Bir-neçə gün bundan qabaq nənəm dünyasını dəyişdi. Saysız-hesabsız xatirələr, film kadrları kimi gözümün önündən keçən hadisələr...
Efirdən çıxıb Masallıya doğru yol aldım. Yol boyu susub pəncərədən çölə baxdım. Sonra musiqi dinləmək istədim. Başımı pəncərəyə söykədim, gözlərimi yumub uşaqlığıma geri döndüm...
Çərşənbə bayramı, nənəmin torpağı qazıb bişirdiyi ləvənginin qoxusu, evinə qonaq gedəndə bizim üçün ocağın üstündə hisli tavada qovurduğu qovurğa, gözləri yol çəkə-çəkə etdiyi söhbətlər, hərdən tumanının balağına sildiyi göz yaşları...
Boğazım qəhərdən göynəyirdi. Masallıya çatdıq. Düzü, cənazənin qaldırıldığı vaxt orada olmaq istəmirdim. İnsanların acı çəkməsini izləməyə heç vaxt dözümüm olmayıb...Həyətə girdim. Yalnız ən yaxın qohumlar var idi, çadır quranlara kömək edirdilər. Yuxarı qalxdım. Bibilərimi axtardı gözüm. Yan-yana oturmuşdular. Onlara bərk-bərk sarıldım. Səhərə qədər nənəmin cansız bədənini qucaqlayıb ağlamaqdan səsləri batmış, gözlərinin yaşı qurumuşdu. Bütün nəzərlər üstümdədir. Pıçahapıç başladı.
Oturdum. Başımı bibimin çiyninə söykəyib gözlərimi bir nöqtəyə zillədim. Bibim az qala pıçıltı ilə nənəmdən danışırdı... Ağlamırdım, sadəcə gözlərim dolmuşdu. Hətta bəzən nəyisə xatırlayıb təbəssüm də edirdim. Sevindim ki, nə yaxşı o nifrət etdiyim yas adətlərimiz nənəmin məclisində yoxdur. Hamı sakitcə oturmuşdu, ara-sıra gizlincə göz yaşlarını silirdilər.
Birdən bütün əsəblərimi tarıma çəkən bir şey oldu. Nənəmin qonşusu olan qadın sanki muğamat oxuyurmuş kimi əlini qulağına apardı və ucadan ağı deməyə başladı! Vəssalam! Başladı səs-küy, ah-fəğan, ağlaşma! Dodaqlarımı bir-birinə möhkəm sıxıb bir-neçə dəqiqə güclə oturdum. Sonra durub çölə çıxdım. Yağış yağırdı. Təmiz havanı ciyərlərimə çəkib nənəmi xatırladım. Acımdan zövq alaraq, qəhərimi udaraq, göz yaşlarım sakitcə yanaqlarımdan aşağı süzülərək...
Yuxarıda isə ağlayırdılar. Ağının təsirinə düşüb kimisi həyatdan köçmüş yaxınlarına, kimisi səhər ərinin ona vurduğu şilləyə, kimisi ayaqqabısı cırıq olduğu üçün uşağını bu gün məktəbə yola sala bilmədiyinə, kimisi əclafcasına onu atıb gedən kişiyə, kimisi hansısa peşmanlıqlarına ağlayırdı...