Siyasətin “Yuxu” dərsi

Siyasətin “Yuxu” dərsi
19 mart 2015
# 23:07

Bizim məktəbimizdə Siyasət adlı cavan bir müəllim vardı.

Uzun, arıq, qumral-qıvrım saçlı, trapes şalvarlı, platforma ayaqqabılı, enli bəzəkli kəmərli və incə belinə kip olan köynəklər geyinən tipik Co Dassen kumirli biri idi.

Haranı bitirdiyini, hansı ixtisasın yiyəsi olduğunu, məktəbimizdə hansı fənn üzrə çalışdığını bilmirdik, onu hamımız boş dərslərin nəzarətçisi kimi tanıyırdıq.

Elə ki hansısa müəllimimiz xəstələndi, elə ki hansısa dərsimiz boş qaldı, Siyasət müəllimi həmən sinfimizə göndərirdilər.

Onu sinfin qapısında görər-görməz hamı dəftər-kitabını çantasına yığar və sakit dayanardı.

Siyasət müəllim isə salamsız-kalamsız, yorğun-yuxulu halıyla müəllim masasının arxasına keçər və dərsə başlayardı:

- Qollarınızı partanın üstünə qoyun! Üst-üstə qoyun! Hə, bax belə. İndi başınızı da qollarınızın üstünə qoyun! Vəssalam, yatırıq! Bir nəfərin səsi gəlsə, ölümüdü!

Biz də, o da yatardıq sonra.

Düz qırx beş dəqiqə.

***

Uşaq idik, saf idik, hələ nə əsl siyasətin, nə də əsl siyasətin əsl yuxu dərsinin nə demək olduğunu anlamayacaq qədər təmiz idi beynimiz.

Müəllimlərimizə aşiq idik.

Müəllimlərimizin dərsdə iştirak edə bilmədiyi çox nadir zamanlar müddətində bizə yuxu dərsi keçən Siyasət adlı qıvrımsaçı isə nə müəllim kimi qəbul etdik, nə də könül dostu kimi.

O yaşda və o dövrdə idik ki, müəllimlərin adi insanlardan daha ali varlıq olmasına inanırdıq.

Ad günlərimizdə sinif rəhbərimizdən kitab, bloknot, qələm hədiyyəsi alan şagirdlər idik.

Müəllimlərimizin ad günlərini bilməyən, onlara hədiyyə almağın, zərf içində pul verməyin nə demək olmasından xəbəri olmayan...

Dərsdən sonra müəllimlərimizin bizə məsləhət gördükləri bədii kitabları kənd kitabxanasından dəstə ilə gedib alan, ev tapşırıqlarından sonra maraqla oxuyan, axşam saatlarında bir-birimizlə zəngləşib oxuduğumuzu müzakirə edən, həftə sonlarında isə ya şifahi, ya yazılı fikirlərimizi müəllimlərimizlə bölüşən şagirdlər.

Boş vaxtlarında kitab oxuyardı müəllimlərimiz. Özləri deyərdilər bunu bizə, nümunə olurdular, dərslərdən sonra bir dəqiqəmiz belə əlavə mütaliəsiz keçməsin deyə öyrədirdilər.

***

Müstəqilliyin ilk illərində bizim müəllimlərimiz Rusiya şəhərlərinə dağıldılar.

Çünki nə dərsləri var idi daha, nə də dərsdən sonrakı boş vaxtları.

Çörək qazanmaq, ailə dolandırmaq, ev saxlamaq üçün müəllimliklərindən uzaq dayandılar, adidən adi, vaxtilə bizə mənfi obrazlar kimi tanıtdıqları alverçilərlə çiyin-çiyinə alver etməyə məcbur oldular.

Sonra bizim müəllimlərimiz bir də müəllimlik etmədilər.

Siyasətin yuxu dərsi başlamışdı çünki, ömür boyu qiymətli bildikləri nüfuzları tapdanmışdı, başları qollarının üstünə düşmüşdü, əmr gəlmişdi sanki: “Yatırıq!”

Dəyərlər gözlərimizin qarşısındaca dağılır, ayaqlarımızın altına tökülürdü.

Qardaş xalq dediyimizin torpaqlarımızı işğalından tutmuş, kitabxanalarımızın qıfıllanmasına, məktəblərimizə Siyasət müəllim ağılda gənc kadrların doluşmasına kimi.

***

Vaqif Mustafazadənin “Düşüncələr”i fonunda yazıram bunları.

Hadı Rəcəblinin müəllimlərə unikal məsləhəti dolaşır beynimdə həm də, bir yandan da hər gecə həyətləri gəzən “Kosa-gəlin” dəstələrindən biri bu dəqiqələrdə evimizin qarşısında öz çalıb-oynamağındadır.

Sizi bilmirəm, mən hər dəfə bu kasıb və ayıq kənd uşaqlarının təbil və tütək səslərini eşidəndə eyvana qaçmışam bu son günlərdə, anamın üzü maskalı, əyni qadın geyimli bu əcaib və məzəli dəstəyə verdiyi manatları alıb həmən qaçan “Kosa-gəlin”lərə maraqla baxmışam.

Birdən, deyirəm, eləməzlər tənbəllik, müəllimlər də dərsdən sonra bunlar kimi gələrlər qapılara, çalıb-oynayıb maaş üstü düzəltməyi düşünərlər, eyvah!

Hadi, başlarınızı qollarınızın üstünə qoyun!

Vəssalam...

# 1491 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #