Azərbaycan yazıçısının oxucu cəhətdən bəxti gətirməyib. Çün bizim bir ovuc oxucumuz öz sevimli yazarının oxucusu olmaqdan daha çox onun sevgilisi, dostu, məclis yoldaşı, yaxını olmaq istəyir. Nədənsə biz dəyərli oxucularımızın bir qisminin gözündə avara, yeyib-içən, əhli-kefdən başqası deyilik. Bir qismi isə bizi yüksək imkanlara malik, kitablarının satışı ilə dolanan imkanlı ziyalı təbəqəsi hesab edir.
Dəyərli oxucularımız öz qiymətli zamanlarını yazıçısına məsləhət verməklə, onun geyimindən tutmuş ailəsinə qədər bütün özəllərini müzakirə etməklə keçirir. İnandırım sizi, bütün günü hansısa yazıçının şəxsi həyatına görə narahatlıq keçirən, mütləq yazıçı ilə şəxsən görüşüb onun yazıları haqqında fikir və mülahizələrini demək istəyən insanlar var. Sosial şəbəkələrdə yazdıqları mesajlara, telefon zənglərinə vaxtında cavab verməyəndə yazıçıdan küsüb yazmağa başlayan nə qədər əsəbi və hikkəli oxucular var. Ovqatının necəliyindən asılı olmayaraq səninlə zarafat etmək, məzələnmək, ələ salmaq istəyənlər isə tamam başqa söhbətdir. Bax bunu anlamıram; mən özümü ələ salıramsa, məzələnirəmsə, tənqid edə bilirəmsə sən hansı atmacanla məni heyrətləndirə bilərsən? Niyə belə şeylərə vaxt itirirsiniz ki?
Yəqin ki, yalnız mənim doğma vətənimdən başqa dünyanın heç bir guşəsində iki oxucu ö arasında belə söhbət eləməz : “Dünən feyzbukda filan yazıçıya babat “söz soxdum””.
Vur-tut 3-4 min oxucu olan ölkədə yəqin ki, bu hallar o qədər də qeyri-adi hesab olunmamalıdır.
Heç şübhəsiz ki, bizim oxucularımız intellektualdır, istedadlıdır və onların haqqı var ki, yazıçını qabağına qoyub körpə uşaq kimi danlasın.
…İki-üç günün söhbətidir, yorğun-arğın, əsəbi və ümidsiz şəkildə dostumla görüşə gedirkən əyərli oxucularımızdan biri ilə qarşılaşdım. Daha doğrusu yolun digər tərəfindən bir gəncin hay-küylə məni çağırdığını görüb ayaq saxladım. Ovqatım bərbad olsa da, üzünü ilk dəfə gördüyüm insanla söhbət etməli, daha doğrusu onu səbirlə dinləməli oldum.
Dəyərli oxucum ilk öncə “Facebook”da dost olduğumuzu, dəfələrlə məndən kitablarla bağlı münasibət öyrəndiyini bildirdi. Hətta bir dəfə depressiyada olanda ona Seymur Baycanın “Ana ürəyi” əsərini tövsiyə etdiyimi xatırlatdı. Zor-xoş “Facebook” dostumla razılaşdım. Onu tanıdığımı, sadəcə özümü dahiliyə vurduğumu etiraf etdim. Güldü, başa düşdü ki, zarafat edirəm.
Məndə olur belə şeylər, özümü dahiliyə vururam. Amma əslində “Facebook”dakı bütün dostlarımı üzdən tanıyıram. Dəxli yoxdur, profil şəkli it, pişik, mişka, gül-çiçək olsa da, mən onların hamısını tanıyıram. Bu mənim işimdir. İstedadlı yazıçı bütün “Facebook”dakı dostlarını yaxından tanımalı, onlarla səmimi söhbətlər etməli, vaxtını səmərəli keçirmək üçün onlarla virtual şəkildə deyib-gülməli, zarafatlaşmalı, onların kefini açmalıdır.
Bu dəfə vəziyyət ciddi idi. “Facebook” dostum həm də ciddi oxucu olduğunu dönə-dönə izah edəndən sonra onunla söhbət etməyin vacibliyini anladım. Nə vaxtdan bu işlə məşğul olduğunu, rayonda yaşadığını, Bakıya iş tapmaq üçün gəldiyini, atasının müəllim olduğunu, əgər atası Bakıda qalsa çoxdan Milli Elmlər Akademiyasının prezidenti ola biləcəyi ehtimalını, ən böyük arzusunun Seymur Baycanla görüşüb Tiflis haqqında söhbət etmək olduğunu həvəslə izah etdi.
Ayaqüstü səmimi ortam yarandı. Deyib-gülməyə, zarafatlaşmağa, şirinlik eləməyə başladıq. Oxucum yüz ilin dostları kimi, ərklə mənə bir şillə də çəkdi. Sonra gülə-gülə romanımı tənqid elədi, saqqal saxladığım üçün təpindi, köklüyümə işarə edib idmanla məşğul olmağımı tapşırdı, azad seksi və Avropa dəyərlərini təbliğ etməyimdən narahat olduğunu çatdırdı. Sevimli yazıçısının Dostoyevski olduğunu baxışlarından anlamışdım. Sözarası özü də etiraf etdi ki, ən sevimli obrazı Roskolnikovdur.
Sonra maliyyə qaynaqlarımızla bağlı şübhələrini, hansı xarici təşkilatların bizə pul ötürdüyündən xəbərdar olduğunu dedi. Neçə evimin olduğunu və evlərimdən birini ona kirayə verə bilib-bilməyəcəyimi soruşdu. Ərkyana maşınımın markasını, onu harda park etməyimi, maşınım ola-ola niyə piyada gəzməyimlə soruşdu. Bu sualın cavabını isə özü tapdı; tıxaclarda əsəbiləşməmək üçün bu adımdı atdığımı dərhal anlamışdı.
O öz tənqidi fikirlərini mənə çatdırdıqdan sonra, məni bir yazıçı kimi bəyəndiyini də vurğuladı. Elə sevindim ki…
O danışdıqca özümü xoşbəxt hiss edirdim. Hətta arada doluxsundum, gözlərim yaşardı. Onun yaratdığı yazıçı obrazı elə gözəl, elə möhtəşəm, elə əlçatmaz idi ki…
Nə qədər ağır olsa da, onu bu ehtimallar və fərziyyələr dünyasından ayırmaq lazım idi. Gözümün qarşısında bir oxucunun məhv olmasına göz yuma bilməzdim. Onu yaman aldatmışdılar…
Həqiqətləri bildikdən sonra yaşamaq onun üçün çətin olacaqdı, amma dedim. Dedim ki, mən işsizəm, heç bir xarici təşkilatla əlaqəm yoxdur, Avropanı təbliğ etmirəm, kirayədə qalıram, həddindən çox borcum var. Üstəlik yazıçı dostlarımızın əksəriyyətinin evsiz-eşiksiz, kasıb olduğunu vurğuladım. Gözlərindəki təəccübü görməliydiniz…
Əvvəlcə inanmadı. Tez çantadan müqəddəs kitabları çıxarıb onlara əl basdım. Kədərli notlar üzərində sağollaşanda, şübhəli baxışlarını üzümə dikdi:
“Cəlil müəllim, guya siz 150 minə normal bir ev ala bilməzsiniz ki?”
Nitqim tutuldu. Yazıq-yazıq boynumu büküb öz sevimli oxucumla vidalaşdım…