Kulis.az "Bir şeir" müsabiqəsinə göndərilən yeni şeirlərdən nümunələr təqdim edir.
Babək Quliyev
Mənə Bir Qələm Verin
Mənə bir qələm verin,
Sizə insanlığın rəsmini çizim.
İçində dolmayan böyük boşluğun,
Yerini sevgiylə, eşqlə doldurum.
Mənə bir zaman verin,
Zamanın qədrini, hökmünü bilim.
Sığmayan ömrümə o illərimi,
Sığdırım dünyanın gözəlliyini.
Nə az, nə çox - bir dünyam olsun,
Təməli sədaqət, ədalət olsun.
Bükməsin boynunu yetim uşaqlar,
Axı insanlıqda onların da payı var.
Mənə bir qələm verin,
Sizə sevgi dolu bir aləm verim.
Yazım məhəbbətdən, güldən, çiçəkdən,
Əbədi yaşayan gözəlliklərdən.
Mənə millətimin gəncliyin verin,
Onlarla vətənə gələcək verim.
Kəsməyin səsini azadlığımın,
Azad iradəmin, azad ruhumun.
Mənim duyğularım dünyadan geniş,
O qədər möhtəşəm, o qədər müthiş.
Mənə zərrə qədər bir işıq verin,
Sizə günəş boyda bir çıraq verim.
***
Bəhruz Xəlil
Doldu gözqapaqlarıma, ürəyimin ağrısı
bundan sonra az fərq edir, ağrıyırsa ağrısın.
Xoşbəxt edə bilmədiyim, indi, axı hardasan?
Gözləmək də bir iş deyil, mən də işdən qaçanam.
Düz on ildir yol gedirsən, düz on illik uzaqsan.
Getməyinə on il getdi, qayıdarsan haçana?!
Uzanmışam, başımı da söykəmişəm divara
Divarların soyuğunda baş ağrısı keyiyir.
Əllərimdə gizilti var, qollarımda qıcolma
Gözlərim də hiss edirəm, son zamanlar göynəyir.
Sinəsindən cırılmağa başlayıbdır köynəyim!
***
Beytullah Avcı
Adsız şeir
Yoxlayır azğın küləklər məsum quşların səbrini
Bağrı yaralı kəlmələrin yox artıq mərhəməti
Ağ divlər oxşayır başını buludların
Buludlar ki, incik və qırılğan
Bir istirab ki
Döyünür bir dərviş, sızıldayır bir şaman
Mütməin* bir ruhun zirvəsində
Sinəsində çaxan bir qığılcım
Yaxud da bir zəlzələdir, həsrət
Böyüyən öksüz röyalarımın
Sığınmaq,
ən tənhasında kölgəsinə səssizliyin
Cırılmış bütöv mahnıların
Səsi yitmiş bütöv ozanların
Qanadları sınmış bütöv rəsmlərin
...
İnləyir bir gecə
Fəryadından göyün
Qanayır baxışları ayın
Tökülür ovcuma qəlbimin bir-bir
Qəddar ulduzlar
Mən ki,
Köksü gülüşlə qanlanmış bir lalə düşlərəm
Sınıq oyuncağına ağlayarkən bir uşaq.
Mütməin* - şübhədən uzaq mənasında
***
Elşad Barat
And olsun zahidin barmağına
Hər dəfə günəşin batdığına baxanda,
Nəsimi düşür yadıma.
Günəşdən o yanda hardasa
Nəsimini təzədən soyurlar
Bəlkə də Nəsimini soyacaqlar deyə
Günəş batanda rəngi saralır
And olsun zahidin barmağına.
Bütün yolları ilk dəfə yol çəkənlər gedir
Dünyada elə bir şəhər tanımıram ki,
Orda adam yaşamasın
Hər kəsin gedə bilmədiyi bir yol var
Yolçəkənlər bilir
Bizdən günəşə gedən yolun yolçəkəni Nəsimidir
And olsun zahidin barmağına
Heyva ona görə gec yetişir ki
Almalar tükənsin
Çünki heyvadan şirindir alma
Ya da Nəsimini tanımır
Günəşin şüalarını ala bilmir.
And olsun zahidin barmağına...
Ultrabənövşəyi şüalar sarı olur
Nəsiminin soyulmuş rəngində
Banan soyulacağını bilib ki, sarıdır.
Qoz-fındığı vurub sındırırıq
Günahı sarı ola bilməməkdir
And olsun zahidin barmağına...
Bir kafedə oturmuşam
Sapsarı pivələr süzülür kirli bakallara
Pivənin sarılığı
Siqaretin üstündəki "sağlamlığınız üçün zərərlidir"
yazısına oxşayır
Hər dəfə qapı açılanda
Müdir dördgöz olur qapıya tərəf
Müştəridən sarı darıxır
Mən uşaq olanda elə bilirdim
Sarılıq tutan adamlar sarı olur
Nəsiminin soyulmuş rəngində
And olsun zahidin barmağına
Hərdən sarı saçlı rus qızı ilə sevişmək istəyirəm
Ərik ağacının altında
Otlar solanda saralır
Çünki günəşlə sevişə bilmir
Saralmaq yenidən doğulmaqdır başqa dünyada
Nəsiminin soyulmuş rənginə bürünməkdir eşq
And olsun Zahidin barmağına
Günəş batanda Nəsiminin səsini eşidirəm…
***
Sonuncu Orxan
Dieqo Armando Maradonaya
Gözəl bir qadın olsaydı
dəli kimi sevib evlənsəydim.
körpəm olsaydı qucağında
baxıb-baxıb xoşbəxt olsaydım.
sonra bir əndamlı iblis məni yoldan çıxarıb,
ailəmdən soyudub aramıza daş qoysaydı
soyuyub qadınımdan da, körpəmdən də
hamını, hər şeyi buraxıb
boş bir otaqda dinməzcə
içib-içib içimi yesəydim...
həmdəm olmağa bir əl,
bir qucaq, bir sığal olmasaydı...
yox, özümü bu sonsuz boşluqdan atmazdım
özümü dəli olmağa da qoymazdım.
evimə qayıdıb arvadımın
ayaqlarını qucaqlayardım
və “bağışla məni” deyərdim.
bilirəm, o da sakitcə gətirib
qabağıma çay qoyub
gülümsəyərdi...
məni bağışladığından deyil.
həyatında daha bir alçaq sifəti
tanıdığına görə
gülümsəyərdi.
yadınızda qalsın
gözəl qadınların həyatında
alçaq adamlar daha çox olur...
***
Nilufər Lətif
Nə mən səni sevdim nə də sən məni,
Yalandan aldatdıq bir-birimizi
Danışdıq, gülüşdük dilə nə var ki?
Aldada bilmədik ürəyimizi.
Yandıq biz ocaqda yaş odun kimi,
Tüstümüz qovruldu öz içimizdə.
Alovsuz yananlar kömür tək qalar,
Yandıq kömürümüz qaldı bizimdə.
Ayrıldıq. Əfsus, gec oldu fəqət.
Biz gərək əvvəldən birləşməyəydik
Ömürlük yaşamaq zarafat deyil,
Yoldaş olanda biz tələsməyəydik...
Kömürü yenidən yandırmaq olar,
Birdə yansaq donub kül olacağıq .
Ancaq, o da var ki ikinci dəfə,
Yansaq da alovsuz biz yanacağıq.
Mükafat fondu aşağıdakı kimidir:
Birinci yer: 500 manat
İkinci yer: 300 manat
Üçüncü yer: 200 manat
Əsər qəbulu sentyabrın 16-dan oktyabrın 10-dəkdir.
Qeyd: Şərtlərlə uymayan iştirakçılar müsabiqədən kənarlaşdırılacaq.