Düşmənlə gecikmiş qarşılaşma

Düşmənlə gecikmiş qarşılaşma
27 iyul 2012
# 15:07
Yüz dörd yaşlı general Seş altmış iki yaşlı nəvəsi Salli Pouker Seş ilə birlikdə yaşayırdı. Nəvəsi hər gün diz çöküb dua edirdi ki, general onun kursu bitənə qədər yaşasın. General nəvəsinin məzun olmağı ilə maraqlanmasa da, əmin idi ki, həmin günə qədər yaşayacaq. Yaşamaq onun üçün köhnə vərdişə çevrilmişdi. Artıq özünü başqa cür təsəvvür edə bilmirdi. Əslində kurs məzunlarının diplom təqdimetmə mərasimi generalın əyləncə anlayışına uyğun gəlmirdi. Lakin Salli söz vermişdi ki, o, təntənəli mundirini geyinib estradada əyləşəcək. Mərasimdə mantiyalı müəllimlərin və məzunların paradı keçirilməli idi. Salli deyirdi ki, parad iştirakçılarının hamısı general və onun təntənəli mundiri ilə müqayisədə sönük görünəcək. General bunu Sallisiz də bilirdi. Məzunların nümayişi cəhənnəmə! Onlar bir ucdan yerin dibinə batıb o biri ucdan çıxsalar da generalın vecinə olmazdı. O, “miss Amerikalar", “miss Dayton Çimərlikləri” və “Pambıq Şahzadələri” ilə dolu bəzəkli platformalardan təşkil olunmuş paradları xoşlayırdı. Məzunlar heç maraqlı deyil! Onun fikrincə, məktəb müəllimlərindən ibarət nümayiş ən azı Stiks çayı qədər cansız bir şey olmalı idi. Bircə, mundirini geyinib estradada oturmağın xətrinə razı olmuşdu. Qoy, doya-doya tamaşa eləsinlər.

Salli Pouker babasının sarsılmaz inamına şərik deyildi. Son beş ildə generalın vəziyyətində heç bir dəyişiklik olmasa da, Sallinin ürəyinə dammışdı ki, çox gözlədiyi gün burnundan gələcək. Həmişə belə olur. Müəllimliyə başladığı dövrlərdə diplomlu təhsil olmadığı üçün, son iyirmi il ərzində hər yay kursa gedirdi. Sallinin fikrincə, əvvəllər hər şey normal idi. İndi isə normal heç nə qalmayıb. O, istirahət üçün nəzərdə tutulan tətilləri qızmar günəş altında, ştatın müəllim kollecinə ayaq döyməklə keçirir. Hər payız məktəbə qayıdanda öyrəndiyi yeni üsullarla yox, öz bildiyi kimi dərs keçsə də, bu onun ədalət yanğısını söndürməyə kifayət etməyəcək qədər zəif intiqam idi. General mərasimdə iştirak etsə, hər kəs Sallinin nəyi təmsil etdiyini anlayacaqdı. Sallinin sözləri ilə desək, “hər şey onun arxasındadır”, qalanlarının arxasında isə heç nə yoxdur. “Qalanlar” deyəndə konkret adamlar nəzərdə tutulmurdu. Bu sözü dünyanı baş-ayaq edən və ləyaqətli həyatın qaydalarını pozan bütün sonradan görmələrə ünvanlamaq olardı.
Diplomların təqdimetmə mərasimi avqustda keçirilməli idi. General Sallinin arxasında əlil arabasında oturacaqdı. Salli isə başını dik tutub “Ona baxın! Ona baxın! O, mənim babamdır! Siz isə sonradan görmələrsiniz! Özündə bütün köhnə ənənələri əks etdirən alicənab, əyilməz qoca! Ləyaqət! Şərəf! Şücaət! Ona baxın!” deməyə hazırlaşırdı.

Bir gecə yuxuda da“Ona baxın! Ona baxın!” qışqırıb üzünü çevirəndə babasının əynində general papağından başqa heç nə olmadığını görmüşdü. Salli bu kabusdan sonra yuxuya getməyə ürək etməmişdi.

Generala qalsaydı, təqdimetmə mərasimində iştirak etməkdən qəti imtina edərdi. Ancaq estradada oturmaqdan yaman xoşu gəlirdi. Özünü əvvəlki kimi yaraşıqlı kişi hesab edirdi. Ayağa qalxa bildiyi vaxtlarda beş fut dörd düym boyu olan döyüş xoruzlarına bənzəyirdi. Çiyninə çatan ağappaq saçları var idi. Taxma çənə istifadə etmək fikri yox idi. Deyirdi ki, profili əlavəsiz daha səlis görünür. Dəqiq bilirdi ki, general mundirini geyinəndə heç kim və heç nə onunla müqayisə edilə bilməz. Bu Vətəndaş Müharibəsində geyindiyi mundir deyildi. Deyəsən, həmin müharibədə hələ general olmamışdı. Bəlkə də sıravi idi. Rütbəsini yada sala bilmirdi. Əslində, heç müharibəni də xatırlamırdı. Müharibə onun hissiyatını itirmiş ayaqları kimi idi. Bu ayaqlar indi Salli Poukerin balaca qız olanda toxuduğu bozumtul-mavi örtüyün altında gizlənmişdi. Qoca ispan-amerikan müharibəsini də xatırlamırdı. Həmin müharibədə itirdiyi oğlunu da xatırlamırdı. Tarix ona lazım deyildi, çünki bir də tarixlə üzləşmək istəmirdi. Tarix darıxdırıcı məzun nümayişlərinə, həyat isə şən paradlara bənzəyirdi. General paradları xoşlayırdı. İnsanlar həmişə ona sual verirdilər: keçmiş barədə darıxdırıcı, qara sualların nümayişi... General keçmişdə baş vermiş bircə hadisəni böyük zövqlə yada salırdı: on iki il əvvəl ona general mundiri bağışlayıb film təqdimatına dəvət etmişdilər.

-Mən Atlantadakı təqdimatda iştirak etmişəm, - o, eyvanda oturan qonaqlara danışırdı. Gözəlçələrin əhatəsində idim. Özü də bu yerli özfəaliyyət yox, milli hadisə idi. Məni estradaya dəvət etmişdilər. İçəridə avaralara yer yox idi. Hamısı biletə on dollar vermişdi və frak geyinmişdi. Mən isə mundirimi... Onu gündüz qeşəng bir qız otel otağıma gətirmişdi.
“Bu, lüks nömrə idi, mən də oradaydım, babacan” Salli Pouker qonaqlara göz vurub əlavə edirdi, “Siz otel otağında heç bir gözəllə qarşılaşmamışdınız.”
- Qarşılaşsam, nə edəcəyimi dəqiq bilirdim, - qoca general gözlərini bərəldib cavab verəndə qonaqlar gülməkdən halsız düşürdülər. – O qız Hollivuddan gəlmişdi. Filmdə rolu yox idi. Orada belə gözəl qızlar çoxdur. Onları “ekstra” adlandırırlar və heç nə eləməyə qoymurlar. Aarada adamlara hədiyyə aparmaq və şəkil çəkdirmək üçün göndərirlər. Mənim də o qızla şəklim var. Yox, onlar iki nəfər idi. Biri sağımda, biri solumda dayanmışdı, mən isə ortada dayanıb ikisinin də belini qucaqlayırdım.

Burada Salli Pouker yenə onun sözünü kəsirdi:

- Babacan, mundiri sizə mister Qoviski gətirmişdi, mənə də paltara taxmağa zərif gül gətirmişdi. O, qızıla boyanmış və qızılgül kimi yığılmış qladiolus ləçəklərindən idi. Elə incə idi! Bir görəydiniz! O...

- O, sənin başın boydaydı, - general əsəbləşib davam edirdi. – Mən danışıram, sən yox! Onlar mənə mundiri və bu qılıncı gətirib dedilər: “General biz sizinlə müharibə etmək istəmirik. Sizi estradaya dəvət edirik. Orada ictimaiyyətə təqdim edildikdən sonra bir neçə suala cavab verməli olacaqsınız. Bunu bacararsınız?” – “Bacararammı? Mən bu işlərlə məşğul olanda siz hələ doğulmamışdınız” dedim. Elə də rədd olub getdilər.

