Hekayə və mif

Hekayə və mif
29 mart 2018
# 12:15

(Yazıçı Ahmet Yıldızın “Ay işığı, qarğıdalı tarlası” kitabı üzərinə gəzişmələr)

Hər yazının hekayəti var – buna mistik aura da deyə bilərsiniz, tarix də, mif də.

Yoxsa bir yazıyla bir müəllifi, bir obrazı, bir tarixi və ya bir imperiyanın işartılarını duymaqmı olar? Amma olarmış...

Gənc qələm dostumuz Şahnaz Kamal “Yazı” dərgisinə bir tərcümə göndərmişdi. Nə Şahnaz xanımı şəxsən tanıyırdım (heç indiyəcən də üzünü görməmişəm), nə də yazının müəllifi Ahmet Yıldızı. Atmışdım kompüterimin “Tərcümələr” qovluğuna və vaxtı çatanda oxumağı düşünürdüm. Amma yazının adı – “Nizamülmülkün öldürülməsi” – hər dəfə məni “səsləyir”, oxunmasını istəyirdi. Bir də bu Nizamülmülk kəlməsi... Türk dünyasının başabəla vəziri, “Siyasətnamə” müəllifi, böyük dövlət xadimi, neçə-neçə türk padşahına torba tikən bu kişinin də qorxunc ruhu məni “çağırır”, o yazını “oxu” deyirdi...

Bir gün, nəhayət o səsləri dinlədim. Hekayəni oxumağa başladım. Tarixdən yaxşı tanıdığım, “Siyasətnamə”sini oxuduğum, fars olsa da türk padşahlarına sədaqətlə qulluq etmiş (amma deyilmiş???) Nizamülmülk bir obraz kimi xəyalımda təzədən canlandı. Hekayə məni o qədər özünə çəkdi ki, üstündən min il vaxt keçsə də, onları bu gün olmuş kimi hiss etdim. Bu qoca diplomat (hekayə vəzirin ömrünün son günlərinə həsr olunub) özü özünü belə tanıdır:

“...Məlikşahın çox sevdiyi oğlu Davudu İsfahanda zəhərlətdiyimdə, Məlikşah bunu tale sandı. İki il yas tutdu. Yüksək səslə aylarca ağladı. Bütün Türklər atlarına yəhərləri tərs vurdular, qara örtdülər, saçlarını açıb iki ili elə yaşadılar. Bunu mənim etdiyimi Məlikşaha çatdırmağa çalışan İbn Bəhmənyarı və Sultanın təlxəyi Cəfərəki şərab məclisində Sultanı təqlid edərkən yaxalatdım. Cafərəkin öncə dilini üç parçaya ayırdılar, sonra başını kəsdilər, boynundan axan qanı dolmuş küpə. Bəhmənyarın gözlərinə dəfələrcə mil çəkilmiş başını soxub onu da qanda boğdular. Bir daha heç kimsə, gerçək düşüncələrimdən xəbərdar olsa da çuğullamağa cəsarət etmədi!"

Bu mistik aləmdən ayrılan kimi anladım ki, ciddi bir qələm sahibi ilə üz-üzəyəm. Və beləcə, hekayə dərginin növbəti sayında çap olundu. Amma ilk başlanğıcda bir balaca qanqaraçılığı oldu. Ahmet bəyi tanımadığımdan şəklini internetdən aradım, amma yanlış aramışam. Hekayənin epiqrafındakı sözlərin müəllifi olan Hilmi Yavuzun şəkli ilə çap olundu yazı. Bunu biləndə Ahmet bəy xeyli əsəbləşmişdi... Mən də təəssüfləndim. Amma olan olmuşdu...

Sonralar Ahmet bəylə internet üzərindən tanış olduq. Bir-birimizi yaxşıca tanıdıq. Yazı-pozumuzu bildik. O öz saytında, mən də dərgimizdə hər iki tərəfin yazarlarını təbliğ etməyə başladıq. O cümlədən bir-birimizin yazı-pozumuzu da.

Və mən Türkiyəyə gedəndə Ankarada Ahmet bəylə evində görüşdüm. Tanışlığımız dostluğa çevrildi.

İçində gerçək bir solçu, qəlbində duyğulu bir türkçü olan bu adam mənim Türkiyədə çıxan hekayələr kitabımı özü demiş, bir gözəl incələdi - redaktə etdi.

Ahmet bəyin bu günlərdə “Qanun” nəşrlər evində çapdan çıxan kitabının redaktoru oldum. Eyni zamanda kitabdakı hekayələrin yarıdan çoxunun tərcüməsi mənə aiddir.

(Burada təəssüflə qeyd etməliyəm ki, ədəbiyyatlarımız arasında dostluq və əlaqələr yalnız bir neçə nəfərin üzərində qurulmuşdu son vaxtlaracan. Ancaq AYB üzvü olan bəzi vəzifə sahiblərinin kitabları Türkiyədə çap olunurdu. Bizdə də o cümlədən. Bu yanlış tendensiyanı aradan qaldırmaq və “bu ata-bala”, “yeznə-qayın” ədəbiyyatının qonşu ölkədə ucuzlaşdırılaraq yayımına dur demək lazımıydı. Ahmet bəylə Ankara görüşümüzdə ilk olaraq bu yanlışlığı aradan qaldırmağa qərar verdik. Bu yöndə hər iki tərəfin daha istedadlı yazarlarının əsərlərini çevirmək və yaymaq kimi öhdəlik götürdük. Ahmet bəy bu yaxınlarda Bakıya kitab sərgisinə təşrif gətirəndə mən onu Bakıda müstəqil yazarlarla tanış etdim. Qərara aldıq ki, onların – Rasim Qaraca, Şərif Ağayar, Aqşin Yenisey, Mübariz Örən, Şəhriyar del Gerani... kimi qələm adamlarının yazılarını türkiyəli oxuculara çatdıraq. Artıq bu yöndə nümunələr var və bunu davam etdirməyi düşünürük.)

...Nənəm bir zamanlar danışmışdı bu əfsanəni.

Bir vilayətdə bərk quraqlıq olur. Əhalinin dəmyə taxıl zəmiləri yanıb tələf olur. Aclıq qapını kəsir. Bəs nə etsinlər? Körpə uşaqların acından zarıyan səslərini eşitməmək üçün vilayətin başçısı qulaqlarını qapayır. Az miqdarda taxıl ehtiyatını əhaliyə paylasa, növbəti ilə toxumluq olmayacaq...

Bu kimi çalıq-balıq suallarla allaha yalvarıb nicat istəyən vilayət hakimi səhəri dirigözlü açır. Qulağına həyətdən sevinc-şadlıq səsləri dəyəndə pəncərəyə yanaşır və görür ki, camaat sarayın qabağına yığışıb oxuyub-oynayır. Hakim qorxur. Elə bilir ki, əhali havalanıb. Amma vəzir onu əndişədən qurtarır: kənd əhli sulu torpaqlarda əkdikləri boranı-balqabaq sahəsindəki boranıları kəsərkən içindən qarğıdalı tökülüb. Vilayət əhlinin bir ilinə çatacaq qədər qarğıdalı çıxıb boranı sahələrindən... “Qarğıdalı yaman günün çörəyidir” deyimi o illərdən qalmadır...

Ahmet Yıldızın “Ay işığı, qarğıdalı tarlası” hekayəsini çevirəndə bilməzdim ki, o hekayə gün gələcək onun Bakıda çıxası kitabının adı olacaq. Hətta o adla razılaşmaq istəməmişdi. “Niyə axı bu adı seçmisiniz?” sualına hekayəni tərifləməklə cavab vermişdim. Amma bu əfsanəni bura üçün saxlamışdım...

Hər kitabın öz mifi var. Bu kitabın isə həm öz mifi, həm də hər hekayəsinin mifi var. Acolsa da insan əti yeməyən itin (“İt”), türmədə öz şair məni ilə üz-üzə qalan Nazim Hikmətin (“Yaradılış gecəsi”), başqa bir həbsxana küncündə ölümləri ilə hər gün dadışan gənclərin (“Dörd adam”)... mifi olduğu kimi.

Ahmet Yıldızın hekayələrində modern bir düşüncə, yeni yazı tərzi, eyni zamanda klassik nəsr sənəti iç-içədir. Min ilin insanı ilə bugünün insanı qucaq-qucağa olduğu kimi...

Sonda onu da qeyd etməkdə fayda var: Ahmet bəyin eyni vaxtda İstanbulda, Boyalıquş nəşriyyatında “Alçaqlıq öyküləri” kitabı da işıq üzü görüb. Qələm dostumu ürəkdən təbrik edirəm!

# 2449 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #