Almanların belə unutduğu nobelli şair

Almanların belə unutduğu nobelli şair
17 iyul 2014
# 13:10

Kulis.Az Cəlil Cavanşirin Nobel mükafatı sahibi, alman şairi Paul Heyze haqqında məqaləsini təqdim edir.

Unudulmuş Nobel mükafatçısı

"Hamı öz içində kirayədir..." misralarının müəllifi alman şairi və Nobel mükafatçısı Paul İohann Lüdviq fon Heyze (Paul Johann Ludwig von Heyse) Berlində, professor ailəsində doğulub. Atası ixtisasca filoloq olsa da, ədəbiyyata və yaradıcılığa marağı ona olduqca istedadlı olan yəhudi əsilli anasından keçmişdi. Atası professor və Berlinin tanınmış şəxslərindən biri olduğu üçün şəhər ziyalıları və aristokratiya tez-tez onların evində toplaşar, sənət, ədəbiyyat söhbətləri edərdilər.

Kiçik yaşlarından ədəbiyyata olan böyük həvəsi, atasının nəzəri bilikləri öyrənməkdə ona dəstək verməsi Paula böyük stimul olur. O, Berlin və Bonn universitetlərində klassik ədəbiyyat və roman filologiyası üzrə mühazirələrdə dinləyici kimi iştirak edir. Təhsilini davam etdirmək istəyi onu vətəndən uzaqlara getməyə həvəsləndirir. Gənc Paul təhsilini İtaliyada davam etdirir. İtaliyada uzun müddət yaşaması alman şairini həmişəlik bu ölkəyə bağlayır. İtalyan ədəbiyyatı ilə dərindən tanış olur və italyan poeziyasının alman dilinə ən yaxşı tərcüməçilərindən biri kimi tanınır. Heyzenin ədəbi zövqünün formalaşmasında Dante və Bokkaçço kimi İntibah dövrü şairlərinin böyük təsiri olub.

Gənc şair Münhen sarayında

1854-cü ildə kral II Maksimillian 24 yaşlı gənci Münhenə, öz sarayına dəvət edir. Kraldan aldığı təqaüd müqabilində Heyzenin bütün işi sadəcə sarayın intellektual həyatında iştirakdan ibarət idi. Heç bir maddi problemi olmayan Paul Heyze tezliklə müəlliminin qızı Marqaret Kuqlerlə evlənir. Sarayda yüksək nüfuzu olan şair xanımı və dörd övladı ilə birlikdə Münhendəki villasında rahat və zəngin həyat yaşayır.

Burada o, ədəbiyyatçı dostları E.Heybel, T.Linq və F.Bodenştedtlə (Mirzə Şəfi Vazehin tələbəsi, onun şeirlərini alman dilinə çevirən, sonralar isə müəlliminin yaradıcılığını öz adına çıxan həmin məhşur Bodenştedtdir) birlikdə Münhen estet-şairlər klubunu yaradır. Klubun üzvləri "təmiz sənət" şüarı ilə çıxış edir, xüsusilə kapitalist qaydalarının və texniki tərəqqinin cəmiyyət həyatının bütün sahələrinə sürətlə daxil olduğu bir şəraitdə poeziyanın ilkinliyini və saflığını qorumağı əsas vəzifələri sayırdılar. Həyatdan hər vasitə ilə zövq almaq, epikürizm, estetçilik və müəyyən erotika ünsürləri Paul Heyzenin XIX əsrin 60-70-ci illər yaradıcılığı üçün səciyyəvidir. O, müxtəlif janrlarda çox və asan yazmağı bacarırdı.

Çoxşaxəli və zəngin yaradıcılıq yolu

Şair Paul Heyzenin "Nəğmələr və şəkillər" (1877), "İtaliya şeirləri" (1880) kitablarında toplanan bir sıra poetik parçaları mütəxəssislər indi də alman lirikasının diqqətəlayiq nümunələri kimi dəyərləndirirlər. Yazıçı Paul Heyze tarixi-romantik və müasir mövzulu "Marion" (1855), "Treplli qız" (1858), "Sonuncu kentavr" (1863), "Əsrin övladları" (1873), "Cənnət" (1875), "Bütün zirvələrdən yüksəkdə" (1895), "Merlin" (1892) "Veneranın doğuluşu" (1909) və s. povest və romanların müəllifidir. Eyni zamanda Heyze 100-dən çox novella yazmışdır. Alman ədəbiyyatı mütəxəssislərinin fikrincə, Heyzenin nasir istedadı daha çox bu novellalarda duyulur. Lakin Avropa ədəbiyyatında realizm və naturalizmə, sosial problemlərə marağın artması fonunda alman yazıçısının romantik üslub, süjet və qəhrəmanlar üzərində köklənən, gerçəklikdən uzaq əsərləri ümumi ədəbi proseslə ayaqlaşa bilmirdi.

Bəlkə də məhz bu detallara görə gənc həmkarları onu tənqid edir, yaradıcılığının zamanla ayaqlaşmadığını düşünürdülər. O, dramaturq kimi də, kifayət qədər məhsuldar idi. Altmışa yaxın pyes qələmə alan Heyzenin səhnə əsərlərinin çoxu mövzu etibarı ilə İncillə, yaxud alman tarixi ilə əlaqəli idi. "Meleager" (1854), "Adrian" (1865), "Qolberq" (1868) "Hans Lanqe" (1886) tarixi dramları, "Mariya Maqdalena" (1899) faciəsi bir vaxtlar alman səhnəsində uğurla tamaşaya qoyulub və sevilib. Günümüzlə səsləşməsə də, müasir Alman tamaşaçısının zövqüncə olmasa da, Heyze bir vaxtlar diqqət mərkəzində olan dramaturq olub.

Heyze memuarist kimi də fərqlənməyi bacarıb. Özünün təxminən yarım əsrlik yaradıcılıq yoluna 1900-cu ildə çap etdirdiyi "Gənclik xatirələri və etiraflar" əsəri ilə yekun vurub. Bu xatirələr təkcə müəllifin deyil, alman cəmiyyətinin və ədəbiyyatının XIX əsrin ikinci yarısında keçdiyi yola ümumiləşdirilmiş baxış hesab oluna bilər.

Və nəhayət... Nobel mükafatı

1910-cu ildə 80 yaşlı Paul Heyze tarixçi Teodor Mommzen və filosof Rudolf Eyken istisna olunmaqla, alman yazıçıları arasında ilk Nobel mükafatı laureatı oldu. İsveç Akademiyasının daimi katibi Virsen təqdimat nitqində onu "müasir Almaniyanın ən maraqlı şairi" adlandırmış, "haqlı olaraq müasir psixoloji novellanın yaradıcısı sayıldığını" bildirmişdi.

Mükafat Paul Heyzeyə "lirik şair, dramaturq, romançı və dünya miqyasında tanınan novellalar müəllifi kimi uzun və məhsuldar yaradıcılığı zamanı nümayiş etdirdiyi bədiilik və idealizmə görə" verilmişdi. Müəllif xəstə olduğundan Nobel mükafatı laureatı medalı və diplomu Stokholmdakı alman səfiri qraf fon Puklerə təqdim edilmişdi.

Ədəbi uzunömürlülüyünə və məhsuldarlığına (24 cildlik novellalar, 6 roman, 60-a yaxın pyes, 9 cildlik poeziya, 2 cildlik memuarlar) baxmayaraq artıq Nobel mükafatı aldığı dövrdə Paul Heyze alman ədəbiyyatının unudulmağa başlayan simalarından idi. Müasir dövrdə isə onun yaradıcılığı daha çox filoloqları və alman ədəbiyyatı tarixçilərini maraqlandırır. Hətta alman ədəbiyyatçıları belə onun haqqında ciddi bilgiyə sahib deyillər. Buna ədəbi talesizlik də demək olar, şanssızlıq da...

Demək Nobel mükafatı almaq da, heç nəyi həll etmir...

# 2533 dəfə oxunub

Müəllifin son yazıları

# # #