-O, gecənin ulduzu idi, - deyirdi Salli Pouker. Ancaq başına gələn xoşagəlməz hadisəyə görə həmin təqdimatı xatırlamaq istəmirdi. O, təqdimat üçün yeni paltar almışdı. Qaşlı kəməri və bolerosu olan qara ipəkdən ziyafət geyimi və gümüşü ayaqqabılar. Axı generalı dəstəkləmək üçün estradaya çıxmalı idi. Onlara yaxşı qulluq etmişdilər. Səkkizə on dəqiqə işləmiş limuzin gəlib onları kinoteatra apardı. Maşın düz lazım olan vaxtda lazım olan yerdə dayandı. Böyük ulduzlardan, rejissordan, müəllifdən, qubernatordan, merdən və ikinci dərəcəli ulduzlardan sonra onlar keçdilər. Polislər maşınların hərəkətini idarə edirdi. Kanatlar isə təqdimata keçə bilməyənləri qonaqlardan ayırırdı. Hamı onların projektor işıqları altında limuzindən çıxdığını gördü. Sonra qırmızı xalı ilə keçdilər. Konfederat papağı və qısa ətək geymiş biletyoxlayan qız onları fəxri yerlərinə ötürdü. Zal dolu idi. “Konfederasiya Qızları” mundirli generalı görən kimi əl çalmağa başladılar. Auditoriya da onlara baxıb generalı alqışladı. Bir neçə məşhur gəldikdən sonra qapılar bağlandı və çil-çıraqlar söndü.

Sarışın, dalğalı saçlı aparıcı kino sənayesinin adından danışdığını bildirib fəxri qonaqları təqdim etməyə başladı. Təqdim etdiyi hər kəs estradaya çıxıb bu gözəl gündə iştirak etdikləri üçün necə xoşbəxt olduqlarını deyirdi. General və nəvəsi proqrama uyğun olaraq on altıncı təqdim edildilər. Salli Pouker mister Qoviskiyə babasının adının Corc Pouker Seş və rütbəsinin isə sadəcə mayor olduğunu desədə də, onu konfederatlar ordusunun generalı Tennessi Flintrok Seş kimi təqdim etdilər. Salli babasına kreslodan qalxmağa kömək etsə də, həyəcandan özünün estradaya çıxmağa tabı qalmamışdı. Qoca ağ saçlı başını dik tutub, papağını ürəyinə sıxıb yavaş-yavaş gedirdi. Orkestr alçaq səslə “Konfederatların döyüş himni”ni çalmağa başladı, “Konfedrasiya Qızları”nın hamısı bir nəfər kimi ayağa qalxdı və generalın estradada dayandığı müddətdə oturmadı. General estradanın mərkəzinə çatanda (Salli Pouker yarım addım arxada gedib onun dirsəyindən tuturdu), orkestr var gücü ilə “Döyüş hinni”ni çaldı və qoca əsl aktyor həssaslığı ilə titrəyən əlini başına aparıb enerjili əsgər salamı verdi. O, son nəfəs aləti susana qədər fərəqət dayandı. Arxada iki konfederat papaqlı və qısa ətəkli biletyoxlayan qız dayanmışdı. Onlar cənubluların və şimallıların bayraqlarını çarpazlamışdılar.

General projektorun işıqlandırdığı dairənin mərkəzində dayanmışdı. Projektor Salli Poukerin bir hissəsini ayparaşəklində işıqlandırırdı. Qladiolusların qızılı ləçəklərindən yığılmış qızılgül, qaşlı kəmər, ağ əlcəklə, cib yaylığını sıxmış barmaqlar görünürdü. Sarışın aparıcı da projektor işığının altına gəlib qeyd etdi ki, bu gün bu möhtəşəm mərasimdə döyüşlərdə mübarizə aparan, qan tökən birinin iştirak etməsindən fərəhlənir və bir azdan bu qocanın iştirak etdiyi döyüşlərdən bəhs edən filmə baxa biləcəklər.
- General, sirr deyilsə, - soruşdu o, - neçə yaşınız var?
- Doooooooooxsan iki! – general qışqırdı.
Aparıcının sifəti elə hal aldı ki, elə bil, bu axşam ərzində bundan daha sarsıdıcı bir şey eşitməyib.
- Xanımlar və cənablar, - dedi o, - gəlin, generalı səmimi qəlbdən salamlayaq!
Dərhal alqışlar guruldadı, aparıcı isə baş barmağının yüngül hərəkəti ilə Salli Poukerə işarət etdi. Qocanı aparmaq vaxtı idi, çünki növbəti fəxri qonaq estradaya çıxacaq. Ancaq general hələ bitirməmişdi. Elə bil, o, parlaq dairənin mərkəzinə pərçimlənmişdi. Boynu dik, ağzı açıq idi. Sanki acgöz boz gözləri ilə gözqamaşdırıcı işığı və alqışları doyunca udmağa çalışırdı. Nəvəsinə dirsəyi ilə itələyib dedi:
- Bütün qeşəng qızları öpdüyümə görə belə cavan qalmışam!

Bu sözlər səmimi qulaqbatıran alqışlarla qarşılandı.

Hamı babasını alqışlayanda Salli Poukerin gözü ayaqlarına sataşdı. Həyəcandan və tələsiklikdən ayaqqabılarını dəyişməyi unudubmuş! İndi paltarının kənarından qəhvəyi, qalın altlıqlı çəkmələrinin küt ucları görünürdü. O, generalı özünə tərəf çəkdi və demək olar ki, qaçaraq səhnədən uzaqlaşdırdı. General bu mərasimdə iştirak etdiyi üçün şad olduğunu deməyə imkan tapmadığı üçün çox əsəbləşmişdi. Oturacağına gedə-gedə bacardıqca yüksək səslə təkrarlayırdı:
- Bu qədər gözəlçənin olduğu bir təqdimatda iştirak etdiyimə görə şadam! – ancaq estradaya başqa ulduz çıxmışdı və heç kim generala fikir vermirdi. O, bütün filmi yatdı. Arada bir sayıqlayırdı.
Bu generalın həyatındakı son maraqlı hadisə idi. Artıq ayaqları tamamilə tutulmuşdu, dizləri paslanmış qapı düyünü kimi qatlanırdı, böyrəkləri özləri istədiyi kimi işləyirdi. Bunlara baxmayaraq ürəyi inadla döyünməyə davam edirdi. Keçmiş də, gələcək də onun üçün eyni dərəcədə mövcud deyildi: biri unudulmuşdu, o biri isə - ölüm həqiqəti - yada salınmırdı. O, uzağı pişiklər qədər fikir çəkirdi.

Hər il Konfederasiyanın yadetmə günündə generalı bəzəyib ştat paytaxtının Şəhər muzeyinə təhvil verirdilər. Onu saat birdən dördə qədər köhnə fotolar, köhnə mundirlər, köhnə silahlar və tarixi sənədlərlə birlikdə muzeyin boğanaq zalında ziyarətçilərə nümayiş etdirirdilər. Bütün dəyərli eksponatlar şüşə altında saxlanılırdı ki, uşaqların əli çatmasın. Generalı isə kanatlarla əhatə olunmuş balaca yerdə otuzdururdular. O, həmişə qaşqabaqlı olardı və yerindən tərpənməzdi. Hətta arada süd-boz rəngli gözləri işıldamasa, ziyarətçilər onun canlı olduğunu hiss etməzdilər. Yalnız bir dəfə o, qılıncına toxunan uşağın cəsur barmaqları şillələmişdi. Yazda köhnə evlər qapılarını zəvvar-turistlərin üzünə açanda da lazımi atmosferi yaratmaq üçün general lazım olurdu. O, bəzən ziyarətçiləri danlayır, bəzən də təqdimat və gözəlçələr barədə danışırdı.

Babası təqdimetmə mərasiminə qədər sağ qalmasaydı, Salli Pouker özü ölə bilərdi. O, yay semestrinin başında diplom alıb-almayacağını bilmirdi. Lakin dekana demişdi ki, babası Tennesi Flintrok Seş - konfederatlar ordusunun generalı təqdimetmə mərasimində iştirak edəcək. Onun yüz dörd yaşı var və hələ də ağlı üstündədir! Dekanın cavabından belə məlum oldu ki, kollec həmişə şərəfli qonaqları qəbul etməyə şaddır və əlbəttə generalı estradada iştirakçılara təqdim edəcəklər. Salli qardaşı nəvəsi boyskaut Con Uesli Pouker Seşə mühüm tapşırıq vermişdi: o, tədbir zamanı generalın əlil arabasını gəzdirməli idi. Tanış boz formalı qoca və xaki formalı məsum oğlan! Bu necə xoş mənzərə olacaq! Köhnə və yeni bir yerdə. Salli özündən razı qalmışdı. Baba və nəticə diplom təqdim ediləndə onun arxasında dayanmalıdırlar.

Hər şey Sallinin planlaşdırdığı kimi gedirdi. O, yay kursunda olduğu müddətdə general başqa qohumları ilə yaşayırdı. Qohumlar Con Uesli ilə generalı təqdimetmə mərasiminə gətirdilər. Qaldıqları otelə gələn müxbir generalın şəklini çəkdi. Bir tərəfində Salli Pouker, o biri tərəfində Con Uesli dayanmışdı. İki gözəlçə ilə şəkil çəkdirdiyini xatırlayan general bu şəkli xoşlamadı. O, keçirilən mərasimin məqsədini xatırlamırdı. Bircə bilirdi ki, mundiri və qılıncı üzərində olacaq.
Təntənəli günün yetişdi. Salli Pouker ibtidai təhsil üzrə diplomlu mütəxəssislərlə birlikdə akademik nümayişdə iştirak etməli idi. Ona görə generalın estradaya çıxarılmasına nəzarət edə bilməyəcəkdi. On yaşlı sarışın, gombul Con Uesli təcrübəli təşkilatçı kimi hər şeyin qaydasında olacağına zəmanət verirdi. Salli qocanın formasını geyindirmişdi. General qurumuş hörümçək kimi kövrək idi.

-Həyəcanlanmırsınız, baba? –soruşdu Salli,

-Mən çox həyəcanlıyam.

-Qılıncımı dizimə qoy, lənətə gəlmiş, - dedi qoca, - Elə qoy ki parıldasın.

Salli Pouker qılıncı onun dizinə qoyub geri çəkildi və babasını başdan-ayağa süzdü:

- Əla görünürsünüz, - dedi.

- Cəhənnəm ol, - dedi qoca asta, monoton, inamlı səslə. Elə bil, ürəyinin ritminə uyğun danışırdı, - Hamı cəhənnəm olsun.

Yavaş... yavaş, - Salli son xəbərdarlığını edib görüş yerinə yollandı.

Məzunlar dəqiq elmlər fakültəsinin arxasında sıraya düzülmüşdülər. Sıra yola düşəndə Salli öz yerini tutdu. Bu ərəfədə Sallinin gözünə yuxu getmirdiMərasimlə bağlı kabuslar görürdü. “Ona baxırsınız? Ona baxırsınız?” deyirdi və hər dəfə çevrilib babasına baxmağa macal tapmamış oyanırdı. Qara yun mantiyalı məzunlar qızmar günəş altında üç bina dolanmalı idilər. Salli Pouker özü kimi qara fiqurların arasında ağır-aır addımlayırdı. Akademik nümayişin möhtəşəm bir şey olduğunu düşünənlər hələ məşhur boz formalı generalı və onu estradaya çıxaran məsum boyskautu görməyiblər. Bu dəqiqələrdə Con Uesli qocanı kulisə çatdırmalı idi.

Qara parad iki bina keçib əsas korpusa aparan xiyabana çıxdı. Qonaqlar məzunların arasında öz adamlarını axtarırdılar. Kişilər papaqlarını arxaya eləyib alınlarını silir, qadınlar isə paltarlarının çiyinlərini qaldırırdılar ki, parça kürəklərinə yapışmasın. Sanki, ağır mantiyalı məzunlar avamlıqlarının son damlasına qədər tərləmişdilər. Günəş şüaları avtomobillərin bamperində parlayır, hündür binalarda əks olunur və diqqəti bir gözqamaşdırıcı ləkədən o birinə yayındırırdı. Salli Poukerm günəş şüasını izləyib böyük qırmızı “koka-kola” avtomatına baxdı. Avtomat korpusun girişində qurulmuşdu. General oradaydı! Onun papağı başında deyildi. Con Uesli isə köynəyini şalvarın üstündən buraxmışdı. Uşaq qırmızı avtomata söykənib “koka-kola” içirdi. Salli sıradan çıxıb onların yanına qaçdı, şüşəni oğlanın əlindən alıb köynəyi şalvarın içinə saldı, qocanın papağını başına qoydu.

-Tez o qapıya! – deyib quru barmağını yan çıxışa yönəltdi.
General təpəsində balaca dəliyin açıldığını hiss edirdi. Oğlan əlil arabasını tələsik xiyabanla üzü yuxarı itələdi. Araba xidməti girişin kandarına ilişdi. Con Uesli Sallinin dediyi kimi kulisdə gözləməyə başladı. General gözlərini qarşısında toplaşan qara mantiyalı adamlara və gözlərə zillədi. Qara mantiyalı fiqurlar ona yaxınlaşır, əlini sıxıb silkələyirdilər. Girişlərdən zala qara arxlar axır və təntənəli musiqi sədaları altında böyük qara gölə çevrilirdi. Musiqi təpəsindəki dəlikdən içəri girirdi. Qoca elə bildi ki, musiqinin ardınca bu qara göl də ora axacaq.

O, gördüklərini dərk etmirdi, ancaq hər şey elə tanış idi ki... Əgər qara kütlə onu qarşılayırsa, deməli, tanış gəlməyi normaldır. Qoca belə qara paradları xoşlamırdı. Onun şərəfinə təşkil olunmuş paradda üstündə gözəlçələr aparan platformalar olmalıdır! Yəqin tarixlə bağlı tədbirdir. Onlar həmişə belə şeylər təşkil edirlər. Generalın belə tədbirlərə ehtiyacı yox idi. Çünki keçmişdə baş verənlərin indi yaşayanlara dəxli yoxdur. Axı, general da indi yaşayırdı.
Bütün iştirakçılar axıb qurtarandan sonra qara gölün sahilindəki qara fiqur nitq söyləməyə başladı. Fiqur tarix barədə danışırdığı üçün general qulaq asmamaq qərarına gəldi. Ancaq sözlər təpəsindəki dəlikdən beyninə sızırdı. General soyadını eşitdi, əlil arabası qəfil təkanla irəli getdi və boyskaut ehtiramla baş əydi. Onun əvəzinə bu gombul küçük baş əymişdi! General “lənətə gələsən” demək istədi. “Yoldan çəkil! Mən ayağa qalxa bilərəm!” demək istədi. O, ayağa qalxıb əyilməyə macal tapmamış əlil arabası geri çəkildi. Deyəsən, onun şərəfinə səs-küy qalxmışdı. Daha adı çəkilməyəcəksə, heç nəyə qulaq asmayacaq. Başındakı dəlik olmasaydı, heç nə eşitməzdi. Dəliyi barmağı ilə tıxamaq istədi. Ancaq dəlik barmağından bir az geniş idi və get-gedə dərinləşirdi.
Birinci qara mantiyalının yerini başqası tutdu. O da tarixdən danışırdı. Qoca yenə soyadını eşitdi.
- Əgər keçmişimizi unutsaq, - dedi natiq, - gələcəyimizi yada sala bilmərik. Gələcəyimizi bilə-bilə “yox” saya bilmərik.
General deyilən bəzi sözləri eşidirdi. O, tarixi çoxdan unutmuşdu və xatırlamaq niyyətində deyildi. Nə arvadının, nə də uşaqlarının adnı və üzünü xatırlaya bilmirdi. Hətta ailəsi olub-olmadığını da dəqiq bilmirdi. Məkanların adları, özləri və orada baş verənlər də unudulmuşdu.

Təpəsindəki dəlik onu bezdirirdi. Bu mərasimdə belə dəlik yaranacağını gözləmirdi. Bu dəliyi ahəstə, qara musiqi açmışdı. Musiqinin çox hissəsi çöldə qalsa da, kiçik parçaları dəlikdə qalıb daha dərinliklərə keçir, qocanın fikirlərində hərəkət edir, eşitdiyi sözləri beyninin qaranlıq hissələrinə buraxırdı. O, “Çikemoqa, Şaylo, Conston, Li” sözlərini eşidirdi. O bilirdi ki, onun üçün əhəmiyyəti olmayan sözlər dirilməyə başlayıb. Görəsən, Çikemoqa və ya Linin vaxtında general olmuşdumu? Sonra Atlantanın küçələri ilə hərəkət edən paradın gözəllərlə dolu platformasında at üstündə yüksəldiyini təsəvvür etməyə çalışdı. Ancaq bunun əvəzinə unudulmuş sözləri tərpətdi. Sözlər azadlığa çıxmaq, dirilmək arzusunda idi.

Natiq bir müharibəni bitirib o birinə keçmişdi. İndi isə üçüncüyə yaxınlaşırdı. Bütün sözlər bayaqki qara parad kimi tanış gəlir və qıcıqlandırırdı. Musiqinin uzun barmağı generalın başında gəzir, orada-burada sözlərlə dolu yerləri tapır və sözlərin üstünə gün işığı salıb dirildirdi. General “Lənətə gəlsin! Buna dözməyəcəyəm!” deyib aradan çıxmaq üçün geri çəkilməyə başladı. Bu vaxt qara mantiyalı fiqur oturdu, səs-küy qalxdı və qarşıdakı qara göl ahəstə, qara musiqi sədaları altında iki tərəfdən generalın üstünə axdı. “Cəhənnəm olun! Mən iki işi birdən görə bilmərəm!” O, eyni zamanda həm sözlərdən müdafiə oluna, həm də sıraya nəzarət edə bilməzdi. Sözlər də bir yandan sürətlə üstünə tökülüşürdü. O, arxasını çevirib qaçmağa başladı. Sözlər güllə kimi yağsa da, hədəfə dəymir. Aradakı məsafə azalır. O, var gücü ilə qaçırdı. Ancaq tezliklə məlum oldu ki, sözlər qarşıdan da hücum çəkiblər. O, üzü sözlərə tərəf qaçır və onları lənətləyirdi. Musiqi lap yaxınlıqda səslənəndə bütün unutduğu şeylər qarşısında peyda oldu. O, bədəninin yüz yerdən deşildiyini, hər yaranın ağrıdığını hiss etdi. O, bütün sözləryi lənətləyib yıxıldı. İndi qızılı çərçivəli dairəvi eynəklərdən qınaq dolu nəzərlərlə ona baxan arvadının dar üzünü, çəpgöz keçəl oğlanlarından birini görürdü. Anası narahat olub yanına qaçdı. Sonra unudulmuş məkanlar – Çikemoqa, Şaylo, Marasvill – canlandı. Keçmiş onu gözləyən yeganə gələcək idi. Bununla barışmaq lazım idi. Qara parad ona yaxınlaşır, yanında sıxlaşırdı. İndi bu paradı haradan xatırladığını başa düşdü! Bu kütlə onu bütün ömrü boyu addımbaaddım izləmişdi. Keçmişi izləyən kütləyə baxmaq üçün başını qaldırmaq istədi. Ancaq hərəkət edəndə qılıncı elə sıxdı ki, tiyəsi sümüyünə toxundu.

Məzunlar estradan keçir, diplomlarını alır və rektorun əlini sıxırdılar. Sıranın sonundakı Salli Pouker estrada dayananda generala baxdı. Qaşqabaqlı qoca gözlərini bərəldib tərpənmədən oturmuşdu. Salli başını dimdik tutub diplomunu aldı. Bununla hər şey bitdi... O, zaldan yandırıcı günəşin altına çıxdı, qohumlarını tapdı və onlar skamyada oturub Con Ueslinin qocanı gətirməyini gözlədilər.
Hiyləgər boyskaut əlil arabasını arxa qapıdan çıxarmışdı və indi generalın meyiti ilə “koka-kola” avtomatının qarşısındakı uzun növbədə dayanmışdı.

Ruscadan çevirən : İlahə Əkbər
# 1423 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #