Mirmehdi: Natiq Rəsulzadə və Paşa Qəlbinur mükafat alsa... - MÜSAHİBƏ

Mirmehdi: Natiq Rəsulzadə və Paşa Qəlbinur mükafat alsa... - MÜSAHİBƏ
4 may 2011
# 12:51
May ayının 28-ində Milli Kitab Mükafatının (MKM) qalibləri elan olunacaq.

Bu məqsədlə Kulis.az əsərlərin onluğa düşən müəlliflərlə müsahibələr alır.

İlk qonağımız Mirmehdi Ağaoğludur.

Siyahıda ən gənc yazıçı kimi yer alan Mirmehdi Ağaoğlu müsabiqədə “Küləyi dişləyən” adlı uzun hekayəsi ilə təmsil olunur.



- Milli Kitab Müsabiqəsinin qalibinin açıqlanmasına 25 gün qalıb. Bu müsabiqədən nə gözləyirsən? Obyektivliyə inanırsan?


- Şübhə edirəm, hələ dəqiq bir şey deyə bilmərəm. Cavablar elan olunduqdan sonra bu barədə danışmaq olar.

- Belə çıxır ki, qalib gəlməsəniz deməli, obyektiv olmayacaq?...

- Yox, niyə ki.. Axı məlumdur ki, münsiflərə bəzi təzyiqlər olub. Paşa Qəlbinur və Natiq Rəsulzadənin münsiflərlə əlaqə yaratmaq cəhdləri olub. Bu mənada onlardan biri qalib gəlsə, o zaman şübhəyə əsas olacaq.

- Səncə, onluqda artıq əsərlər varmı?

- Açığını deyim ki, onluqdakı əsərlərin arasından təkcə Pərviz Cəbrayılın “Yad dildə” romanını oxumuşam. Qalanlarını oxumağa hələlik vaxtım olmayıb. Ona görə də konkret fikir deyə bilmərəm.

- Oxuduğun “Yad dildə” barədə nə deyə bilərsən?

- Dili ağırdır, amma qalan hər şey çox yaxşıdır. Dili ağır olmaqla dili pis olmağın arasında ciddi fərq var. Pərviz bəy dilimizi çox gözəl bilir və çox gözəl də yazıb.

- “Yad dildə” qalib olsa, obyektiv qərar olar?

- Bəli. Amma yenə də deyirəm, mən qalan əsərləri oxumamışam və ona görə dəqiq bir söz deməyə çətinlik çəkirəm. Konkret “Yad dildə” barəsində danışsaq, birinci olmağa layiqdir.

- Ötən il MKM-in qalibi iştirakçılar içərisində ən gənc olan Qaraqan oldu. Bu il də sən onluqdakı ən gəncsən və favoritlər sırasındasan. Bu barədə nə deyə bilərsən?

- Zarafatla da olsa deyim ki, ötən ilki təcrübənin bu il də tətbiq etsələr əla olar.

- Əsərləri oxumasan da, amma onluqda olan yazıçıların başqa əsərlərini yəqin oxumusan. Yəni qələmlərinə bələdsən...

- Bəli, Etimad Başkeçid və Pərviz Cəbrayılı bu mənada daha yaxşı tanıyıram və hesab edirəm ki, ilk üçlükdə onlar yer alsalar, obyektivlik heç nə itirməz. Amma yenə deyirəm ki, Paşa Qəlbinur və Natiq Rəsulzadə üçlüyə düşsə, bunu ciddi araşdırmağa ehtiyac olacaq.

- Hətta birinciliyi yox, ilk üçlüyə düşsələr də ədalətsizliyin olacağını nəzərdə tutursan?

- Əlbəttə, söhbət mükafatdan gedirsə, ilk üçlüyü nəzərdə tuturam.

- Amma əsərləri oxumamısan, bəlkə həqiqətən də mükafata layiqdirlər...

- Əgər layiqdirlərsə, niyə tapşırtmaq zərurəti hiss ediblər?! Deməli müəlliflər ərsəyə gətirdikləri əsərlərin keyfiyyətindən razı deyillər. Deməli bu əsərlər normal şərtlər altında mükafat ala bilməz və bunu müəlliflər də gözəl anladıqları üçün müxtəlif vasitələrə əl atıblar.

- MKM-də həm də rus dilində kitablarla təmsil olunaraq onluğa düşən 2 yazıçı var. Adını hallandırdığın Natiq Rəsulzadə də rus dilində yazır. Bir çoxları rus dilində olan əsərlərin mükafat almasını düzgün saymır.

- Bəzi ölkələr var ki, orada rəsmi dövlət dili 2 dildir. Azərbaycanda rus dili istifadə olunsa da, rəsmi dil təkcə Azərbaycan dilidir.

- Amma bu iradlara Natiq Rəsulzadə belə cavab verir ki, əsərim rusca olsa da, mən mövzu olaraq Azərbaycandan, konkret olaraq Maştağa kəndindən, oradakı ailədən yazmışam. Rusca Azərbaycandan yazmaq doğrudurmu?

- Ədəbiyyat bir başa dillə bağlıdır, onun daşıyıcısı dildir. İndividual deyil. Əgər bütün hadisələr Azərbaycanda baş verirsə, niyə rus dilində yazılır ki?! Axı kitab Azərbaycan oxucusuna hesablanıb. Oxucunu nəzərə almaq lazımdır. Başqa dildə yazıb öz insanımıza kütləvilik baxımından nələrisə izah etmiriksə, bu mübahisə oluna bilər. Heç olmasa Əlif Şəfəq kimi edəydilər. O eyni əsəri həm türkcə həm də ingiliscə yazır. Amma konkret müsabiqədə rus dilində ədəbiyyatdan danışırıqsa, onda gərək nəzərə alaq ki, müsabiqənin şərtləri var və başqa dildə əsər yazıb təqdim etmək həmin şərtlərə zidd deyil. İndi biz bunun doğrusunu və yanlışını nə qədər danışsaq da, arxadan atılan daş olacaq.

- Necə oldu ki, AYO müsabiqəyə qatılmadı amma sən qatıldın? Bir də, AYO MKM-də olmalı idi, yoxsa yox?

- Açığı AYO-nun müsabiqəyə qatılmayacağını mətbuatdan oxudum. Bu qərar veriləndə məndən fikrimi soruşan olmayıb. Sadəcə olaraq mən son gün qərara gəldim ki, müsabiqədə iştirak edim. Buna stimul verən amillərdən biri də digər AYO-çu Qan Turalının “şeytanın qıçını sındırması” oldu. O ekspert kimi MKM-də təmsil olundu, mən iştirakçı kimi.

- Səncə nəyə görə mükafat sənə verilməlidir?

- Mənim əsərimdə ənənəvi heç nə yoxdur. Qəlib yoxdur, qapalılıq yoxdur və bu kimi çox yeniliklər var. Tam sərbəstlik var, yeniliyə can atmaq var...

- Əsərin sujeti nədir?

- FHN-in bir işçisi aşmış binanın qalıqları altından bir dəftər tapır. Bu ona maraqlı gəlir və açıb oxuyanda məlum olur ki, bu tikintidə işləyən bir fəhlənin əsgərlik xatirələridir. Əsgərlikdə bir generalın qızı ilə sevişdiyinə görə bunu cərimə batalyonuna göndəriblər. Və orada keçirdiyi günlərin təəssüratlarını gündəliyə yazıb...


Vüqar QURDQANLI

Foto Orxan EYP
# 1303 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #