Bunu mənim nənəm də çəkər

Aytac Sahəd

Aytac Sahəd

27 aprel 2023
# 15:00

Kulis.az Aytac Sahədin “Sənət, yoxsa siyasət?” adlı yeni yazısını təqdim edir.

“Bunu mənim nənəm də çəkər”

Tablonun qiymətini görüntüsünə yaraşdırmayanda çox vaxt bu yaxud buna bənzər nəsə deyirlər. Özümü “sənət bilicisi” zənn etdiyim zamanlarda belə deyən adamlarla xeyli mübahisələr etmişəm. Ancaq indi bu arqumentin hər əsərə görə dəyişə biləcəyini və hər əsərin də ona biçilən qiymət qədər dəyərli olmadığını düşünənlərdənəm. Məncə, belə düşünmək üçün müasir dünya sakinlərinin xəbərdar olduğu xeyli məqamlar var. Ah, kapitalizm…

“Sənət qiymətsizdir”. Bu tezisin kölgəsində neçə fırıldaqçılıq hekayəsi yazılıb. Həmin hekayələrin bir qismi də çirkli pulların yuyulmasına xidmət edir. İncəsənətin maddilikdən çox mənəvi məsələ olması və ikisinin arasındakı qeyri-müəyyənlik ixtiyari bir tabloya fantastik qiymətin qoyulmasına rəvac verir. Maraqlısı budur ki, sözügedən tendensiya dünyanın bir çox ölkələrində var. Böyük məbləğləri rəsmə ödəmək adı ilə külli miqdarda pullar yuyulur. Problemlə mübarizədə təsir mexanizmi kimi hüquqi yanaşma məsələsi aktuallaşmaqdadır. Hətta son dövrlərdə standart müəyyən olunmuş məbləği keçən tabloların xüsusi diqqətdə saxlanması və müvafiq araşdırmaların aparılması beynəlxalq təcrübədə tətbiq olunur.

Rəssam, sevgilimin rəsmini gəl çək,
Sevgilim gözəldir sən də gözəl çək…

Nə sevgili gözəldir, nə rəssamın çəkdiyi. Amma rəsm bahalıdır? Niyə? Çünki rəssamın imzası gözəldir. Dünya incəsənət tarixində elə imzalar var ki, onların hətta ən zəif əsərləri belə böyük məbləğlərə satılır. Rəssamın rəsmi kölgədə qoyduğu məqamdır, bu. Əlbət, o böyük sənətkarlar da əllərinə fırça alan kimi böyük olmayıblar, kimisi uzun, kimisi qısa yollardan şöhrətə qovuşub. İstənilən halda gedilən yolun hər addımı sənət sevdalıları üçün daim maraqlıdır. Həmin maraq da beləcə əsərlərin qiymətində təzahür edir.

Pablo Pikkasonun “qırx üstəgəl beş dəqiqə” hekayəsini xatırlamaq yerinə düşərdi. Deməli, dahi rəssam kafedə oturduğu vaxt bir ofisiant onu tanıyıb, yaxınlaşır. Bir qədər söhbət etdikdən sonra o, rəssama kağız parçası uzadıb ondan bir şəkil çəkməsini istəyir. Qısa müddətdə rəsm hazır olur. Ofisiant bu rəsm qarşılığında nə qədər pul verməli olduğunu soruşanda isə Pikasso böyük bir məbləğ deyir.

Eşitdiyi rəqəmdən xeyli təəccüblənən ofisiant, - “Cəmi beş dəqiqəyə çəkdiniz. Bunun üçün bu qədər pul istəyirsiniz?” – sözləri ilə etiraz edir. Pikasso isə: “Təkcə beş dəqiqə yox, qırx il, üstəgəl beş dəqiqə” – cavabını verir...

Bu hekayə təkcə illərlə gələn təcrübənin yox, həm də imzanın gücünü göstərir.

Yəqin o ofisiant həmin kağızı bu gün hərraca çıxarsa, verdiyi pulun neçə mislinə satmış olardı. Məlum məsələ, görün, o əsərin imzası kimindir?

Bir də rəsmləri satmaq üçün ya rəssamın ya da rəsmin taleyi ilə bağlı danışılan hekayələr var. Bu hekayələr tablonun istər şöhrət qazanmasında istərsə da qiymətində böyük rol oynayır. Məsələn, “Mono Liza” nın qəfildən saxlanıldığı muzeydən oğurlanması əsəri xeyli məhşurlaşdırmışdı. İncəsənət tarixində yüzlərlə belə nümunələr var. O hekayələrin heç biri tablosunu “Mono Liza” səviyyəsinə çıxarmasa da ən azından qiymətinə təsir göstərə bilib.

Şərab kimi rəsmlər də köhnəldikcə dəyər qazana bilir. Tablonun bəlli bir yaşının olması, hər hansı tarixi hadisəyə şahidlik etməsi, yaxud da bir hekayənin simvolikasını özündə daşıması önəmli faktorlardır.

Zaman bu mövzularda nə qədər adil görünsə də, öz hökmünü çıxarmaqda bəzən gecikə bilir. Məsələn, yaşadığı dövrdə layiq olduğu dəyəri almayan, maddi sıxıntılar çəkən Vinsent Van Qoqun "Montmartrda bir küçə səhnəsi" adlı sənət əsəri bir neçə il öncə Parisdə auksionda 13 milyon 91 min avroya satılmışdı. Həyatdır da...

Gələk əsas məsələyə. Həqiqətən də, elə dəyərli rəsmlər var ki, onlar heç bir başqa səbəb olmadan da bahalı qiymətə layiqdir. Elitar və kütləvi sənət bölgüsü ən çox stat gətirdiyim və praktikada doğruluğuna əmin olduğum bir yanaşmadır. Sənət təması sevir. Təmas isə ona xərclənən zaman və pulu. Sözün əsl mənasında qiymətli olan, dəyərli imzaların fırçasında doğulan əsərlərin mahiyyətini tam şəkildə anlamaq istəyirsənsə, muzey-muzey, sərgi-sərgi gəzməli, incəsənət haqqında qalaq-qalaq kitablar oxumalısan. Yalnız bundan sonra sənin üçün mənasız görünən o cızma-qaranın əslində, şedevr olduğunu anlaya bilərsən, yaxud da əksinə.

Rəsmdən tutmuş rəssama, şeirdən tutmuş şairə qədər - heç nəyi məşhurluğuna görə sevməyə, yalançı tərif deməyə məcbur deyilsiniz. Mən Pikossonu sevmirəm. Ona görə yox ki, onu dərk eləmirəm, ona görə ki, onda özümdən heç nə tapa bilmirəm. Çünki onun üslubu – kubizm mənim ruhuma yaddır. Fəqət bu sevgisizlik əzbər bildiyim – Pikasso dahidir – fikrinə inancımı azaltmır. Sadəcə məsələ sənət olan zaman məntiqim yox, ruhum ixtiyar sahibidir Mənim də ruhum Van Qoqdur, məsələn. Sənət siyasətdir, bu siyasətin də öz tələləri var. Həmin tələlərə düşməməyin yeganə yolu isə nəzəriyyəni bilməkdir. Boşuna demirlər ha, bilik gücdür…

# 2352 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #