Xeyrat - Azad Qaradərəlinin uzun hekayəsi - Birinci hissə

Xeyrat - Azad Qaradərəlinin uzun hekayəsi - Birinci hissə
27 may 2023
# 10:00

Kulis.az Azad Qaradərəlinin "Xeyrat" adlı uzun hekayəsinin birinci hissəsini təqdim edir.


Qəmli insan ürəyi – onu heç nə gizlədə bilməz…
N.V.Qoqol

İşıq kimi sönmədi, günəş kimi batdı...
A.Qaradərəli


-1-


"Sən heç sevgi ağrısı çəkdinmi?.. Yox? Bilirsən, bu çox amansız ağrıdır. Mədəndən başlar, yemək yeyərsən keçməz... ürəyinə vurar. Dərman içərsən yenə keçməz... başın guppuldayar: gup, gup, gup... (küt alətlə, bizdə çəkiclərin ən böyüyünə elə guppun deyərlər, bax, elə bil onunla vururlarmış kimi) başağrı dərmanı da kar eləməz... sonra ayıb yerlərin ağrıyar... doğacaqmışsan kimi hərcayi bir şey... bunun da ki, çarəsini hərə bildiyi kimi qarşılayar... Yahu, bununla iş heç bitməz ki!.. Bədənin ağrısından sonra ruhun başlayar sızlamağa... Bunun daha əlacı yox... Freyd də kömək eləyə bilməz... “Eşqidir mehrabı uca göylərin” deyən kişinin ruhu şad olsun… Mən eşqimə arxa çevirdim, o da məni cəzalandırdı… Beləcə, qaldım dörd divar arasında tək-tənha… Üstəlik kor… Bir rayona sığmayan Məsumə xanım indi bir abdalın umuduna qalıb…"
Ağ... ağ işıq... ağappaq... ağdan da ağ... elə ağ ki...
Gözünün önündə hər şey ağappaq idi. (Ya ona belə gəlirdi?) Elə ağ ki gözlərini qamaşdırır, gözünə saman-küləş tökülmüş kimi incidirdi onu. İlahi, adam ağın çoxluğundan da bədbəxt olarmış... Bu bilirsənmi nəyə bənzəyirdi? Çox-çox qabaqlar kənddə kino veriləndə film başa çatan kimi “konets” sözü yazılanda ağappaq işıq divardan asılmış ekrana - ağ döşəkağının üstünə düşüb adamın gözünə haman bu saman-küləş batan kimi batırdı, deşirdi gözü. Və adamlar ayrı səmtə baxmaq əvəzinə, (elə bilirdilər kino hələ davam edəcək) əlləri ilə gözlərini tutardılar...

Bax, onun gözlərinə dolan ağ işıq da beləydi.

Bir müddət əlləri ilə qapadığı gözlərindən əllərini çəkib səsə tərəf döndü: mobil telefon zəngli divar saatlarındakı oyuncaq xoruz kimi üç dəfə “quqqu” eləyib susdu. Məsumə xanım əlini qeyri-müəyyən səmtə gəzdirib telefonu götürmək istədi, amma tez də fikrindən daşınıb əlini geri qaytardı və acı-acı gülümsündü: “Elə axtarıram ki, elə bil bu saat tapacam, tapan kimi də mesajı oxuyacam… “

Sonra çətinliklə də olsa (həmişə ağır yuxudan sonra belə olurdu), qalxıb yerində oturdu və üzünü qapıya tərəf tutub qəhərli-qəhərli səsləndi:

-Əpiş, ay Əpiş…

Cavab gəlmədi. Qadın özünü toplayıb çətinliklə də olsa qalxdı, təzə ayaq açan körpə kimi divardan tuta-tuta bir neçə addım atdı və axır ki, qapıya çatdı. Gümüşü dəstəyi bir neçə dəfə bursa da, qapını aça bilmədi. Nəhayət bir az dincini aldı, var gücünü toplayıb dəstəyi burdu, axır ki, aça bildi. Elə açıq qapıdan əhədi kəsilənlərin titrək səsi ilə zarıdı:

-Əpişşş…

Bir az aralıda, bağ-bağatın içindən Əpiş dediyi adam cavab verdi:

-Heyyyy! Masuma xanım, gəlerəm, gəlerəm… Bir hovur döz, beş dəyqaya ordayam.

Qadın elə bil ki, məhrəm səs eşidib bir az toxdadı. Başının gicəllənməsindən ehtiyatlanıb elə bayaqkı vəziyyətdəcə axşamdan yatdığı divana qayıtdı. Bir xeyli əziyyətdən sonra özünü yorğanın altına sala bildi. Yorğanın ucunu burmalayıb adam qucaqlayırmış kimi qucaqladı. Üşütmüşlər kimi titrətmə tutdu onu, dili də ağzında qurudu. Əlini uzadıb yuxarıdan gəzdirdi ki, suyla dolu stəkanı aşırıb tökməsin. Nəhayət, əli stəkanın ağzına toxunanda barmaqlarıyla tutdu, aparıb ağzına yaxınlaşdırdı, qurtum-qurtum içdi. Elə o bir stəkan suyu içə-içə yüz fikir-xəyal keçdi beynindən.

“Əgər əmim Əkbərin sözünü eşidib bu imarəti tikdirməsəydim, indi halım nə olardı? Rayondakı paraxda əl-ayaq altda qalardım. Elə bu Əpişi də burda tapdım. Allah onu mənə məxsusi göndərdi. Yazığı gəldi mənə. Axı mən pis adam olmamışam… Bir adamın çörəyinə bais olmamışam, birinin işığını kəsməmişəm… Amma yoox, rayonun ən ucqar kəndlərindən olan Çaylıda yetmiş yaşında bir kişini tutdurdum. Düz də elədim o iti basdırdım içəri! Nəvəsi yaşda qıza sataşmışdı qurumsaq… Aparıb meşədə zorlamışdı… Bu it hardan düşdü yadıma?.. Həəə, evi ikimərtəbəli tikdirmək istəyirdim, əmim dedi götürgəli elə, zirzəmili olsun. Amma ikimərtəbə lazım deyil… Özünü dilə-dişə salma. Həm də səhər bunun çıxıb-düşməyi var… Sən buranı gələcəyin üçün tikirsən, həmişə cavan olmayacaqsan ki… Əvvəldən sözümü qulağına almadın, dedim bir gədəyə ərə get, züriyyətin olsun…Getmədin, özünə yaraşdırmadın… Bu partiya çox adamın ağlın aparıb, səninkini də apardı, qaldın ərsiz, uşaqsız… İndi elə tikdir ki, qocalıqda çıxıb-düşə biləsən…”

Yorğanın qırağını daha bərk qucaqladı - əmisinin sözünü anıb kövrəldi.(İllərdir o, gecələr yorğanının bir küncünü qatlayıb yumrulayar, sevgilisi kimi qucaqlayar, göz yaşlarını “sevgilisinin üstünə” tökərək yatardı. Yaşlandıqca Rəhman onun gözündə daha qiymətli olur, könlünə yatır, daha içdən istəyirdi onu. Və handan-hana anlamışdı ki, onun ilk və son sevgisi Rəhmana olan məhəbbəti il-ildən azalmır ki, artırdı. Hətta bir dəfə rayon mərkəzindəki kitab mağazasında qəfil qarşılaşanda – katibin kitab mağazasına gedişi rayonda hadisə kimi qarşılanırdı deyə, o belə bir addım atmışdı - əlinin necə əsdiyini, səsinin titrədiyini, üzünün od tutub yandığını hiss edib, yolunu dəyişmək istəmişdisə də, bacarmamış, əlini ona uzadıb “necəsən?” demişdi. Xəstəxanadan yenicə çıxan Rəhman sınıxmış halda “yaxşıyam, siz necəsiniz?” cavabını verəndə onun da səsinin titrədiyini, sifətinin qan rəngində olduğunu sezmişdi. Rəhman qızın əlini tutsa da, çox saxlaya bilməmiş, bədəninə yayılan atəşdən qurtulmaq üçün tez də buraxmışdı. Evlənsə də, hələ də könlü Məsumədə olan oğlan yıxılmamaq üçün kitab rəflərinə söykənib qalmış, Məsumənin ötüb keçməsini gözləmişdi… Vəssalam! Onlar bir də üz-üzə gəlməmişdilər. Bəlkə də gələrdilər, sadəcə, bu görüşün onlara hər mənada zərər verə biləcəyini anlayıb bir-birilərindən qaçmışdılar. Aralarında bir platonik eşq qalmışdı, bir də könül ağrısı…)

“Əmi, mən partiya ilə evlənmişəm. Kommunist Partiyası ilə. Bəşəriyyətə nicat verən, SSRİ boyda nəhəng bir azadlıq diyarı quran, kommunizmin ilk növrağını yetişdirən partiya ilə… Atamız Leninin də övladı olmayıb, zato bütün proletariat onun övladıdır… Elə Nərimanov da övladsızdır… Baxın, xalqımız onu daim qəlbində yaşadır… Əmi, mən də bu partiyanın qızıyam! İnanıram ki, əməllərim bu balaca rayonun insanlarının qəlbində daim yaşayacaq…”

Elə bil bu düşüncələrdən bədəninə istilik gəldi. Katib olduğu dönəmləri xatırlayıb duyğulandı. Yerindən qalxıb otağın ortasınacan maneəsiz gəldi, sonra yıxılacağından qorxub əlini qabağa uzatdı və divara söykənmiş qoşa kitab rəfinə çatanda əlini kitabların üstündə gəzdirdi. Bu rəfdəkilər hamısı siyasi və bədii ədəbiyyat idi. Leninin rus və Azərbaycan dilində cildləri, Marksın “Kapital”ı, Engelsin “Meymunun insana çevrilməsində əməyin rolu” əsəri, Brenyevin “Kiçik torpağ”ı, “Xam torpağ”ı, Nərimanovun əsərləri, Xo Şi Min, Çe Qavara haqqında kitablar… Nazim Hikmətin Bolqarstanda Türkiyə türkcəsində çap olunan cildləri… Bu cildləri Sofiyada səfərdə olanda almışdı. O qədər sevirdi ki, Nazimi… Dilinin altında şairin bir zamanlar qışqıra-qışqıra dediyi misralarını vird elədi…

Hava kurşun gibi ağır!!
Bağır
bağır
bağır
bağırıyorum.
Koşun
kurşun
erit-
-meğe
çağırıyorum...
O diyor ki bana:
- Sen kendi sesinle kül olursun ey!
Kerem
gibi
yana
yana..

Bir anlığa misraların düzülüşünü göz önünə gətirəndə az qaldı nəfəsi tutula: Nazimin kitabını açmaq, pilləkən kimi aşağıdan-yuxarıya qalxan misraları oxumaq, özü də lap gənclik illərindəki kimi bağıra-bağıra oxumaq keçdi könlündən. Heyhat… Onun indi belə bir imkanı yox idi. Onun gözü indi beşyaşar cöngə kimi böyürən, kefi istəyəndə onu süpürləyib altına basan, yaxud qolundan tutub həyətdə-bacada gəzdirən, lazım olanda Mersedesə mindirib rayon mərkəzinə aparan, lazım olanda dırnağını tutan, yalvar-yaxar edəndən sonra istədiyi kitabı bu kor qadınçün höccələyə-höccələyə oxuyan Əpiş idi. (Ən pisi o idi ki, Əpişin kitab oxumaqla arası yox idi. Bir-iki vərəq oxuyan kimi, “gözüm ağrıdı, a Masuma xanım, ayna elə bu mirəti” deyib, qaçardı eşiyə. Elə ki, Məsumə xanımın kefinin pozulduğunu görürdü, tez gəlib onun könlünü alar, başlayardı istədiyi kitabı höccələməyə…Yenə allah versin müasir texnikaya. İndi səsli kitablar var ki, Məsumə xanım onları sifariş verib alır, sonra Əpişin köməyi ilə yükləyib dinləyir, feyziyab olurdu.)

“Kərəm kimi yana yana…Məni sən də aldatdın, şair. Yandım, kül oldum… Hanı partiya, hanı kommunizm, hanı o proletariat?.. Bir günün içində yox oldular. Şirin bir yuxuymuş hamısı. Sizə nə var ki? Böyük şairsiniz, solçusu da sevir, sağçısı da, Atatürkçüsü də… Ortada qalan mən oldum, şair… Yandım, Kərəm kimi, kül oldum…”

Qəribə də olsa burnuna yanıq qoxusu gəldi. Uşaq olanda bacısı ilə birgə atasının ovladığı quşların tükünü təmizləyə bilməyəndə alova tutar, yandırıb təmizləyər, sonra atası onları şişə taxıb kabab bişirərdi. Burnuna tükləri ütülən quşların iyi gəldi və ürəyi bulandı. “Kərəm kimi yana-yana” deyib yenə uzaqlara daldı.

“…Hələ komsomolda katib olanda rayonların birində əski komsomol veteranlarının, indiki partiya aktivlərinin iştirakı ilə zona müşavirəsi keçirilirdi. Mənim çıxışımın ardından müşavirə keçirilən rayonun birinci katibi Çingiz Fərəcov fərəhlə ayağa qalxaraq dedi:

­— Nə gözəl! Adam ruhlanır ki, yerlərdə belə komsomolçular var! Bu xanım komsomolçunun çıxışı bizim komsomola, Kommunist Partiyasına, kommunizm ideyalarına necə könül verdiyimizi bir daha təsdiqlədi… Xahiş edirəm, bu xanım komsomolçunun çıxışını bird daha alqışlayaq!..

Salonda alqış səsləri elə gurladı ki, başım fırlandı və yıxılmamaqçün xitabət kürsüsünün kənarlarından bərk-bərk tutdum. Müşavirədən sonra Çingiz müəllim Bakıdan gəlmiş bir qrup komsomol veteranını və rayonlardan gəlmiş komsomolçuları, mən də daxil, kabinetində qəbul etdi, çox maraqlı söhbət oldu orada. Bir xanım ondan soruşdu ki, Çingiz müəllim, deyirlər, böyük Nazim Hikmətin sizin həyatınızda mühüm rolu olub, bu doğrudurmu?”

Çingiz müəllim gülümsünüb, dedi: “Doğrudur… Mənim həyatımda olub bunlar…”

Sonra yaddaşını təzələməkçün bir az gərildi, birinci katibdən çox, bir ata kimi, insan kimi gözlərini üstümüzdə dolandırıb danışmağa başladı: “1952-ci ildə 10 yaşında bir uşaq idim. Azərbaycanın Füzuli bölgəsində yetimxanada qalırdım. Sovetlər Birliyində bütün yetimxanada 100 uşaq Moskvaya aparılacaqdı, məni də bu qrupa daxil etdilər. Əvvəl Bakıya gəldik, bir konfrans salonuna toplandıq. Kütlənin qarşısında daha əvvəl əzbərlədiyim Nazimin şeirini səhvsiz oxudum. Hər kəs alqışladı. Daha sonra formalar tikildi və 3 günlük qatar səfəri sonunda Moskvaya çatdıq. Nəzarətçimiz Dilara Salamova idi. Mənə, "Sabah, Yazıçılar İttifaqına gedəcəyik, bir çox yazıçılarla tanış olacaqsan . Hətta "Stalin də orada olacaq" dedi. Stalini görmək bizim üçün xəyal belə edilə bilməzdi. Sırayla o dövrün şair və yazıçılarına aid şeirləri oxuduq. Mənim növbəm sonlara doğru idi, oxudum, çox bəyənildi, alqışlandı. Şeirdə təxminən belə misralar vardı:

Ben
senden önce ölmek isterim…
…İyisi mi, beni yaktırırsın,
odanda ocağın üstüne korsun
içinde bir kavanozun.
…Sonra, sen de ölünce
kavanozuma gelirsin.
Ve orda beraber yaşarız
külümün içinde külün...”

Fikir verirsiniz? Burada da od, yanğı, kül var… Mənim həyatımı, Nazimin həyatını, Çingiz Fərəcovun həyatını, bizim hamımızın həyatını müşayət edən yanğınlar, odlar, küllər… Və Çingüz müəllimin dedikləri: “ Ön sırada uzun boylu, buruq saçlı, qırmızı bığlı biri mənə yaxınlaşdı, məni qucaqladı, öpdü... “Məni tanıyırsanmı?" dedi. Tanımadığımı söyləyincə "Oxuduğun şeiri mən yazdım" dedi, haralı olduğumu soruşdu. Mənim yetimxanada yaşadığımı öyrənəndə mənə bir neçə dəfə sarıldı. "Mənim də sənin yaşlarında bir Mehmetim var, amma məndən çox uzaqdadır" dedi".

Sual verən xanım hönkürüb ağladı. Elə Çingiz müəllimin də gözləri dolmuşdu. “Məni gəzməyə aparmaq üçün icazə istədi. Yanında bir qadın da vardı. Qalina Qriqoryevna Kaleşnikovanı arvadı olaraq təqdim etdi. Moskvanı gəzdirdi o gün mənə. Ağ köynək və şalvar aldı, yedik, içdik gün boyu. Nazim əmi dayanmadan ağlayırdı…”

Sonra o məni oğulluğa götürdü… Təsəvvür edirsiniz?! Dünənəcən doğma atasının kimliyini bilməyən bir yetimin Nazim kimi bir atası vardı!.. Artıq bütün SSRİ məni tanıyırdı. “Pravda”dan tutmuş “İzvestiya”yacan bütün qəzetlər bakılı məktəblini Nazimin oğulluğa götürməsindən yazırdı… Bu, həm də bir kommunistin bir pioneri oğulluğa götürməsi idi… Mənim həyatım o gündən yüz faiz dəyişdi. Qarşınızdakı Çingiz Fərəcova görə Kommunist Partiyasına, onun böyük kommunist şairi Nazim Hikmətə borcluyam!..”

Kövrək notlar idi…

Və o gündən mənim də həyatım dəyişdi. Çingiz müəllim bizim rayonun birinci katibinə məktub yazıb, məni öymüş, hər zaman mənimlə maraqlanacağını bildirmiş, mənim gələcəyimə sonsuz inamını ifadə etmişdi… Görünür, mənim də onun kimi yetim olmağım, görkəmli partiya xadiminin sarı siminə toxunmuşdu…

Səhəri gün “Kommunist” qəzetində müşavirədən geniş reportaj dərc edilmiş, mənim şəklim çıxış anında verilmişdi.

O gündən sonra rayon rəhbərliyi məni irəli çəkib komsomol komitəsinə birinci katib seçdirdi. Elə əmimin də mənə münasibəti dəyişdi. İndi rayonda hamı məndən danışırdı…”

Əlini yenə kitabların üstündə gəzdirdi. “Bax, burada Saramaqonun cildi olmalıdır. Onu içərisindəki “Korluq” romanına görə almışdım… Amma o deyil bu kitab. Saramaqonu üstünün qalın cildindən tanıyıram… Axı bəs… Ay dad… Mən yenə çaşmışam? Ay allah, sən məni ağlımı itirməkdən qoru! Yenə bu evi Armudludakı mülklə dəyişik salmışam… Gör üstündən neçə il keçib? 26 ildir ki, biz burada – Xızıdayıq, amma hələ də ağlım Armudludakı evimdə, Qızıltəpədəki havada, sudadır… Mən oranın adamıyam, yahu! Mən nə bilirəm Xızı nədir, Qızılağac nədir, Giləzi nədir?!. Giləzi demişkən, görəsən, Rəhman indi nə edir? Əli iş tuturmu? Bədbəxti arvadı da atıb gedib deyirlər… Eeeeeee… Bəs bu Əpiş harda qaldı?! Gəlsin məni bu xatirələrin əlindən alsın də!..”

Əpişin ayaq səsləri bayırda eşidilsə də, özü hələ gəlib çıxmaq bilmirdi. Qadın yenə öz aləminə qayıtdı…

El arasında partşkola, yaxud partiya məktəbi kimi tanınan Bakı Ali Partiya Məktəbinin ikinci kurs tələbəsi Məsumə Rəhimova buranın ən savadlı tələbələrindən idi. Hər gün sevgilisi Rəhman onu axşam üstü məktəbin qarşısında qarşılayar, Qaraçuxurda uzaq qohumlarının yaşadığı evəcən ötürər, sonra geri, Sovetskidə kirayə qaldığı zirzəmiyə dönərdi. (Rəhman onların kəndindən idi. Ali məktəbi bitirib, Bakıdakı peşə məktəblərinin birində tərbiyəçi-müəllim işləyirdi. Orta məktəb yoldaşı Məsumənin Bakıya oxumağa gəldiyini biləndə qızın arxasınca gəlmiş, onu kinoya dəvət etmişdi. Sonra uşaqlıqdan aralarında olan ilk məhəbbət təzədən cücərmiş, aşiqləri bir-birinə doğru addım atmağa vadar etmişdi. Sonra Məsumənin ardınca o da rayona qayıtmış, hətta Məsumənin tapşırığı ilə maarif şöbəsində metodist kimi işə başlamışdı.) Müəllimi Pyotr Valuyev onları bir yerdə görəndə Məsuməyə demişdi:”Bax, qızım, bu sahənin adamları gec ailə qururlar və bunun ağrısını uzun zaman çəkirlər. Bu oğlandan bərk yapış. Təmiz uşağa oxşayır. Məktəbi bitirən kimi evlənin. (Pyotr müəllim Rəhmanı yaxşı tanıyırdı. Buranın sözü keçən müəllimlərindən olduğundan əmisi neçə dəfə qoç kəsmiş, başqa kənd məhsullarından da yığaraq pay-püş düzəldib Rəhmandan Pyotr müəllimə göndərmiş, beləcə, müəllim oğlana isinişmişdi.) Di gəl ki, üçüncü katib təyin olunandan sonra Məsumənin ağır günləri başlamışdı. Birinci katib zırrama, savadsız bir adam idi. Bütün çıxışlarını, məqalələrini, hətta adi büro iclaslarındakı məsələləri ona yazdırır, göz açmağa imkan vermirdi. Səhər səkkizdən axşam on birəcən işdə olur, bəzən yeməyini belə vaxtlı-vaxtında yeyə bilmirdi.

Rəhman neçə dəfə raykoma gəlsə də, qızla görüşə bilməmiş, xeyli gözləyəndən sonra çıxıb getmişdi. Yalnız birinci katib Bakıya çağrılandan-çağrılana Məsumənin başı aydınayırdı ki, onda da əmisi, digər qohumları “jildom”, yaxud “parax” dedikləri evində qıza göz açmağa imkan vermir, hərə bir xahişlə qapının qabağını kəsdirirdi. Bu illər ərzində heç vaxt tapıb bacısının bircə balası, Qubada ögey ananın ümidinə qalan Tiqranla da maraqlana bilməmişdi. Bircə dəfə Tiqran rayona gəlibmiş, onda da əmisi oğlana nə deyibsə, elə o gedən gedib, bir də buralara üzükməyib. Düzdür, Tiqran onun gah iş yerinə, gah da ev telefonuna zəng vurur, pul-zad istəyirdi. O da uzaq qohumları, uşaqlıqdan tanıdığı Əpiş adlı oğlan vasitəsi ilə ona hərdən pul göndərirdi… O ki qaldı Rəhmana, onunla ancaq məktublaşa bilirdilər. O da çox vaxt Rəhman yazırdı. Məsumə beş məktubdan birinə cavab yaza bilirdi, ya bilmirdi. O vaxtacan ki, bir ayın içərisində Məsuməni rayona birinci katib təyin etdilər, o da elə həmin ayın içərisində əmisinin məsləhəti ilə məktəb direktoru Rəhman Namazovu Maarif şöbəsinə müdir təyin etdi... Və gözlədiklərinin əksinə olaraq Məsumə ilə Rəhmanın katib-müdir münasibətləri onların arasındakı məhrəmliyə istilik gətirmək əvəzinə, daha da soyuqlatdı. İş o yerə şatdı ki, bəzən kommunxozun, avtobazanın, yaxud səhiyyə şöbəsinin müdirinə deyiləsi sözü də maarif müdiri Namazova dedi, hamının əvəzindən o danlandı.

Rəhmanın atası yox idi deyə, anası və dayısı uzun məsləhət-məşvərətdən sonra bir axşam Əkbər kişinin evinə elçiliyə getdilər. Nə qədər gözləsələr də, yenicə katib təyin olunan Məsumə gəlib çıxmadı. Halbuki həm əmisi, həm də Rəhman ona telefonda demişdilər ki, axşam əmingildə elçilik olacaq. Saat onacan gözlədikdən sonra elçilər ağzıəyri getmişdilər. Anası gətirdiyi gül üzüyü də (onlarda qaşlı nişan üzüyünə belə deyirdilər) boğçanın içərisindən çıxardıb Əkbər kişiyə göstərmişdi ki, yəni biz hazır gəlmişdik, hələm bu qədərini də fikirləşmişdik ki, qızın da vaxtı ötür, anası ölmüş Rəhman da otuz altının içindədi, bir yüngül toy kimi eləyək, bu cavanlar əl-baş olsun… Amma ki, olmur… Belə həyat, həyat dəyil, ay Əkbər qardaş, mən dəyiləm, sənsən… Gözlərin yumub-açacaxlar, yaşları qırxı haxlıyacax… Bının əv olmağı var, uşax dünyaya gətirməyi var, biz indi gedirik, siz qızınızla bir də ərəli-bərəli danışın, ya o yannıx olsun bı iş, ya bı yannıx…

…Məsuməgilin kəndində bir kəhriz vardı. Bütün kəndin içməli suyu ora bağlı idi. Çünki kəndin xeyli aralısından axan çayın suyu Ermənistanın Qafan şəhərindəki mis-molibden kombinatının buraxdığı tullantılar səbəbindən çirklənmiş vəziyyətdə idi.

Və o kəhrizin suyu get-gedə qurumağa başlayanda qızın atası beş-altı cavan da götürüb kəhrizə enmiş, soyuq mart günündə kəhrizi təmizləməyə başlamışdılar. İki gün dayanmadan o kəhrizdə çalışandan sonra suyun gözünü təmizləsələr də, Sərvər kişi sətəlcəm olmuş, bir həftənin içərisində göyərib-keçmiş, həkimlərin səylərinə baxmayaraq vəfat etmişdi.

Ana da başqa analar kimi əri öləndən sonra özünü oda-közə vurub, necə deyərlər, gecəni gündüzə qatıb, gəlin vaxtında saçının birini ağ, birini qara hörüb, iki qız balasını böyütmək əvəzinə, qırx gün cavan ərinin yasını tutuban ac-susuz qalmış, ərinin xiffətini çəkməkdən gözlərinin ağına sarı gəlmiş, kənd içində sarılıq azarı deyilən dərdə mübtəla olmuş, əriyib-çürümüş, ölüb yasını ərinin yasına qatmış, qızlarını yetim qoymuşdu…

Qız ona görə də, heç kəndə üz çevirmək fikrində deyildi. Atasını, ardıncan da anasını əlindən almış kəhrizin suyundan içməyəcəyinə söz vermişdi…
...O məlum elçilikdən bir il altı ay keçib. Məsumə yenə birinci katibdir. Rayon Partiya Komitəsinin binası. Raykomun büro iclası. Birinci katib eynəyini çıxarıb iclas iştirakçılarını yuxarıdan aşağı süzür. Üzündən zəhrimar yağan katib qəfil maarif müdirinə tərəf dönür:

-Ə, Namazov, sənə demədim o direktoru rədd elə ordan? Ə, sən nə qanmaz adamsan?! Nə gözləyirsən? İstəyirsən məsələni büroya çıxaraq?! Yaxşı, olsun. Yoldaş təşkilat şöbə müdiri İbişov! Namazovun məsələsini araşdır, maarif şöbəsində krupnu yoxlama apar, məsələni növbəti büro iclasına hazırla!..

Sonra üzünü DTK-nın rayon şöbəsinin sədrinə tutub daha da əsəbi halda demişdi:
-Yoldaş Nəzərov, siz də məsələni diqqətdə saxlayın! Biz kommunistlər ayıq-sayıq olmalıyıq ki, içimizə sızmış antisovet ünsürlərin əl-qol açmasına imkan verməyək!..

Müdir Namazov qalxıb ayağa. Elə büzüşüb ki, deyirsən bəs, illərin xəstəsidir. Dil-dodağı təpidiyindən səsi çıxmır. Həm də nə deyəcəyini bilmir. Nə desin axı? Desin ki, sən məni məcbur elədin o qadınla – məktəb direktoruyla – evləndim? Bunu deməkmi olar? Yoxsa könlündən keçirmiş ki, bu da onun kimi evsiz-eşiksiz qalsın?

Maarif müdiri yazıq-yazıq baxdı katib xanıma. Əslində bu baxışlardan çox şey oxumaq olardı. Katib oxudu da. “Niyə məni camaat içində xar eləyirsən? Allaha da agahdır ki, mən səni necə sevirdim... Elə yenə sevirəm… Amma sən neynədin? Birinci katib olan kimi məni qoydun qabağına bu zəhrimar büro iclaslarında, partaktivdə uşaq kimi danladın. Hətta bəzən təhqir elədin. Çıxıb getməyə də qoymadın. Düz bir il arxancan süründüm. Axırı öz dilinlə dedin ki, get bir babanın qızıyla evlən, məndən sənə yar olmaz... Mən partiya ilə ailə qurmuşam. Mən partiyaya olan sevgimi kimsə ilə bölüşə bilmərəm... Mən də neçə illərin məktəb direktoru olan xalam qızıyla evləndim... Daha məndən nə istəyirsən?”

- Otur, Namazov, səndən onsuz da adam olmayacaq...

Namazov isə oturmur. Elə ayaq üstə qalıb. Katib maarif müdirinin bu sayqısızlığına dözə bilmədi: əsdi, coşdu, ağır sözlər dedi və üstündən nə qədər vaxt keçdiyini demək çətin olsa da, bir o bəllidir ki, statistika idarəsinin müdiri Namazovun qolundan tutub silkələdi və təlaşla dedi:

-Yoldaşlar! Bu yazıq ayaq üstə ölüb ki!
Elə bil bu sözə bəndmiş maarif müdiri – köklü ağac kimi yerə yıxıldı.
Düzdür, Namazov ölməyinə ölmədi, amma həkimlərin qoyduğu “obşirni infarkt” diqnozuyla düz bir il yatdı və oradan da xəstə kimi təqaüdə çıxdı… İndi çəliklə həyət-bacada güclə hərlənir, diri gözlü ölüdən təfavütü yox.

… Namazov insult keçirib xəstəxananın reaminasiya şöbəsinə yerləşdirilən günün səhəri anası Gülcamal arvad xəstəxananın arxa bağçasındakı elektrik transformatorunun qapağını açmış, üzünü didə-didə qışqırmışdı: "Ay ellər, heyyyy!Mənim balam bir ləçərin badına getdi, heyyyy! Qız istəmək, arvad almaq nə vaxtdan qələt iş olub, ay elim, ay obam! Mən də istədim ki, balam istədiyinə qovuşsun, xoşbəxt olsun... O ləçər Məsmə mənim balama divan elədi, ay ellər, heyyyy! Mənim ona gucüm çatmaz, amma özumə gücüm çatar. Mən canıma qəsd eləyəcəm, qoy hamı bilsin ki, o ləçərin ucundan mənim balam bədbəxt oldu, yurdum kor qaldı, heyyyy!

Arvad bunu deyib, özunu toxumuşdu transformatora. Bircə saniyənin içində od almış, yanıb kül olmuşdu... (Yalançılar sözü, belə danışırdılar ki, əslində, Məsumə xanımın Namazovla bu son rəftarı göstərir ki, iş şəxsi müstəvidən çıxmış, böyük ölçüdə hansısa oyunun tərkib hissəsinə çevrilmişdi. Xüsusilə, birinci katibin Nəzərova verdiyi tapşırıq çox mətləblərdən xəbər verirdi…

Bəs nə idi o mətləb? Əkbər kişinin – bu ağappaq çöhrəsi, fətir kimi sifəti olan adama camaat daldada Qara Əkbər də deyirdi - vaxtilə NKVD-də işləyərkən rayonda antisovet ünsürlərlə mübarizədə ad çıxartması, rayonun hörmətli ailələrindən olan müəllim-şair Xosrov Cavanşirlini gizli müsavatın üzvü kimi həbs etdirib Rustaviyə sürgün etdirməsi, adamın oradakı mis-molibden yatağında işlədilərkən dünyasını dəyişməsi hələ də rayonda dildə-dişdə olan mövzulardan idi. Hətta buna görə Əkbər kişiyə Mir Cəfər Bağırovun təşəkkür məktubu və qızıl saat mükafatı təqdim olunmuşdu. Elə o vaxtdan rayonda bir quş "pırr" eləyəndə ilk olaraq Əkbər kişi bilirdi bunu və DTK-nın iclaslarda yuxulayan sədri – deyirdilər ki, bu da şırma imiş, özünü yuxulu kimi göstərsə də o hər şeyi görürmüş – Nəzərovla müzakirə edib, tədbir tökürdülər. Yenə yalançılar sözü, deyirdilər ki, Namazovun başına gələn olaylar dövlətlərarası məsələ ilə bağlı imiş.

Belə ki, onun bacısı Sənubər xanımın əri SSRİ-nin Türkiyədəki səfirliyinin 2-ci katibi imiş və Sənubər xanım anasının müəllimi olmuş Xosrov Cavanşirlinin başına gələnləri sindirə bilməmiş, Ankarada yaşadıqları müddətdə həmyerlisi, 20-ci ildə qaçıb Türkiyəyə sığınan Məhəmməd Azər Aranla gizlicə görüşmüş, onda olan bir çox məlumatların Türkiyə dövlət orqanlarına ötürülməsini istədiyini bildirmişdir. Mühacirətdə olan Müsavat partiyasının fəallarından olan Məhəmməd Aran bu işi həvəslə görmüş, beləliklə orada olduqları müddətdə SSRİ-yə nifrət ruhunda böyümüş Sənubər xanım agent kimi fəaliyyət göstərmişdir…

O da bəlli imiş ki, yazıçı İlyas Əfəndiyev şair Vaqif Bayatlı Odərə verdiyi müsahibədə zəngilanlı dostu Məhəmməd Azər Aranla Türkiyəyə qaçmaq üçün danışdıqlarını, lakin son anda bunu etməyə cəsarətinin çatmadığını peşmançılıq hissi ilə danışmışdı. Yazıçı onu da vurğulamışdı ki, ona görə də yazdıqlarımızın çoxu yalan-palan oldu…

Vaqif Bayatlı danışırmış ki, atasından eşitdiyi bir əhvalatda Sənubər xanımın ərindən ayrılıb Türkiyədə gizlənmək cəhdi baş tutmamış, qadın DTK-nın casusları tərəfindən qətlə yetirilmişdi. Bu xəbəri alar-almaz Əkbər kişi ilə iclaslarda yatan Nəzərov tədbir tökmüş, bacısının xəyanətinə görə Namazovdan qisas almaq üçün Məsumə xanımı Bakıdan gələn gizli nümayəndənin iştirakı ilə məlumatlandırmış, kommunizmin qalasını düşmən hücumundan qorumaq üçün Namazovu hədəf seçmişdilər…

Onsuz da Namazovdan yanıqlı olan Məsumə xanım bütün nifrətini sevdiyi adama qusmuş, onu fiziki cəhətdən məhv etməkdən belə çəkinməmişdi…)

O hadisədən illər keçsə də, Məsumə xanım hər gecə yuxusunda Gülcamal arvadın çığırtısını eşidib qan-tər içində yuxusundan oyanır, o da eyzən Gülcamal arvad kimi qışqırır, əsməcəli adamlar kimi əsir, bir qurtum su içəndən sonra bir az sakitləşirdi.

Bir gün hiss edəndə ki, gözlərinin işığı azalır, görmə qabliyyətini itirir, başılovlu Bakıya getmiş, hələ o zaman Bakı soveti metrosu tərəfdə yerləşən Göz institutuna yollanaraq gözlərini müayinə etdirmişdi. Qonşu rayondan olan tanış göz həkimi onu tanımış, gözlərini məşhur okulistlərin iştirakı ilə müayinə edib ümidsiz halda demişdi: “Gözünüzün mina qatı tamam sıradan çıxıb. Elə bil ki, kimlərsə gözünüzü elektrik qaynağı ilə yandırmışdır...”

Ürəyində demişdi: “Hə, düz tapdınız. Gözümü elektrik transformatorunda yandırmışam... Gülcamal arvad yananda mən də yanmışam...”

Dünyanın qəribə işləri var. Məsumənin gözləri tutulandan sonra bir qadın hər gün gəlib onun qoluna girir, ayaqyoluna aparır, hamama salıb çimizdirir, onunla birlikdə yemək bişirir, hətta əlindən tutaraq həyət-bacaya, rayon mərkəzinə gəzməyə aparırdı. Bir dəfə ondan kimsə soruşmuşdu ki, sənin gözlərin tutulubsa, bəs necə gəzirsən? Deyilənə görə, xörəyini də özün bişirirsən? Hətta bazar-dükana da gedirsən? Bu necə olur?

Məsumə adamları heyrətdə qoyan cavab vermişdi: “Gülcamal arvad hər gün gəlir. Sağ olsun, mənə əl yetirir, hamama salır, başımı yuyur, çimizdirir. Yeməyi də birgə bişiririk... Görmürsünüz məgər. Qoluma girib, məni qəsəbəyə də aparır ki...”

Adamlar pıçıldaşa-pıçıldaşa Məsumədən şübhələnən xalanəvəsi olan qadının məsləhəti ilə evə molla çağırıb dua oxutmuş, cindar gətirib künc-bucağı onun verdiyi yazılı kağız-kuğuzla “təmizləmiş”, Gülcamalın ruhunu qovmuşdular...

Amma belə baxanda Gülcamalın ruhu ona görə getmişdi ki, Əpiş Məsumənin təkcə ev, bağ-bağça qulluqçusu yox, həmdərdi, həniri olmağa başlamışdı. Arvadlar danışırmışlar ki, Gülcamalın ruhu Məsumədən küsdü. Gördü ki, Əpiş onun gördüyü işləri əlindən aldı, üz döndərib getdi...

Amma Gülcamalın ruhu həmişəlik getməmişdi. Hərdən gah yuxuda, gah aşkarda gəlir, Məsuməni dalayıb gedirdi...
Bude, yenə gəldi. Yanında oturub qadının saçını hörür. Özü də elə hörür ki, cin düyünü vurar kimi. Hələm-hələm adam onun vurduğu düyünü aça bilməz. Özü də gah çığırır, gah astadan ağı deyir, gah da layla çalırmış kimi avazla oxuyur. Məsumə onun səsini batırmaq üçün əlini uzadıb köhnə VEF-in düyməsini burur, tarın qəmli musiqisi otağa dolur, Gülcamalın səsini daha da qatılaşdırır və bu da azmış kimi Rübabənin eyzən qəhr içrə bülənd olan hayqırtısı zalı başına götürür və Reyhan xanımın qan qoxuyan misraları hər yeri qavsayır:

…Dil zülfilə rüxsarinə çün qıldı tamaşa,
Avarə qalıb küfr ilə iman arasında.

Ah, gör nə əcəb mö’cüzədir, kim necə bitmiş,
Bir sünbili-tər atəşi-suzan arasında…

Amma olmadı ki. Qəm üstünə qəm qalandı. Bir yandan Gülcamal, bir yandan tar, bir yandan Rübabə, bir yandan da Reyhan xanım əl-ələ verib kəsdilər yazıq qadının kələyini.

- Eləmə, eləmə, Gülcamal xala! Qadanı alım, nə olar, dəymə saçıma! Əpiş, ay Əpiş! Gəl bu arvadı qov burdan! Əpişşşşşşş! Gəl, məni bu atəşi-suzanın əlinnən al, Əpişşşşşş!

- Nədi Masuma xanım, burdayam mən!.. – Əpiş qolu çırmalı içəri girib onun bir göz qırpımında hörülən saçlarına baxdı və az qaldı ağlaya. – Sən yenə saçını o cür hörmüsən?!
- Əpiş, mən hörmədim, Gülcamal hördü indicə! Bax o yanan transformatorun içindən çıxıb gəldi… Hördü saçlarımı…
-Ay Masuma xanım, Gülcamalın sümüyləri də çürüyüb eeee, çürüyüb!.. Özü də adama neçə dəfə deyərlər, bura bizim rayon deyil, bizimkini ermənilər işğal eləyib, biz indi Xızıdayıq, Xızıda! yenə huş-başın o Qızıltəpəyə gedib?... Armudluyamı uçub? Yoxdu e, oralar, xaraba qaldı. Ay Allah, mən indi bu pırtlaşmış hörükləri necə açacam?!Əpiş ağlamsına-ağlamsına qadının gödək hörüklərini çözməyə başlayır...

(davamı olacaq)

# 2385 dəfə oxunub

Müəllifin son yazıları

# # #