Varisin yeri

Varisin yeri
28 iyul 2014
# 10:13

"Varisin kitabı satış rekordu qırdı”, "Varisin Türkiyədə kitabları böyük tirajla çıxır”, "Varis dünya yazarları arasında...” Bu kimi xəbərlər tez-tez saytlarımızda boy verir və hətta ciddi saytlar da bu xəbərlərlə ilgilənməyə başlayıb. Bunu qoyum burada, ötən illərdən bir-iki yarpaq yada salım.

Azərbaycan radiosunda çalışdığım vaxtlar idi. Uşaq verilişləri hazırladığımdan tez-tez məktəblərə gedir, xəbərlər, reportajlar hazırlayırdım. Hərdən də ərkim çatan direktorlara çıxan kitablarımdan təklif edirdim ki, bəlkə könüllü də olsa alan ola. İnsafən bir çox məktəblərdə artıq məni tanıyırdılar deyin, kitablarımdan satılırdı. Amma bir dəfə bir məktəbdə direktorla aramızda olan söhbət yaddaşımda ağır iz qoydu. Direktor 150 səhifəlik hekayələr kitabıma baxıb dedi: "Siz də Varis, Elxan Elatlı, Çingiz Abdullayev kimi yazın, min kitabınızı alarlar... Belə hekayə isə...”

İxtisasca ədəbiyyat müəllimi olan direktora dedim:”Bəs Cəlil Məmmədquluzadə, Ə.Haqverdiyev, İ.Şıxlı kimi yazıçıları niyə şagirdlər oxuyurlar? Elə siz də tədris edirsiniz? Axı onlar da Varis kimi, o biri adlarını çəkdikləriniz yazarlar kimi yazmayıblar?”

"Orası elədi, e... amma indi zəmanə belə tələb edir” deyib söhbətdən yayındı direktor.

Təxminən bir ay əvvəl "Kitabçı” jurnalı məni və bir qrup yazarı hansısa mövzuyla bağlı dəyirmi masaya dəvət etmişdi. Varis də ordaydı. Söhbətimiz gərgin keçdi – təbii ki, Varislə. O öz "həqiqətlərini” ciddi-cəhdlə müdafiə edir və oxucunu ardınca apara bildiyini vüqarla deyirdi. Mən və mənimlə həmrəy olan xanım iştirakçı təbii ki, onu ciddi arqumentlərlə dayandıra bildik. O dərəcədə ki, hətta bayaqkı qalib pozasını dəyişməli oldu. Yəni ciddi ədəbiyyat adamlarının onun kimi yüngül ədəbiyyatçıları 7-ci dərəcəli yazar hesab etməsinin fərqindəydi... Ciddi qələm adamı və tərcüməçi kimi tanıdığım bir gənc dostumuz yol boyu Varisə haqq qazandırmağa çalışdı və dedi ki, mən təbii ki, sizinlə həmrəyəm, amma həqiqət Varisin tərəfindədir. Çünki o oxucu toplaya bilir...

Aydınçikin, Üzeyir Mehdizadənin, Qaraqanın fanatları da təxminən eyni arqumentlər gətirirlər: onları indi böyük bir dinləyici kütləsi dinləyir. Onlar populyardılar. Onlara pul xərcləyirlər... Hətta bir sürücüyə "Sarı çiçək” mahnısına görə irad tutan gənc oğlana qaba sürücü beləcə də dedi:”Qardaş, bu avtobusun sərnişinləri gündə yüz dəfə bu mahnını dinləyir. Hələ narazılıq eşitməmişəm. Sənin xoşun gəlmir, düş taksiylə get.” Lap elə belə.

...Varis dəyirmi masadan sonra mənə yaxınlaşıb tanış olduğuna görə şad olduğunu bildirdi və hətta yanımdaca köşkdən "Yazı” dərgisinin son sayını aldı. Mənim yazılarımla ilgilənəcəyini bildirdi. Hətta kulis.az saytında görkəmli yazıçı Tofiq Qəhrəmanovla bağlı yazıma görə təşəkkür etməyi də unutmadı. Boyun-boğazındakı qızıl zəncirlərini oynada-oynada uşaq olarkən mərhum Tofiq bəyi tanıdığını, intihar edərkən o məhlədə olduğunu söylədi...

Bu günlərdə Tofiq Qəhrəmanov haqqında Varis bəyin yazısını oxudum kulis.az-da. Amma əsərlərindən deyil, faciəli həyatından bəhs etmişdi.

Tofiq ciddi yazıçıydı... /kult.az/

# 1764 dəfə oxunub

Müəllifin son yazıları

# # #