Kulis.az Malik Atilayın yeni şeirlərini təqdim edir.
Gün batınca
Gecə olunca...
Yumruq boyda kirpidi köksümdə daşıdığım
Ürək deyil sanki
Hər xatirən mismar kimi
Batmışdı ürəyimə bir zamanlar
İndi səni unutmağa çalışdıqca
Qan açılır ürəyimi tərk edən ağrıların ayağından.
Gün batınca,
Gecə olunca,
Dolunca qədəhlər keçmiş qədər acı şərabla
Suallar qoşun-qoşun hücuma qalxır
Geri-geri qaçır əliyalın cavablar.
Niyə zamanında çıxıb getmədim
Hər səhər gördüyümüz dəli dilənçinin
Səsindəki yorğunluğa
Dilindəki dualara, qarğışlara qoşulub.
Şəkər tozuna daraşan qarışqalartək
Sənsizlik apardı yuxumu uzaqlara
Bilmədim günəş hardan doğdu
Səhər necə açıldı
Bayırda bu qədər ümid dolu işıqlar varkən
Bu kədərli qaranlıq yenə hardan doldu otaqlara...
Səssiz üsyan
Sən gəlmədən işıq yanmaz evində
Soba tüstüləməz
Soyuqdu deyərsən otaqlar
Deməzsən
Gözləyənim yoxdu
Adamsızdı evim
Kirli pərdələr
Qadın əllərinə həsrət evlərin
Üsyan bayrağıdır
Bu səssiz üsyanı bastırmaq üçün
Söküb pərdələri
Qazet yapışdırarsan şüşələrə
Döyüşün bir ömürlük bitdiyinin elanı kimi...
Bəyaz boşluq
Əsgərlikdən gəlməsini
Atasının son sözlərini
İlk addımlarını oğlunun
Arvadının ona sonuncu dəfə baxan nəmli gözlərini
Çıxardıb qol saatıyla birgə satdı
Biləyində qaldı
Neçə-neçə dəqiqələrin bəyaz boşluğu
Donmuş əqrəblərdə yaşandı saatlar
Ovcunda
Həyatı kimi əzik-üzük manatlar...
Biz qocalarıq...
Zaman hər gün bir daş qoyub
Divar hörər aramıza
Divar həsrətimizlə eyni yaşa çatar
Divar böyüyüb boya-başa çatar
Biz qocalarıq
Yaşadığımız hər nə varsa
Ötüb keçən günlər kimi
Tərk edər bizi qatar-qatar...
Qısa ətəkli şəhərin şeiri
Qısa ətək geymiş ürkək qız kimi
Gecəni dartıb,
Əyninə oturtmağa çalışır şəhər...
Buralarda qısadı gecənin ömrü
Bir azdan öpüşməyə hazır sevgililərin
Dodaqları arasındakı məsafə qədər...
3 kadrda həyat
Dərsdən evə qaçaraq gəlib
Qapıda iki cüt ayaqqabı görən uşağın
Ürəyini sarırdı ailə istiliyi
Küçədən gəlib
Çoxlu ayaqqabı görənə qədər bilməmişdi
Günlər sonra özünü aynada görəndən sonra öyrəndi
Anasının gözyaşlarında böyüdüyünü
Bir sabah
Xəstəxanada tər içində oyandı
Yorğanının ayaq ucunun bir tərəfində boşluq
Qapının ağzında qutu
İçində bir tək ayaqqabı.
Qara qarlar
Sənə deyə bilmədim
Qara qarlar yağdı üstümə
O gündən
Beli sınmış atlar kimi güllələdim arzularımı
Sahilə düşdüm
Siqaretlər yandırdım
Şərablar içdim
Qağayıları inandırdım
İnandılar
Dənizin onları yox balıqları sevdiyinə...