Salamı da qışqıra-qışqıra verirdi - Cəbrayıl Dövlətzadə haqqında roman

Salamı da qışqıra-qışqıra verirdi - Cəbrayıl Dövlətzadə haqqında roman
12 mart 2021
# 09:01

Kulis.az qəhrəman şəhidimiz Cəbrayıl Dövlətzadə haqqında yazıçı Azad Qaradərəlinin yazdığı “Cəbrayil əfsanəsi” romanını hər cümə günü yayımlayır. Romanın növbəti hissəsini təqdim edirik.

əvvəli burda

SƏRHƏDÇİ

Cəbrayıl bizim hərbi hissəyə gələndə sütül oğlan idi. Ana uşağı kimi. Bığ yeri təzəcə tərləmişdi. Heç bəlkə üzünü qırxmamışdı. Çöhrəsində uşaq məsumluğu vardı. Bizim Sərhəd Qoşunlarındakı sərt nizam-intizama, tələbkarlığa tab gətirməyəcəyini düşünürdüm. Amma elə ki, Xüsusi Təyinatlılara seçim oldu, gördüm yox, o, elə də məsum deyilmiş. Seçim zamanı göstərdiyi fəndlər, idmançı çevikliyi və xüsusən də bircə anda surətinin sərtləşməsi onun haqqında yanıldığımı göstərdi. Və tez bir zamanda Xüsusi Təyinatlıların sevimlisi oldu. Ən əsası, onda qorxu deyilən şey yox idi. Əvvəllər bunu da kortəbii, anlamsızlıq kimi başa düşmüşdüm, lakin biləndə ki, o özünü uzun illər bu işə hazırlayıb, fikrim tamam dəyişdi.

Təlim bitənnən sonra da onun poliqonda qalıb məşq etməsi diqqətimnən yayınmadı. Bunu onnan soruşanda “cənab kapitan, vaxtım çox azdır, qəfil müharibə başlaya bilər, onda hazırlıqsız yaxalanmağımı istəmirəm” dedi.

Öyrəndim ki, ana tərəfi işğal olunan rayonlardan birinnəndir. Üstəlik də, bu gəncdə kişi qüruru vardı. Bir dəfə söhbət zamanı dedi: “Qarabağın digər işğal altında olan rayonlarının azad olunması gecikdikcə bizim limitimiz də tükənir. İnanırsınız, cənab kapitan, toylarda qollarımı qaldırıb oynayanda xəcalət çəkirdim. Hansı günümüzə oynayırıq axı?! Bizim kişilikdən, qeyrətdən, namusdan danışmağa haqqımız yoxdur. Neçə ki, o torpaqları azad etməmişik, başımızdakı papaq bizə haramdır...”

CƏBRAYIL

Mən birinci Mübarizdən təsirlənmişəm... On yaşım vardı. Məktəbdə müəllim inşa yazmağı tapşırmışdı. Yazdıqlarım indiki kimi yadımdadır. Uşaqlar pafoslu cümlələr yazmışdı. Amma mən ürəyimnən keçənləri qələmə almışdım. İnşanı oxuyanda hətta uşaqlar güldülər mənə. Bu vecimə də deyildi. Axı mən öz düşüncələrimi yazmışdım. Təxminən belə idi inşam:

“Mübariz mənim sevimli qəhrəmanımdır. Onun etdiklərini indiyəcən heç kim bacarmayıb. Özünnən sayca qat-qat çox düşmənlə vuruşmaqdan çəkinməyib. Bu qeyri-bərabər döyüşdə o, şəhid olub, amma adını ürəklərə yazıb. Mənim ürəyimdə də Mübarizin yeri var. Onun adı bizim könlümüzdə əbədi yaşayacaqdır.

Mən Mübariz İbrahimovun qəhrəmanlığını eşidəndə istədim ki, evdən qaçıb gedəm döyüş bölgəsinə. Bu barədə özümnən yaşca böyük bir dostuma danışanda güldü mənə. Dedi ki, tutaq ki, getdin, bu boy-buxunla, bu cüssəylə orda nə edəcəksən? Gözlə, böyü, idmanla məşğul ol, güclən və onnan sonra gedərsən. Ən azı on erməni əsgəri öldürsən, getməyə dəyər... İndi heç nə edə bilməzsən... Böyü, sonra baxarıq... Bəlkə, mən də səninlə getdim.

Dostumun məsləhətinə qulaq asıb geri qayıtdım.

Gecələr yata bilmir, nəsə qeyri-adi şeylər fikirləşirdim. Məsələn, təxminən belə: mən sehrbazam. Uça bilirəm. Uçub düşmənin sərhəd bölgəsinə gedirəm. Heç kim məni görmür, axı sehrbazam!...

Əlimdə ucu zəhərli xəncər, ya da alebardo var. Girirəm erməni əsgərlərinin yatdığı kazarmaya. Əvvəl zabitləri öldürürəm, sonra əsgərlərin hamısını xəncərləyib geri qayıdıram.”

Burada mötərizə içərisində olanlar da o inşanın təsiri ilə lap sonralar yazılıb. Amma bunu ayrı dəftərdə, qaralamada yazmışdım. (Bunu da bir film aşılamışdı mənə. İllüziyaçı Eyzenşteyn haqqındakı o filmə bəlkə iyirmi dəfə baxmışdım. Sevgi də vardı orda, nifrət də, qalibiyyət də. Düzdür, Eyzenşteyn axırda boynuna alır ki, bunların hamısı illüziya idi. Amma həqiqətə çox yaxın illüziya. Mən də qərara gəlmişdim ki, illüziyaçı olam və məqsədimə bu yolla çatam. İnanın ki, artıq bu sahədə xeyli uğurlarım da olmuşdu. Bu barədə heç kim bilmir, indi sizə danışıram. Heç anamın da, nənəmin də, qardaş-bacımın da xəbəri yox idi. Bəlkə yüz dəfə evə elə girib-çıxmışdım ki, heç kim xəbər tutmamışdı. Hətta, hamı yemək masasında olanda elə getmişdim ki, bunu hiss edən olmamışdı. Bu, əslində elm kimi bir şey idi. Təkcə oxuduğum kitablar və baxdığım filmlər əsasında bu fəndlərə yiyələnə bilmişdim. Əgər yarıda saxlamasaydım, tam bir sehrbaz kimi ad çıxaracaqdım... Bir də bir nəfər vardı... Onnan heç bəhs etmək istəmirəm... Amma sizə söz verdim axı, heç bir sirr saxlamayacağam... Hə bir də O bilirdi. Hətta bir dəfə onu elə öpmüşdüm ki, yalnız bir gün sonra xəbər tutmuşdu... Zəng eləmişdi ki, üzümün bir tərəfi yanır... Nə ola bilər? Qorxuram, sifətimə nəsə olsun... Mən də demişdim ki, qorxma, heç nə olan deyil, mənim dodaqlarımın yeri qalıb... Və gülüşmüşdük. Səhər o demişdi ki, bir də təkararla, görüm bu dəfə də bilməyəcəyəm? Mən də elə-belə, sehrsiz öpmüşdüm onu. Amma görməməzliyə vurub demişdi ki, hə, nə oldu, niyə öpmürsən?.. Və yenə gülüşmüşdük.)

Dostuma səhər açılan kimi bu barədə məlumat verirəm: bəs, mən bu gecə uça-uça ermənilərin kazarmasına girdim, əvvəl zabitləri öldürdüm – tamam yüz nəfər! Sonra da əsgərləri – iki yüz nəfər!..

Əlbəttə, izah edirəm ki, bu, arzudur və mən bunu etmək üçün sehrbaz olmalıyam. Artıq qərar vermişəm: sehrbazlıq öyrənirəm. Di gəl, bunu necə öyrənməyin yollarını tam mənimsəməmişəm. Düzdür, artıq bir xeyli irəliləyişim olub, amma bu mənim öz icadımla baş verib. İstəyirəm ki, bunu öyrədəcək adamı tapım, o mənə bu elmin sirlərini öyrətsin... Dostum bu barədə mənə kömək edə bilərmi?

O, şaqqanaq çəkib gülür və deyir, bunun üçün hələ sən bəzi elementar şeyləri bilməlisən. Məsələn, sən bilməlisən ki, zabitlər, adətən kazarmada əsgərlərin yanında yatmırlar. Onlar çox zaman burada ailəli yaşadıqlarınnan həmin ərazidə kirayədə qalırlar. Yaxud dövlət onlara ev verir. Özü də hərbi hissədə 200 əsgər varsa, yüz zabit ola bilməz. Uzağı 20 nəfər olar...

Dostuma inanıram, çünki onun atası hərbçidir. O, belə şeyləri yaxşı bilir. Hətta özü də gələcəkdə hərbçi olmağa hazırlaşır.

- Sənin atan niyə Mübariz İbrahimov kimi düşmənin arxasına keçib, onları qırmır? - deyə dostumnan soruşuram. O, başını bulayıb istehza ilə mənə baxır.

- Sən çox məlumatsızsan, qaqaş... Mübariz rəhmətlik, ailə qurmamışdı, arxada qalanı yox idi, ona görə də o cür tarana getdi. Mənim atamın isə üç övladı var, onları qoyub hara getsin?! Bir də hərbdə nizam-intizam, dəmir qaydalar var. Burada əmr verildi, qurtardı getdi. Əmr müzakirə edilmir. Atam zabitdir. Zabit şərəfi deyilən bir şey var!.. Sənə demişdim axı, idmanla məşğul ol və zamanını gözlə...

İki mühüm məsələni yaddaşıma qeyd etdim: tarana gedən döyüşçünün arxada qalanı olmamalıdır – buna görə Qarabağ azad edilmədiyi sürəcdə ailə qurmayacağam. İki: xəyal yox, qayda-qanun və nizam-intizamla hərəkət edəcəyəm! Hərbdə əmr müzakirə olunmur!..

Hərbi dedim, yadıma nə düşdü? Bir dəfə - lap bu son vaxtlar - dostum dedi, atası ilə onun iş yerinə - Nasosnıdakı hərbi hissəyə gedəcək. Xahiş etdim, məni də aparsınlar. Dostum “yaxşı” desə də, heç ümidim yox idi. Rütbəsi mayor olan atası çox sərt kişi idi. Salamı da elə qışqıra-qışqıra verirdi, adam qorxurdu. Nə isə, gözləmədiyim halda dostum dedi ki, atam sənin də bizimlə getməyinə icazə verdi. O gün şadlığımnan az qalırdım uçam.

İki gün sonra Nasosnıya yollandıq. Elə qəsəbənin girəcəyində “Hacı Zeynalabdin qəsəbəsi” yazılmış posteri görəndə çəkinə-çəkinə cənab mayordan soruşdum ki, bəs biz Nasosnıya getmirik? Axı burda yazılıb Hacı Zeynalabidin qəsəbəsi?

O gülüb dedi ki, bu, Nasoasnı qəsəbənin köhnə adıdır, indiki adı Hacı Zeynalabdindindir. Sonra soruşdu ki, Hacı Zeynalabdin kim olub, bilirsiniz?

Mən tez-tez Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev haqqında bildiklərimi – onun Bakıya Şollar suyu çəkdirməsini, qızlar üçün məktəb açdırmasını, tələbələri Rusiyanın ali məktəblərində oxutdurmasını, toxuculuq fabrikini tikdirməsini, başqa elədiklərini danışdım və bu, dostumun atasının xoşuna gəldi. Sonra hərbi hissənin həyətində gəzişdik. O, bizi bir gizirə tapşırıb, hara isə getdi. Gizir bizi təlim meydançasına apardı. İzah etdi ki, əsgərlər burada qaçırlar, idman edirlər və həm də silahdan dəqiq atmağı öyrənirlər. Mən utana-utana dedim ki, ən böyük arzum hərbçi olmaqdır və bir də çox istərdim ki, əlim həqiqi silaha toxunsun. O gülümsündü. Yaxındakı otaqların birinə girib, bir avtomatla qayıtdı, silahı mənə uzatdı. Onu sehrli bir əşya kimi aldım, o üzünə, bu üzünə baxıb öpdüm. Bu, gizirin çox xoşuna gəldi. Silahı bircə anda sökdü, sonra elə sökdüyü anda da quraşdırdı. Bir də sökdü, yenə yığdı və mənə uzatdı ki, təkrarla. Mənim bu işdən bir az başım çıxırdı, həm də gizirin əlinə diqqətlə baxmışdım. Ona görə silahı gizirin söküb-yığdığı sürətlə olmasa da, hər halda rahat söküb-yığa bildim. Dostum da bunu etdi, amma mənnən bir xeyli gec. Sonra gizirdən xahiş etdim ki, bizə tapança barədə də danışsın. O yanınnan sallanan öz tapançasını qoburunnan çıxartdı, bizə silahla davranmağı izah etdi və sonra təxminən yüz metrlik məsafədə qoyulmuş nişana iki dəfə atəş açdı. İkisi də metka! Az qalırdım, yalvaram ki, ver mən də atım. O, bunu hiss etdi və gülümsünüb dedi:

- Yaxşı, görürəm, hərbçi olacaqsan... Sənə atmağı öyrədəcəyəm... – Sonra dostuma və mənə sınayıcı nəzərlə baxıb, yenə gülümsündü. – Ancaq gərək cənab mayora bu barədə deməyəsiniz...

İkimiz də söz verdik və o bizə tapançadan atəş açmağın sirlərini öyrətdi... Sonra isə... Əşşi, sonra nələr oldu, nələr! Biz ilk dəfə tapançadan atəş açdıq. Mən üç dəfə atdım, üçü də əla!..

Ay allah! O gün mən dünyanın ən xoşbəxt adamı idim...

İllərdir idmanla məşğulam. Karateyə, cüdoya gedirəm. Yoqa ilə də məşğulam. Özümün kəşf etdiyim bir neçə idman və döyüş növləri var ki, bədənimi onlarla möhkəmləndirirəm. Məsələn, bir neçəsini söyləyə bilərəm: bədənimə iynə batırıram, mismarların üstündə ayaqyalın gəzirəm, kərpicləri əlimlə qırıram... daha o biri təhlükəliləri deyə bilmərəm... Öz iradəmi və fiziki gücümü möhkəmləndirmək üçün nə lazımdır, edirəm. Sağlıq olsun, orta məktəbi bitirən kimi orduya gedəcəm. Orada bir az təlim keçib, Mübarizin yolunu təkrarlayacam. Onun kimi ermənilərin üzərinə təkbaşına hücuma gedəcəm!.. Ən azı, planımda 100 erməni faşisti öldürməkdir! Ya Qarabağ, ya ölüm!”

DOST

Cəbrayıl başqa oğlan idi. Nə tam rayon şağı, nə də bakılı balası. İkisinin qarışığı idi. Hə də, axı atası bizim Coratdan, anası da Zəngilannandı. O, yəxci cayıldı. Əsl Bakı qədeşi kimi sözü bötö, ağzı bütö, cəld, döyüşkəndü. Dost yolunda ölümə de gedər. Bir “sən öl”ə canını verərdi. Rayon şağları kimün pul qazanandu. Pulgir yo e, qədeşcanı, pulqazanan! Zəhmətkeş və ən ümdesi terbiyeli şağdı Cəbrayıl... Bir də dəhşət yeniliyə həvəslüydü. Bir taza şey gördümü, ögrənməmiş, ayrılan dögldü ordan. Avtomatı söküb yığar, pistoletlə metka atardı. Silahçün ölürdü. Bir də idmanın bazıydu. Cüdo onun boyuna biçilmişdi. Döyüş zamanı elə bağırardı ki, adamın üreyi ağzına gələrdi. Oğul dögüldü e, qandu, qan. Elə qannan da getdü yazıq... yazıq da dedim, günah oldu, şəhidə yazıq deməzlər...

CƏBRAYIL

Dostum məni bir yerə apardı. Ora Sumqayıtın ən məşhur bukinisti idi. Biz oradan ucuz qiymətə çoxlu kitablar aldıq. Kitabçı kişi çox savadlı adam idi. Bizə kitablar haqqında o qədər maraqlı şeylər danışdı... Sonra da mənnən soruşdu, nə cür kitablar istəyirsən? Mən də başa saldım ki, döyüş kitabları, müharibə olsun, tarixdən-zaddan. Hərbçilər haqqında kitablar.

O adam mənə “General” romanını, bir də “Spartak”ı məsləhət gördü. Bir də “Çingizxan”ı aldım ordan. İnanın, o kitablar məni çox dəyişdi. Anladım ki, hərb sənəti necə böyükmüş. Və bununçün insan gərək kitablarla yanaşı, öz nəslinin, kökünün də tarixini bilsin... O kitabçıdan ilk dəfə şəcərə sözünü eşitdim. Şəcərə bir insanın öz babalarını, nənələrini tanıması, ən azı yeddi babasını saya bilməsi və sairədir... Mən isə atamı və atamın atasını tanıyıram, vəssalam. Bir də anamı, anamın anasını və anamın atasını... Dəli kimi olmuşdum...

Səhəri gün Dostumla şəhəri gəzərkən başına günnən qoruyan ağ silindir qoymuş bir tumsatanla tanış olduq. Avtobus dayanacağında yuxu tutmuşdu onu. İki oğlan kişinin tumunu oğurlayırdı. Mən oğlanları sillələdim, qaçıb getdilər. Kişi oyandı, ciblərini töküşdürüb qışqırdı ki, pullarımı da aparıblar. Mən onların dalınca qaçdım. Uzağa getməmişdilər. Dondurma alıb yeyirdilər. İkisini də karate fəndi ilə yerə çırpdım, ağız-burunlarını qanadıb kişinin yanına gətirdim. Pullarını qaytarıb üzr istədilər. Kişi çox sevindi. Satdığı tumun pulunun yarısını dostumla mənə vermək istədi. Amma biz razı olmadıq. O bizə tum təklif etdi. Həvəslə tumunnan götürüb çırtladıq. Sonra söhbətə başladı. Dedi, bir halda ki, belə yaxın olduq, gəlin tanış olaq. Mən indi işğalda olan rayonnanam, özüm də uzun zaman jurnalist işləmişəm. Qaçqınlıq həyatı başlayannan sonra günümü tum satmaqla keçirirəm. Nə eləyim, axşamlar evə çörəkpulu aparmalıyam... Bir çətən külfətim var.

...Sizə bir sirr açım: mən uşaq olsam da, qəribə taleyim vardı. Həyatda çox şey məni özü gəlib tapıb. Heç gözləmədiyim yerdən qapılar aralanıb, sirlər çözülüb, necə deyərlər, sandıqlar açılıb, pambıqlar tökülüb. İndi bu kişi də belə birinə oxşayır. Tumsatan, amma söznən dolu. Özü də elə-belə söz yox ha, saf söz...

Davamı olacaq

# 6764 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #