Şamo Arif: “Milli Təhlükəsizlik Nazirliyimiz susur...”

Şamo Arif: “Milli Təhlükəsizlik Nazirliyimiz susur...”
29 iyul 2011
# 10:52
Neçə vaxtdır ki, səbrlə gözləyirdim. Səbrlə gözləyirdim ki, kimlər nə yazır nə deyir? Həm də onu gözləyirdim ki, Azərbaycan Yazıçılar Birliyinin sədri cənab Anar (“525-ci qəzet”, 21 Iyul 2011) son vaxtlarda dərc edilən məqalələri, atmacaları diqqətlə nəzərdən keçirib heç nədən, heç kimsələrdən (?!) çəkinmədən, nala-mıxa vurmadan ağsaqqal sözü deyəcək.

Elə bilirdim ki, başladığı, məhz özünün başladığı, adətkarda olduğu oyunlardan əl çəkib dostlarını məzəmmət edib deyəcək:"Ay mənim əziz qardaşlarım, tariximizə az müdaxilə edilib ki, indi də siz baş vurmusunuz böhtanlar gölməçəsinə? Axı mən Ziya Bunyadovun “Qırmızı terror” kitabını oxudum, Qurana əl basıb deyirəm ki, Teymur Salahovun ifadələrinə əsasən Süleyman Rəhimov həbs olunub. Utanmaq lazımdır!..

Mən Mehdixan Vəkilovun da xatirələr toplusunu (“Ömür dedikləri bir karvan yolu”, “Yazıçı” nəşriyyatı 1966) oxudum. Billah, orda da rəhmətlik Mehdi Hüseynlə əlaqədar Süleyman Rəhimov haqqında heç bir kəlmə də yazılmayıb! Belə olmaz axı... Əzizlərim, can-ciyərlərim, yazırsınız ki, Şamo Arif xalq şairi Nəbi Xəzrini susdurmaqdan ötrü onun haqqında təriflərlə zəngin məqalə dərc etdirib. Gətirin o məqaləni, mən də Şamo Ariflərə deyim ki, utanmırsanmı bu yazından? Ayıb deyilmi, qardaşlarım?.. Ariflərdən söz düşmüşkən onu da deyim ki,

Azərbaycan ədəbiyyatını gözəl bilən, peşəsi filoloq olan adaşım Anar Mahmudoğlu, sən də bu qocalara baş qoşub bildiyini də, bilmədiyini də yazıb “Şamonun Arifliyi”ndən (“Azadlıq”, 15 Iyul 2011) söz açıb məni də, özünü də niyə bu kökə salırsan? Axı mən sənə heç vaxt elə söz deməmişəm. Axı dünya şöhrətli alim - seysmoloq Şamo Süleyman oğlu Rəhimov 34 yaşında, düz 46-il əvvəl dünyasını dəyişib.

Sənə ayıb deyilmi? Dünyasını dəyişən insan da ariflik edərmi?.. Bütün bunlar azmış kimi, heç çəkinmədən də Azərbaycan xalqının milli qəhrəmanı Qaçaq Nəbiylə çiyin-çiyinə çar imperiyasının jandarmeriyasıyla şərəflə vuruşa atılan Həcəri təhqir edən insanı hələ də müdafiə etdiyin bağışlanılarmı? Bir də ki, axı nə gizlədim, atam Rəsul Rzanı KQB təkcə 60-70-ci illərdə qorumayıb, 37-ci illərdə də onu Kremlin adamı ilə birgə həbsdən qoruyublar. “Həyatım ağrıyır” kitabımın

270-ci səhifəsində bu barədə “Bağırovun hansı damarının sayəsində məhv olmamışdılar, kim bilir?”. Mənim belə yazılarım olduğu halda məni təkzib edib, ifşa divarına mıxlayıb başımı niyə yerə soxursunuz?

Yaxşı olmazdımı ki, öncə mənim yazdıqlarımı hər evdən, kitabxanalardan yığıb yandırandan sonra Şamo Arifə atdığınız böhtanlardan, söyüşlərinizdən ağzınız köpüklənə-köpüklənə bağıraydınız? Hələ siz Şamo Arifin arifliyini bilmirsiniz. Görün, bu məntiq sahibi, mənim kimi yox, dəlil-sübutlarla iç üzümü açıb xalqa necə göstərəcək. Sözün düzü, mən özüm o qədər yalanlar yazmışam ki, indi çaş-baş qalmışam. Hələ bu harasıdır, deyəsən, belə getsə, özümü çox təkzib edəcəm...”.

Gözlərini qan tutan “qocalara”

Bəli, mən elə bilirdim ki, bizim “ədalətli” Anarımız bu kimi təkziblər verəcək... Ancaq “Kefini pozma, Fikrət Qoca! Nə qədər qoca olsaq da, dəyərik min cavana!” deyə hələ də min-min Azərbaycan cavanına meydan oxudular! O cavanlara ki, Qarabağ döyüşlərində hələ də şəhid olurlar! Şəhid olmaqlarını da şərəf bilirlər.. Bu “qocalarsa” bir-birinin qulağına pıçıltı ilə dediklərini indi açıq-aydın: “Kefini pozma, Fikrət Qoca!

Nə qədər qoca olsaq da dəyərik min cavana!” söyləməklə də həzz alırlar! Bu “qocalara” demək lazımdır ki, dəyər-dəyməzinə nəyə dəyirsinizsə dəyin, amma, gənclərimizə dəyməyin! Milləti təhqir etməyin! Keçən əsrin nə 37-ci ilidir, nə də 87-ci il! O illərdən 75-il, 25-il ötsə də, bu nə fironluqdur edirsiniz? Unutmayın ki, tabutu mismarlamaqdan ötrü nal mıxını mismar eləyən Tanrı vardır! Bir daha gözlərini qan tutan “qocalara” xatırladıram:
Mıxı mismar eləyən Tanrı vardır! Tanrı...

Anarlar yaman əl-ayaqdadır! Nə baş verib? Məgər, Yazıçılar Birliyi batmaqdadır ki, Fikrət qocalar da özlərini Anarla birlikdə batırırlar?! Əkrəm Əylisli bu “tərbiyə sahibləri”nin sanki dəqiq avtoportretlərini çəkib və “Təpədən dırnağacan saxtadır!” möhürünü vurub. Elə Əkrəm Əylisli də təəccüblənir ki, çürük alma kimi dişləyib tulladığı vəzifədən bu Fikrət Qoca niyə qopa bilmir? Təəccüb etməyə dəyərmi? Bu “əkiz” qardaşların yazdıqlarını diqqətlə oxuyanda və hər hadisə də gün kimi aydın olanda anlaşılmayan heç nə qalmır...

Nəhayət, mənim Azərbaycan ziyalılarından, alimlərindən xahişim budur ki, millət vəkili Hüseynbala Mirələmovun (“525-ci qazet”, 2 iyul 2011) və xalq şairi Fikrət Qocanın, daha doğrusu, Anarın yazdıqlarını (“Azadlıq” 13,14,15 Iyul 2011) diqqətlə oxuyub təhlil etdikdən və sonra da mənim “Tarixi həqiqətlər işığında” (“Azadlıq” 8,9 Iyul 2011) məqaləmə nəzər yetirib, kimlərin yalan yazdığını obyektiv qiymətləndirsinlər.

Sanki, dünya Anarlar dünyasıdır

Beləliklə, Anarın “Mübarizə bu gün də var” kitabında sovet imperiyasının baş qərargahı olan Kremlin xüsusi şöbəsində fəaliyyət göstərən anası haqqında çox ağır sənədin ictimaiyyətə çatdırılmasında nə məqsəd güddüyünü bilsəm də, ana-oğul “qarşıdurmasına” heyrətimi gizlədə bilmədim. Belə yazıma səbəb isə Anarın Süleyman Rəhimova qarşı yalanları və “Həyatım ağrıyır” kitabı oldu.

Ancaq təəssüflər ki, Anara aid olan suallara özü cavab verməkdənsə, hörmətli hesab edilən insanlar onun şıdırğı çaldığına oynadıldılar, göya daş atıb başlarını tutdular. Amma düşünmədilər ki, göy üzü daş saxlamır...
Anar özünü qana boyayıb deyir:"Mən Süleyman Rəhimova qarşı heç bir vaxt, heç bir pis hərəkət etməmişəm!"
Nə yaxşı ki, utanıb, qızarmırlar, yer ayrılıb yerə girmirlər! Dik-dik baxırlar! Meydan oxuyurlar! Sanki, dünya Anarlar dünyasıdır.
Ziyalılarımız susur...
Milli Məclisimiz susur...
Milli Təhlükəsizlik Nazirliyimiz susur...
Dünyanı qatıb qarışdıra-qarışdıra hara gedirlər? Allah axırını xeyir eləsin...

