Meymunun oğurluğu
17 sentyabr 2012
06:00
Meymun
Hadisə mən uzaq gəmi səfərindən qayıdanda, – bu səfərdən sonra “xanqeku” (hərbi gəmilərdə kadetləri bu cür adlandırırdılar) rütbəsilə sağollaşmağa hazırlaşırdım, - baş vermişdi. Daha dəqiq desək, zirehli gəmimiz Pkosuka limanına yön alandan üç gün sonra saat üçdə. Həmişəki kimi, sahilə buraxılanları adbaad çağırıb yoxlamaq üçün zəng çalındı. Amma ağlımızdan “Axı bu gün gəminin sağ tərəfindəki əsgərlərin sahilə çıxan günüdür, onlarsa artıq üst göyərtəyə düzülüblər!” fikri keçməyə macal tapmamış birdən ümumi toplanma zəngi çalındı. İkinci zəng artıq ciddi məsələdən xəbər verirdi. Biz çaş-baş halda, bir-birimizdən nə baş verdiyini soruşa-soruşa yuxarı qaçdıq.
Hamı düzlənəndən sonra komandir köməkçisi dilləndi:
- Son günlər gəmimizdə oğurluq halları peyda olub. O cümlədən, dünən şəhərdən saatsaz gələn ərəfədə kiminsə gümüş saatı itib. Bu səbəbdən indi komanda başdan-ayağa yoxlanılacaq, şəxsi əşyalara göz gəzdiriləcək.
Nitqi təxminən bu cür oldu. Saatsazla bağlı hadisəni birinci dəfə eşidirdim, amma gəmidə oğurluq hallarından xəbərimiz vardı: bir kiçik zabitin və iki matrosun pulu itmişdi.
Axtarışa görə hamımız çılpaq soyunası olduq. Yaxşı ki, hadisə oktyabrın əvvəlinə təsadüf etmişdi, - o aralar hava mülayimdi, günəşin parlaq şəfəqlərilə limanda yellənən siqnal üzgəcini işıqlandırması göz oxşayırdı, - soyunmaq o qədər də qorxulu deyildi. Ancaq bədbəxtlikdən axtarış zamanı bir neçəsinin cibindən pornoqrafik şəkillər və qoruyucu vasitələr tapıldı.
Onlar pörtmüş halda baxışlarını qaçırır və var-gücü ilə çaşqınlıqlarını büruzə verməməyə çalışırdılar. Deyəsən, zabitlər bir-ikisini döydülər.
Komandanın tərkibi altı yüzü aşdığından hətta ən qısa axtarış üçün də yetərli zaman kəsiyi lazımdı. Maraqlı mənzərəydi, sanki bundan maraqlısı ilə rastlaşmaq mümkün deyildi: üst göyərtəni başına almış altı yüz çılpaq kişi. Üz-gözü və əlləri his içində olanlar ocaqçılardı; oğurluqda ən çox onlardan şübhələnirdilər, indi budur qısa tumanda üz-gözlərindən zəhrimar yağan bu adamlar sanki qarşılarındakına meydan oxuyurdular: gəlin haramızı istəyirsiniz axtarın.
Üstdə canlılar yoxlanılarkən orta və alt göyərtələrdə şəxsi əşyalar alt-üst edilirdi. Kadetlərin bütün lyukları qoruması əmri verildi. Bu vəziyyətdə yuxarıdan aşağı heç kim düşə bilməzdi. Mən orta və aşağı göyərtələrdə axtarış aparmalı idim. İşimi xüsusi səylə yerinə yetirərək yoldaşlarımla birgə aşağı-yuxarı qaçır, matrosların pal-paltar düyünçələrini və sandıqlarını eşələyirdim. Hərbi gəmidə olduğum müddətdə ilk dəfə bir işə qoşulmaq məcburiyyətində qaldığımdan axtarışın nəzərdə tutduğumdan qat-qat çətin olması qənaətinə gəldim. Bu arada Makita adlı yoldaşım oğurlanmış əşyaları tapdı. Saat da, pullar da Narasima adlı bir siqnalçının yeşiyində imiş. Elə həmin yerdə az əvvəl stüarddan oğurlanmış sədəf dəstəkli bıçaq da aşkar olundu.
“Dağılışmaq” və “Siqnalçılara yığılmaq” əmrləri, demək olar ki, eyni vaxtda verildi. Yerdə qalanların sevinci yerə-göyə sığmırdı. Ocaqçılardan danışmağa dəyməzdi – onların ürəyindən tikan çıxmışdı. Siqnalçılar bir araya gələndə Narasimanın yoxa çıxdığı aşkarlandı.
Təcrübəsiz olduğumdan bu cür hadisələrin təfərrüatından və məntiqi ardıcıllığından xəbərsizdim. Sən demə, hərbi gəmilərdə belə olaylar tez-tez baş verirmiş və sonda itirilmiş əşya tapıldığı halda günahkar yoxa çıxırmış.
Oğru isə həyatını intiharla başa vururmuş, özü də bu taleyi yaşayanın onundan biri özünü kömür anbarında asırmış, nadir hallarda suya atılan tapılırdı. Deyilənlərə görə, gəmimizdə birisi qarnını yırtıbmış, xoşbəxtlikdən onu xilas etmək mümkün olub.
Elə buna görə də Narasimanın yoxa çıxdığı aşkarlananda zabitlər əl-ayağa düşdülər. Komandir köməkçisinin təşvişisə hələ də gözlərimin önündən getmir. Onun ötən müharibədə özünü əsl qəhrəman kimi aparması haqda çox eşitmişdim. Amma indi üzündəki həyəcanlı ifadə məni ürəyimdə də olsa güldürdü. Hamımız nifrət dolu nəzərlərimizi gizlətməyə çalışdıq. Bizə həmişə dəmir iradə dərsi keçənə bir bax!
Komandir köməkçisinin əmrilə gəmi boyu axtarışa başlanıldı. Bax, indi ürəyimizə yağ kimi yayılan şövqümüzü gizlədə bilmirdik. Bu halımızla yanğına baxmağa qaçan avaralardan bir fərqimiz olmasa belə. Polis canini yaxalamağa yollanırsa, müqavimətlə rastlaşa bilmək təhlükəsi var. Hərbi gəmidə bu, istisna idi. Ən azından ona görə ki, bizlərlə matroslar arasında yuxarılarla aşağıların bölünməsinə ciddi şəkildə - o qədər ciddi ki, mülki vətəndaşın bunu anlaması hətta qeyri-mümkündür, - riayət olunurdu. Beləcə, şövqün qoynuna atılan bizlər aşağı cumduq.
Elə həmin anda Makita xüsusi ehtirasla çiynimdən şappıldadıb söylədi:
- Bilirsən yadıma nə düşdü: meymunu necə tutmağımız.
- Narahat olma, indi izinə düşdüyümüz meymun o qədər də çevik deyil, onu yaxalamaq asan olacaq.
- O qədər də arxayın olma, işimizi ehtiyatlı tutmasaq, aradan çıxa da bilər.
- Qoy çıxsın. Meymunun işi elə budur.
Beləcə, zarafatlaşa-zarafatlaşa aşağı endik.
Söhbətini etdiyimiz meymunu isə səfərlərdən birində - Avstraliyada kimsə topçumuza hədiyyə etmişdi. Bu heyvan gəmi Vilgelmsqafen şəhərinə çatmamışdan iki gün əvvəl kapitanın saatını oğurlamış və gözdən itmişdi.
Əməlli çaxnaşma düşmüşdü, sanki bir canlanma yaranmışdı gəmidə. Səbəbisə çox sadə idi – yetərincə uzun sürən üzgüçülük hamını təngə gətirmişdi. Beləcə, topçu qarışıq hamımız elə işçi paltarındaca aşağıdakı ocaqxanadan tutmuş yuxarıdakı topxana qülləsinədək hər yeri ələk-vələk eləmişdik. Gəmidə çoxlu sayda başqa heyvanlar da olduğundan - kimisinə hədiyyə edilmiş, kimisi özü almışdı, - biz ora-bura qaçarkən itlər ayağımızdan tutur, qutanlar qışqırışır, kəndirlərdən asılmış qəfəslərdəki tutuquşular dəli kimi qanadlarını çalırdılar. Bir sözlə, kənardan mənzərə sirkdə yanğını xatırladırdı. Elə bu məqamda haradansa peyda olan meymun yuxarı göyərtəyə cummuş və pəncəsindəki saatı yellədə-yellədə dor ağacına dırmaşmağa cəhd göstərmişdi. Lakin bəxtindən orda işləyən bir neçə matros “oğru”ya bu imkanı verməmişdi. İşçilərdən biri meymunun boynundan yapışıb asanlıqla özünə tabe etmişdi. Sınmış şüşəni nəzərə almasaq, saat, demək olar ki, salamat qalmışdı.
Topçunun təklifilə meymuna çəza kəsilmişdi – iki həftəlik qidadan məhrum olma. Bu şərti ilk pozan elə topçunun özü olmuşdu – hələ müddət bitməmiş meymuna kök və kartof vermişdi. “Nolsun meymundu e, yazığım gəldi”, - söyləmişdi. Bəlkə də bu əhvalatın Narasimanın düşdüyü vəziyyətə bilavasitə bir dəxli yoxdu, amma onu axtararkən eyni hissləri keçirdiyimizi dəqiq bilirdim.
Göyərtəyə ilk mən çatdım. Aşağıdakı qaranlığın xoşagəlməz olduğu yəqin çoxlarınıza məlumdur. Burda yalnız hamar metal hissələr və rənglənmiş dəmir lövhələr arabir tutqun işıq saçır. Bir sözlə, ürəyin darıxır. Boğulursan, sanki olan-qalan gücün də səni tərk edir.
Bax bu qaranlıqda kömür anbarına tərəf bir neçə addım irəlilədim və çığırmamaq üçün özümü güclə saxladım: bədənin yuxarı hissəsi dar girişin ağzında ilişib qalmışdı. Böyük ehtimalla kimsə anbara girməyə cəhd edirdi və artıq ayaqlarını içəri salmışdı. Dayandığım məsafədən onun kimliyini müəyyənləşdirmək çətin idi, bir də ki başını aşağı əymişdi, mən yalnız mavi matros köynəkli çiyinlərini və furajkasını, bir sözlə, kölgəsini görürdüm. Amma yenə də onun Narasima olduğunu hiss etdim. Deməli, anbara düşüb özünü öldürmək istəyir.
Bilaixtiyar qanım coşdu, sözlə ifadə edilməyəcək dərəcədə vəcdə gəldim. Heç bilmirəm necə deyim? Bu, əlində tüfəng saatlarla ovunu gözləyən və nəhayət, onunla qarşılaşan ovçunun keçirdiyi hisslərə bənzəyirdi. Özümü tamamilə unudub Narasimanın üzərinə atıldım - məncə, bu, ov itinin bacara biləcəyindən də cəld sıçrayış oldu, - hər iki əlimlə bərk-bərk çiyinlərindən yapışdım.
- Narasima!
Bu adı heç bir mühakiməsiz, söyüşsüz çığırdım, titrəyən səsimdə nəsə bir qəribəlik vardı. Halbuki Narasima, həqiqətən də, günahkardı.
O özünü müdafiə etməyə belə səy göstərmədi, yarıyadək lyukun içində qaldığı vəziyyətdə sakitcə başını qaldırıb mənə baxdı. “Sakitcə” bir az yumşaq səslənir. Bu “sakitcə”də hər şey tükənmişdi, bu “sakitcə”də qaçmağa yer yox idi, sanki qasırğadan yarıyadək qırılmış yelkən taxtası sonuncu gücünü toplayıb əvvəlki vəziyyətinə qayıtmaq istəyir, bir sözlə, taleyə boyun əyməyi göz deşirdi. Gözlədiyim müqaviməti görməməyimdən doğan qeyri-iradi peşmançılıq hissindən bir az da qıcıqlanaraq “sakitcə” yuxarı qaldırılan üzə baxdım.
Ömrüm boyu eyni mənzərə ilə bir daha rastlaşmadım. Şeytan buna dəsmal götürüb ağlayardı – bax bu cürdü onun sifəti! Bu sözlər belə sizə eyni mənzərəni təsəvvürünüzdə canlandırmağa kömək etməyəcək. Yəqin sizə yalnız yaş içində boğulan gözləri təsvir etmək iqtidarındayam. Ya da onun iradəsinə tabe olmayan ağız əzələlərinin dartılmasını. Və ən nəhayət, torpaq rəngini almış tərli üzünü. Amma bütün bunları özündə birləşdirən ifadəni – heç vaxt! Bunu heç bir yazıçı edə bilməz. Təsvirimi bununla yekunlaşdırıram. Bircə onu deyim ki, onun üzü qəlbimə bir ox kimi sancıldı – məni təsəvvür edə bilməyəcəyim qədər sarsıtdı.
- Əclaf! Burda nə itin azıb? – söylədim.
Qəribədir, sanki “əclaf” sözünü özümə ünvanladım. Görəsən, bu suala necə cavab verərdim: “Əclaf, burda nə itin azıb?” Və, görəsən, kim bu suala halını pozmadan cavab verə bilərdi: “Mən bu insandan cani düzəltmək istəyirəm”. Kim onun gözlərinə baxıb rahatca bu sözləri deyə bilərdi? İndi elə biləcəksiniz, bu özünü didmələr çox uzun çəkdi və bu qədər vaxta istənilən kəs aradan çıxa bilərdi. Yox, əsla, bütün bunların beynimi deşməsinə bir neçə saniyə lazım oldu. Bax elə həmin anda Narasima güclə seziləcək bir səslə dilləndi: “Utanıram”.
Mübaliğəyə yol versəm, bu kəlməni sanki öz ürəyim pıçıldadı. O, əsəblərimə bir iynə kimi sancıldı. Mən də Narasima kimi “utandım” və bizdən yuxarıda dayanan nəyinsə qarşısında başımı əymək istədim. Narasimanın çiyinlərindən yapışmış barmaqlarımı boşaldıb, sanki özüm cinayət başında yaxalanıbmış kimi, laqeyd nəzərlərimi anbarın lyukuna zillədim.
Yerdə qalanları mənim hekayəm olmadan belə təsəvvürünüzə gətirə bilərsiniz. Narasimanı anındaca karserə saldılar, ertəsi günsə Uraqaya hərbi türməyə göndərdilər. Bundan beləsini danışmaq da istəmirəm. Məhbuslar orda günlərlə on doqquz kiloluq çuqun şarları bir neçə metr məsafədə ora-bura daşımalı idilər. Zənnimcə, məhbus üçün bundan əziyyətli iş icad edilə bilməzdi. Yadımdadır, Dostoyevskinin mənə oxumağa verdiyiniz “Ölü ev”ində deyilirdi ki, əgər məhbusu dayanmadan suyu bir çəlləkdən digərinə tökməyə məcbur eləsəniz, bu mənasız işin sonu mütləq özünəqəsdlə nəticələnəcək. Orda isə məhbuslar, həqiqətən də, bu cür işlə məşğul olduqlarından aralarında intihara cəhd etməyənlərlə rastlaşmaq adamda təəccüb hissi doğurur. Yaxaladığım çilli, ürkək, sakit siqnalçı da məhz bura düşmüşdü...
Axşamüstü yoldaşlarımla birgə gəminin kənarında dayanıb alaqaranlıqda əriyən limanı seyr edirdik. Mənə tərəf yaxınlaşan Makita zarafatyana söylədi:
- Sənin hesabına meymunu diri tutduq.
Yəqin eşitdiklərimdən qürur hissi keçirəcəyimi düşünürdü.
- Narasima insandır, meymun deyil, - qəzəblə cavab verib ordan uzaqlaşdım.
Ətrafdakılar əməlli heyrətləndi: biz Makita ilə hələ hərbi məktəbdən möhkəm dost idik və bu illər ərzində bircə dəfə də olsun mübahisəmiz düşməmişdi.
Göyərtə ilə gəminin burnuna tərəf irəliləyərkən Narasima ilə bağlı narahatlıq keçirən komandir köməkçisini qəribə bir istiliklə xatırladım. Biz Narasimaya meymun kimi yanaşdığımız halda, sən demə, o, sadəcə insanlıq nümayiş etdirmişdi. Üstəlik biz səfehlər ona nifrət də etmişdik – nə qədər də gic idik! İçim göynədi, başımı iradəsiz halda aşağı salladım. Qət etdiyim məsafə boyu dabanlarımı yerə mümkün qədər ehmal basmağa çalışdım. Sanki karserdə oturan Narasima gümrah addım səslərimi eşidib özünü təhqir olunmuş sayacaqdı.
Onun oğurluğu qadına görə etdiyi müəyyənləşdi. Hansı müddətə məhkum edildiyini bilmirəm. Yəqin ki, həyatının bir neçə ayını dəmir barmaqlıqlar arxasında keçirməli olacaqdı: çünki meymunu bağışlamaq və cəzalandırmamaq olar, insanı isə yox.
Çevirdi: Kifayət Haqverdiyeva

1298 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024