Allah üçün bənna kimdir? - Şəhriyar Del Gerani yazır...

Allah üçün bənna kimdir? - Şəhriyar Del Gerani yazır...
10 may 2021
# 11:30

Kulis.az Şəhriyar Del Geraninin “Nəsrimizin günah hissi”, yaxud “Mənim Mübarizim” adlı yazısını təqdim edir.

Yazıya başlamazdan əvvəl tezisləri düşənərkən niyəsə yaddaşımın ən uzaq bucağında qısılıb qalan “Yaşamaq yanğısı”nı xatırladım, bəlkə də haqlı, nə bilim, bəlkə də aidiyyətsiz paralellər apardım özüm üçün. Hə, İrvinq Stounun adıkeçən romanını tələbəlik illərində oxumuş, daha sonra detalları unutmuş, aurasını, məğzini isə idrakıma həvalə etmişəm. Yox, maraqlıdır, görəsən Mübariz Örənin mətnləriylə həmin roman arasında nə kimi mahiyyət, ruhani intonasiya oxşarlığı var? Hə, niyə məhz bunca oxuduqlarım arasında yalnız həmin romanla səsləşdi təəssürat ahəngim? Yox, bəlkə bu, sadəcə aldanışdır? Hə, bu məşum duyğunun adını desəm, əl-yəqin çoxlu sayda qələm dostlarımızın xətrinə dəymiş olacam. Yox, bunu əlbəttə istəmirəm.

Olsun. Onsuz da heç vaxt sevimli adam olmamışam. Odur-budur, deyim, daha aydın olsun mətləbimiz: İntellektuallıq kompleksi. Bunun başqa adı yoxdur. Sizə zarafat gəlməsin, düçarı bəlalı azardır. Acıdır. Düzü, heç mən özüm də şirin adam deyiləm.

Mübariz Örənin “Balıq gülüşü” kitabına yazdığı ön sözdə dəyərli dostumuz, professor Cavanşir Yusifli də mənim kimi paralellər aparıb. Nə bilim, bəlkə də haqlı, ya bəlkə də aidiyyətsiz Kortasarın mətnləriylə müqayisə edib Mübarizin hekayələrini, povestini. Di gəl, Cavanşir bəyin ön sözündən Kortasarın, mənim bu məqaləmdən Stounun adını çıxsaq və ya digər kultlaşmış, bizi kompleksə salan müəlliflərlə əvəz edər olsaq, sözümüzün canı, fikrimizin mabədi dəyişməyəcək. Hətta, qəti dəyişməyəcək. Vallah da, nə dəxli var axı? Özü də ilin-günün bu vaxtında. Sözüm elə hamıdan qabaq özümədir: Gərçi bir müəllif haqqında düşüncələrini, duyğularını dilə gətirmək istəyirsən, niyə durar-tutmaz yapışırsan digər adlardan, savayı imzalardan? Niyə intellektuallıq kompleksinə girirsən axı? Bunu səndən kim tələb edir? Niyə imdad diləyirsən onlardan? Niyə köməyə çağırırsan ruhları? Nə demək istəyirsən? Axı bütün bunlar təbii deyil, quramadır, sünidir. Heyrətdə qazanılmış təfəkkür iştirak etmir. Əfsus, bu kompleksə təkcə ədəbiyyatşünaslarda, tənqidçilərdə deyil, elə şair-yazıçılarımızda da rast gəlirik zaman-zaman. Elə biri mən özüm. Nəyi qoyub nədən danışıram?

Nədən danışıram?

Deyirəm, əl-güman elə şair haqqında ən yaxşı sözü şair, yazıçı haqqında ən yaxşı fikri yazıçı deyə bilir, bilər. O mətnləri hər cümləsi, misrasına qədər elə şair-yazıçlar duya bilirlər, bilərlər. Bəs, tənqidçilər, ədəbiyyatşünaslar? Mənimcə, onlar üçün bütün bunlar sadəcə intellektual peşə, məşğuliyyət, qeyri-yaradıcı fəaliyyət, əmək növüdür. Fəhlə üçün kərpic nədirsə, eynən həmin o. Mənim qəsd etdiyim isə, başqa mənadır. Mənim qəsd etdiyim - “Bəs, bənna üçün kərpic nədir?” də deyil heç, bilirəm, çoxunuz düşündünüz elə deyirəm. Amma mən, elə demirəm. Mənim qəsd etdiyim - “Bəs, Allah üçün bənna kimdir?” məsələsi. Gəlin bir az da belə düşünək. Belə deyirəm.


Və heç bir imzanı köməyə çağırmadan bəyan edirəm. Ki, Mübariz Örən ədəbiyyatımızda “bəs, Allah üçün bənna kimdir?” sualının müxtəlif mümkün cavablarıdır. Məsələn, bir mümkün cavabı deyim: O, nəsrimizdə günah hissini bizə xatırladan bədii yaddaşdır. Yox, deyəsən düzgün anlaşılmadım. İstəmirəm bəri başdan bu gül təki məqalədəki fikirlərlə razılaşmayıb oturduğunuz yerdə polemikaya girəsiniz mənimlə? Mən mübahisə adamı deyiləm. Heç olmasa, gəlin bir məqamda razılaşaq. O məqamda razılaşaq ki, bu məqaləni travmasız oxuyacaqsınız. Heç olmasa, barəsində söhbət açdığım müəllifin haqqına girməyək.

Yadımdan çıxmamış qeyd eləyim, Mübarizi oxumağa “Homotetiya qanunu” hekayəsindən başladım. Başqa sözlə, dünənlərdə. Mənimcə, bu hekayə çağdaş nəsrimiz üçün yeni başlanğıcdır. Onun usta bir qələm sahibi olmasını məhz bu hekayə təsdiqləyir. Digər mətnlər bizə məlum nəsr nümunələridir. Deyirəm, məni intəhasız dialoqlar kəhkəşanına salan bu mətnin arxasınca düşdüm. Bilirsiniz, gerçək zəvvarlar kəhkəşanı yaxşı tanır. Deyim ki, kəhkəşan da özünü hər adama nişan verməz. O həmin “süd yolu” məni gerçək ünvana çatdırdı. Müəllifi həqiqətən tanımaq, onun mətnlərinin dürüst qibləsini müəyyən etmək üçün məhz bu yolu tapmalı, tanımalısan. Nəinki bizim yerli, heç qeyri-yerli tənqidçilər, ədəbiyyatşünaslar da bu yolu tapa bilməyiblər çox vaxt.

Mübarizin bütün mətnlərində məni cəlb edən ilk xüsusiyyət dialoqlar oldu. Nə bilim? Belə oldu. Sizə bir müşahidəmi deyim. Fikir verin, cəmiyyətimizdə dialoq mədəniyyəti olmadığından ədəbiyyatımızda, teatrımızda, kinomuzda da normal dialoqa rast gəlmək olmur. Hamı özüylə danışır, heç kəs başqasıyla danışmır. Dialoq adına təqdim edilən söhbətlərə baxırsan, görürsən, bu, diaoloq deyil, təkin söhbətidir. Ən pisi, görürsən bu heç təkin söhbəti – monoloq da deyil, bu adam heç özüylə də dil tapıb danışa bilmir. Di gəl, Mübarizin mətnlərindəki dialoqları oxuduqca adam istəyir o söhbətlərdə üçüncü tərəf olsun. Nə gizlədim, şəxsən mən oxuduqca yerli-yersiz replikalarla iştirak edir idim o mətnlərdə. Sözüm ona, Mübariz heç özü də fərqində olmadan oxucunu hekayədə necəsə, hansısa bir tipə, hansısa bir tərəfə çevirməyi bacarır. Digər tərəfdən, sən də həmin hekayədə iştirak etmiş olursan.

Ədəbiyyatın öyrətmək kimi İlahi müəllimliyi də var. Bilirik, anlayışları həmişə qarışdırır çağdaş insan. “Müəllifin belə bir öhdəliyi yoxdur!” deyə çığırırıq illərdir. Əzizi-mən, müəllifin öhdəliyi yoxdur, olsun sən deyən, amma mətnin belə bir ruhani missiyası var batinində. Biz çalışıb başqalarının xətalarından dərs almağı öyrənməliyik. Nədən ki, bizim ömrümüz o qədər uzun deyil bütün xətaları öz həyatımızda yaşayaq. O zaman, bunca başqalarını harda tanımalı? Bunun üçün ən gözəl və əyləncəli mənbə ədəbiyyat, mətnlər, kitablardır. Əgər biz ədəbiyyatın öyrədici funksiyasını inkar ediriksə, o zaman niyə yazırıq, niyə “Oxuyun!” deyirik və nəyin peşindəyik? Sizcə, Allah bizimlə zarafat edirmi “Quran”da? Bu müstəvidə Mübarizin mətnlərindən yaxşı dərslər götürmək olar, olur. Bu da yuxarıdakı suala mümkün cavablardan biri.

Nəinki nəsrimizdə, eləcə də poeziyamızda çatışmayan digər nəsnə - Günah hissi. Diqqət edin, aşağı-yuxarı bütün ədəbiyyatımız haqlı obrazlarla, əməli saleh qəhrəmanlarla mündəricatınacan doludur. Dillər əzbəri “Getmək istəyirsən bəhanəsiz get”dən tutmuş “Onda biləcəksən mənim sevgimi, biləcəksən, o da çox gec olacaq”a qədər. Niyəsə hamı haqlıdır, nədənsə bütün günahlar qarşı tərəfdədir. Sən demə, əməlli-başlı “...dünyada heç kəsin günahı yoxdur”. Düşünün, eynən cəmiyyətimizdəki kimi. Mübarizin mətnlərində isə, belə deyil. Çün, gerçək həyatımız da belə deyil. O, bütün mətnlərində günah hissini qabardır, yada salır. Başqa sözlə, bizə özümüzü xatırladır. Buna görə də Mübarizin nəsri mənə tanış gəlir. Düz sözümdür. Mən onun bütün qəhrəmanlarını tanıdım. Azərbaycanlını tanımaq üçün Mübarizi oxumaq kifayətdir. Onu yaxşı oxusan, heç kəsdə azmassan.

Tənqidçi olsaydım yazardım - “Təəssüf, Mübariz də bəzən intellektuallıq kompleksindən əziyyət çəkib. Misal üçün, (Misal - Tənqidçilər bu sözdən çox istifadə edir. Maraqlıdır, “Məsəl üçün” yox, məhz “Misal üçün” deyirlər. Misal - riyazi təfəkkürdür, Məsəl - bədii. Buna görə də tənqidçilər mətni çox vaxt yanlış yerdən təhlilə çəkirlər) “Ağ buludlar” povestində semiotikaya yuvarlanıb, işarə diliylə danışmağa cəhdlər edib. Təsvir olunan məclisdəki arağın “Çar Edip” adında olması tamamilə yersiz göndərmədir...” və s. Amma mən, müəllifəm. Bu məqalə bir müəllifin digər bir müəllif yaradıcılığı haqqındakı sadə düşüncələridir. Ən əsası, bir müəllif kimi yaxşı başa düşürəm Mübarizi. Adam bəzən ötəri tendensiyalara qapılır, süni rəqslərə qoşulub gedir, sonra fərqinə varır ki, bütün bu kimi şeylər həpsi rəngidür. O zadların gerçək ədəbiyyata, həqiqi bədii mətnə əl-qətiyyən vəl-əşədənbillah dəxli yoxdur. Bu kontekstdə, Mübarizin də bu oyunçuluqlara heç və heç ehtiyacı yoxdur.


Yazıya başlamazdan əvvəl tezisləri düşənərkən niyəsə yaddaşımın ən uzaq bucağında qısılıb qalan “Yaşamaq yanğısı”nı xatırladım, bəlkə də haqlı, nə bilim, bəlkə də aidiyyətsiz paralellər apardım özüm üçün. Hə, İrvinq Stounun adıkeçən romanını tələbəlik illərində oxumuş, daha sonra detalları unutmuş, aurasını, məğzini isə idrakıma həvalə etmişəm. Yox, maraqlıdır, görəsən Mübariz Örənin mətnləriylə həmin roman arasında nə kimi mahiyyət, ruhani intonasiya oxşarlığı var? Hə, niyə məhz bunca oxuduqlarım arasında yalnız həmin romanla səsləşdi təəssürat ahəngim? Yox, bütün bunların məsələyə dəxli yersizdir. Bir müəllif haqqında danışarkən digər bir imzanı müqayisə meydanına çəkmək bir tərəfdən intellektuallıq kompleksidirsə, digər tərəfdən bəhs etdiyin müəllifə hörmətsizlikdir.

Mən bütün yaxşı mətnlərdən zövq almışam.
Mən bütün böyük yazıçılardan nələrisə öyrənmişəm.
Mən Mübariz Örənin mətnlərindən zövq almışam və ondan nələrisə öyrənmişəm.

Bunca sadə bir sillogizmlə məntiqi hasil məlum oldu. Bu mənada, Mübariz Örən dünyadakı bütün böyük yazıçılarla eyni cərgədə dayanır mənim üçün.

Amma doğrudan, bəs, görəsən Allah üçün bənna kimdir?

# 6333 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #