İlk qadın kinorejissorumuz -Qəmər Salamzadə

İlk qadın kinorejissorumuz -Qəmər Salamzadə
31 oktyabr 2013
# 08:45

"Molla Nəsrəddin”çi şair-publisist, aktyor Əliqulu Qəmküsarın gəncliyindən səhnəyə meyl edən, Bakı Pedaqoji təhsilini yarımçıq qoyub, Moskvada kinorejisorluq sənətinə yiyələnmiş qızı Qəmər Salamzadənin ikinci rejissor Aleksandr Popovla birgə quruluş verdiyi «Dəcəl dəstə» (ssenari müəllifi-Yuri Fidler.) 1937-ci ildə Bakı kinostudiyasında çəkilən yeganə bədii-oyun film kino tariximizin ikinci uşaq filmi oldu. Titrlərdən göründüyü kimi, Bakıdakı beynəlxalq məktəbdə cərəyan edən hadisələr burada ən çox sevilən coğrafiya dərsində baş verir. Hindistan cəngəlliklərindəki vəhşi pişiklərin ov axtarmasından danışan müəllimi din­lə­mək­lə xəyala dalıb özünü ovçu kimi görən Heydərin yanındakı Olyaya o yerlərə getməyi təklif etməsi ilkin süjeti yaradır. Xəritədə Hin­distanı göstərməli olan Heydərin müəllimin tapşırığını Olyanın yerindən göstərdiyi işarələr hesabına yerinə yetirməsi komizmi artırır. Heydərin Olyaya evdə Hindistan oyunu oynamağı təklif etməsilə epizod tamamlanır. Kanitapin küçəsindəki 21 saylı evin həyətində Olyanın gətirdiyi dibçəkdəki bitki və palaz ilə ağaca söykənmiş nərdivana dırmaşan Heydərin cəngəllik yaratmaları şərti mühiti reallaşdırır. Xəyalpərvərlikdən uzaq ölkələr haqqında təsəvvürdən uzaq olan Mişa ilə Qrişanın onları lağa qoymaları ziddiyyətin tərəflərini nizamlayır. Rəngləməklə pələngə bənzədən Bobik adlı itin arxasınca düşən Heydərin dərsdən əlavə vaxtlarda kimya ilə məşğul olan Yusifə rəğmən bekarçılıqdan havaya köpük uçuran Mişa ilə Qrişanı da ovçuluq oyununa cəlb etməsi tamaşalılığı artırır. Beləliklə hər gün dərsdən sonra dəridən paltarlar geyinib özlərini pələngə bənzədən Mişa ilə Qrişanın məktəbin qarşısında Olyanın üzərinə cummalarına maraq göstərən sinif rəhbəri Anna Pavlovnanın şagirdlərin bu oyunu pioner düşərgəsində davam et­dirə­cəklərinə söz verdikdə Heydərin ətrafında artan həvəskarların əllərinə «nizə» götürüb cəngəllik oyununa qoşulmaları kütləviliyi artırır.

Titrlərdən göründüyü kimi bu oyuna qoşulmayıb evdə kimyəvi təcrübələrilə məşğul olan Yusifin atasının (Ağasadıq Gəraybəyli) yanına gələn Olya ilə Heydəri gülərüz qarşılaması valideynlərin də bu işə rəvac verdiklərini təsdiqləyir. Hazırladığı sehrli rəngin tərkibini öyrənmək istəyən Olyaya məhəl qoymadan kitab uzatmaqla kifayətlənən Yusifin sirri bir kimsəyə açmamaq şərtilə yalnız Heydərə açması uşaqların arasında daxili ziddiyyət yaradır. Bazar günü dəniz gəzintisinə çıxan altıncı sinif şagirdlərinin gəmidə udun, tarın, dəfin sədaları altında çırtma vurub mahnı oxumaları, rəqs etmələri tamaşalılığı artırır. Evdə Yusifin təcrübəsini təkrarlayan Heydərin çimərlikdəki dostlarına bacarığını nümayişi üçün qızlardan birinin paltarına əcaib rəsm çəkməsi Olyanın isə bunu Yusifin etdiyini Anna Pavlovnaya çatdırması dövrün mənzərəsini də yaradır.

Anna Pavlovna anasını məktəbə çağırtdırsa da, məktəb yığıncağında töhmət alsa da, tərəddüdlər keçirib əzab çəksə də, dostunu satmayan Yusifin anasının oğlunun günahsızlığına inanması və həqiqəti açmaq üçün bir neçə gün möhlət istəməsi dövrün modelini yaradır. Bulvarda Heydərlə vaxtını şən keçirən Olyanın gəmidə baş verənlərlə bağlı etirafını eşitdiyi Heydəri Anna Pavlovnanın yanına aparmaq cəhdi baş tutmadıqda qəzəblənərək evinə qaçdığı müəllimənin körpəsini təknədə çimizdirən görməsi və son anda satqınlıqdan daşınması mövzunu genişləndirir. Heç nə olmayıbmış kimi begemotlar haqda kitab istədiyi Yusifə riyaziyyat dərsindən yoxlamada köməklik göstərməyən Olyasız heç bir misalın həll edilməməyi səbəbindən ağ vərəqə təəccüblə baxan müəllimənin heyrəti gərginliyi yarada bilir. Növbəti epizodda xəstələnib yatağa düşən Olyanın yanına gələn Anna Pavlovnadan Heydərin onu axtarıb axtarmadığını soruşması, bir dostunun bəd hərəkətini gizlətməklə digərinə qarşı haqsızlıq etdiyini anlaması ilə dövrə hakim kəsilən cəza mexanizmi işə düşür. Dərsdə Heydərə köməkdən vaz keçib yalnız Yusifin qarşısında günahını etiraf etdiyi təqdirdə onunla dostluq edəcəyini bildirməklə savadına görə şəriksiz liderə çevrilən Olya ideya daşıyıcısı funksiyasını da öz üzərinə götürür.

Ninanın, Mişanın, Qrişanın da yoxlama zamanı köməklik göstərmədiyinə görə ittiham etdikləri Olyanın tərəfini tutaraq uşaqlara oxuyub özlərinə güvənməyi məsləhət görən Yusif də bu dramaturji yükə şərik qoşulur. Coğrafiya fənnindən yoxlamaya hazırlaşmaq üçün bazar günü Yusifgilin evində Hindistanla bağlı oyuna hazırlaşanlardan fərqli olaraq, çıxış yolunu şparqalkada görənlərə qoşulub Nina ilə dondurma yeyən Heydərin uzaqdan gördüyü, ardınca qaçsa da, çatmadığına təəssüfləndiyi Olyaya qarşı pis münasibətdə olanlara qarşı çıxması onun daxilində gedən təbəddülatlardan xəbər verir. Oyuna hazırlaşan Olyaya köməklik göstərən Heydərin haqsız olduğuna görə üzr istəməsi, qızın təkidinə baxmayaraq Yusifə və hətta onun sonra atasına yaxınlaşıb günahını boynuna ala bilməməyi əsas mətləbə işıq salır. Minlərlə günahsızın repressiyalara məruz qaldığı bir dövrdə paltara ləkə salmaq üstündə uşaqların da, cəza mexanizmi yaratması dövrün mənəvi məngənəsinin təzahürünə çevrilir.

Tənbəllərdən uzaqlaşıb coğrafiyadan yoxlamaya hazırlaşaraq Ninanın yerindən köməyinə məhəl qoymadan, xəritə qarşısında bütün suallara cavab verən Heydərin əla qiymət alması savadla əməyin qələbəsi kimi səslənir. Yay tətilinə çıxan uşaqların pioner düşərgəsində oynadıqları Hindistan oyununda, əllərindəki nizələr, üzlərindəki maskalar, əyinlərindəki geyimlərlə döyüş səhnələrini canlandırmaları, guya yaralanmış «döyüşçü»nün üzünü nizə ilə qaşıması, ulağın başına şlyapa qoyulması, Qrişa ilə Mişanın oyun zamanı da yeməkdən qalmağı tamaşalılığı artırır. Və uşaqların dənizə baş vurması ilə Olyanın şahidliyi ilə Yusifə üz tutan Heydərin etirafı, üç dostun dənizə üz tutmaları filmi bitirir.

Yeri gəlmişkən 1946-cı ildə «Mosfilm» kinostudiyasında Miçurinə həsr olunmuş «Çiçəklər içində həyat» filmində staj keçmiş və «Təəssüf edirəm ki, Azərbaycan xalqının yaradıcı oğulları ilə şəxsi tanışlığım çox az olub. Ancaq onun çox dəyərli oğullarından birini yaxşı tanıyıram ki, onun simasında bu xalqa mənim böyük hörmətim var; Ruhulla Axundovla tanışlığımı heç vaxt unutmayacağam» deyən quruluşçu rejissor A.P.Dovjen­ko­dan: «İstehsalatdakı iş üslubu, onun estetik müha­ki­mə­si və kino sənəti haqqında gündəlik iş əsnasında meydana gələn fikirləri və habelə onun işə olan son dərəcə nəzakətli davranışı mənə ona yüksək və xeyirxah qiymət vermək imkanı yaradır. Mən bunu məmnuniyyətlə eləyirəm. Bir də ona görə ki, qardaş xalqın bir sənət elçisinə az da olsa fayda verə bildim» xasiyyətnaməsi də alan Qəmər xanım Salamzadənin də təməlini qoyduğu uşaq kinosu sonrakı illərdə yeni uğurlar qazandı.

Aydın Dadaşovun "Kinoşünaslıq” dərsliyindən B., 2009.

# 2686 dəfə oxunub

Müəllifin son yazıları

# # #