Anar yazır ki, guya ondan xahiş etmişəm ki, məni Dövlət Mükafatına təqdim etsin...

Indi isə bu yalanı təkzib edən rəydən bir neçə cümləni oxucuların nəzərinə çatdırıram:

“Ədəbi tənqid təsdiq edir ki, ”Qınamayın məni..." romanında ictimai tərəqqinin tarixi perspektivini duyan müəllif təxəyyülü yenidənqurma, aşkarlıq və demokratiya hərəkatımızı qabaqlaya bilmişdir. Əsərin realizmi də, müasirlik gücü də məhz buradan doğur. Həyat materialı ilə zəngin və koloritli “Qınamayın məni...” romanında qüvvətli milli xarakterlər vasitəsi ilə xalqın çətin günlərindəki nikbinliyinin milli-tarixi səbəbləri, fəlsəfi-psixoloji məzmunu təcəssüm olunur. Bütövlükdə bədii konsepsiya göstərir ki, “Qınamayın məni...” cəsarətlə yazılmış romandır. Həyat həqiqətinə sadiq qalan müəllif nəsrimizdə müasir realizmi dərinləşdirən və oxucunu ciddi dialoqa cəlb edən kəskin bir əsər yaratmışdır. Bütün bu cəhətlərini nəzərə alaraq ədəbi tənqid Şamo Arifin “Qınamayın məni..” romanını ədəbiyyatımızın ideya-bədii nailiyyəti kimi yüksək qiymətləndirir.

Azərbaycan Dövlət Universitetinin Böyük Elmi Şurası qeyd edilən yüksək keyfiyyətləri nəzərə alaraq yekdilliklə Şamo Arifin “Qınamayın məni...” romanını mükafata layiq görülməsindən ötrü Ədəbiyyat, Incəsənət və Arxitektura sahəsində Azərbaycan Dövlət Mükafatları Komitəsinə təqdim edir.

28 dekabr 1987-ci il Azərbaycan Dövlət Universitetinin
rektoru, professor Y.C.Məmmədov “

Oynadılan xalq şairi

Görəsən, cənab xalq yazıçısı az da olsa utandımı öz dediklərindən? Hünəri, cəsarəti varsa, buna təkzib versin.
Dünyadan bixəbər, hələ də bu qoca vaxtında oynadılan xalq şairi sual edir: Necə oldu ki, otuzuncu illərdə tutulan yazıçılar güllələndi, “bircə Süleyman Rəhimov həbs ediləndən beş ay sonra azadlığa çıxdı?” Bu “vicdan” sahibi əgər akademik, görkəmli alim Ziya Bunyadovun “Qırmızı terror” kitabının 211 və 213-cü səhifələrini oxusa, hər hadisə ona aydın olardı.

Indi isə mən soruşuram, bəs necə olur ki, o dövrdə Süleyman Rəhimov iki dəfə həbs edildiyi halda, Rəsul Rzanın burnu da qanamır??? Niyə gizlədirlər ki, məhz Kremlin xüsusi şöbəsi Rəsul Rzanın arxasında “vicdanla” dayandığına görə ona toxunulmur!...
Teymur Salahov 1937-ci il iyulun 31-də həbs edilir və ifadə verir:

“Əks inqilabi təşkilata şəxsən mən Laçın rayonu üzrə aşağıdakı şəxsləri cəlb etmişəm: Süleyman Rəhimov, Həsənəli Baxışzadə, Yusif Baharov, Müseyib Axundov, Hüseyn Hüseynov.” Bu ifadədən sonra Süleyman Rəhimov dərhal həbs edilməliydi. Həbs edilmir. Ancaq Mircəfər Bağırovun Kremlin adamı ilə bağlı göndərdiyi məxfi məktubundan (19.10.1937) düz 37 (otuz yeddi!) gün sonra 26 noyabr 1937-ci ildə Süleyman Rəhimov həbs edilir. Niyə? Bütün bunlar danılmaz tarixi həqiqətlərdir, sənədlərdir.

Xalq şairi daha sonra yazır:"Şamo Arif heç bir vaxt, heç kimi məhkəməyə verə bilməyəcək." Bəli, arxayın ola bilərlər. Deputatlıq toxunulmazlığına ümid edilirsə, bəlkə həqiqətən də məhkəməyə ehtiyac olmayacaq. Ona görə ki, Azərbaycan Milli Məclisinin də, nəhayət, respublika sahibsiz və dünya dərəbəylik dünyası olmadığından ölkə Prezidentinin də ədalət naminə son sərt və qəti sözləri ola bilər...

Arxalı köpək qurd basar!...

1986-ci il. Azərbaycan Yazıçılar Ittifaqının növbəti qurultayı və ilk plenumda da Azərbaycanın tanınmış şəxsiyyəti, qeyrətli kişisi, xalq yazıçısı Ismayıl Şıxlı yekdilliklə Yazıçılar Itiffaqının sədri seçildi. Hamı bilir ki, o zamankı ölkə rəhbərinin, o dövrdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi olan Kamran Bağırovun təklifi və razılığ ilə bu xeyirxah iş baş tutdu. Amma, gözəl bir xalq məsəli də var:"Sən saydığını say,
gör fələk nə sayır?"

Çox çəkmədi ki, 1937-ci ildəki tarixi hadisə 50 il ötdükdən sonra təkrarlandı. O Bağırovu, Kremlin daxili işlərinə qarışdığına görə yerindəcə oturtduqları kimi, bu Bağırovu da “özbaşınalığa” yol verdiyinə görə yerindəcə oturtdular. Yazıçılar Itiffaqına kimin sədrlik edəcəyini başa saldılar. Bir il keçmədi ki, həmin plenumun üzvlərinin iştirakı ilə Ismayıl Şıxlı deyil, cənab Anar “dəstəkləndi”. Niyəsini xalq yazıçısı Əkrəm Əylisli gözəl bilir və çox istərdim ki, o “seçkilərə” aydınlıq gətirən bir xatirə qələmə alsın.
Heydər Əliyev nəyə eyham vururdu?

2000-ci il. Ölkə Prezidenti cənab Heydər Əliyevin sərəncamı ilə Süleyman Rəhimovun 100 illik yubileyinin keçirməsi məqsədilə komissiya yaradıldı. Ilk iclasda komissiyanın bütün üzvləri hörmətlə iştirak edib, təkliflərini də verdilər. Yalnız bir nəfər- Yazıçılar Birliyinin sədri Prezident sərəncamını tanımadığına görə iclasda iştirak etmədi. Beləliklə də ilk və son iclasla da yubiley iclasları əbədi qapandı. Ilk fikrimə gələn də Heydər Əliyevin müdrikliklə söylədiyi, eyham vurduğu kəlamlar oldu: “Bilirsiniz ki, insanlar arasında paxıllıq da, rəqabət də var.

Bəziləri dedilər ki, niyə Süleyman Rəhimova belə yüksək ad - Sosialist Əməyi Qəhrəmanı adı verdilər? Mən Süleyman Rəhimov haqqında hələ o vaxt düşünürdüm ki, o, ədəbiyyatımızda həqiqətən özünəməxsus yer tutub...Bəli, xalqımız elə xalqdır ki, tarixin hər bir mərhələsində böyük, dahi insanlar yetişdirir və biz bu dahilərlə fəxr etməliyik. Biz kasıb xalq deyilik. Yəni biz intellekt cəhətdən kasıb deyilik. Bəli, xalqımızın zəkası çox zəngindir."

Süleyman Rəhimovdan sonra Süleyman Rüstəm, Mirzə Ibrahimov, Rəsul Rza bu yüksək mükafatlara layiq görüldülər. Bunlardan heç biri də Süleyman Rəhimovun paxıllığını çəkə bilməzdi. Çünki hamı bilirdi ki, Süleyman Rəhimov kişilik simvoludur.

Bəli, bu müdrük insan “paxıl” sözünü deyəndə bilirdi ki, heç nə sirr qalmadığı kimi, bu paxıllığın da üstü vaxt gələcək ki, açılacaq... Vaxt da gəlib çatdı: “Ədəbiyyat qazeti”, 20 mart 2009-cu il.

Anar Mehdi Hüseynə həsr etdiyi əhatəli məqaləsinin sonluğunu Mehdi müəllimin ölümü ilə bağlı hadisələrlə bitirsə də, və 1965-ci ildəki “qəhrəmanlığından” 44 il ötsə də söz açıb Mehdi Hüseyni “öldürdülər” deyə Mərkəzi Komitədən üç nəfərin cəzalandırmasını tələb edəndə ondan soruşulan “Niyə bu adamları təqsirləndirirsiz?” sualına: “Təqsirkar deyillərsə, niyə onların adları rəsmi nekroloqda yoxdur?” - sualıyla cavab verdim..." deyə
Anar qürrələnir.

Rəsul Rza Səməd Vurğunla ölüm dirim davası aparıb

Ağzından süd iyi çəkilməyən 27 yaşlı cavanın, Azərbaycanın görkəmli simalarına, adları nekroloqda olmayan Süleyman Rəhimova, Süleyman Rüstəmə, Məmməd Rahimə qarşı hücumları paxıllıq, kin-küdrət və Kreml barmağı deyilsə, bəs nədir?! Bu “millət qəhramanları” nekroloqla yanaşı Mehdi Hüseynin xəstəlik tarixçəsi, ölümünə səbəb tibbi ekspertizanın rəsmi rəyinin niyə dərc edilmədiyini soruşmaqdansa Fikrət Qocayla birlikdə coşub-daşırlar, asıb-kəsirlər...

Mən heç də inana bilmərəm ki, Rəsul Rza o vaxtlar Anarın ağzından vurub deməsin ki, bu yoldan çəkil, bizə yaraşan
iş deyil! Rəsul Rza deməsin ki, telefonla da xahiş etmədim, evinə getdiyim, xahiş elədiyim, sözümü yerə salmayıb məclisə gələn, ağsaqqallıq edib sənə “Toyunuz mübarəkdir” deyə xeyir-dua verən insana qarşı sənin bu hərəkətin kişilikdən deyil.

Yenə deyirəm, Rəsul Rza sərt və heç kimdən çəkinməyən olub, Səməd Vurğunla ölüm dirim davası aparıb. Hüseyin Cavidin adının bərpa edilməsinə imzasını qoymadan, hər işini açıq-aydın bildirib. Belə olduğu halda Süleyman Rəhimovun yubileyinin təşkilat komissiyasına adı salınan Anar niyə Heydər Əliyevə mərdi-mərdana demir ki, mən bu komissiyanın üzvü olmaq istəmirəm! Əgər, Rəsul Rzanın oğluydusa, niyə kişi kimi öz etirazını bildirmir? Ona görə ki, komissiya tərkibində, 27 yaşından “bəslədiyi” kin-küdurətini daha uğurla yerinə yetirə bilsin. Yenə sərrast deyimli xalq məsəli var: “Ağacı qurd içindən yeyir...”

Süleyman Rəhimova qarşı hər necə haqsızlıqlar davam etdirilsə də ölkə Prezidenti cənab Ilham Əliyevin “Həqiqətləri bərpa etmək lazımdır” kimi çox mühüm təklifindən sonra, on il əvvəl, Heydər Əliyev dövründə edilən təkliflər, inanıram ki, layiqincə yerinə yetiriləcək. Bu ona görə lazımlıdır ki, hətta Ziya Bunyadov kimi cəsur bir şəxsiyyətin “Qırmızı terror” kitabında açıqlaya bilmədiyi, bəlkə də, cəsarət edib yaza bilmədiyi Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad kimi sənətkarların da istintaq işləri işıq üzü görərsə, kimlərinsə satqınlıqları üzə çıxarsa, ruhların həmin gün, həmin gecə Azərbaycan səmasında gül-çiçəyə tutulacağına əminəm...

Yenə deyirəm, 37-nin arxiv sənədlərini açmağa cürət edən şəxsiyyətin adı, torpaqlarımızı işğaldan azad edən şəxsiyyətin adı ilə yanaşı Azərbaycan tarixinə qızıl hərflərlə həkk ediləcək!..
Aslanın erkəyi dişisi olmur!!!

Indi isə sözüm möhtərəm Xaliq Bahadıradır. Mən helə də Sizin müdrik, eyni zamanda eyhamlı məqalənizin təsiri altındayam. Yenə də Sizə minnətdarlığımı bildirirəm və sanki məni daha açıq olmaqa çağırırsız. Buna görə də sağ olun.

Siz, Iran tarixçisinə istinad edib qeyd edirsiniz ki, Mötəsim adlı hökmdar məğlub etdiyi sərkərdələrin qızlarını malikanəsınə gətirib əsir saxlayır. Kef məclislərinin birində də üç dəfə qalxıb başqa-başqa otaqlara gedib qayıdır, hamamda qüsl edir, iki rükət namaz qılıb üzünü məclis əhlinə tutub deyir:"Əziz və Uca Allahın bu gün mənə mərhəmət etdiyi nemətə görə qılınan namazdı. Bu üç saatda mən üç qızın qızlığını aldım. Bu qızların üçü də mənim düşmənlərimin qızı idi... Nigar xanıma gəlincə Azərbaycan türklüyünün mənliyini qanıyla, canıyla qoruyan bir kişinin - Xudadat bəyin qızı idi..."

Icazənizlə, dünya tarixindən bir səhifəni də mən Sizin nəzərinizə çatdırım: Yer üzünün ən şərəfsiz bir məxluqu vardırsa, o da Roma imperatoru, Sezar əsl-nəcabətli Neron olub! Bütün yaxınlarını, doğmalarını oğlanlı-qızlı zorlayandan sonra doğma anasına da təcavüz edib qətlə yetirən Neron! O Neron ki, özünü də Dorifor adlı quluna zorlatdırırdı (“Jizn dvenadtsati Sezarey”, Moskva, “Nauka”, 1966). Təsəvvür etmək dəhşətdən də, dəhşətlidir - üç qızın namusuna təcavüz edən Mötəsim və doğma anasını zorlayan Neron...
Heç də uzaqda olmayan keçmişimizə nəzər yetirək. Böyük vətən müharibəsi illərində yüz minlərlə Azərbaycan oğul-qızları vətən uğrunda döyüşlərdə ölümlərinin gözünə dik baxıb şərəflə vuruşdular.

Ölümdən qorxüb sağ qalmaq naminə tək bir nəfər də olsa Azərbaycanlı qız-gəlinləri alman tərəfə keçməyib. Qarabağ döyüşlərində Azərbaycanlı qız-gəlinlərimiz erməni-rus canavarlarına əsir düşüb sağ qalacaqlarına ümud etsələr də, yalnız və yalnız, namuslarını qorumaq naminə özlərini papaqsalan sıldırım qayalardan atıb, ölümlərinə qovuşmağı şərəf bildilər. Axı bu qız-gəlinlərmiz də
Xudadat bəylərin, Cavadxanların övladları, törəməliydilər...
Dəhşət ondadır ki, Mircəfər Bağırovun bacarmadığı, baş aça bilmədiyi Kreml əməkdaşına Bakı məktəbində, vətənində heykəl qoyulur. Bəs bununla Cavadxanın, Xudadat bəyin ruhları incidilmədimi?..

Nəhayət, onu bildirmək isteyirəm ki, mənim savaşım heç də Anar savaşı deyil. Mənim savaşım Azərbaycan naminə savaşdır. Bu savaşı da mən bu gün başlamamışam. Belə olmasaydı, nala-mıxa vurmadan, xarici ölkələrin, xalqların timsalında əsər yazmadan, birbaşa Sovet Imperiyası rejiminə həsr etdiyim “Qınamayın məni...” romanını otuz il əvvəl yazıb Imperiyanın da qılıncının dal-qabağının kəsən vaxtı dərc etdirərdimmi? (“Azərbaycan” jurnalı, 11.12.1982). Təəssüflər ki, yalnız əvvəli işıq üzü görən əsər “dostlarımın” qayğıları
sayəsində qəfildən də dayandırıldı.

“Qınamayın məni...” romanında “Dünya - Neronlar dünyasıdır!” deyə məhz o dövrdə əsər yazmaq da hər kişinin işi deyildi.
Bir daha bildirirəm, mən 24 yaşından adı Sovet Imperyasının qara siyahısında olan şir ürəkli, fil dözümlü, millətçi Süleyman Kişinin millətçi oğlu Şamo Arifəm! Bu adla da fəxr edirəm!

Azadlıq qəzeti
# 1303 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #