Əliağa Vahidin qızı: "Atam öləndə o qadın da gəlmişdi" - Müsahibə

Əliağa Vahidin qızı:  "Atam öləndə o qadın da gəlmişdi" - Müsahibə
25 iyul 2023
# 12:43

Kulis.az Aytac Sahədlə Əliağa Vahidin qızı Firəngiz xanımın söhbətini təqdim edir.

- Vahidin qızı kimdir? Gəlin söhbətimizə belə başlayaq.

- Mən uzun müddət metropolitendə, daha sonra Mirzə Fətəli Axundov adına Milli Kitabxanada çalışmışam. Hətta bir ara çətinliklərim çox oldu, qabyuyan da işlədim. Ali təhsilim yoxdur, texnikum oxumuşam. Üç qızım vardı. Ortancıl qızım 2013-cü ildə yol qəzasında vəfat etdi. Cəmi 37 yaşı vardı. Martın ikisi on il oldu. Düzdür, indi danışırıq, deyirik-gülürük, amma dərd həmin dərddir.

- Deyəsən, həyat qardaşınızı da eyni dərdlə sınayıb.

- Hə. Qardaşım oğluna atamın adını qoymuşdu - Vahid. On doqquz yaşında rəhmətə getdi. O vaxtlar kafedə işləyirdim, Vahid dostları ilə mən işləyən kafeyə gəlmişdi. Yeyib-içdilər, deyib-güldülər. Hətta mənə dedi ki, bibi, səni aparıb gəzdirəcəm, sən çox əziyyət çəkmisən. Çox qeyrətli uşaq idi. Sonuncu dəfə onda gördüm. Bir həftə sonra dənizdə batdı. Deyəsən, Vahid adı düşmədi.

- "Vahid"in tarixçəsini bilirsiniz?

- Atam on beş yaşında artıq böyük adamlarla oturub-dururmuş. Elə o vaxtlar hansısa məclisdə böyüklərdən biri çay süzüb, atama deyib ki, çay soyuyana kimi mənim dediyim qafiyəyə bir beyt de. Atam da ona cavab olaraq yaxşı bir beyt deyib. Ağsaqqal da cavabında "Əhsən, sənin bundan sonra ləqəbin Vahiddir. Sən bu istedadla vahidsən" deyib. Beləcə adı qalıb Əliağa Vahid.

- Bilirəm, atanız siz balaca olanda dünyasını dəyişib. Amma yəqin ki, xatirələriniz var.

- Mən doğulanda onun altmış yaşı olub. Məktəbə dalımca gəlməyi, məni gözləməyi yadımdadır. Astma olduğu üçün bağa gedəndə külək vuran kimi çantasını üzünə tuturdu ki, külək ağzına getməsin.

Çox rəhmli adam idi. Bir qarışqanı da əzməzdi ki, onun da canı var. Bağa gedəndə üzüm alıb aparırdı. Anam deyirdi ki, bağ dolu üzümdür, neynirsən, bunu alıb gətirirsən? O da cavab verirdi ki, çoxdur, ver qonşuya. Qonşunun on uşağı var. Bir də görürdük ki, nə qədər yemiş, qarpızla gəlir. Qəndi evə kilo ilə yox, torba ilə alırdı. Yağı 20-30 kilo birdən alırdı. Çoxusunu da pay verirdilər. Atam qəbir daşı da yazırdı. Birdən 150-200 manat basırdılar cibinə. Nəsə yazdırmaq istəyəndə də saatlarla bağın qırağında otururdular. Həm də çox iddialı kişi idi. Özünü heç vaxt sındırmırdı. Gecə saat üçdə durub, çay dəmləyirdi, çayın da dəmini çox tökürdü. Çay içə-içə bir qəzəl yaranırdı. Onun ilham pərisi çox vaxt gecələr gəlirdi.

- Deyirlər ki, atanızın yazdıqlarını öz adına çıxanlar çox olub.

- Hə. Mənim elə qardaşım üçün də çoxu deyirdi ki, o, Vahidin qəzəllərini oğurlayıb. Bəlkə, özünü oxşadıb, amma qardaşım oğurlamayıb. Onun çox yaxşı hafizəsi vardı. Nə qədər şeirləri də qaldı. Həccə getmişdi, Quran da oxuyurdu. İki il qabaq rəhmətə getdi. Onun da həyatı gətirmədi.

- Sizin həyatınız gətirdi ki?

- Yox… İki qızım balaca idi. Yoldaşım tutuldu, üç il iş verdilər. Qonşu ilə dava eləmişdi. Getdi, üç ilin çəkdi, səksəninci ildə gəldi. Həbsdən çıxanda uşaqlar onu tanımırdılar, deyirdilər ki, əmi gəlib bizə. Sonra balaca qızım doğuldu. Üçüncü qız olandan sonra guya ağıllandı, evə baxdı. Sonra yenə tutuldu. Səksən doqquzda qayıtdı. Yola gedə bilmədik, ayrıldıq.

- İkinci dəfə evləndi?

- Eh, məndən sonra çox evləndi. Həmin qadınlar məni tapıb soruşurdular ki, necə adamdır? Deyirdim ki, mənimlə həyatı gətirməyib, bəlkə, səninlə yaxşı olacaq. Çox əziyyət çəkmişəm, çox...

- Atanızın da həyatında çox qadın olub.

- Hə. Amma bir qadın vardı, Fedya. Onunla rəsmi nikahı vardı. Atam rəhmətə gedəndə o qadın da gəlmişdi. Yadıma gəlir. Hətta anama orda demişdi ki, Şura, ağlama, heç olmasa, sənin iki uşağın var, mənim heç kimim yoxdur.

- Ananız atanızla niyə rəsmi nikaha getməmişdi ki?

- Anam atamı bəyənmirdi. Anam ondan 29 yaş balaca idi.

- Bəs ananız evlənəndə bunu bilmirdi?

- Dini kəbin vardı, rəsmi nikaha getmədi də, nə bilim. Anam sonradan də evlənməyib. Atamla anam tanış olan vaxt atamın ailəsindən heç kimi qalmamışdı, meylini anama salıb, sonradan evləniblər. Anam deyirdi ki, mən onun şairliyinə hörmət etdim.

- Bəs atanız ananıza qədər evli olmamışdı?

- Qadınlar olub, bəlkə də, amma evlənməyib. Fedya ilə də sonradan tanış olub. Atam bir kitabından yetmiş min pul alırdı. O pullarla dünyanı gəzirdi. Atamın təhsili olmayıb. İkillik mollaxana qutarıb, amma çox savadlı idi. Füzulinin, Puşkinin əsərlərini tərcümə etmək asan deyil. Rusca bilirsən necə təmiz danışırdı? Rusca elə söyüşlər söyürdü ki…

- Sizə necə baxırdı?

- Əvvəllər evə pul gətirmirmiş, anam qızıl boyunbağısını, üzüyünü satıb. Bu şeylər üstündə bilirsən, anam atamın nə qədər köynəklərini cırıb? Mən olandan sonra atam bizə baxmağa başlayıb. Atam rəhmətə getməzdən öncə xəstəxanaya gedəndə deyib ki, Şəhrəbanu, and verirəm Allaha, Firəngizlə Ramizi döymə. Anam da deyib ki, artıq onlar böyüyüblər. Nə döymək? Ramiz Firəngizin məsələlərini həll edir. Elə bil öncədən ölümünü hiss edib vəsiyyət edirmiş. Dindar deyildi, ancaq anama demişdi ki, öləndə məni "Ərrəhman"la basdırın. Rəhmətə gedəndə əvvəl kostyum geyindirmişdilər, sonra kəfən oldu. Öləndən sonra üç gün evdə qaldı, üç gündən sonra dəfn olundu.

- Atanızı heç "piyan" görmüsünüz?

- Mən onu heç vaxt "piyan" görmədim. Arada içirdi. Mənim atam "piyanıska" deyildi. Özünü "piyanlığa" vururdu ki, onu tutmasınlar. Mir Cəfər Bağırov bir dəfə "sən öl" vurub ki, içmə. Atam da deyib, ağa, xeyri yoxdur, içəcəyəm.

- Vahid haqqında çəkilən filmdə bir çox məqamların həqiqəti əks etdirmədiyini deyirlər. O məqamlar hansılardır?

- Anam o kinonu heç bəyənmirdi. Əvvəla, anam tibb bacısı yox, satıcı işləyirdi. Doqquz-on il satıcı işləyib. Atamla da həmin vaxtlar tanış olub. Bir də orda bir söhbət var, guya anam atama deyir ki, Vahid, al məni. Bax, o da yalandır, anam deyirdi ki, elə bir söhbət olmayıb. Anam çox təbii qadın idi. Bir dəfə onun kosmetikadan istifadə etdiyini görmədim. Evdar qadın idi. Yarpaq qoyub satırdı, üzüm satırdı. Onun əl qabiliyyəti çox gözəl idi. Atama da çox yaxşı baxırdı.

- Bir də filmdə göstərilir ki, Vahid səfil həyat sürüb. Amma sizin danışdıqlarınızdan belə başa düşdüm ki, elə olmayıb.

- Atam səfil niyə olur ki? O, "Drujba" köynəklər geyinirdi. Atam öləndən sonra anam o köynəklərin varatnikini dəyişirdi, qardaşım universitetə geyinirdi. Onun nə qədər bahalı kostyumları vardı. Atam qardaşıma deyirdi ki, Ramiz, sən mənim oğlumsan, sən nəsilbənəsil mənim çörəyimi yeyəcəksən. Həqiqətən də biz nə qədər onun pensiyasını yedik. Bugünədək biz onun adını çəkirik.

- Bu gün necə dolanırsınız?

- İndi maddi olaraq çətinlik çəkirəm. 68 yaşım var, bundan sonra kimdir məni işə götürən?..

Söhbətin bu yerində Firəngiz xanım ayağa durur, evə getmək istədiyini deyir. Təəccüblü baxışlarımı görüb dilucu məni də evə dəvət edir. Sonra evinin təmirsiz olduğunu xatırladır. Əvvəlcə israr edib onu saxlamaq istəyirəm. Sonra qətiyyətini görüb fikrimdən daşınıram. Bircə onu xahiş edirəm ki, sonda mənə atasından bir qəzəl desin. O da bu qəzəli deyir:

- Gözəllər içrə sən, ey mahiparə, bir dənəsən,

Gözəllərin gözüsən, zülfüqarə bir dənəsən.

Gülüzlü nazlı sənəmlər düşər qədəmlərinə,

Bu çeşmi-məst ilə qılan işarə bir dənəsən.

İkinci beytdən sonrasını unutduğunu deyib, sağollaşır. Daha onu saxlamıram. Sakitcə skamyada oturub qalxdığı pilləkənləri izləyirəm. O, pillələri qalxdıqca cavabını ala bilmədiyim suallara görə keçirdiyim təəssüf hissi çoxalır. Axı mən ondan Vahidə dair nə qədər şey öyrənəcəkdim. Gətirməyən taleyi, səfalətlə keçən gəncliyi, vaxtsız itirdiyi övladı, maddi sıxıntıları... Əvvəl bu qadının soyuqluğunu qəribsəsəm də, dərdlərini xatırladıqca unutduğu beytlər gözümdə başqa rəng alırdı. Vahid bu ömrün hardasa lap ucqarında idi.

# 6643 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #