik. Zemfiraya şeirim isə 2002-cı ilin 27 yanvarında, toyumuzun qırx illiyi günü yazılıb.
- Bu qədər gərgin iş rejimi sizi yormur?
- Məni işləyə bilmədiyim günlər yorur.
- İnsan ömrü yoldur deyirsiniz. Ancaq bu yolun sonunacan insan haralardan keçmir? Yollar insanı hara aparırsa, sonda özünə qaytarır. Ən düzgün yol hansıdır?
- Sonda özünə qayıtmaq üçün gərək heç vaxt özündən getməyəsən. Bu ifadənin hər iki mənasında. Ən düzgün yolu isə bir Allah bilir.
/525-ci qəzet/