Kulis.az Mübarizə Rəhimovun Aqşin Yeniseyin "Tarix və tale" romanı haqda yazdığı "Mətn özünə pəncərədən yox aynabənddən baxır" adlı yazısını təqdim edir.
Roman həm modernist romanın özgələşmiş "mən" təhkiyəsini, həm də modernist romanın subyektiv "o" təhkiyəsini bəzən müəllif müdaxiləsi ilə həqiqətən də mətni macəraya aparır. Roman dinamizmi hadisəçiliklə yox, təhkiyənin monoloqlarındakı kəskin dil, aqresivlik və metaforanın zənginliyi ilə yaxalayır.
Kitabın üz qabığında "ХАЙ БУДЕ АТОМ РАБОТНИКОМ, А НЕ СОЛДАТОМ" şüarı ilə tarixin xarabalığa çevirdiyi taleyi tərkedilmək olan Çernobıl görünür əslində, bu şəhər SSSR-nin mənəvi xarabalığa çevirdiyi yerlərin mənəviyyatının vizual görünüşüdür. SSSR-nin qalıqlarının şüurudur bu xarabalıq taleləri onları tarixin xarabalıqlarına zəncirləyib bu xarabalıqlara çoxalırlar onlar.
Bəzən mətn çırmanıb girişdiyi bataqlıqdan dartma ehtirasında özünün əli qolu bulaşır, metaetikanın dərinliklərinə o qədər girir ki, Ceyms Murun sağlam fikir fəlsəfəsində dediyi fikirlər yadıma düşür, "adam sizlərin mətnlərini oxuyarkən dördayağa düşmək istəyir", ancaq mətnin bunu etməkdə məqsədi etikanın inkarı deyil, ən dibini göstərməkdir ki, cəmiyyətin mühafizəkar ipinin tarımlığını mümkün qədər çox boşalda bilsin ki, gələcək o ipin üstündən adlaya bilsin.
Roman öz ideologiyası ilə ilk tanış olanları həm ipucu bilgilər, rasional məntiqi ilə yaraqlandırıb kütlənin üstünə sanki alaqotlarını yara yara gələcəyinə yol açmaq istəyir. Ənənəvi ailə dəyərlərinin dekonstruksiyasına soyunur ancaq ənənələr altdan geyib üstdən qıfıllandığı üçün soyunub qurtara bilmir. Romanın taleyi sanki lokal etnopsixologiyanın tapmacasını açmaqdır.
Musanın atası məişət psixologiyasının qurbanı davamında əks ideologiyanın Don Kixotu mənəviyyatın Məcnunudur. Yeni Məcnun artıq çöllərdən çoxluğun olduğu, ancaq əslində, heç kimin olmadığı şəhərə zühur edir. Qərblə Şərq sənəti burda sintez olunur, bu sintezdə məişət sıxıntısından Kafkanın tarakanına çevrilə bilməyən pesonajın tarixi tanrı ilə yoğrulduğu üçün taleyi onu göyə qaldırır, tragediyanın doğuşu ilə yunan şərab tanrısı Dionisə çevirir, göydə ərəb tanrısı ilə qabaq qənşər dayanır. Dionisin yeni silahı üzümdən yox ərəb tanrısının haram buyurduğu düşərgə xalqının yerə düşəndə üç dəfə öpüb başına qoyduğu, ancaq həmdə araq düzəldib gözünə təpdiyi buğda məhsulu araqdır. Don Kixot, Məcnun, Dionisin buğumlaşması yerə enərkən xristian teologiyasını alt-üst edir, müqəddəs dörtlük yaradır, Jak Derridanın "mətndən kənarda heç nə yoxdur" sözünün təsdiqi kimi, İsa artıq dünyada yox, romanda zühur edir. Zühur edən İsa səmavi tanrıya arxa çevirir, tarix və tale savaşının metamarfozu yenə də düşərgəni müharibə meydanına çevirir, artıq burda peyğəmbər tanrının iç üzünü görmüş tanrı ilə yan-yana yox, qabaq-qənşər dayanaraq Dionisi arxasına alır tanrı və peyğəmbər savaşına çevrilir.
Zühur edən İsanın yenə də Tanrıya yox, ona sadiq olan həvariləri fahişələr və oğlu idi. Qənd emalatxanası və Bayıl həbsxanası, ən azından həyatlarında bir dəfə azad olub həbsdə olanlar və ömürlərində heç vaxt azad olmayıb azadlıqda olanlar. Qənd emalatxanasında gecə yuxusu üçün ölən lakin ona qovuşa bilməyən Bayıl həbsxanasında gecələr yataqda tavanı aşındıran yuxuya gedə bilməyən gözlər.
Şəhadət barmağı düşərgə xalqının acizliyinin mifik bütüdür. Düşərgə xalqı tarix boyu o barmağı yük kimi özündə gəzdirir, kor bağırsaq kimi heç bir faydasını görmür, illərdir ki o barmağı yellədə bilmir boş deşik misalı gələn hər şeyi necə var elə qəbul edir yellədə bilmədiyi o lazımsız barmağın kəsilib atılması daha münasib idi, ancaq ata bilmir, tarixini misgin vəziyyətə salan bu barmağını göz dağı kimi ürəyinin üstündə heykəlini ucaldırdı.
Dövlətlər arasındakı münasibətlə düşərgə xalqının ailələrinə sıçramışdı, sanki qadınlar ərlərinin ermənisinə, ərlər ailənin Azərbaycanına çevrilir, güzgüdən zindeyi-zəhləsi gedən, ancaq işi gücü ətrafına vedrə qoşmaq olan kütlə, şəhadət barmağını əlində unudan ər, sinəsində olarkən güzgüyə gözü sataşanda göyərmiş şəhadət barmağında taleyinin amneziyasından müvəqqəti ayılır.
Rostov qaniçəninin fəaliyyət dairəsi dəyişsə də, mahiyyəti dəyişməmiş, Rostovun illeqal cəlladından Bayılın leqal cəlladına çevrilmişdi. Çikatilonun milliyəti dini heç bir irqi mənsubluğu yoxdur o ancaq tarixə mənsubdur, o həryerdədir, həm də heç yerdə, tarixin tanrısıdır, onu böyüdəndir, tarixin əgər anası varsa, o, Çikatilodur, tarix onun döşlərindən qan əmib, tarixi o geyindirib-keçindirib, tarixi o qan gölünə, kütləvi məzarlığa çevirib.
Azərbaycan tarixinin ağzına cəsədləri, qanı, sümükləri, palçığı, külü o ayağıyla tıxışdırıb həmişə əyninə böyük olan ərəb ideologiyasının rus ideologiyasının pencəyini o geydindirib. Çikatilo adi vətəndaş olanda pedofil olur, tarix olanda cəmiyyət sadisti, insan olanda silahı penisdir, tarix olanda qılınc və barıt.
Azərbaycanda oxuna biləcək roman nümənəsi azdır, xarici ədəbiyyatda isə tərcümə problemi var, hər nə qədər yaxşı tərcümə olunan əsər də olsa, yenə də nəticə etibarilə tərcümədir və Maurice Blachotun sözlərini təkrar etmək istəyirəm - Yaxşı tərcümə edilmiş bir əsər bir-birinə zidd iki formada şərh edilir: Sanki tərcümə deyil; ya da "həqiqətən eyni əsərdir", deyilir, təəccüb doğuracaq şəkildə tamamilə oxşar olduğu deyilir, amma ilk vəziyyətdə yeni dil ilə əsərin mənşəyi silinir, ikinci vəziyyətdə isə əsas əsərlə müqayisədə iki dilin özünəməxsusluğu; hər iki vəziyyətdə də özünəməxsus birşey itmişdir. Ancaq "Tarix və Tale" bütün semiotik və semantik vurğularıyla bizə məxsus dəyərli romandır.