Onlarda sevgi 7-11 dəqiqə davam edən seksual prosesdir

Aqşin Yenisey

Aqşin Yenisey

7 mart 2023
# 12:00

Kulis.az Aqşin Yeniseyin yazısını təqdim edir.

Milan Kundera deyir, roman bir adamın yola çıxması, evdən getməsi ilə başlayır. Oxşar fikrə Tolstoy daha əvvəl gəlmişdi ki, bir adam bir şəhərə gəlir və roman başlayır. Təhrifinə yol verdiyim hər iki fikrə görə, roman insanın özündən qaçış təcrübəsinin səlnaməsidir. Özünə tale yazanların, yazmaq istəyənlərin bioqrafiyasıdır. İngiltərənin "dənizlər padşahı” olmasına da ailəsindən, evindən qaçan ingilis gənclərin səbəb olduğunu söyləyənlər var. Bu ada gənclərinin qaçmağa yalnız bir yeri vardı - dənizlər.

Uşaqların taleyini əvvəlcə öz valideynləri yazırlar. İlk gənclik qiyamları da məhz valideynlər tərəfindən yazılmış bu qondarma talelərə qarşı baş qaldırır. Evindən qaçan, yad şəhərə gələn roman qəhrəmanları da əksər hallarda valideynləri tərəfindən yazılmış və daim düzəlişlər edilən bu talelərdən qaçanlar, öz talelərini özləri yazmaq istəyənlər olur. Roman müəllifi bu qaçışı, sadəcə, M.Baxtinin sözləri ilə desəm, "sənətin yaddaşı”na köçürür. Roman bu qaçışın izinə düşüb, əslində, geriyə, ailə və övlad, cəmiyyət və fərd, atalar və oğullar arasında konfliktin köklərinə qayıdır. Çünki bu izlər səbəb və nəticə arasındakı uçrumun üzərində uzanıb gedən determinist bir körpüdən keçir.

Ailə bir-birini yaradan eqoların həmrəyliyinə əsaslanan bir ittifaqdır. Yadınıza salın, Nuh yalnız öz ailəsini xilas etmişdi.

Bununla da başqalarının ailəsinə qoyulan bəşəri məzənnə müəyyən olunmuşdu. Sabirin "Mən salim olum, cümlə-cahan batsa da batsın” misrasının "kölgələr aləmin”dəki müəllifi, əslində, Nuhdur. Bu, ailə anlayışının planetar bir yanlışlıq üzərində inşasına aid hamının bildiyi bir bilgidən əldə olunan hermenevtik xülasədir.

Oxucusu və Azərbaycan türkcəsinə tərcüməsinin redaktoru olduğum Türkiyə yazıçısı Hakan Gündayın "Qanun” çap evində yayınlanan "Bic” romanı da ailə və övlad, cəmiyyət və fərd, atalar və oğullar mövzusunu araşdırır. Romanda nisbətən zəngin, düzənli ailələrindən imtina edib müstəqil, xaotik həyat tərzi yaşayan dörd türk gənci hər nə qədər XXI əsrin təmsilçiləri olsalar da, onları daha çox keçən əsrin 60-cı illərinin ortalarındakı "Gen X” nəslindən sonrakı "Gen Y” nəslinə aid etmək olar. "Gen Y” nəslinin təmsilçilərinin ən qabarıq özəlliyi aşağı vəzifələrdən işə başlamaq istəməmələri, dərhal yüksək əməkhaqqı ödənilən yuxarı vəzifələrə can atmaları, bu istək baş tutmadıqda Əlinin də, Vəlinin də aşına tamarzı qalmalarıdır. Bu halda onlar tamamilə özlərinə qapılaraq tüfeyli həyat sürür, indi və burada olandan başqa heç bir dəyər tanımırlar.

Aşırı hedonizmə aludəçilik onları kaliqulalaşdırır. Fasiləsiz həzz axtarışı onlarda əxlaqın karikaturik təsəvvürünü yaradır. Onların xoşbəxtliyi Maslovun "Ehtiyac piramidası”nın ən alt qatındadır. Sevgi onlarda 7-11 dəqiqə davam edən seksual prosesdir. Parazit həyatı onları yalan ovsunçusuna çevirir. Belə gənclərin dilində yalan yaradıcı və hipnotik gücə malikdir. Onlarda "dünən” unudulanın, "sabah” yada salınmayanın adıdır. Onlar üçün keçmiş və gələcək deyilən zaman ölçüləri yoxa çıxır. Onlar təsadüflərdən ibarət bir talenin sərgərdanıdırlar, amma Don Kixot deyillər. Çünki bu sərgərdanlığın heç bir missiyası yoxdur. Onların həyatında həm hər şey var, həm də heç nə yoxdur. Onlarda Dao harmoniyası da var, Budda toxluğu da, Nitsşe nihilizmi də var, Kont pozitivizmi də. Həm apollonik, həm dionistik xarakterə sahibdirlər. Ölüm haqqında yalnız əyləncə xətrinə düşünürlər.

Xaosdan güc alır, düzəndən qaçırlar. Qaydalar ayaqlarının zəncirləri, qanunlar qollarının qandallarıdır. Savadlıdırlar, amma ağıllı deyillər. Ağıl onlara tələ kimi lazımdır. İnsan ovçusudurlar. Ovladıqları insanları öz aralarında bölüşürlər. Ən çox da qadınları ovlamağa cəhd edirlər. Yumor hissləri fahişəvidir. Azadlıqları dərvişanədir. Ümidləri anlıq, məqsədləri günlükdür. Geyimlərinə bədənlərindən daha çox diqqət göstərirlər. Bədənləri onların şəxsi kölələridir. Ölümcül dərəcədə anarxistdirlər. Cibləri dolanda qaçaq, boşalanda qaçqın olurlar. Zahirən mədəni, daxilən barbardırlar. Göydələnlərdə mağara həyatı yaşayırlar. Onların davranışlarında homo habilisdən informatikusa qədər insanlığın bütün cizgilərinə rast gəlmək mümkündür. Modern çağın tör-töküntüləri olduqları üçün onlarda bəşəri kültürün heç bir əlaməti yoxdur. Allahın adını dinlədikləri Qərb rok ifaçısının dilində eşitməsələr, heç vaxt yada salmazlar. Bəzən özlərindən belə iyrənərlər və özlərini də unutmaq üçün daha çox içərlər.

Biclər dəb düşkünüdürlər, dəb hara getsə, balaca küçüklər kimi arxasınca qaçarlar.

Romanın dili də bu həyat tərzinə uyğundur. Romandakı heç bir kəlmənin əxlaqi yükü yoxdur. Azərbaycan türkcəsinə tərcüməni zorlayan bir məsələdir bu. Çünki Azərbaycan türkcəsi hələ özünün əxlaqi, didaktik missiyasından imtina etməyib. Bizim dil hələ də müstəmləkə tərbiyəsinin, tərbiyəçisinin dilidir. İnsanı böyütmək üçün deyil, əhliləşdirmək üçün lüğətləşdirilib. Dilimiz həm də qorxularımızın ötürücüsüdür. Bu dil, öyüd-nəsihətin, şapalağın dilidir. Funksionallığı ailəcanlılığındadır. Azərbaycan türkcəsinin zahiri azadlığının olmamasının başlıca səbəbi daxili azadlığının olmamasıdır. Məhz bu daxili mühafizəkarlığının diqtəsi ilə tərcüməçi romanın orijinalında anarxist qəhrəmanların həyat tərzinə uyğun olaraq, az qala, kəlməbaşı işlənən "sikdir” sözünün yerinə, "cəhənnəm ol”, "get, tullan” kimi ailə tərbiyəsi görmüş qanaqcaqlı kəlmələr kullanmışdı ki, bu da romanın dilinin axtalanmasına yol açmışdı. Romanın qurşaqdan aşağısını redəktə zamanı bərpa etdik.

X, Y, Z nəsillərini təmsil edən atalı-analı biclərin ruhdan, yəni ilahi mənşədən məhrum olmalarının səbəbi onların anadangəlmə yoxsul deyil, zəngin ailələrin övladları olmalarıdır. Allah doğuşdan himayəsiz qalanların himayəçisidir.

Son 60-70 ildə Qərbdə "rifah dövləti” anlayışının praktikaya tətbiqindən, fərdin həyatında ailənin yerini dövlətin və müxtəlif sosial qurumların tutmasından sonra ailə və ailə üzvü arasındakı qarşılıqlı güvənə əsaslanan o qədim ittifaq dağılmağa, ailə anlayışı öz əhəmiyyətini itirməyə başladı, hətta fərd üçün dözülməz, məcburi bir mühit kimi aşağılanmağa məruz qaldı. Anasının ölüm xəbərinə tükü də tərpənməyən Kamyu qəhrəmanları dünyanı bürüdü.

Artıq Z nəslinin Nuhları ailəsini də deyil, yalnız özünü düşünür.

"Rifah dövləti” ailənin tarixi düşməni idi. "Rifah dövləti” anlayışı ailə adlı planetar yanlışlığın yenidən düzəldilməsidir, xüsusi olandan ümumi olana qayıdışdır. "Rifah dövləti”ndə fərdin həyatındakı ailənin yerini dövlət və ya müxtəlif sosial qurumlar tutur. Yəni məsələn, qocaya nəvəsi deyil, hansısa dövlət, yaxud qeyri-dövlət qurumunun işçisi baxır.


Son illərin məşhur ABŞ alimi Cared Daymond "Xalqların tənəzzülü” kitabında Fici ailələrində babalar və nəvələr arasında münasibətlər üzərində apardığı müşahidələrə əsasən yazır ki, bu ənənəvi ailələrdə babalara diqqət etmək nəvələrin mənəvi olmaqdan ziyadə sosial borcudur. ABŞ-da isə nəvələr istədikləri vaxt ailəni tərk edə bilər, babalar isə çox güman "Qocalar evi”nə göndəriləcək.

Daymond ABŞ-dakı bu ailə modelini "təbii seçim”lə müqayisə edir, yəni ailədə fərdlər bir-birilərini "yaşamaq uğrunda” öldürə və evdən (mağaradan) qova bilərlər. "Rifah dövləti”ndə ailənin hazırkı vəziyyətinə aid daha bir nümunə: 2012-ci ildə aparılan bir araşdırmaya görə, İngiltərə və Belçikada hər dörd uşaqdan biri ya anası, ya atası ilə yaşayır. Bu hal Danimarka, Fransa, Portuqaliya, Norveç kimi digər Avropa ölkələrində də yayğındır. Sosioloqlar deyir ki, bu vəziyyətin iki əsas səbəbi var: boşanmaların sayının artması və ənənəvi olmayan cinsi münasibətlərin çoxalması. Bu iki səbəbin də iki səbəbi var, "rifah dövləti”nə olan güvən və seksual əlaqənin əlçatan olması. İngiltərədə 1980-ci illərdən başlayaraq dövlətdən yardım alıb uşağını "atalı yetim” kimi böyütmək istəyən qadınların sayı itətök dərəcədə artıb.

Eyni proses "ana-bacı” kultu səviyyəsində olsa da, bizdə də gedir. Sadəcə, biz həm Qərbdəki "rifah dövləti”nə can atırıq, həm Şərqin ailə dəyərlərindən bərk-bərk yapışmışıq. Bizim qoca istəyir ki, həm dövlət ona baxsın, həm də nəvəsi. Bizim qadın istəyir ki, həm dövlətdən yardım alsın, həm sabiq ərindən aliment. Acgözlüyümüz ucbatından heç birinə nail ola bilmirik.

Mifdə bu problem belə həll olunurdu: çayın qabağına uzanıb bürokratik problem yaradan o əjdahaya hər ailədən gündə bir qız göndərilirdi ki, xalq susuz qalmasın. Yəni mif deyir ki, qurbansız rifah olmur, "rifah dövləti”ndə yaşamaq istəyirsinizsə, ailənizdən qurban verməlisiniz, ailə dəyərlərinizə sadiq qalmaq istəyirsinizsə, "rifah dövləti”ndən əlinizi üzün. Ya ailə, ya dövlət! Gündayın "bicləri” ailədən üz döndəriblər, dövlətdə isə onlara yer yoxdur. Buna görə əxlaq və düzən anlayışları onlara yaddır.

"Eurostat” (Avropa Statistika Komitəsi) 2016-cı ildə apardığı araşdırmaya görə, Fransada doğulan uşaqların 60%-ə yaxını nikahdankənar münasibətlərin övladlarıdır. Bolqarıstan, Slovakiya, İsveç, Danimarka, Portuqaliya, Hollandiya kimi digər Avropa ölkələri də cüzi fərqlə bu cür təsadüfi münasibətlərdə doğulanlara görə Fransaya uyğun boy sırası ilə düzülüblər.

Eləcə də, Yaponiya, Çin kimi ailə ənənələrinin "mamırlaşdığı” klassik Şərq ölkələri də Qərb kapitalist münasibətlərinə "könül verdikcə” xoşbəxtliyi ailə mühitinin çölündə axtarmağa başlayıblar. Bioloji, sosial gerçəklikdən tarixi gerçəkliyə çevrilən ailə institutu, demək ki, bütün dünyada öz nüfuzunu itirməkdədir. Demək ki, insanlıq qəbilədən ailəyə keçid edərkən buraxdığı səhvi düzəldir, xüsusi rifahdan, ümumi rifaha qayıdır. "Rifah dövləti”nə akademik olmayan mühitlərdə "modern qəbilə” də deyə bilərik. "Hamının hamıya məxsus olduğu” bir həyat tərzi.

Ailənin dağılması ilə bərabər gələcəkdə, yəqin ki, ailə anlayışının üzərinə inşa edilmiş din və dövlət, o cümlədən müharibə kimi tarixi təsərrüfat mexanizmləri də əhəmiyyətini itirəcək. Nostradamusluq kimi çıxmasın, din öz yerini, məsələn, sosial fəlsəfi mükəlləfiyyətlərə verəcək, dövlət isə, çox güman, daha mobil iqtisadi qruplara parçalanacaq. Frnasız filosofu Liotara görə, gələcəkdə dövlətin yerini transmilli şirkətlər zəbt edəcək.

Bəşər övladını cənnətdəki "ilanın uşaqları” adlandıran, gələcəyin kitabını yazan texoloji çağın "yəhudi peyğəmbəri” adlandırdığım Yuval Harari də heç bir şey baş verməsə belə, yaxın gələcəkdə insanların orta ömür yaşları 100-ü keçdikdə bugünkü ailə dəyərlərindən əsər-əlamətin qalmayacağını proqnozlaşdırır. Ailəni çağın müdaxiləsindən qorumaq istəyənlər gələcəyə hazır olmayanlardır.

Ailənin dağılmasına başlanğıc kimi hər nə qədər Sənaye inqilabından sonra ənənəvi geniş ailələrin yerini mobil nüvə ailələrinin tutması göstərilsə də, dağılma prosesinin kökləri daha dərindən, iqtisadi-siyasi münasibətlərdən əvvəl, sənətdə, xüsusilə romanın kütləvi auditoriya qazanması ilə başlayır. Modern dünyanın ilk məşhur romanının qəhrəmanı Don Kixot tarix səhnəsinə təkbaşına çıxır. Servantes çirkin kəndli qızını onun gözünə dünyalar gözəli Dulsineya kimi göstərməklə kişi-qadın arasındakı sevgini ailəüstü bir dəyər olaraq təqdim edir. Servantesin arxasınca Flober Avropa burjua ailəsinin yatağına madam Bovari adlı bir bomba yerləşdirir. Daha sonra "ailə düşməni” olan bu bombanı Tolstoy "Anna Karenina” adı ilə rus ənənəvi patriarxal ailəsinin təməlinə qoyur. Və bu başlanğıclar bu günə kimi bütün roman sənətinə yön verməkdə davam edir. İlk Azərbaycan romanı sayılan "Əli və Nino”da xrsitian gürcü qızı və müsəlman bakılı oğlanın münasibətlərinin təsviri ənənəvi milli ailə modelindən qaçışdır.

Osmanlı ədəbiyyatında ilk roman hesab olunan "Taaşşuk-ı Talat ve Fitnat”ı da mühafizəkar türk aydınları Osmanlı ailə ənənələrinə "qurulmuş tuzak” hesab edərək, romanı türk ailə modelinin ilk düşməni kimi görürlər.

Hakan Gündayın "Bicləri” ilk türk romanı "Taaşşuk-ı Talat və Fitnat”da dağılmağa başlayan türk ailəsinin övladlarıdır. Gündayın romanında "bic” adılandırdığı bu dörd gənc ailələrinə və ailə dəyərlərinə xəyanət edənlərdir. Övlad olmağı rədd etdiklərindən, övlad sahibi olmağı da rədd edirlər. Onlar həm də insan nəslinin kəsilmək təhlükələridirlər. Birdən bütün dünya bicləşsə...

qaynarinfo.az

# 2504 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #