Kulis.Az kinoşünas Aygün Aslanlının “Dərvişin qeydləri” filmi barədə məqaləsini təqdim edir.
İngilis yazıçısı Stiven Van Dayn 1928-ci ildə hazırladığı “Detektiv yazanlar üçün 20 qayda”sında janrın əsas elementlərini müəyyənləşdirmişdi. “Qaydalar”da deyilirdi:
1 .Oxucu, sirri açmaq üçün xəfiyyə ilə eyni imkanlara malik olmalıdı. Müəllif, bütün ipucları barədə dəqiq və aydın məlumat verməlidi.
2. Oxucuya qarşı yalnız cinayətkarın xəfiyyəyə qarşı istifadə elədiyi fəndlərdən istifadə olunmalıdı.
3. Sevgi qadağandı. Əhvalatın mərkəzində sevgililər arasında yox, xəfiyyə ilə cinayətkar arasında oyun dayanmalıdı.
4. Xəfiyyə, ya da istintaqla məşğul olan başqa şəxs cinayətkar ola bilməz.
5. Cinayətkarın ifşası məntiqi mülahizələr əsasında baş verməlidi. Təsadüfi və ya əsassız etiraflar yolverilməzdi.
6. Detektiv əsərdə mütləq metodik şəkildə dəlillər axtaran və nəticədə sirrin açan xəfiyyə olmalıdı.
7. Detektiv əsərdə qətl hadisəsi vacibdi.
8. Bütün fövqəl güclər və vəziyyətlər kənarlaşdırılmalıdı.
9. Araşdırmanı yalnız bir xəfiyyə aparmalıdı-oxucu eyni vaxtda estafet komandasının bir neçə üzvü ilə yarışa bilməz.
10. Cinayətkar-oxucunun yaxşı tanıdığı personajlardan biri olmalıdı.
11. Qulluqçunu qatil etmək kimi ucuz variantlar yolverilməzdi.
12. Cinayətkarın ortağı ola bilər, amma əhvalat əsasən, bir adamın yaxalanmasından bəhs eləməlidi.
13. Detektivdə gizli təşkilatlara və ya cinayətkar qruplara yer yoxdu.
14. Qətlin üsulu və istintaq metodikası elmi cəhətdən ağlabatan olmalı, əsaslandırılmalıdı.
15. Arif tamaşaçı üçün sirrin açması bəlli olmalıdı.
16. Detektivdə incə-incə işlənmiş qəliz xarakterlərə, onların təsvirinə, mühitin bədii ifadə vasitələri ilə bəzədilməyinə yer yoxdu.
17. Cinayətkar, heç bir halda “peşəkar pis adam” ola bilməz.
18. Sirrin açması bədbəxt hadisə və ya intihar ola bilməz.
19. Cinayətin motivi həmişə şəxsi xarakter daşımalıdı. O, məxfi xidmət orqanları, beynəlxalq intriqalarla bəzədilmiş casus əməli olmamalıdı.
20. Detektiv əsərlərin müəllifləri hər cür şablon ideyalardan, nəticələrdən qaçmalıdı.
Yazıldığı dövrdən keçən bir əsrə yaxın müddət ərzində “qaydalar”, elmi-texniki tərəqqinin, yazıçıların dünyagörüşünün tələbi ilə ciddi aşınmaya uğrasa da, əsas prinsiplər dəyişməz qalıb. Bir detektivdə mütləq cani, cinayət və xəfiyyə olmalıdı. Rejissor Eldar Quliyevin “Dərvişin qeydləri” (ssenari E.Quliyev və İlqar Fəhmi) filmində də bu prinsiplərə riayət edilib.
Əfsus ki, XXI əsrdə sadəcə ədəbi düstura uyğun film çəkmək-özü də detektiv janrında-sonra da Şerlok Holmsun deduktiv metodunu, Puaronun boz neyronlarını izləyə-izləyə böyümüş, dahi Hiçkokun filmləri ilə cilalanmış tamaşaçını ekran qarşısında oturtmaq qeyri-mümkündü. Bəlkə ədəbiyyatda sözün imkanları hesabına nəsə eləmək olar, amma kinoda yox. Alfred Hiçkokun sözü ilə desək, “Dialoq, söz – gözləri ilə danışan insanların arabir çıxardıqları adi səslərdən fərqlənməməlidi”.
Təəccüblüdü ki, ən qocaman və ən peşəkar rejissorlarımızdan biri olan E.Quliyev bu xırda nüansı unudub. Azərbaycan kinosunda ilk tarixi detektiv nümunəsi sayılan “Dərvişin qeydləri”ndə qətl də var, qatil də, onu tapmağa çalışan da, insafən söz də çox deyil. Bircə kino yoxdu. Müəlliflər təsvirlə (kinodu axı?!) göstərməli, kino dilində çatdırmalı olduqları hər şeyi sözlə həll eləyiblər.
Məsələn, hadisələrin kulminasiyaya yaxınlaşdığı dəqiqələrdə professorla aspirantı, Əbdül ağanın səfərə qəribə adamlarla çıxdığını bir neçə dəfə təkrarlayır. Amma sonrakı epizodlarda “qəribəlik” deyəndə nəyin nəzərdə tutulduğuna dair heç nə yoxdu. Əslində bu filmdə professor (Vidadi Həsənov) və aspirant (Elnar Qarayev) elm adamından daha çox, futbol şərhçilərini xatırladırlar. Hadisələri əvvəlcə onlar şərh edir, sonra tamaşaçı görür. Təbii ki, heç kim filmdən dəqiq tarixi faktlar, ciddi elmi araşdırma gözləmir. Söhbət obrazların tamlığından, inandırıcılığından gedir. Üstəlik bu həm də detektiv janrının ən vacib elementlərindən daha birini-gözlənilməzlik effekti və saspens ehtimalını sıfıra endirir.
Dərvişin (Pərviz Məmmədrzayev) karvansarada giriş-çıxışların sayını dəqiqləşdirməyi, növbəti kadrda isə Rəhim bəyin (Kənan M.M) bayıra çıxmağı isə cinayət baş verməmiş qatilin kimliyinə işarə vurur və saspens ehtimalını birdəfəlik yox eləyir.
Filmin montaj həlli də dramaturji məqsədə xidmət eləmir, sanki “kəs-yapışdır” prinsipi ilə həyata keçirilib. Temporitm, nə daxili, nə xarici dinamika, nə də psixoloji gərginlik yoxdu. Bəzi epizodlar çox uzun, sönük və teatraldı (karvansarada əyləncə, istintaq, İsgəndər xanın ölümü səhnələri). Normal detektiv çəkmək üçün ən azı, Alfred Hiçkokun sınağından çıxmış priyomlardan-iri planlardan, qısa planlarla montajdan istifadə eləmək olardı.
Bu arada bir detalı da deyim. Natura çəkilişlərini anlamaq olar, bəs qapalı məkanlarda səs niyə canlı yazılmır? Axı, kinostudiyanın direktoru (həm də “Dərvişin qeydləri” filminin prodüseri) Müşfiq Hətəmov texniki imkanlarımızın günü-gündən artdığını deyir, hətta xarici şirkətlərin Azərbaycanda texnika satışına qadağa qoyulmasını istəyir? Bəs hanı? Niyə bu yüksək texniki imkanları filmlərdə görə bilmirik?
Nə isə. Bu başqa söhbətin mövzusudu. Qayıdaq mətləbə. Məsələn, aktyor oyununa... Aktyorlar... əla at çapırlar. Eşitdiyimə görə, filmdə çəkilmək üçün qırx gün, qırx gecə süvarilik dərsləri alıblar. Nəticə göz qabağında. Bu nə deməkdi? O deməkdi ki, onlar hər şeyin öhdəsindən gələrlər, təki yaxşı rejissor və yaxşı ssenari olsun.
Yazımı dahi saspens ustası Alfred Hiçkokun sözləri ilə bitirmək istəyirəm: “Sirri filmin əvvəlində faş edən rejissor mənə küçədə soyunan qadını xatırladır”. Lətifəsi bizimkilərdən uzaq...