“Tamadaya dedim şeiri mənim yazdığımı heç kəs bilməsin”

“Tamadaya dedim şeiri mənim yazdığımı heç kəs bilməsin”
25 iyun 2015
# 15:04

Kəndə köçməyə qərar verəndə əndişələrim vardı. Ədəbiyyatdan, xüsusən də şeirdən danışmağa adam tapmamaq ən böyük qorxum olsa da, dostum Vüsal Oğuzun da kənddə yaşaması mənə toxtaqlıq verirdi. Ara-sıra kəndə qonaq gələndə yeganə zəng etdiyim, axtardığım Vüsal Oğuz olurdu. Son illər kəndə gec-gec gəldiyim üçün 4-5 ildir ki, görüşmürdük. Hərdən sosial şəbəkələrdə hal-əhval tutsaq da qabaq-qənşər dərdləşməyəli illər olmuşdu. Vüsal uzun illər yaradıcılıqla məşğul olsa da, reklamdan, özünü təqdim etməkdən qaçır. Əlimdəki imkanları bilsə də bir dəfə də olsun çap olunmaqla bağlı müraciət etməyib.

Görüşmək təşəbbüsü ondan gəlsə də, müsahibəyə həvəsli deyildi. Qılığına girib razı saldım. Birinci görüşümüzdə təbiət qoynundakı xudmani kafelərin birində kəklikotu çayından içib nərd atdıq. Təbii ki, uduzdum. Amma mənim üçün nərddən də, kafedən də maraqlı olan şairin söhbətləriydi. Onun kənd-kəsəyimizin tarixindən, xüsusən məzunu olduğum məktəbin uğurlarından danışması məni daha çox cəlb edirdi. İkinci görüşümüzü əvvəlcədən planlaşdırdıq. Samovarı maşının yük yerinə qoyub, təzə süzülmüş yasəmən balından da götürüb çəkildik dağların qoynuna. Şair həvəslə ocaq çatdı, samovar qaynadıb dəmlədi. Yaşıl otların üstünə nimdər, döşəkçə atdı. Quşların cəhcəhini, cırcıramaların səs-küyünü dinləyə-dinləyə söhbətə daldıq. Mən də əvvəldən razılığını aldığım üçün diktofonu yandırdım.

- Şair paytaxtdan, ədəbi mühitdən kənarda, uzaq bir dağ kəndində şair taleyi yaşamaq, yaradıcılıqla məşğul olmaq çətin deyil ki?

- Atatürk Mərkəzində tədbirlərin birində məndən şeir deməyimi xahiş etdilər. Mən isə tədbirlərdə şeir deməyi sevmədiyim üçün qısa bir çıxış üçün icazə istəyib, təşkilatçılardan xahiş etdim ki, bu cür tədbirlərin paytaxtdan kənarda, əyalətlərdə, uzaq rayonlarda təşkil edilməsinə şərait yaratsınlar. Bakıda bu tədbirlər onsuzda keçirilir. Ədəbi mühitin sərhədlərini genişləndirməyə ehtiyac var. Bakı təkcə paytaxt deyil, həm də mədəni mərkəzdir. Kənddə yaşayan bir şairin paytaxtdakı ədəbi tədbirlərə qatılması, həm zaman, həm də maddi təminat baxımından mümkün deyil. Yolun uzaqlığı da mühüm amildir. Bölgələrdə ədəbi mühit demək olar ki, yoxdur. İnteqrasiya olunmaqda, mühitdə tanınmaqda çətinlik çəkirik. Musa Yaqubun Bakı ədəbi mühitində təsdiq olunduqdan sonra kəndə dönməsi başqadır, bizim burda yaşayıb-yaratmağımız başqa. Musa Yaqub bəlkə də səs-küydən, şəhər atmosferindən yorulub öz kəndinə qayıtdı və bu onun üçün daha yaxşıdır. İllərlə yazmaq istədiklərini yazmaq, deyə bilmədiklərini demək üçün kənd ona fürsətdir. Bizim isə ədəbi mühitə ehtiyacımız var.

- Bildiyim qədər sən ədəbi dərnəklərdə, qaynar ədəbi mühitdə olmusan...

- 1998-ci ildə Qazaxda “Dəli Kür” ədəbi birliyində olmuşam. Elxan Yurdoğlu, İlqar Qulusoy, Bəxtiyar Hidayət, Elnur Astanbəyli və başqaları da o ədəbi mühitdə təmsil olunurdu. Bilal Qoca, Barat Vüsal dərnəyə təşkilatçılıq edirdi. Biz universiteti bitirəndə Tural Ağatlı qoşuldu.

- Sadaladıqların səndən daha fəal görünür, hərəsinin bir neçə kitabı çap olunub...

- Mənim problemim uzaq düşməyimdir. Çünki mənim yaşadığım kəndə internet son üç ildə gəlib. Bu gün ədəbi mühitlə əlaqə qurmaq müəyyən qədər rahatdır. Amma son üç ilə qədər mən hər şeydən uzaq idim. 2001-ci ildən, 2012-ci ilə qədər demək olar heç bir imkan yox idi.

- İlk və yeganə kitabın 2006-cı ildə çap olunmuşdu...

- Uzun müddətdir yaradıcı mühitdən kənar düşmüşəm. Yazdıqlarımı da çap etdirməyə maraqlı, həvəsli deyiləm. Yaradıcılığıma daha çox tənqidi yanaşıram. Bizim yaşadığımız bölgədə ədəbiyyat aktual deyil. Mühit yoxdur. Qazaxda, Tovuzda yaşayıb yaradıcılıqla məşğul olmaq başqadır, bizdə bu fəaliyyətlə məşğul olmaq tamam başqadır. Ağstafada, Qazaxda toy məclisləri daha çox ədəbi məclislər kimi keçirilirdi. Ən sadə adamı da ayağa qalxıb Hüseyn Arifdən, Səməd Vurğundan şeir deyirdi. Toylarda yeni imzalar, yeni şeirlərlə tanış olurduq. Bizim bölgə isə ədəbiyyatdan, şeirdən uzaqdır. İnsanlarımızın da bu sahəyə marağı yoxdur.

- Rayonda aktiv ədəbi fəaliyyətlə məşğul olanlar varmı?

- Demək olar ki, yoxdur. Rayon qəzetinin baş redaktoru, AYB üzvü Nazim Hüseynov nasir kimi tanınsa da, nəsr əsərləri yazsa da, daha çox qəzetçiliklə məşğuldur. Fəaliyyətini bu sahədə qurub. Yusif Rzayev var, o da daha çox publisistika ilə məşğuldur, tədqiqatçıdır. Mən yaradıcılıqla məşğul olan başqa adam tanımıram.

- Kəndimizdə necədir vəziyyət?

- Gənclik illərində şeirlər yazmış adamlar var. Amma sırf yaradıcılıqla məşğul olan, özünü yaradıcılığa həsr edən yoxdur. Təsəvvür elə ki, oturub ədəbiyyatdan danışa biləcəyim həmsöhbət yoxdur. Şair var şeirləri toylarda dillər əzbəridir. Mənim “Oğuz” şeirim vardı. Tamada məndən bu şeiri uzun müddət istədi, mən isə vermək istəmirdim. Sonra şeiri verdim və xahiş etdim ki, mənim yazdığımı heç kəs bilməsin. Amma tamada sözünü tutmadı. Müəllim yoldaşımızın oğlunun toyunda tamada o şeiri deyib məni dəvət etdi. Ondan sonra çoxları bildi. Bakıdan başqa heç bir şəhərdə mühit yoxdur.

- Gəncə də ədəbi mühit normaldır axı...

- Gəncədə olanlar da Bakıya can atır. Əyalətdə yaşayıb inteqrasiya olunmaqda problemi olmayanlar var. Məsələn, Gəncədə Şəfa Vəliyeva var, kifayət qədər istedadlıdır və tanınır. Yazıçılar Birliyinin üzvüdür və prezident təqaüdü alır. Olduqca çalışqan və istedadlı xanımdır.

- Sən bildiyim qədər Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüsən. Bu təşkilat yaradıcı adam kimi sənə nə verir?

- DGTYB üzvü olmağımın əlbəttə böyük faydası var. Əyalətdə yaşayan bir yazarın Türkiyədə çap olunması demək olar ki, mümkün deyil. Amma DGTYB xətti ilə 2013-cü ildə Türkiyədə almanaxda çap olundum. Türk Dünyasının 500-dən çox şairinin bir araya gəlməsi olduqca uğurlu addımdır. Bu yaxınlarda növbəti almanax çap olundu və onun təqdimatında iştirak etdim. Çox səmərəli hesab edirəm DGTYB üzvü olmağımı. Müəyyən tədbirlərdə, layihələrdə iştirak edirəm. Ən azından kənddən kənarda bir mühitlə əlaqələrim, ünsiyyətim var.

- Azərbaycan Yazıçılar Birliyinin üzvü olmağı düşünürsənmi?

- AYB-nin gənc yazarlara göstərdiyi qayğını izləyirəm. Böyük işlər görülür. Bu il sənədlərimi hazırlayıb AYB-yə müraciət edəcəm. Bir az geciksəm də AYB üzvü olmağı düşünürəm.

- Kənddə gün-güzəran necə keçir?

- Kənddə yaradıcı adamın vaxtı daha səmərəli keçir. Ən azından avtobuslarda, metrolarda vaxtın boşuna itmir. Mütaliəyə, öz üzərində işləməyə vaxtın olur. XXI əsrin kəndi daha başqadır. Kənddə oturub özünü Bakıda hiss edə bilirsən. İnsan gərək vaxtını səmərəli istifadə etsin.

- Sən həmdə bölgənin ən qədim məktəblərindən birində, Rəşid bəy Əfəndiyev kimi maarifçi ziyalının dərs dediyi bir məktəbdə məsul vəzifədə çalışırsan, dərs deyirsən. Müəllimlik çətin deyil ki?

- Hazırda çalışdığım məktəb, həm də sənin məzun olduğun, böyük ənənələri olan məktəbdir. Azərbaycanda yaşı 100-ü keçmiş barmaqla sayılacaq qədər məktəb var, bunun biri də bizim məktəbdir. Mirzə Fətəli Axundovun adını daşıyan məktəbimizin 133 yaşı var. Saysız-hesabsız uğurlara imza atmış məktəbdir. Yaradıcı adam üçün müəllimlik daha asandır. Şagirdlərlə işləməkdən zövq alıram. Məsələn, keçən il “Xəmsə” intellektual oyununda məktəbimizin komandası uğurlu çıxış etdi. Komandanı mən hazırlaşdırmışdım. 32 komanda arasında finala çıxdıq, 8-ci yerə qədər yüksəldik. Bölgədə ikinci, rayon miqyasında birinci olduq. Hətta komanda üzvlərimizdən biri respublika komandasına dəvət olundu. Müəllimliyi seçirsənsə, gərək fədakar olasan. Fədakar olmasan, qurban verməyi bacarmasan yaxşı müəllim ola bilməzsən.

- İstəyirəm kəndimizin tarixinə bir nəzər salaq. Böyük tarixi olan, tarixən elmə, təhsilə böyük önəm verilən yerdir kəndimiz. Ədəbiyyat tarixində də adı çox çəkilir. Məsələn, Mirzə Fətəli Axundovun “Hekayəti Molla İbrahimxəlil kimyagər” əsərində əhvalatlar kəndimizdə baş verib...

- Bəli, Molla İbrahimxəlilin qəbri də bizim kəndimizdədir. Əsərdəki hadisə XIX əsrin ikinci yarısında baş verib. Hal-hazırda oturduğumuz yer əsərdə adı çəkilən Pirpalıd dağına yaxındır. Adı çəkilən məşhur palıd ağacı da keçən əsrin 80-ci illərinə qədər qalırdı. Amma əhvalat əsərdəki kimi baş verməyib. Pirpalıd dağında misi qızıla və gümüşə çevirmək üçün gələn adamların Molla İbrahimxəlillə heç bir əlaqəsi olmayıb. Onlar kənardan gəlib Pirpalıdda məskən salıb. Pirpalıd həm kənddən uzaqdır, həm də qaçmaq üçün münasib yerdir. Onlar camaatdan misi yığıb, sonra aradan çıxıblar. Həmin ərəfədə Azərbaycan misi dünyada ən qiymətli və təmiz mis hesab olunurdu. Əgər Molla İbrahimxəlilin onlarla əlaqəsi olsaydı, sonradan bu kənddə yaşaya bilməzdi. O, isə ömrünün sonuna qədər bu kənddə yaşayıb. Kənd camaatı onu savadlı və mömin insan kimi tanıyıb. Tarixi faktla ədəbi fakt üst-üstə düşməsə də, Axundovu qınamaq olmaz. Mirzə Fətəli Molla İbrahimxəlili də hadisəyə qatmaqla, dini cəhaləti tənqid etməyə çalışıb.

(Şair ixtisasca tarix müəllimi olduğu üçün, kəndimizin tarixi ilə bağlı çox qiymətli faktlar açıqlayır. Məsələn mən ilk dəfə eşidirdim ki,” Kitabi-Dədə Qorqud” dastanlarında adı çəkilən Qazlıq dağı, Yazı çölü bizim rayon ərazisindədir, sən demə cümhuriyyət dövründə xaricə oxumağa göndərilən 100 tələbədən biri bizim həmkəndlimizdir. Eyni zamanda bölgədə ilk məktəb 1883-cü ildə bizim kəndimizdə açılıb. Bu daha geniş və fərqli mövzu olduğu üçün kəndimizin tarixi ilə bağlı söhbətləri başqa bir yazıda işləməyi düşünürəm.)

- Şair, kəndimizin tarixi haqqında çox maraqlı məlumatlara maliksən. Bunları yazmağı düşünürsənmi?

- Düzü belə bir planım var. “Xaçmaz və xaçmazlılar” adlı bir kitab düşünürəm. Kəndimizin tanınmış ziyalıları, din xadimləri, şəhidləri, hərbiçiləri haqqında geniş bir araşdırma kitabı yaxın vaxtlarda olacaq. Hələ ki, tələsmirəm.

- Bəs şeir kitabı nə vaxt olacaq? Birinci kitabın nəşrindən az qala 10 il keçir...

- İlk kitab 9 il əvvəl çap olunub. Şeirdə tələsmirəm. Yəqin ki, son şeirlərimi bir araya toplayacam. Tezliklə şeir kitabı da olacaq. Amma deyim ki, mən yaradıcılığa hekayələrlə başlamışam. Sonradan Qazax mühitinin təsiri və gənclik havasıyla şeirə keçdim.

- Mütaliən nə yerdədir? Kimləri oxuyursan?

- Daha çox ixtisasıma uyğun olaraq tarixi romanlar və tarixi araşdırmalar oxuyuram. Eyni zamanda detektiv ədəbiyyata da marağım var. Hərdən İlyas Əfəndiyevin romanlarına qayıdıram. Çoxusu indi aktual olmasa da, yenidən nostalji yaşamaq üçün göz gəzdirirəm. Gənc həmkarlarımı mütləq oxuyuram. Ədəbiyyat saytlarına hər gün nəzər salıram. Yəni bacardıqca mütaliə edirəm.

- Son olaraq bir şey soruşacam. Düz xatırlayıramsa nəsr əsəri yazmağa başlamısan və yeddi ildi həmin əsəri bitirə bilmirsən.

- Hə, yeddi ildi. (Gülür). O povestə başlayanda çox həvəsliydim. Leninqrada gedəndə, qatarda yazmağa başlamışdım. Sonradan həvəs və vaxt olmadı o əsəri bitirməyə. Hərdən bəxti gətirməyən əsərlər, alınmayan filmlər, reytinqə görə yarımçıq qalan seraillar olur. Mənim povestimin də bəxti gətirməyib. Amma bu yay onu da yekunlaşdırıb təqdim edəcəm. Mövzu olduqca maraqlıdır. Ümid edirəm ki, maraqla qarşılanacaq.

Söhbətləşdi: Cəlil Cavanşir

Vüsal Oğuzun şeirləri:

Ayrılaq

Ayrılaq-çəkməyək bu qədər zülüm

Ayrılaq elə bil heç sevməmişik.

Biz necə qovuşa bilərik gülüm

Biz ki doğulandan ayrı düşmüşük.

Mən çətin yenidən gələm həvəsə

Bəs etməz dönməmçün telefon zəngi.

Bu eşqin rəsmini çəkmək istəsə

Rəssama bəs eylər tək qara rəngi.

Gör neçə fəsili vermisən bada

Ümüdlə özümü aldatdım hər gün.

İlk görüş yerindən üzr istə.Ya da

Qaçaq bu yerlərdən düşək didərgin.

Əzəldən beləydin: hissiz, duyğusuz

Qayıtma yerini kimsə tutacaq.

Gələndə ömrümə gəldin heçnəsiz

Gedirsən xatırə apar bir qucaq.

Belə yaşamağa dəyməz bir az da...

Hələ yaşamağa dəyər bir az da.. ( Məmməd İsmayıl )

Sən görən zamanlar çoxdan ötübdür

Şair, yaşamağa dəyməz bir az da.

Yaxşılar quruyub yaman bitibdir

İndi ümüd yeri yoxdur murazda

Belə yaşamağa dəyməz bir az da.

“Peyğəmbər “ sandığım düz demir indi

Cavab gözlədiyim söz demir indi

Sevən sevdiyini gözləmir indi

Min hiylə, min yalan yatır bir nazda

Belə yaşamağa dəyməz bir az da.

Hər “ savab” əməldə min cür qələt var

Təzə ənənə var, təzə adət var

Toylarda o qədər yeni alət var

Day Yanıq Kərəmi çalmırlar sazda

Belə yaşamağa dəyməz bir az da.

Nədi bu millətin dərdinə çarə

Əsirdi düşməndə Xan Əsli, Sara

Göyçəm zəyal olub, Qarabağ yara

Bizi qane edir “bir ovuc”, “az da”

Belə yaşamğa dəyməz bir azda.

Sakit dövran yaman dönüb- sərt gəlib

Bir mərdin yerinə min namərd gəlib

Köhnə dərd üstünə təzə dərd gəlib

Qaysaq bağlayıbdır Təbriz, Arazda

Belə yaşamağa dəyməz bir az da.

Qayıda Babəkim , Koroğlum gələ

Gəlsələr silahi alarlar ələ

Əkilən bəlkələr bitməyib hələ

Bəlkə... qaytardılar Şuşanı yazda

Belə yaşamağa dəyməa bir az da

Görünür

Təzə dərd ağır gələndə

O dərdin yeri görünür.

Namərdə urcah olanda

Nə mərdin yeri görünür...

Ağıllı az. Dəli artır

Həyat bizə kədər satır

Ac çaqqalı gödən yırtır

Boz qurdun yeri görünür.

Bükülər diz, əsər əl də

Ağaracaq qara tel də

Yad diyarda , qürbət eldə

Eh... yurdun yeri görünür...

# 1519 dəfə oxunub

Müəllifin son yazıları

# # #