Əsəbi mühafizəçi və müəmmalı ölüm – Nərimanovun Tbilisidəki ev-muzeyindən reportaj

Əsəbi mühafizəçi və müəmmalı ölüm – Nərimanovun Tbilisidəki ev-muzeyindən reportaj
31 mart 2023
# 10:00

Kulis.az Aytac Sahədin Nəriman Nərimanovun Tbilisidəki ev-muzeyindən hazırladığı reportajı təqdim edir.

Qapını nə qədər döysəm də, səsimə səs verən olmur...
Tbilisidəyəm, bir neçə saat sonra Bakıya qayıtmalıyam. Amma Nərimanovun iş otağını görmədən Bakıya qayıtmaq istəmirəm. Bir az dincimi alıb darvazanı təkrar döyürəm. Nəhayət, içəri qapıda kimsə görünür.

– Buyurun.

– Salam, muzeyi ziyarət etmək istəyirdim.

– Bu gün muzey işləmir.

– Çox xahiş edirəm.

– Yaxşı, bir dəqiqə gözləyin.

Az sonra darvaza açılır, səsin sahibi olan ortayaşlı bu cənab bildirir ki, burada mühafizəçi işləyir və hazırda muzeydə təkdir deyə mənə bələdçilik edəcək heç kim yoxdur. Buna da şükür deyib yuxarı qalxıram.

İlk növbədə onu qeyd edim ki, Tbilisidə Nərimanovun ev-muzeyi əvvələr Mirzə Şəfi Vazeh küçəsində, onun ata-baba mülkündə olub. Lakin sonradan bura sökülüb, şəhərdə aparılan yenidənqurma işləri ilə əlaqədar ev-muzeyi demontaj edilib və Azərbaycan hökuməti muzey binasının ilkin forması və milli üslubunun saxlanılması şərtilə yeni ərazidə tikilməsinə razılıq verib. Beləcə Tbilisidə Qrişaşvili küçəsi 41 ünvanında bu muzey yaradılıb.

Ünvanlar başqa olsa da, evin zahiri görkəmi və içərisi orjinalda olduğu kimidir. Bunu elə birinci mərtəbədə qoyulan əvvəlki binanın maketinə baxarkən də görmək mümkündür.

İki mərtəbəli muzey binasının ekspozisiyası altı zaldan ibarətdir. Ekspozisiyanın I və II zalları Nəriman Nərimanovun həyatı və ədəbi yaradıcılığına həsr olunub. III zal xatirə-qonaq otağı, IV otaq ictimai-siyasi və dövlətçilik fəaliyyəti, V zalda isə tibbi fəaliyyəti əks etdirilib. VI zal isə xatirə-yataq otağıdır.

Deyim ki, otaqlar yüksək zövqlə hazırlanıb. Təkcə mebellər yox, ən xırda detallar da vəhdətdədir. Məsələn, evin küncündəki lampa çox estetikdir.

Servantda düzülən qab-qacaq, xüsusilə də bir dəst diqqətimi çəkir.

Divarda Nəriman Nərimanovun dəfn mərasimində çəkilən şəkillər asılıb. Həyat yoldaşı Gülsüm xanımla oğlu Nəcəfin olduğu məşhur şəkil də buradadır. Bu şəkillərə baxdıqca doktorun ölümü ilə bağlı oxuduqlarımı yadıma salıram.

Nərimanovun qəfil ölümü bu günün özündə də bir çoxlarına inandırıcı gəlmir. Tərəzinin bir tərəfində doktorun ölümündən az öncə sağlam şəkildə işinin başında olması, sübut kimi həmin tarixlərdə sənədlərə dərkanar qoyması, digər tərəfinə isə Kremldə gərginləşən münasibətlərin fonunda Nərimanovun qəfil ürəktutma dioqnozu ilə vəfatı qoyularsa…

Sözügedən müəmmalı ölümlə bağlı ən çox səslənən fikir sui-qəsd iddiasıdır. Bu ehtimalla bağlı da iki versiya var. Birincisi, doktorun çayına zəhər qatılmasıdır. İkincisi isə Bakıdan gələn yarpaq dolması ilə zəhərlənməsidir. Nərimanovun ölüm səbəbi haqda bu divarlarda dəqiq bir səbəb yoxdur, ancaq şəkildə gördüyüm, ömür-gün yoldaşını itirən Gülsüm xanım və hələ ölümün nə demək olduğunu dərk eləməyəcək bir yaşda olan balaca Nəcəfin kədəri nəticənin özüdür.

Daha sonra Nərimanovun iş otağına keçirəm.

Deməli, o önəmli qərarlar bu otaqda verilib, o qiymətli sənədlər bu masada yazılıb.

Burda saxlanılan hər əlyazmanın əhəmiyyəti haqqında xeyli danışmaq olar, Belə ki, bu otaqda Nərimanovun yazdığı məktubların əlyazmaları, ona yazılan məktublar, tarixi əhəmiyyətli xeyli sənədlər var. Fəqət diqqətimi otağa girən kimi bir məqam çəkir. O da divardan asılan Hacı Zeynalabdin Tağıyevin böyük portreti. Nərimanovun iş otağında Tağıyev? Təəccüblə mühafizəçiyə səslənirəm. Cavab gecikmir:

– Ay xanım, dedim axı, mən bələdçi deyiləm.

Səs tonundan başa düşürəm ki, onu əməlli-başlı bezdirmişəm.
Düzü, heç özüm də bilmirəm ki, Tağıyevin portretini burda görmək məni niyə təəccübləndirdi.

Çoxları bu iki şəxsiyyətin münasibətini 1906-cı ildə müəllimlərin qurultayında baş verən gərginliklə xatırlayır. Hadisənin üstündən qısa keçəsi olsaq, Nərimanovun iclasda çıxışı zamanı göstərdiyi etirazçı ruhu Tağıyevin xoşuna gəlmir və hər kəsin içərisində Nərimanın onun pulu ilə oxumasını üzünə vurur, Nərimanov da oradaca pulları son qəpiyinə qədər qaytaracağını deyir və həqiqətən belə də edir.
Onların münasibəti bu qalmaqalla bitmir. Nərimanov 1908-ci ildə təhsilini tamamlayıb Bakıya qayıdandan sonra Tağıyevin qız məktəbində bir müddət həkim işləyir. Onun “Bahadır və Sona”sı Tağıyev teatrında oynanılır. Sovet hökuməti qurulan vaxtlarda da Nərimanovun Tağıyevə göstərdiyi dəstək çoxumuza bəllidir.

Bütün bu məqamları nəzərə alsaq, Nərimanovun otağında Tağıyevin portretini görmək də təəccüblü olmamalıdır. Bilmirəm, mən niyə təəccübləndim.

İş otağından sonra yolumu doktorun xəstə qəbulu otağından salıram. Burada onun tibbi ləvazimatları səliqəli ilə sıralanıb. Divarda isə həkimlik fəaliyyəti zamanı çəkilən şəkillər yer alıb. Nərimanov bu otaqda xəstələri qəbul edirmiş.

Muzeyi əşyalardan çox şəkillərə baxa-baxa kəşf edirəm. Növbəti şəkildə gördüyüm isə doktorun yeganə oğlu Nəcəfdir. Bu şəkildəki Nəcəf artıq atasının dəfnində gördüyümüz pərişan uşaq yox, hərbi formada atası kimi qətiyyətlə addımlayan leytenantdır.

Nəcəf Nərimanov İkinci Dünya Müharibəsində iştirak edib, göstərdiyi igidliyə görə birinci dərəcəli “Vətən Müharibəsi” ordeni və “Stalinqradın müdafiəsinə görə” medalı ilə təltif olunub. Taqım komandiri kimi qulluq edib. 1943-cü ildə həlak olub. Ukrayna Respublikasının Donetsk vilayətinin Volnovaxa şəhərində dəfn edilib.


Sonda yataq otağına keçirəm.

Bura da eyni qonaq otağı kimi zövqlə hazırlanıb. Otaqda ən çox gözə çarpan taxt və böyük güzgüdür. Künclərdə dekorativ əşyalar qoyulub.

Divarda isə Nərimanovla həyat yoldaşı Gülsüm xanımın şəkilləri var. Yaxınlaşıb Gülsüm xanımın gözlərinə diqqətlə baxıram. Özünün bir çıxışında dediyi “Bizim birgə ailə həyatımızın son anına kimi o, mənim üçün ən əziz dost və müəllim oldu…” sözlərini gördüyüm bu gözlərlə tutuşdurmağa çalışıram. Düzü, bu ailə fotosunu başqa yerlərdə görəndə ilk diqqətimi çəkən ərlə arvadın arasındakı böyük yaş fərqinin yansıması olurdusa, bu yuvanın ümumi ab-havasında nədənsə bu məqam gözümə batmır.

Sonuncu otağı da gəzdikdən sonra həyətə çıxıram.

Bağçada Nərimanovun ağ mərmərdən büstü ucaldılıb. Mühafizəçi bəydən büstlə şəklimi çəkməsini xahiş edirəm. Əvvəlcə o “mən şəkil çəkə bilmirəm” desə də, sonra məndən canını qurtarmağın sevinci ilə razılaşır. Şəkillərə baxanda görürəm ki, adam həqiqətən də haqlı imiş. Mühafizəçiyə göstərdiyi köməyə görə təşəkkür edib, sağollaşıram.

Darvazaya çatanda son dəfə evə, bağçaya göz gəzdirirəm. Nərimanovun heykəlini isə xüsusilə yadımda saxlamağa çalışıram, çünki kənardan bu mənzərəyə baxanda heykəl ev sahibinə bənzəyir.

Qəribədir, insanı daşda gəzmək... Gördüyüm tablo mənə Nəriman Həsənzadənin heykəllə bağlı şeirini xatırladır:

Həyatda bir sirr var, inan, ay oğul,
Bu sirr açılmayıb qədimdən belə.
Daşdan yonulubdu anan, ay oğul,
Daşı sevməliyik biz indən belə.
Nə deyim, sağ olsun heykəltəraşı,
Gör necə düz verib o gözü, qaşı.

Bu arada, Nəriman Həsənzadənin adını da Nəriman Nərimanovun şərəfinə qoyublar.


# 2397 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #