Bəyin atası, nisyə kitab istəyən oxucu, həbsxanadan çıxmış gənc yazar – İmza günündən reportaj 

Bəyin atası, nisyə kitab istəyən oxucu, həbsxanadan çıxmış gənc yazar – İmza günündən reportaj 
26 sentyabr 2020
# 14:57

Bulvara, “Saat qülləsi”nin bir addımlığındakı “Dalğa” çay evinə gedirik. Sərdar Aminin adı xeyli uzun olan kitabının imza gününə...

İçəridə pandemiyadan sonra görmədiyimiz bir mənzərə ilə qarşılaşıram: uzun müddətdir bu qədər tanış adamı bir yerdə görməmişdim!

Çayxanadakıların da imza gününə gəldiklərini düşünüb deyirəm, nə yaxşıdır, kitab satışında irəliləyiş var. Bizim Ömər Xəyyamı görəndə barmağımı dişləyirəm. Hər yerdə qabağıma çıxır. Facebookda, efirdə, yolda... Ardınca digər dostlar görünür: İlham Əziz, Alik Əlioğlu, bir də kök bir kişi. O kişini tanımıram.

Kitablar stolun üstündə sıra ilə düzülüb. Sərdarın indiyə qədər çap olunan bütün kitabları. Şeirlər kitabı, “Su sərgisi” romanı, bir də “Azərbaycan tarixində atılmış 5 ən yanlış addım”. Kitabları satan isə Əcəmidir. Çoxunuzun tanıdığı, hər kəslə yola getməyi bacaran, daim nikbin Əcəmi.

Sərdar masanın kənarında əyləşib kimləsə çənə döyür. Yaxınlaşıb stul çəkirəm. Qulaqlarımı şəkləyirəm ki, nəsə eşidim, alınmır. Zalım oğlu o qədər sakit danışır, anlamaq imkansız. Digər stolda gənc istedadlar görünür: Orxan Saffari, Orxan Həsəni, Məhəmməd Tanhu. Həsəninin üzünə nə vaxt baxıram təbəssüm göndərir mənə.

İlham Əziz hərdən ayağa qalxır, əllərini cütləşdirir, başqa stollara yaxınlaşır. Elə bil toyun ağsaqqalı, bəyin atasıdır.

- Abi, tədbirin ağsaqqalı sənsən deyirlər. Düzdü? – soruşuram.

- Başqa necə olmalıdır?!

Gözündə qara eynək, "cool" geyimdə bir qadın içəri girir. Sərdarla səmimi şəkildə görüşür. Məhəmməd Tanhu əlində telefon onları çəkir.

- Nuri Bilge kimi çək – kimsə deyir.

- Elə çək uzaqdan düşsün, ağaclar da görünsün. – atmaca atıram.

Kitablardan birini səhiflələyirəm. İlk səhifəsində belə yazılıb: “Sevgilim Dursuna, sevmədiyim Kim Ki Duka.”

Başımı kitabdan ayırıram və hara baxsam qarşıma çıxan Orxan Saffari kamerama ilişir. Baxıram ki, bayaqdan ortalıqda gəzir, elə bil yazarlara cangüdənlik edir. Ədəbiyyatımızın cayıl oğlanlarındandır. Saçını da elə kəsdirib, görən deyər, həbsxanadan indicə çıxıb.

Ağa Cəfərli, Mübariz Örən içəri keçir. Ağanın Koroğlu kimi bığları gülümsəyir. Bığ kirayənişin kimi durub dodağının üstündə, nə vaxtsa ev sahibi olacaqmı, ya Ağa onu evdən qovacaqmı, bilinmir.

Balıq gülüşlü Mübariz də hamıyla mehribanca görüşür. Mübarizə baxanda acıram, istəyirəm bir sini xəngəli qabağıma çəkib içəri ötürüm. Hələ bunun arağı, gecədən səhərə qədər içə-içə söhbətləşməyi var. Mübarizə baxa-baxa xəyalımdakı səhnəni qovur, onun gülüş səslərinə bir anlıq oyanıram.

Getdikcə adamlar çoxalmağa başlayır. Sərdarın başını qaldırmağa vaxtı yoxdur. Deyəsən, keçmiş sevgililəri də Sərdarın yan-yörəsindədir. Özü də elə sakit və mehriban dayanıblar ki, deyərsən, Sərdar yeniyetmədir, hələ evlənməyib. O qızların rahatlığı indi aydın olur: Dursun (Sərdarın həyat yoldaşı) hələ gəlməyib.

Gələn qızlar ayrıca bir stol arxasına keçirlər. Kişilər ayrı masalarda, qadınlar ayrı. Bu necə imza günüdür axı? Elə bil İrandayıq.

İran deyən kimi o başdan Şəhriyar del Geranini görürəm. Yerin dibinə apardığı şaquli darıxmağı deyəsən bir az üfüqə meyllənib. Kübar ədalarla adamlarla kef-əhval tutur. Salamlaşma qurtarandan sonra Sərdara deyir ki, burda nərd verirlər?

- İmza günündə də nərd oynayarlar? – mən deyirəm - Nərd nədir özü də? İntellektual olun oynayın. Məsələn, şahmat.

Kişmişi gülür, ardınca o biriləri də təbəssüm qondurur üzünə. Bu vaxt Mübariz Örənin gözləri nərd-taxta kimi açılıb-örtülür.

Ədəbi mühitin tən yarısı burdadır. Bircə Kəramət çatmır. Yəni mühitin o biri yarısı. Aha, Səidə göründü. Kəramət də onun arxasında. İndi tam oldu.

- Kəramət kitab al da. - atmacam işə düşür.

- İndi gəldik da. Bir səbrin olsun. – İmişli ləhcəsində cavab.

Sərdar məndən soruşur:

- Abi, Müşfiq Kəramət haqda necə yazmışdı? Hə, qaraçı demişdi.

Qımışırıq. Deyəsən, Səidə eşidib. Çəp-çəp bizə baxır.

Getdikcə çayxananın stollarını ədəbiyyatçılar zəbt etməyə başlayır. Orxan Həsənigilin stolu yeganə stoldur ki, orda qızğın ədəbiyyat, intellektual söhbətlər gedir. Məndən olsa tədbirin sonlarında onları müfakatlandırardıq.

Bir yandan da ofisiant yanaşır ki, bir stolda dörd nəfərdən artıq oturmayın, bu saat polislər gəlib boğazımı üzəcək.

Yazarlar və oxucular pandemiya qaydalarına canbaşla əməl edirlər.

Şəhla Nihanı çətinliklə tanıyıram. Maskanı elə taxıb ki, az qalır üzü tamam yoxa çıxa.

- Şəhla xanım, sizsiniz?

- Bəli. Necəsən, Oğuz?

- Yaxşıyam. Virusdan çox qorxursunuz deyəsən?!

- Hə, qohumlarımdan əksəriyyəti virusa yoluxub. Kökəlmisən, Oğuz.

- Evlilik işə yarayıb.

Şəhla xanımla adamların arasında dayanıb film kimi imza gününə baxırıq. "O kimdi, bu kimdi" soruşur, mən də bir-bir tanıdıram. Yadıma “Kurtlar Vadisi”ndəki səhnə düşür. Seyfo dayının Polada mafiya aləmini tanıtmağı...

- Şəhla xanım, bax bu Şəhriyar del Geranidir. Yaxşı şeirləri var.

Tanıdığını deyir.

- Bax o, Mübariz Örəndir. Hekayə ustasıdır. O birisi Alik. Ən istedadlı budur deyirlər.

- Facebook-da görmüşəm deyəsən.

Tanıtma mərasimi bitir və budur, Şəhla xanım kitabını çıxarıb mənim üçün imzalayır. Bu arada istəyirəm Sərdarın yanına yaxınlaşım, olmur. Pərəstişkarları aman vermir. Bir an Sərdarı məşhur aktyor kimi canlandırıram xəyalımda.

Burda adam əlindən tərpənmək olmazdı deyə düşünürəm. Şəhla xanım da Sərdara öz kitabını imzalayır. Qarşılıqlı imzalaşma. Yazar o biri yazara kitabını imzaladır. Özümüzdən başqa kimimiz var ki?

Şəhriyar masadakılara səslənir:

- Burda bir nəfər nərd oynayan görürəm!

Deyəsən, Mübariz Örəni indi görüb. Adamın nərd sevdası bitmək bilmir. Nərd hara, şair hara? Dərdimizi kimə deyək?

Ofisiantlardan biri tez-tez Orxan Saffarini tənbeh edir. “Qaqaş, bax o stolda sosial məsafəni pozurlar”. Orxan da hər dəfə adamları ayırır, az keçmir adamlar yenidən yaxınlaşır. Fotoqrafımıza baxıram. Pivə alıb oturub bir kənarda. Elə bil, toyda nağara çalandır, “Segah” çalınır deyə fasilə verir. Ayrıca bir stol. Pivə, saçaqlı pendir.

Hava getdikcə qaralmağa doğru gedir. Dincimi alıb çay içmək üçün masa arxasına keçirəm. Geri qanrılıb nə görsəm yaxşıdır: Sərdar masasında görünmür. Adamlar o qədər çoxalıb ki, onu görmək üçün lap yaxına getməlisən.

- Qardaş, bir dəqiqə olar.

- Buyur.

- Bu kitabı nisyə verərsiniz?

- Qardaş, bura marketə oxşayır? Elə şey olar?

Balaca boylu, sısqa bədənli bu adam bir dəqiqə deyib, gözdən itir. Bu nə demək idi? Anlaya bilmirəm. İmza günüdən nisyə kitab istəyən oxucu... Öz-özümə gülürəm.

İki rus qadını görünür. Tez yaxınlaşıram.

- Azərbaycan dilində bilirsiniz?

- Ne, net... – qımışırlar.

- Sərdar Amin, on pisatel.

- “Su sərgisi” çto eta?

- Voda ... Kim rus dilində sərgini tərcümə edər? Ədəbi mühitə səslənirəm. Heç kimdən səs gəlmir.

- “Votə fuar” – jurnalist Əcəmi Əsədulla sərgini ingilis dilinə çevirir, qızlar gülür.

Kitabı almadan kafedən gedirlər. Bu gediş digərlərinə də şamil olunur. Hamı bir nəfər kimi gözdən itməyə başlayır. Sərdar “Camel”indən birini yandırıb, dərindən qullab vurur.

- Duyğularını alalım, Sərdar bəy – deyə yaxınlaşıram.

- Mənim üçün sürpriz olmadı...

Elə bu an sağollaşmaq istəyən adamlar sözümüzü yarımçıq qoyur. Karvana bəndəniz də qoşulur.

Foto: Nicat Əlili

# 8240 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #