Öldürülən qadınlar, nəcisli yumurtalar, "Sən xiyarsan" şirkəti...

Öldürülən qadınlar, nəcisli yumurtalar, "Sən xiyarsan" şirkəti...
1 fevral 2021
# 11:01

Yenə bu günlərdə ölkə gündəmi bir-birindən fərqli söhbətlərlə yaddaşımıza qazıldı.

Qaynatası tərəfindən doğranıb zibil qabına atılan qadının şəkli yayılmışdı. O şəkilə baxmağı və o haqda oxumağı özümə yasaq etdim. Qadın zorakılığı hələ də bizim üçün adi bir hala çevrilib. Hətta intihar edən qadın haqda da elə dəhşətli, ağlasığmaz fikirlər səsləndi ki, başını tutub harasa qaçmağın gəlirdi. Qadınsansa, əzilməlisən, qadındırsa, deməli onun nəsə şeytanın da ağlına gəlməyən fəndləri var. Bir qadın intihar edirsə, yaxud öldürülürsə günah qadının üstünə atılır. Ya vəlvələdən, ya zəlzələdən qadın həmişə günahkar tərəf kimi qəbul edilir. Od olmayan yerdən tüstü çıxmaz kimi seksist atalar sözü ilə qadının ölümünə haqq qazandıranla bizi bir yerdə yaşamağa məcbur edən tale utansın.

Qanqaraldıcı söhbətdən keçək nisbətən az qanqaraldıcı söhbətə. Mövzuya başlamadan əvvəl bir əhvalat danışım, kefiniz durulsun. Yaxın bir adamın evinə getmişdim. Əsəbi adamdı, həm də çox komik, yumor hissi olan biridir. Televizoru açdı, çay gəldi. Türkiyə, Rusiya kanallarını vərəqlədi. Sonra mənə baxıb gülümsəyərək dedi: "İndi də keçək əsəb kanallarına".

Əsəb kanalları deyəndə Azərbaycan televiziyasını nəzərdə tuturdu. Elə bunu deyib bir-bir kanalları vərəqlədi, tərslikdən həmin vaxt hoppanıb-düşmə, çal-çağır, qol qaldırıb oynamaq janrında verilişlər qabağımıza çıxdı. Kişi bayaqkı zarafatını unudub əsəbi-əsəbi kiminsə qarasınca deyindi, qabağındakı siqaret qutusundan siqaret çıxarmağa çalışdı, alınmayanda qutunu da götürüb özünü eşiyə atdı.

Hə, əsəb kanalları demiş, bizim də gündəmimiz gülməyimizə baxmayın, əsəb gündəmidir. Bizdəki gülmək "dərddən gülmək" anlamına gəlir. Əgər gülməsək bu xəbərlərin zədəsi ömür-billah üstümüzdən getməz.

Növbəti xəbər nə olsa yaxşıdır? Camaat parta-part paylaşır. Yumurtanı toyuq nəcisinə bulayıb satışa çıxaranlar... Yadıma Cem Yılmazın bir filmi düşdü. Orda bir otel sahibi hər şeyin təbii olmağına çalışır. İşçilərdən biri yumurta gətirəndə görür ki, yumurtalar bəy paltarı kimi tər-təmizdir, tez onu toyuq nəcisinə vurub müştərilərə göstərir. Yəni biz həmişə təbii şeylər təqdim edirik mesajı verir. İndi də bu moda düşüb. Əvvəllər adamların diksindiyi şeyi indi mataha mindirirlər. Ağıllı şirkət sahibləri də deyir fürsət bu fürsət, yumurtaları boyayıb (Novruz bayramındakı kimi yox təbii) sataq. Bu da yumor hissi ilə dolub-daşan sosial şəbəkə əhlinin əlinə keçməzmi? Şirkət sahibinin reklamı ikiqat tutdu. Antireklam da reklamdır kimi şablon ifadəni işlədib keçirəm növbəti söhbətimizə.

Bir kargo şirkəti bütün müştərilərinə, hətta müştərisi olmayanlara belə eyni mesaj göndərib: "Sən xiyarsan". Hərə bu mesajı bir yerə yozdu, biri dedi ki, şirkətdə kimsə içkiliymiş, dostuna yazdığı mesajı səhvən müştərilərə göndərib. O biri dedi ki, yox, a kişi, adam əsəbindən göndərib, sən demə, müdir maaşını vermirmiş, bu da qəzəbindən bütün müştərilərə ürək sözünü göndərib, əslində o mesajı müdirə çatdırmaq istəyirmiş. Başqa biri də qayıtdı ki, kiriyin siz Allah, ətimizi tökməyin, bu bir Piardır, şirkətin adı tanınsın deyə qəsdən belə eləyiblər. Allah tərəfi onun dediyi düz çıxdı. Yumurta boyayanlarla "sən xiyarsan" mesajı yazanlar deyəsən eyni qafanın adamları olub. Mən əslində bu cür adamları sevirəm. Açıqsözlü, səmimi, içindən gəldiyi kimi danışan. Şirkətə simpatiyam yaranmışdı, kargolarından yararlanmaq istəyirdim ki, birdən şirkət sözçüsü açıqlama verdi: "Xaker hücumu olub..." Əlimi təəssüflə yellədim. Sonra yadıma düşdü ki, kargo şirkətləri haqqında həmişə komik bir yanaşma olur. Yəni sən nəsə sifariş edirsən və o sifariş elə vaxtı gəlir ki, artıq sən sifariş etdiyin şeyi unudursan. Evlənmisən, iş-güc sahibi olmusan, yaxud batırmısan işini, çöllərə düşmüsən və qəfil qapı döyülüb, kargo çıxıb gəlib. Bəlkə də kargo şirkəti bu komik videoları çəkənlərə deyib ki, sən xiyarsan. Bu arada xiyar da xeyirlidir, sadəcə bizdə bu söz adamı qıcıqlandırır. Yazını uşaqlar oxuya bilər deyə açıqlamıram niyəsini. O xiyar yazan qardaşa burdan təşəkkür edib yazıma nöqtə qoymaq istəyirdim ki, bir dostum zəng elədi.

- Qaqa, zəlzələ oldu e deyəsən. Hiss elədin?
- Yox. Harda?
- Biz tərəfdə hiss olundu.

Dostumun sözlərindən sonra girib sosial şəbəkəni vərəqlədim və bir neçə şəxsin zəlzələ təşvişini bildirən statuslarını oxudum. Sən demə, Badamdarda torpaq sürüşməsi olubmuş. Yadıma uşaq vaxtı Bakıda olan zəlzələ düşdü. Sonra tez-tələsik bu lazımsız xatirəni milçək qovan kimi yaddaşımdan qovub uzaqlaşdırdım.

- Noldun? - bıyy, telefonu söndürməmişəmmiş. Dostum xəttə qalmışdı. - Ə, dillən də.
Mən çox kəsə ona sözümü deyib telefonu söndürdüm:
- Sən xiyarsan.

Tam yazıya nöqtə qoyub bitirirdim ki, suyun qiymətini qaldırdılar.
Nizami Gəncəvi necə deyirdi?
Nəsə, özünüz bildiniz.
Görüşənədək...

# 4270 dəfə oxunub

Müəllifin son yazıları

# # #